Dünyanın əsas neft
ixracatçıları Bakıda toplaşdılar
Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.
Toplantıda OPEC-in baş katibi Məhəmməd Barkindo, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edib. Tədbirdə, həmçinin OPEC üzvləri Əlcəzair, Birləşmiş Ərəb Əmirliklərinin, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruney nazir və yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil edilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, bu tədbir Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur: "Bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə "OPEC plus” formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər”.
"Neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan "OPEC plus” əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirir. Eləcə də bu formatda keçirilən tədbirlərə evsahibliyi edir. Azərbaycan neft bazarının tənzimlənmə prosesinə töhfə verməkdə davam edəcək”, - deyə P.Şahbazov bildirib.
Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih deyib ki, qlobal neft tədarükünün səviyyəsini normallaşdırmaq əsas məqsədlərdəndir. Bildirib ki, ötən il qlobal neft bazarında balansın formalaşdırılması üçün mühüm addımlar atılıb. Bu gün neftin qiymətinin məqbul səviyyədə olması OPEC və "OPEC plus” formatında əməkdaşlığın nəticəsidir.
"Bugünkü iclasın neftin vətənində, Bakıda keçirilməsi çox əlamətdardır. Hazırda Azərbaycan "OPEC plus” formatında əməkdaşlığın fəal iştirakçısıdır”, - deyə nazir vurğulayıb.
OPEC prezidenti
Manuel Kevedo Fernandes son
dövrlərdə neft
bazarının balanslaşdığını
bildirib.
OPEC-in baş
katibi Məhəmməd
Barkindo isə neft bazarındakı vəziyyətin müzakirəsi
baxımından Bakıdakı
iclasın əhəmiyyətini
qeyd edib.
Toplantıda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış
təqdimatı, Müştərək
Texniki Komissiyanın
(JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs
edən hesabatı və qlobal neft bazarında son inkişaflar müzakirə
edilib. Həmçinin JTC-nin bazarın
balanslaşdırılması üzrə tövsiyələri
və neft istehsalının azaldılmasına
dair öhdəliklərə
əməletmə səviyyəsi
nəzərdən keçirilib.
İclasın yekununa dair mətbuat konfransında Səudiyyə
Ərəbistanının energetika,
sənaye və təbii sərvətlər
naziri Xalid Əbdüləziz Əl Falih bildirib ki, OPEC-ə üzv və kartelə daxil olmayan bəzi
ölkələrlə əldə
olunan neft hasilatının azaldılmasına
dair sazişə fevralda 90 faiz əməl edilib. Nazir qeyd edib ki,
JMMC neft bazarında baş verən proseslərdən razıdır.
"Əməkdaşlıq
Bəyannaməsi”ndə iştirak
edən ölkələrin
sazişə əməletmə
səviyyəsi fevral ayında 90 faiz olub. Komitə üzv ölkələrin
fevral ayı ərzində kollektiv fəaliyyətindən məmnundur.
Bildirib ki, yanvarda isə
sazişə əməletmə
səviyyəsi 83 faiz
olub.
Energetika naziri Pərviz Şahbazov deyib ki, "OPEC plus” formatı
yaradılandan indiyədək
Azərbaycan öz öhdəliyini müvəffəqiyyətlə
və tam yerinə yetirib. Azərbaycan "OPEC plus” çərçivəsində
öhdəliklərinin yerinə
yetirilməsi göstəricilərini
yaxşılaşdıracaq.
Mətbuat konfransında qeyd olunub ki, Müştərək
Texniki Komissiya və Birgə Monitorinq Komitəsinin növbəti iclasları bu ilin mayında
Ciddədə keçiriləcək. Dörd ölkə
- İraq, Qazaxıstan,
Nigeriya və Birləşmiş Ərəb
Əmirlikləri Birgə
Monitorinq Komitəsinə
yeni üzv seçilib. Qeyd edək
ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasından bir gün əvvəl
- martın 17-də Bakıda
Müştərək Texniki
Komissiyanın 27-ci iclası
da keçirilib.
Xatırladaq ki, Azərbaycanda fevral ayı üzrə gündəlik
neft hasilatı 806 min barel olub. Bunun 722 min barelini
xam neft, 84 min barelini kondensat təşkil edib. Gündəlik 572,9 min barel
xam neft, 84 min barel kondensat, 18 min barel isə neft məhsulları ixrac olunub. Energetika Nazirliyi
fevralda gündəlik
neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə
Monitorinq Komitəsinin
Müştərək Texniki
Komissiyasına təqdim
edib.
Ötən il gündəlik neft hasilatı 792,6 min barel olub.
2018-ci il dekabrın 7-də Vyanada
OPEC-ə üzv və
qeyri-üzv dövlətlərin
nazirlərinin V görüşündə
neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması
ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən,
cari ilin yanvarından
etibarən Azərbaycan sutkalıq hasilatın təxminən
20 min barel
azaldılması ilə bağlı öhdəlik götürüb.
Azərbaycan.- 2019.-19 mart.- S.1-2.