Növbəti
simpozium
Almaniya Bundestaqının nəzdindəki
Alman Parlament Cəmiyyətində 7-ci “Cənubi Qafqazda sabitlik
və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının
perspektivləri” simpoziumu keçirilib. Ənənəvi olaraq
hər il Xocalı soyqırımının
ildönümü ilə bağlı keçirilən
simpozium Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan
Forumu, Almaniya Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı
və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi
ilə baş tutub.
Simpoziumu giriş sözü ilə
Alman-Azərbaycanın Forumunun sədri, keçmiş dövlət
kaktibi Hans-Eberhard Şlayer açıb.
Azərbaycanın Almaniyadakı səfiri
Ramin Həsənov tədbirdə çıxış edərək
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü
və Xocalı soyqırımı haqqında ətraflı məlumat
verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin nəticələrini, sülh prosesinin
gedişini, Ermənistanın sülh
danışıqlarında nümayiş etdirdiyi
qeyri-konstruktiv mövqeyi diqqətə çatdırıb, eləcə
də Almaniyanın Azərbaycanın ərazi
bütövlüyünə verdiyi dəstəyi
alqışlayıb və bu ölkəni münaqişənin
həllinə daha fəal surətdə töhfə verməyə
çağırıb.
Azərbaycan-Almaniya münasibətlərinə
toxunan səfir bu əlaqələrin tarixi və cari vəziyyəti
barədə məlumat verib, Almaniyanın Federal Kansleri Angela
Merkelin ötən ilin avqustunda ölkəmizə səfərinin
münasibətlərə yeni dinamika verdiyini vurğulayıb.
Azərbaycanın Almaniyanın regiondakı əsas iqtisadi tərəfdaşı
olduğunu qeyd edən səfir Almaniya Kanslerinin səfəri
zamanı onun və Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə iş adamları ilə keçirilən
görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın
daha da dərinləşməsinə dair konkret ideya və
layihələrin irəli sürüldüyünü bildirib.
Sonra Almaniya Bundestaqının
Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının
xarici siyasət məsələləri üzrə sədr
müavini Yohan Vadeful çıxış edib. O, Almaniya
Kanslerinin Azərbaycana səfərinin nəticələrini təhlil
edib, iki ölkə arasında yaxşı münasibətlərin
olduğunu qeyd edib, Azərbaycanı etibarlı enerji tərəfdaşı
adlandırıb. Münaqişə mövzusuna toxunan alman
deputat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
beynəlxalq hüquqa zidd olaraq işğal edildiyini
vurğulayıb. O, həmçinin ölkəmizin nəqliyyat
dəhlizlərinin kəsişməsində yerləşdiyini
və bu mövqedən istifadə edərək beynəlxalq nəqliyyat
layihələrinin reallaşması üçün fəal əməkdaşlıq
etdiyini qeyd edib.
Tədbirdə
çıxış edən Almaniyanın Xarici İşlər
Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya
üzrə müvəkkili, səfir Mixael Zibert simpozium
iştirakçılarını Almaniya hökuməti
adından salamlayıb. Xocalı faciəsinin günahsız
qurbanlarını qeyd edən alman diplomat münaqişənin
həllinin eyni zamanda Xocalı qurbanları
qarşısında bir məsuliyyət olduğunu və
Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü olaraq
danışıqlar prosesini dəstəklədiyini bildirib. O,
münaqişəni regionun inkişafı üçün
maneə adlandırıb və onun həllinin gətirəcəyi
iqtisadi üstünlüklərə toxunub. M.Zibert, həmçinin
Azərbaycan-Almaniya münasibətləri barədə
danışıb, müxtəlif sahələrdə olan
dinamik əlaqələri vurğulayıb. O, Azərbaycanın
müsəlman Şərqində ilk dünyəvi dövlət
qurduğunu və ölkəmizin dünyada qadınlara
seçki hüququ verən ilk dövlətlərdən biri
olduğunu qeyd edib.
Daha sonra tədbir Alman-Azərbaycan
Forumunun sədr müavini, Bundestaqın keçmiş
deputatı Helqa Daubun aparıcılıq etdiyi panel müzakirələrlə
davam edib.
Almaniyanın İqtisadiyyat və
Enerji Nazirliyinin dövlət katibi Tomas Barays iki ölkə
arasında müxtəlif sahələrdə intensiv dialoq
aparıldığını alqışlayıb. Alman
şirkətlərinin Azərbaycandakı fəaliyyətinin
XIX əsrə gedib çıxan tarixi barədə məlumat
verən dövlət katibi Azərbaycan və Almaniya
arasındakı tərəfdaşlığın ildən-ildə
inkişaf etdiyini diqqətə çatdırıb. Tomas Barays
Almaniya Kanslerinin Azərbaycana səfəri zamanı müzakirə
edilmiş mövzular, ölkələrimiz arasında enerji,
iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq
məsələləri barədə məlumat verib. O, Azərbaycanda
investisiya mühitinin getdikcə daha yaxşı olduğunu
diqqətə çatdırıb və ölkənin
Dünya Bankının sonuncu “Doing Business” hesabatında 32 pillə
irəliləməsini vurğulayıb.
Bundestaqın Sosial-Demokratlar
Partiyasının (SPD) xarici siyasət üzrə
sözçüsü Nils Şmit seçildiyi
Baden-Vürtemberq federal torpağının Azərbaycanla 200
illik tarixə söykənən əlaqələri barədə
məlumat verib. O, Azərbaycanın Avropa İttifaqı və
NATO ilə əməkdaşlığı, iqtisadi əməkdaşlıq
strategiyasına töhfələrini yüksək qiymətləndirib.
Eləcə də ölkəsinin Azərbaycanla həm ikitərəfli,
həm də beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq etdiyini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın
müstəqillik tarixi, son 25 ildə əldə olunmuş
nailiyyətlər və keçilmiş uzun inkişaf yolu barədə
məlumat verib. O, əraziləri işğal olunmuş, bir
milyon qaçqın və məcburi köçkünü
olan gənc dövlətdə aparılmış
ağıllı siyasətin nəticəsində qısa
müddət ərzində yoxsulluğun 50 faizdən 4 faizə
endirildiyini, savadlılıq səviyyəsinin 100 faizə
çatdırıldığını, əhalinin 80 faizdən
artığının internetə sərbəst
çıxışının təmin edildiyini, maliyyə
resurslarında şəffaf idarəetmənin tətbiq
olunduğunu, “ASAN xidmət” vasitəsilə səmərəli
sosial xidmətlər göstərildiyini, ölkəmizdə
multikulturalizm və dini tolerantlıq mühitinin hökm
sürdüyünü diqqətə çatdırıb. Hikmət
Hacıyev Azərbaycanın həyata keçirdiyi beynəlxalq
layihələrin Azərbaycan və digər ölkələrin
iqtisadi və sosial həyatına, regional əməkdaşlığa,
iştirakçı dövlətlər arasında siyasi
dialoqa, eləcə də Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfələri qeyd edib. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli
yollarına toxunan şöbə müdiri münaqişənin
yalnız mərhələli şəkildə həll edilməsinin
mümkün olduğunu və ilkin mərhələdə Azərbaycan
torpaqlarının işğaldan azad olunmasının və
doğma yurdlarından qovulmuş azərbaycanlıların
öz torpaqlarına qayıtmasının zəruri olduğunu
qeyd edib. O, Ermənistanın bu münaqişə ilə
özünü regionda təcrid vəziyyətinə
saldığını və regional layihələrdən kənarda
qaldığını diqqətə çatdırıb.
Nüfuzlu alman jurnalist Rixard Kissler
özünün işğal altında olan
torpaqlarımıza, o cümlədən Xocalı şəhərinə
səfərindən danışıb, həmin ərazilərdə
dağıntı və səfalətin hökm
sürdüyünü diqqətə çatdırıb.
Kissler Xocalı hadisələri zamanı dinc azərbaycanlı
əhalinin erməni silahlı qüvvələri tərəfindən
pusquya salınaraq atəş altına alınması, Azərbaycanın
mədəni və dini abidələrinin, o cümlədən
məscidlərin viran edilməsi barədə məlumat verib.
Jurnalist, həmçinin Ermənistanın yeni baş nazirinin
verdiyi populist bəyanatların münaqişənin həlli
prosesinə nikbinliklə yanaşmaq üçün yer
qoymadığını qeyd edib.
Boxum Rur Universitetinin beynəlxalq
hüquq üzrə professoru Yoaxim Hayntse Ermənistanın
işğal etdiyi ərazilərdə həyata keçirdiyi
qanunsuz fəaliyyətə hüquqi qiymət verib. O,
işğal olunmuş ərazilərdə etnik təmizləmə
və əhalinin köçürülməsi yolu ilə
demoqrafik vəziyyətin dəyişdirilməsi, eləcə
də həmin ərazilərinin təbii sərvətlərinin
istismar edilməsinin mövcud beynəlxalq hüquq
normalarına görə cinayət hesab olunduğunu diqqətə
çatdırıb. Alman alim Azərbaycanın kosmosdakı
peykləri vasitəsilə sözügedən qanunsuz əməlləri
izləmək iqtidarında olduğunu bildirib.
Tədbirdə yekun nitq söyləyən
Azərbaycanın fəxri konsulu, keçmiş dövlət
katibi Otto Hauzer Azərbaycan və Almaniya arasında cari əməkdaşlıq
imkanlarından və perspektivlərdən danışıb.
Tədbirdə Bundestaqın
deputatları, Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri
Xanlar Fətiyev, Almaniyanın Xarici İşlər Nazirliyi və
digər hökumət qurumlarının nümayəndələri,
siyasi, elmi və mədəni dairələrin, KİV-lərin,
Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin,
Azərbaycan diasporunun təmsilçiləri və Azərbaycanın
Almaniyadakı səfirliyinin əməkdaşları
iştirak ediblər.
Azərbaycan.-
2019.-20 mart.- S.4.