Əli Həsənovun
əsərləri Buxarestdə rumın dilində nəşr
edilib
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara
qarşı etnik təmizləmə və soyqırımı
siyasətinin mərhələləri” və “Xocalı
soyqırımı: səbəbləri, nəticələri və
beynəlxalq aləmdə tanınması” adlı əsərləri
Buxarestdə rumın dilində çap olunub.
AZƏRTAC xəbər verir ki,
artıq on üçüncü dildə nəşr
edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri
tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirilən etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasəti təhlil
olunur. Kitabın rumın dilinə tərcüməsinə məsul
Vaqif Həsənovdur.
Mənbələrə əsasən
kitabda təsdiq edilir ki, təkcə XX əsrdə azərbaycanlılar
4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və
1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən
törədilən soyqırımı və etnik təmizləmələrə
məruz qalıb. Kitabda göstərilir ki, XIX əsrin sonunda
– 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə
“Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun”
partiyalarını yaratdıqdan sonra, erməni millətçilərinin
“böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə
qədəm qoyub və öz məqsədlərinə
çatmaq üçün xarici himayədarların köməyi
ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə
qarşı dəhşətli terror və soyqırımı
həyata keçirməklə etnik təmizləmə siyasəti
aparıblar.
Ümumiyyətlə, Azərbaycan
xalqı son 200 il ərzində erməni millətçilərinin
davamlı olaraq etnik təmizləmə, soyqırımı və
təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi
torpaqlarından didərgin salınıb, qaçqın və
məcburi köçkünə çevriliblər.
Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən
törədilmiş soyqırımlarının Bakı, Quba,
Şamaxı ilə yanaşı, Şuşada, İrəvan
quberniyası ərazisində, Zəngəzurda,
Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa
bölgələrdə davam etdirilməsi nəticəsində
on minlərlə azərbaycanlının qətlə yetirilməsı
elmi mənbələrə əsasən tədqiq edilir.
Kitabda xarici dillərdə Azərbaycan
tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər
və xəritələr, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycanın
işğal olunmuş əraziləri haqqında məlumatlar
və fotolar da yer alıb.
Bununla yanaşı, əsərdə
XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları və təcavüzkarlığı, o cümlədən
1988-1993-cü illərdə azərbaycanlılara qarşı
etnik təmizləmə və soyqırımı siyasəti
elmi mənbələr əsasında
araşdırılır. Müəllif göstərir ki,
bütün dövrlərdə olduğu kimi, ermənilərin
həyata keçirdiyi bu işğalçılıq siyasəti
də kütləvi qırğınlarla müşayiət
olunub. Belə ki, bu illərdə Ermənistan Azərbaycana
qarşı hərbi təcavüzün miqyasını daha da
genişləndirib, Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin hüdudlarından kənara çıxaraq
daha 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan) işğal edib. Ermənistanın
hərbi təcavüzü nəticəsində 20 min nəfərdən
çox azərbaycanlı öldürülüb, 50 min nəfər
isə müxtəlif dərəcəli xəsarət alaraq əlil
olub, torpaqlarımızın 20 faizi işğala məruz
qalıb, bir milyona yaxın azərbaycanlı öz doğma
yurdlarından didərgin salınaraq qaçqın və məcburi
köçkünə çevrilib.
Xüsusilə əsərdə XX əsrin
sonlarında ermənilərin Xocalıda törətdikləri
soyqırımı aktı bütün insanlığa və
bəşəriyyətə qarşı yönəlmiş ən
ağır cinayətlərdən biri kimi səciyyələndirilir.
Əsərdə 1992-ci il fevralın 26-da Ermənistan
silahlı qüvvələri tərəfindən Xocalı
şəhərinin işğalı zamanı dinc azərbaycanlı
əhaliyə qarşı törədilən vəhşiliklər
xarici mənbələrə əsasən geniş təhlil
edilir. Həmçinin Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində bu strateji əhəmiyyətli ərazinin
tarixinə nəzər salınır, Xocalı şəhərinin
əhəmiyyətini artıran səbəblər göstərilir.
Xocalı soyqırımı ermənilərin
azərbaycanlılara qarşı məqsədyönlü
şəkildə həyata keçirdikləri ən
ağır cinayət kimi araşdırılan kitabda Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması,
Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi
istiqamətində görülən işlər, xüsusilə,
Xocalı faciəsinin beynəlxalq aləmdə
soyqırımı aktı kimi tanınması məsələləri
geniş tədqiq olunur. Həmçinin, kitabda Xocalı
soyqırımının tanınması ilə bağlı
indiyə kimi qəbul edilən sənədlər də öz
əksini tapmışdır.
Əsərdə müəllif diqqətə
çatdırır ki, Xocalı soyqırımı dünya
tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki,
Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli
soyqırımlardan heç də geri qalmır və
adıçəkilən hadisələr dinc əhalinin
soyqırımı olaraq bütün dünyada geniş əks-səda
doğurub.
Kitab
Ermənistanın etnik təmizləmə,
soyqırımı və işğalçılıq siyasətinin
dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan.- 2019.- 28 mart.- S.6.