Yüksək xidmət, vaxta qənaət, təhlükəsizliyə
zəmanət
Abşeron Logistika Mərkəzi Azərbaycan
logistikasının inkişafında lokomotiv
rolunu oynamaqdadır
Qeyri-neft sektorunun inkişafı üzrə
prioritet sahələrdən biri kimi logistika
iqtisadiyyatın bütün digər
sektorlarının bir-biri ilə əlaqələndirilməsində
mühüm amil kimi çıxış edərək, bu sektorların irəliləməsində təkanverici
qüvvə rolunu oynayır.
Regionda
əhəmiyyətli logistika və ticarət
qovşağına çevrilmək məqsədilə
ölkənin strateji coğrafi mövqeyindən səmərəli
istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən
keçən nəqliyyat dəhlizlərinə cəlb
olunması, bölgələrdə logistika və ticarət mərkəzlərinin
yaradılması, həmçinin ölkənin cəlbediciliyinin
artırılması qarşıya qoyulan əsas məqsəddir.
Qafqazın logistik inkişafına töhfə verəcək
mərkəz
Bu gün Azərbaycan iki əsas ticarət marşrutu - Şimal-Cənub, Şərq-Qərb üzərindəki əlverişli mövqeyindən istifadə etməklə mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməkdədir. Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasına uyğun olaraq ölkədə yeni-yeni logistik mərkəzlər tikilməkdədir. Onlardan biri də ötən ildən Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyətə başlayan Abşeron Logistika Mərkəzidir.
2018-ci il avqustun 13-də dövlət başçısının açılışını etdiyi mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılmışdı. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Logistika mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azaldılmasını təmin edir.
Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayıb. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb.
"Vahid pəncərə” sistemi
ilə ixrac və idxal
əməliyyatları aparılır
Logistika mərkəzi həm də vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Əlbəttə ki, logistik xidmət tərəfdaşlarının əməkdaşlığı məhsuldarlığı və səmərəliliyi daha da artıracaq.
Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla müştərilərin istəklərini həyata keçirməkdir. Bunun üçün bütün xidmətlər "vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.
Mərkəzdə, həmçinin 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərir. Yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-çıxışa nəzarət, texniki, ictimai obyekt binaları inşa edilib.
Mərkəzdə 7-si qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti çəkilib. Müəssisədə illik yükaşırma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunur.
Mərkəzin ərazisindəki açıq sahə böyük həcmli yüklərin boşaldılması üçün nəzərdə tutulub. Hər biri 380 m olan, ümumi sahəsi 760 m uzunluğunda 2 xətt mövcuddur. Eyni vaxtda 50 vaqon qəbul edilərək yüklənə, boşaldıla bilər. Abşeron Logistika Mərkəzinin nəzdində fəaliyyət göstərən "Abşeron” yük dəmir yolu stansiyasına "Azərbaycan Dəmir Yolları” tərəfindən 548004 beynəlxalq stansiya kodu verilib.
Ticarət, logistika və sənaye zonaları kəsişir
Logistika mərkəzinin əsrlər boyu mədəniyyətləri və qitələri birləşdirən tarixi İpək yolunun mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Çünki mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir.
Bu müəssisənin Bakı Baş Gömrük İdarəsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, "Sədərək” və "Binə” ticarət mərkəzlərinə, həmçinin digər biznes strukturlarına yaxınlıqda yaradılması onun iqtisadi əhəmiyyətini daha da artırır. Təxmini hesablamalara görə, gün ərzində 750-800 yük maşını şəhər mərkəzində yerləşən stansiyalardan boşalan yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına daşıyır. Bu yüklərin şəhərdəki məntəqələrə, inşaat materialları mağazalarına və bazalarına çatdırılması isə paytaxtda nəqliyyatın hərəkətində sıxlıq və digər problemlər yaradırdı.
Logistika mərkəzinin yaradılması bu problemi həll etməklə yanaşı, həm də Bakının ekoloji durumunu daha da sağlamlaşdırıb. Belə ki, Bakı ətrafı dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzinə yönəldilən yüklərin həcminin 0,8 milyon ton olacağı ehtimal edilir. Beləliklə də, Bakıya gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən logistika mərkəzinə yönəldilir. Bu da orta hesabla 125 min yük avtomobili deməkdir.
Multimodal yük
daşımaları
Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.
Əlbəttə ki, bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının tələblərinə uyğun həyata keçirilən bütün layihələr Azərbaycanın strateji əhəmiyyətini də artırır. Çünki dünyanın 2 ən böyük nəqliyyat layihəsinin Azərbaycandan keçərək reallaşması regionun bütünlükdə strateji dəyərini artırmaqdadır. "Şimal-Cənub”, "Şərq-Qərb nəqliyyat dəhlizi” hər iki istiqamətdə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2019.- 30 mart.- S.7.