Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya səfəri çərçivəsində Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yan Heker, Federal Prezident Administrasiyasının Xarici Siyasət İdarəsinin rəisi Tomas Baqqer və Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert ilə görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev, eyni zamanda, Almaniyanın xarici siyasət üzrə akademik dairələri ilə keçirilən dəyirmi masada iştirak edib, həmçinin Bundestaqın nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil olunan 7-ci “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” simpoziumuna qatılıb.

Görüşlərdə Azərbaycanın xarici siyasəti, AlmaniyaAvropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb.

Prezident Administrasiyasının rəsmisi ölkəmizin mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütdüyünü, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə mehriban qonşuluq münasibətləri yaratdığını, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu vurğulayıb. O, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, həyata keçirdiyi nəhəng regional layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, eləcə də bu layihələrin və Azərbaycanın çoxvektorlu xarici siyasətinin regionda sülh, sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib. Şöbə müdiri, həmçinin Ermənistanın hərbi təcavüzünün nəticələri, münaqişənin sülh yolu ilə həlli prosesinin gedişi, eləcə də Ermənistanın yeni rəhbərliyindən olan gözləntilərimizi həmsöhbətlərinin diqqətinə çatdırıb.

Görüşlərdə Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə qarşılıqlı maraqlara söykənən konstruktiv əməkdaşlıq məsələləri, Almaniyanın Federal Kansleri Angela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika, rəsmi Berlinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu ədalətli mövqe və münaqişənin həlli prosesinə dəstək imkanları, eləcə də ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə ətraflı söhbət aparılıb. Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın regiondakı etibarlı tərəfdaşı, o cümlədən əsas iqtisadi tərəfdaşı adlandırıb, ölkəmizdə hökm sürən multikulturalizmdini tolerantlıq mühitini yüksək qiymətləndirib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları alqışlayıblar.

Hikmət Hacıyevin Berlində keçirdiyi görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və səfirliyin əməkdaşı Vüqar Qafarov da iştirak ediblər.

 

Azərbaycan.- 2019.-20 mart.- S.4.