102 qəsəbə, 58 min 203 mənzil

 

Məcburi köçkünlərin sosial problemləri effektiv həllini tapır

 

Azərbaycanda prioritet istiqamət kimi müəyyənləşdirilən sosial siyasət bu gün cəmiyyətdə maddi rifah halının davamlı şəkildə yüksəlməsi ilə müşayiət edilməkdədir. Artan əməkhaqları və sosial müavinətlər, dövlət qayğısı nəticəsində insanların yüksələn gəlirləri Azərbaycanın sosial siyasətinin də bir çox ölkələrə nümunə ola biləcək səviyyəyə yüksəlməsinə rəvac verib. Bütün bunları ölkənin vətəndaşları kimi məcburi köçkünlər də öz gündəlik həyatlarında kifayət qədər aydın görürhiss edirlər.

 

Mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin sayı artır

 

Yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına səbəb olub. Əlverişli sosial atmosferin yaradılması, ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit artımlı gəlirləri üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə isə həmişəki kimi dövlət ən yüksək səviyyədə böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 901 ailənin və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Ümumiyyətlə isə 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün ölkənin 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 102 müasir məhəllə, qəsəbə və ya yaşayış kompleksi salınıb. Bunun da 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə inşa edilib.

Bütün bunlar o deməkdir ki, həqiqətən də Azərbaycanda qeydə alınan dinamik sosial-iqtisadi inkişaf məcburi köçkünlərin də həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq şəkildə büruzə verir. Üzləşdikləri mənzil-məişət problemlərinin uğurlu həllini görən məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət fonunda doğma yurd yerlərinə qayıdacaqları gününuzaqda olmadığını yaxşı bilirlər.

 

Yeni evlərin inşasına genişmiqyaslı hazırlıq görülür

 

2001-2018-ci illər ərzində Ermənistandan olan 6 min qaçqının, yaxud 1330 ailənin və 294 min məcburi köçkünün, yaxud 56 min 873 ailənin, ümumilikdə isə 58 min 203 ailənin və ya 300 min nəfərə yaxın qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

54 min 203 ailənin, yaxud 272 min nəfərin mənzilə sahib olması isə son 15 ilin payına düşür. Bu məqsədlə 2,6 milyard manat vəsait sərf olunub ki, bunun da 2,3 milyard manatı Dövlət Neft Fondunun payına düşür.

Bu arada onu da qeyd edək ki, məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. Elə "Qobu Parkköçkün şəhərciyinin açılışı bunun bariz nümunəsidir. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən icra edilib və maliyyələşdirilib. Növbəti dövrdə də bu istiqamətdə özəl sektorun fəaliyyətinin genişlənməsi gözlənilir.

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr

 

Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil məcburi köçkünlərin istifadəsinə verilib. Hazırda Heydər Əliyev Fondunun xətti ilə Qaradağ rayonu ərazisindəki "Qobu Park” yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, eləcə də dövlət proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış komplekslərinin tikintisi intensiv surətdə davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Xatırladaq ki, bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Qarşıdakı dövr ərzində isə bu qəbildən olan insanların mənzil-məişət problemlərinin həlli istiqamətində işlər daha geniş miqyasda davam etdiriləcək. Müvafiq dövlət proqramına uyğun olaraq, artıq Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 80 və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 645 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş fərdi evlərdən və çoxmərtəbəli binalardan ibarət qəsəbə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanıb.

Bu isə o deməkdir ki, yaxın vaxtlarda mənzil-məişət problemi həll edilən məcburi köçkünlərin sayı daha da artacaq. Bütün bunlar bir daha sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğının real təzahürləridir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.-17 mart.- S.1; 3.