İlham Əliyevin 33-cü əfvi

 

Son 23 ildə imzalanan 65 əfv və 11 amnistiya aktı ilə 120 mindən artıq insana azadlıq bəxş edilib

 

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı 431 nəfər məhkuma şamil olundu. Onlardan 399 nəfər azadlıqdan məhrumetmə cəzasından, qalanlar şərti və cərimə cəzasından, islahictimai işlərdən, cəzasının çəkilməmiş hissəsindən azad edildi. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzləndi.

 

Ulu öndərin əsasını qoyduğu humanizm siyasəti

 

Novruz bayramı ərəfəsində imzalanan bu sərəncam qohum-əqrəbası həbsdə olan bir çox ailələrə sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək həbsə alınan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən, eyni zamanda islah olunma istiqamətində müsbət nəticələr əldə edən məhkumlar azad cəmiyyətə qovuşdular və şübhə yoxdur ki, onlar ictimai həyatda öz yerlərini tutacaqlar. Əfv sərəncamının bayram ərəfəsində imzalanması isə cəmiyyətdə gözəl ovqat yaradır. Çünki həm əfvə düşən insanlar, həm də onların ailə üzvləri və yaxın qohumları bayramı daha yüksək əhvali-ruhiyyədə qeyd edəcəklər.

Əfv olunmaları həm də həmin insanlara bundan sonra həyatda öz yollarını düzgün seçməklə bağlı verilmiş çox gözəl imkan və şansdır. Bu şansın verilməsi isə Azərbaycan dövlətinin humanizm siyasətinin mahiyyətindən və məzmunundan irəli gəlir. Bu siyasətin əsasını 1993-cü ildə ulu öndər Heydər Əliyev müəyyən edib. Mərhəmət və insanpərvərlik kimi ən ali insani keyfiyyətləri ilə seçilən ulu öndər hər zaman humanizm ideyalarına böyük önəm veribreal həyatda bunu təcəssüm etdirən addımlar atıb. Heydər Əliyev humanizm prinsiplərinə uyğun olaraq əfvetmə və bağışlama institutunu yaradıb, onun təşəbbüsləri ilə bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin yanında şəffaf və demokratik əsaslarla fəaliyyət göstərən Əfv Komissiyasında ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılıb.

Təbii ki, cinayət cəzasız qalmamalıdır. Hər hansı cinayəti törədən cəzasını almalıdır. Cəza hüququnun reallaşdırılmasında isə ədalətə söykənmək Heydər Əliyevin humanizm siyasətinin əsas qayələrindən biridir. Bu siyasətin nəticəsi olaraq ulu öndər tərəfindən 32 əfv fərmanı imzalanıb. Bununla 3 mindən çox şəxs bağışlanaraq cəzalarından azad edilmişlər. Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini əfv edib. Həmçinin 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan olunub. Amnistiya aktları törətdikləri cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən 78 mindən çox insana şamil olunub, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Heydər Əliyevin humanizm siyasətinin daha bir göstəricisi Azərbaycanda 1993-cü ildən ölüm hökmünün icrasının dayandırılmasıdır. Faktiki olaraq bu cəzanın icrasına moratorium qoyulub. Sonrakı illərdə tamamilə ləğv olunması istiqamətində bir sıra addımlar atılıb. 1998-ci ildə isə Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edilib.

 

65 əfv, 11 amnistiya

 

Ümummilli liderin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən konsepsiyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq respublikamız bütün sahələrdə böyük tərəqqiyə nail olub, dünya birliyində öz yerini möhkəmləndirib. Ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi daim diqqəti cəlb edir. Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini layiqincə davam etdirən Prezidenti İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsinə yüksək önəm verib. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imazaladığı əfv sərəncamları ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam azad edib.

Xatırladaq ki, Prezident İlham Əliyev sonuncu əfv sərəncamını ötən ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalamışdı. Sərəncama əsasən Heydər Əliyev siyasətinin mərhəmətlik və humanizm ənənələrinə sadiq qalaraq və cəzadan azad olunacaq şəxslərin cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərinə inanaraq 634 nəfər əfv edilmişbu, müstəqillik dövrünün ən böyük əfv qərarı kimi tarixə düşmüşdü.

Prezidentin bir neçə gün əvvəl imzaladığı növbəti əfv sərəncamı isə ümumilikdə 431 nəfərə şamil olundu. Artıq sərəncamın icrası vaxtında və yüksək səviyyədə təmin edilərək başa çatdırılıb. Əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin verdiyi sayca 33-cü əfv qərarıdır. Sonuncu sərəncamı da nəzərə alsaq, Azərbaycan Prezidenti ötən 15 ildə 7961 nəfəri əfv edib. Bu dövrdə Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Milli Məclis 2007-ci il mayın 8-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu il martın 17-də "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında”, 2013-cü il mayın 7-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” və 2016-cı ilin mayında 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının təşəbbüskarı isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olub.

Ümumilikdə isə 1996-ci ildən sonra ölkədə 65 əfv sərəncamı imzalanıb, 11 dəfə amnistiya elan edilib. Bu mərhəmət nümunələri ilə ümumilikdə 120 mindən artıq insana azadlıq bəxş edilib. Bütün bunlar Azərbaycan hakimiyyətinin humanist siyasət yürütdüyünühumanizm dəyərlərinə bağlı olduğunu göstərir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 19 mart.- S.1.