Azərbaycanın və
Türkiyənin birgə
möhtəşəm layihəsi
2015-ci il martın
17-də TANAP-ın təməli
qoyulmuşdur
Azərbaycanın və Türkiyənin birgə səyi ilə çəkilən
Transanadolu Qaz Boru Kəmərinin (TANAP) tarixi qısa olsa da, bir
sıra mühüm hadisələrlə zəngindir. Bunlardan
biri 2015-ci il
martın 17-də Türkiyənin
Qars vilayətinin Selim rayonunda kəmərin təməlinin
qoyulmasıdır. Həmin mərasimdə
Azərbaycanın, Türkiyənin
və Gürcüstanın
prezidentləri iştirak
etmişdilər. Bu da təsadüfi deyil. Çünki 3500 kilometr məsafə
qət edən "Cənub qaz dəhlizi” Avropaya bu üç ölkənin ərazisindən
keçərək uzanır.
TANAP-ın
təməlinin qoyulması
uzunmüddətli danışıqların
nəticəsi və bu danışıqların
real işlərə çevrilməsinin
parlaq təzahürü
idi. Belə ki, layihə
təməlqoyma gününədək
müəyyən yol keçmişdi. 2012-ci ilin
iyun ayında Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə
hökumətlərarası saziş imzalamışdılar. Həmin
vaxtdan da layihənin həyata keçirilməsi istiqamətində
genişmiqyaslı işlərə
start verilmişdi. 2014-cü
ilin ortalarınadək
layihələndirmə işləri,
araşdırmalar tamamlanmışdı.
Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik
müqavilələri imzalanmış
və kəmərin tikintisinin bütün detalları nəzərdən
keçirilmişdi. 2014-2015-ci
illər TANAP üçün
çox məsuliyyətli
bir fəaliyyət dövrü olmuşdu.
TANAP "Cənub
qaz dəhlizi”nin ən böyük hissəsidir. Kəmər Türkiyənin ərazisində
20-dən çox vilayətdən,
o cümlədən Ərdəhan,
Qars, Ərzurum, Gümüşhanə, Ərzincandan
keçərək 1900 kilometr
məsafə qət edir.
TANAP Türkiyənin
şərq hüdudundan
başlanıb qərb
hüdudunda sona çatır. Belə ki, Gürcüstan-Türkiyə
sərhədində "Şahdəniz”
qazını Azərbaycanın
və Gürcüstanın
ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəmərinə
(CQBK) bağlanır. Boru xəttinin
o biri ucu isə Yunanıstan-Türkiyə
sərhədinə çatır
və burada yerləşən Kipoi məntəqəsində TAP-la (Transadriatik Qaz Boru Kəməri) qovuşur. Bütün bunlara görə
TANAP-ı "Cənub qaz
dəhizi”nin birləşdirici
halqası da adlandırırlar.
Beləliklə, TANAP təkcə iki ölkə üçün,
region üçün deyil,
həm də bütün Avrasiya məkanı üçün
önəm daşıyan
layihədir. Məlum olduğu kimi,
"Cənub qaz dəhlizi” bir sıra ölkələrin,
layihənin ayrı-ayrı
seqmentlərində tərəfdaşlıq
edən çoxsaylı
şirkətlərin sıx
əməkdaşlığı nəticəsində gerçəkləşir.
Dəhlizlə nəql olunacaq
təbii yanacağın
Avropanın iri şirkətləri tərəfindən
alınması nəzərdə
tutulub. TANAP məhz belə bir önəmli dəhlizin mühüm hissəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində TANAP-ı "Cənub
qaz dəhlizi”nin onurğa sütunu adlandırmış və
onun vaxtında istifadəyə verilməsinin
vacib olduğunu vurğulamışdı. Artıq bu, reallığa çevrilib.
2018-ci il
iyunun 12-də Türkiyədə,
Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə
təntənəli mərasim
keçirildi. Azərbaycan
Prezidenti İlham Əliyev həmin tədbirdə layihənin
dəyərini bir daha vurğuladı:
"TANAP-ın istifadəyə
verilməsi Türkiyə-Azərbaycan
qardaşlığının növbəti təzahürüdür.
TANAP tarixi layihədir.
Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix
sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə
sabitlik gətirir.
Bu layihələrdə iştirak edən bütün ölkələr,
bütün şirkətlər
fayda görür, xalqlar fayda görür”.
Xatırladaq ki, "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan
sektorundakı "Şahdəniz”
yatağıdır. Bu yatağın
qaz ehtiyatları 1,2 trilyon kubmetr
təşkil edir. "Şahdəniz-1”dən çıxarılan
qaz 12 ildən çoxdur Gürcüstan
və Türkiyəyə
də nəql olunur. Keçən ilin yayından
isə "Şahdəniz-2” də hasilata başlayıb.
"Şahdəniz-2” çərçivəsində
ildə 16 milyard kubmetr qazın əldə olunacağı
gözlənilir ki, bunun 6 milyard kubmetri Türkiyəyə,
10 milyard kubmetri TANAP-ın vasitəsilə
TAP-a ötürülərək Avropaya ixrac ediləcək. Daha sonra nəql
olunan qazın həcmi artacaq, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə
31 milyard kubmetrə çatacaq.
Türkiyəyə ilk kommersiya
məqsədli daşımalar
plana uyğun şəkildə keçən
il iyunun
30-dan başlanıb. Hazırda
"Şahdəniz Bravo” platformasından
qazın Səngəçal
terminalına nəqli,
oradan da CQBK ilə TANAP-a ötürülməsi ahəngdar
şəkildə davam
edir.
Bu il
fevralın 20-də "Cənub
qaz dəhlizi” Məşvərət Şurasının
Bakıda keçirilən
beşinci toplantısında
TANAP-ın uğurla fəaliyyət göstərdiyi
bir daha qeyd edildi. İndiyədək bu kəmərlə Türkiyəyə 1 milyard
kubmetrdən çox Azərbaycan qazı ixrac edilib.
Flora SADIQLI
Azərbaycan. - 2019.- 17 mart.- S.3.