Azərbaycan Vyanada keçirilən
“Beynəlxalq dəmir yolu konqresi
2019”da təmsil olunur
Azərbaycan Vyanada keçirilən “Beynəlxalq dəmir yolu konqresi 2019”da təmsil edilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, "Beynəlxalq dəmir yolu konqresi 2019" Avrasiya marşrutunun mövcud nəqliyyat dəhlizləri çərçivəsində rəqəmsal texnologiyalardan və tranzit potensialından istifadə edərək beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması problemlərinə həsr olunur.
Konqresdə "Bir kəmər, Bir yol: Beynəlxalq əməkdaşlığın inkişafı", "İnvestisiyaların cəlb edilməsi yolu: Nəqliyyat layihə infrastrukturunun maliyyələşdirilməsinin qlobal transformasiyası", "Rəqəmsal dəmir yolları və ağıllı infrastruktur: rəqəmsallaşdırma, standartlaşdırma və miqyaslama", "Nəqliyyat infrastrukturunun inkişafında sinerji və miqyas effekti", "Sərhədləri aşaraq: beynəlxalq əməkdaşlıq, standartlaşdırma və miqyaslama", "Çeviklik və gələcəyin logistika mərkəzləri" sessiyaları çərçivəsində gömrük maneələrinin azaldılması yolları, həmçinin Avropa və Asiya arasında dəmir yolu nəqliyyatının fəaliyyətini tənzimləyən hüquqi və texniki qaydaların uyğunlaşdırılması məsələləri müzakirə edilir.
Konqresdə Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Oleq Belozyorov, Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski, "Avstriya Federal Dəmir Yolları"nın baş direktoru Andreas Matte, Belarus dəmir yollarının rəisi Vladimir Morozov, İsveçrə dəmir yollarının baş direktoru Andreas Meyer, Slovakiya dəmir yollarının baş direktoru Yuray Tkaç, eləcə də "enli" və "ensiz" izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların və beynəlxalq bank sektorlarının rəhbərləri iştirak edirlər.
"Beynəlxalq dəmir yolu konqresi 2019" 1520 millimetr və 1435 millimetr izli dəmir yolları məkanındakı milli dəmir yolu şirkətləri rəhbərlərinin görüşməsi üçün ən iri iş platformasıdır.
Konqresə dəvət edilmiş şirkətlər Avrasiya
marşrutunda daşımaların həcminin
artımına və Şərqlə Qərb arasında dəmir
yolu dəhlizinin davamlı
inkişafına töhfə verməkdədirlər. Konqres
dövlət-özəl tərəfdaşlığın ən
yaxşı təcrübələrinə əsaslanaraq, nəqliyyat
infrastrukturunun modernləşdirilməsinə,
quruda daşıma xərclərinin
azaldılmasına, həmçinin 1520 millimetr
və 1435 millimetr izli
dəmir yolu məkanındakı
qarşılıqlı əlaqələrin
standartlaşdırılmasına və intensivləşdirilməsinə
yönəlmiş sistemli həllərin
tapılmasına istiqamətlənib.
Azərbaycan.- 2019.-19 mart.- S.3.