Bakıda baş-beyin damarlarının anevrizminin müalicəsinin müasir metodlarına dair treninq keçirilib

 

Martın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin dəstəyi ilə Bakıda III Almaniya-Azərbaycan RadiolojiNeyroradioloji Simpoziumu başlanıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək simpoziumun həmsədrləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və Almaniyanın Aaxen Universitet klinikasının eksperimental invaziv neyroradiologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsarisdir.

Bu simpoziumun əlamətdar cəhəti ondan ibarətdir ki, AFR-də təsis edilmiş Almaniya-Azərbaycan RadiolojiNeyroradioloji Cəmiyyətinin üzvlərinin və təsisçilərinin ilk yığıncağı Bakıda keçirilir. Cəmiyyətin prezidenti həmvətənimiz, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayevdir.

Martın 15-də beynəlxalq simpozium çərçivəsində "Zəfəran hospital” klinikasında baş-beyin damarlarının anevrizminin müalicəsinin Azərbaycanda indiyə qədər tətbiq edilməmiş metodlarının praktikada istifadə olunmasına dair workshop-təlim təqdim edilib.

"Zəfəran hospital” klinikasının baş həkimi Firdovsi Məmmədov tədbirdə çıxış edib. Azərbaycanda səhiyyə sahəsinin ilbəil dinamik inkişaf etməsini vurğulayan baş həkim əmin olduğunu bildirib ki, bu seminar ölkəmizdə radiologiya və neyroradiologiyanın inkişafına töhfə verəcək.

Tədbirdə professor Anastasios Mpotsaris, Gettingen Universitet Klinikasının neyroradiologiya şöbəsinin müdiri Folker Maus, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayev, Heydelberq Universitetinin professoru Kristof M.Zommer, "Zəfəran hospital” klinikasının invaziv radioloqu Ruslan Əliyev, Respublika Müalicə-Diaqnostika Mərkəzinin radioloqu Ağakişi Yəhyayev məruzələrlə çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, baş-beyin damarlarının anevrizmi diaqnozu qoyularkən xəstə müayinə olunur, ona müvafiq suallar verilir, xəstəliyin anamnezi təhlil edilir, nevroloji müayinə aparılır. Diaqnostikanın instrumental prosedurları: baş-beynin kompütermaqnit-rezonans tomoqrafiyası, serebralmaqnit-rezonans angioqrafiyası yerinə yetirilir. Qeyd edilib ki, müalicə yalnız cərrahi üsulla aparılır, həkim müalicə taktikasını xəstənin vəziyyətindən və xəstəliyin gedişindən asılı olaraq təyin edir. Bundan əlavə, arterial təzyiq göstəricilərinə nəzarət təmin edilməli, zəruri hallarda pasiyent təzyiqin aşağı salınması üçün preparatlar qəbul etməli, siqaret çəkməkdən imtina etməli, düzgün qidalanmalı, qanda xolesterinin səviyyəsinə nəzarət olunmalıdır.

Tədbirdə Anastasios Mpotsaris, Folker MausNuran Abdullayev baş-beyin damarlarının anevrizminin müalicəsinin Azərbaycanda indiyə qədər tətbiq edilməmiş metodlarının praktikada istifadə olunmasına dair workshop-təlim təqdim ediblər.

Məlumat üçün bildirək ki, çoxprofilli "Zəfəran hospital” klinikası 2016-cı ildən fəaliyyət göstərir. Klinikada tibbi yardımın səmərəli təşkili, tibbi texnologiya proseslərinin düzgün yerinə yetirilməsi, səhiyyə resurslarından optimal istifadə edilməsi sayəsində tibbi xidmətlərin yüksək keyfiyyəti təmin olunur. Klinikanın 20 bölməsində (ürək-damar cərrahiyyəsi, kardiologiya, ümumi cərrahiyyə, travmatologiyaortopediya, nevrologiya, urologiya, bariatrik cərrahiyyə) Avstriya, Türkiyə, Rusiya və ABŞ-ın məşhur tibb universitetlərində təhsil almış mütəxəssislər çalışır.

 

Azərbaycan.- 2019.- 16 mart.- S.4.