Sarsılmaz birlik

 

Xalqımızın olduqca yüksək xoş ovqatla qeyd etdiyi budəfəki Novruz bayramı məlum həqiqətlərə yeni işıq saldı. Belə ki, bu bayram bütün məziyyətləri ilə yanaşı, Azərbaycandakı sarsılmaz xalq-iqtidar birliyinin növbəti təsdiqi kimi yadda qaldı. Hər fürsətdə sadə vətəndaşlarla təmasa üstünlük verən Prezident İlham Əliyev Novruz münasibətilə keçirilən ümumxalq şənliyini də xalqla birgə qeyd etdi.

 

Milli dəyərlərə yüksək ehtiram nümunəsi

 

Bakı artıq günlərdir ki, bayram libasına bürünüb. Novruz şənliklərində ictimaiyyətin bütün zümrələrini görmək olardı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram şənliyində iştirakı da elə paytaxt sakinlərinin əhatəsindən başladı. Bu səmimi izdiham Azərbaycandakı xalq-iqtidar birliyinin, insanların öz Prezidentinə sevgi və etimadının növbəti təcəssümü oldu.

Prezidentin bayram şənliklərində Fəvvarələr meydanından başlayan iştirakı isə Qız qalasına kimi davam etdi. Kosa və Keçəllə yumurta döyüşdürən Prezident xanımı Mehriban Əliyeva ilə birlikdə Müasir İncəsənət Mərkəzində oldu, Karvansarada İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdı, sakinlərlə çay süfrəsi arxasında söhbət etdi, rəqs ansamblının çıxışını izlədi və Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırdı. Bu şənlikdə iştirak hər addımda dövlət başçısının milli dəyərlərə nə qədər möhkəm bağlı olduğunu göstərdi.

Ümumiyyətlə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm nailiyyətləri sırasında yer alır. Dövlət başçısı tarixi-mədəni irsimizin yaşadılmasına və milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi qayğı ilə yanaşaraq bu məqsədlə son 16 ildə mühüm addımlar atıb. Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın milli dəyərlərinə son dərəcə bağlı olduğunu, onlara hörmət və sayğı ilə yanaşdığını təsdiqləyir.

Hər il Novruz günlərində bayram münasibətilə Prezident İlham Əliyevin xalqa təbrik ünvanlaması dövlət başçısının milli və mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşmasının göstəricisidir. Budəfəki təbrikində Novruz bayramını əcdadımızın indiki nəsillərə misilsiz yadigarı adlandıran İlham Əliyev qeyd edib ki, yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir: "Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuşheç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”.

Bu gün xalqımız bu bayramı daha böyük şövqlə, daha yüksək əhvali-ruhiyyədə qeyd edir. Çünki həyata keçirilən siyasət, başlanan yeni islahatlar iqtisadiyyatda və insanların sosial rifahında əhəmiyyətli dərəcədə yüksəlişə səbəb olub. Xüsusən Prezidentin fevral ayında sosial məsələlərlə bağlı imzaladığı fərman və sərəncamlar artıq milyonlarla vətəndaşın maddi rifahında hiss olunur. Ona görə insanlar bu bayramı daha yüksək əhvali-ruhiyyədə keçirirlər. Prezidentin təbrikində qeyd olunduğu kimi, dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır.

 

Nəsillərdən nəsillərə ötürülən bayram

 

Azərbaycan xalqı tarix boyu bu bayramı əziz tutmuş, böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edib. Təsadüfi deyil ki, Novruz bayramı ümumən bütün türk dünyasına xas olsa da, onu gözəl formada keçirən yalnız bizim xalqdır. Bunu Novruz günlərində Azərbaycana çoxsaylı turistlərin gəlməsi də təsdiq edir. Hətta sovet hakimiyyəti dövründə, xalqların milli ruhlarının tapdalandığı illərdə xalqımız Novruzu yaşadıb, gələcək nəsillərə ötürüb, Prezidentin qeyd etdiyi kimi, heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməyib. O illərdə dövlət səviyyəsində qeyd olunmasına imkan verilməsə də, hər il çərşənbə axşamlarında tonqallar qalanıb, hər bir ailədə Novruz süfrəsi açılıb, bayramın atributu olan şirniyyatlar bişirilib.

Bu barədə danışarkən ilk növbədə ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində xalqın milli və mənəvi dəyərlərinin yaşadılmasına göstərdiyi böyük diqqət yadda düşür. Məhz Heydər Əliyevin başladığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində daha kütləvi və daha təmtəraqla qeyd olundu. Heydər Əliyevin milli dəyərlərə bağlılığı bu el şənliyinin onun ölkəmizə rəhbərliyinin birinci dövründə cəsarətlə qeyd olunmasında və daha da kütləviləşməsində mühüm rol oynadı.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra müxtəlif qadağalar aradan qalxdı və xalqımız müqəddəs adət və ənənələrin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruz bayramını könül rahatlığı ilə qeyd etməyə başladı. Tariximizin yaddaşından süzülüb gələn Novruz bayramı bir çox çətinliklərdən ötərək bugünümüzə qovuşdu, özünün halal yerini tutdu.

Onu da qeyd edək ki, Novruz bayramı ali bəşəri duyğuların daşıyıcısı olaraq UNESCO-nun ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilib, BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günüelan olunub.

Dövlətimizin güclənməsi həm də insanların rifahının yüksəlməsi deməkdir. Bu mənada İlham Əliyevin insanların sosial təminatının gücləndirilməsinə yönəlik qərarlarını yüksək qiymətləndirən Azərbaycan ictimaiyyətinin ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad olunmasıdır. Xalqımız əmindir ki, Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində Novruz bayramını tezliklə Qarabağda qeyd edəcəyik.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 20 mart.- S.1; 3.