Güclü iqtisadi potensial, keyfiyyətli inkişaf
uğurlu sosial siyasətin
əsasıdır
Son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar ölkənin iqtisadi potensialının daha da möhkəmləndirilməsinə, vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun və gəlirlərinin artırılmasına, yoxsulluq səviyyəsinin daha da azaldılmasına əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərmişdir. Məhz bu islahatların nəticəsidir ki, Heritage Foundation tərəfindən hazırlanan hesabatda son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycanın ümumi orta hesab üzrə regional və dünya göstəricilərindən üstün olaraq Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yerdə qərarlaşdığı bildirilir.
Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələr ilə müqayisədə ön sıralarda yer tutub. Həmçinin Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrini qabaqlayıb.
Heç şübhəsiz ki, Azərbaycanın "2018 Doing Business”, "İnklüziv İnkişaf indeksi 2018” və "Qlobal Rəqabətlilik İndeksi”ndə mövqeyinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin başçılığı ilə həyata keçirilən məqsədyönlü, dərin və köklü iqtisadi islahatlara verilən beynəlxalq qiymətdir.
Rəqəmlərə, statistikaya müraciət etsək, görərik ki, regionlarla bağlı dövlət proqramlarının icrasına start verildikdən sonra, yəni, ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artmışdır. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulmuş və bu sərmayənin yarısı xarici investisiyalardır.
Bu gün xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Əgər ilk dəfə, 2006-cı ildə Azərbaycan Dünya Bankının "Doing Business” hesabatında 98-ci yerdə qərarlaşmışdısa, ölkə Prezidentinin də vurğuladığı kimi, aparılan köklü islahatlar, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində son hesabatda artıq ölkəmiz 25-ci yerdədir. Yəni bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Həmçinin bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin.
Bütün bu nailiyyətlər bir daha sübut edir ki, ölkə əhalisinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu yaxınlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirə Azərbaycan cəmiyyətinə bir daha nümayiş etdirdi ki, ölkənin iqtisadi inkişaf strategiyasının ana xəttini məhz əhalinin rifah halının yaxşılaşdırılması təşkil edir, Prezident həmişə olduğu kimi öz vətəndaşının yanındadır.
Ölkəmizdə
işçilərin maddi-sosial tələbatlarının
ödənilməsi və layiqli həyat
səviyyələrinin təmin edilməsi aparılan sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən
biri hesab edilir. Belə bir iqtisadi inkişaf sosial siyasətin uğurla
reallaşması üçün güclü baza
yaradır. Bütün bunların
arxasında dinamik artan,
davamlı sosial inkişaf
dayanır. Son dövrlərdə əhalinin
gəlirlərinin artırılması meyilləri güclənir.
Ölkəmizdə ən vacib məsələlərdən
biri minimum aylıq əməkhaqqının
məbləğinin davamlı artırılmasıdır.
Minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılıb və ya 38,4 faiz artırılıb. Azərbaycanda bundan əvvəl 400 min şəxs 180 manatdan az əməkhaqqı alırdı ki, onların da 67 faizi, yəni 270 mini dövlət sektorunda çalışırdı. Bu sərəncamdan sonra isə minimum aylıq əməkhaqqı yaşayış minimumuna bərabərləşdirildi. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ay ərzində isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Eyni zamanda ölkə iqtisadiyyatının güclənməsi ilə qarşıdakı illərdə minimum aylıq əməkhaqqının daha da artırılacağı gözlənilir.
Minimum
əməkhaqqının hazırkı artımı birbaşa olaraq 600 minədək
insanı əhatə edəcək. Belə ki,
dövlət sektorunda işləyən
450 min nəfər və özəl sektorda işləyən 150 min
nəfər bu sərəncamdan faydalanacaq. Yəni dövlət sektoru üzrə 450 min işçinin əməkhaqları 30 faiz, özəl sektor
üzrə 150 min işçinin
əməkhaqları 15-20 faiz artacaq. Bununla
yanaşı, vergi və sığorta
yığımları 150-200 milyon manat artacaq. Xüsusən
də bu artım nəticəsində
qadınların orta aylıq əməkhaqqı
kişilərin orta aylıq əməkhaqqına
yaxınlaşacaq.
Heç şübhəsiz ki, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılmasına ciddi sağlamlaşdırıcı təsir göstərəcək. Hesab edirik ki, minimum əməkhaqqının artımı ölkədə orta əməkhaqqının 10 faizədək artırılmasına səbəb olacaq ki, bu da məcmu tələbin gücləndirilməsinə xidmət edir. Əgər nəzərə alsaq ki, bu il Azərbaycanda 3,6 faiz ÜDM artımı olacaq, onda məcmu tələbin artması iqtisadi artıma da stimullaşdırıcı təsir göstərəcək. Həm məcmu təklifin, həm də məcmu tələbin artması inflyasiya təzyiqi ehtimalını heçə endirir.
Beləliklə, cənab Prezident Azərbaycan iqtisadiyyatının davamlı artan imkanlarını əhalinin sosial rifahına və layiqli həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirir. Bu Azərbaycanın ana qanunu olan Konstitusiyasında qeyd edilən sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində atılan vacib addım kimi qiymətləndirilməlidir. 2019-cu ilin əvvəlindən cənab Prezident tərəfindən əməkhaqqı, pensiya və müavinətlərin artırılması, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması, özünüməşğulluq proqramının genişləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində mühüm addımlar atılmışdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”, eləcə də "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” sərəncam və fərmanları nəticəsində bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin yaxşılaşdırılması, maliyyə sabitliyi və davamlı iqtisadi inkişafın təmin olunması, Azərbaycanın iqtisadi mövqeyinin gücləndirilməsi ilə bağlı mühüm nailiyyətlər əldə olunub.
Erməni işğalçıları tərəfindən torpaqlarımızın 20 faizindən çoxunun işğalı nəticəsində öz evlərindən, yurd yerlərindən didərgin salınmış məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur və bu gün də belədir. Heç təsadüfi deyil ki, məhz bu diqqət nəticəsində son illər ərzində yüzdən çox şəhərcik tikilib, köçkünlərə təqdim edilmiş, şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Ölkə Prezidentinin yanvarın 28-də şəhid ailələri ilə görüşündə səsləndirdiyi kimi, bu kateqoriyadan olan bütün vətəndaşlar evlərlə təmin olunacaqlar, mənzilsiz qalan şəhid ailəsi və müharibə əlili olmayacaq. Şəhid ailələrinə ödənilən birdəfəlik müavinətlərin maliyyə tutumu 135 milyon manatdır.
Fərman və sərəncamların icrası nəticəsində yüz minlərlə imkansız adamın maddi vəziyyəti yaxşılaşacaq. Tam mübaliğəsiz demək olar ki, miqyasına görə dünyanın heç bir ölkəsində belə tədbirlər həyata keçirilmir. İlham Əliyev deyib, bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Ölkədə minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bu "böyük sosial paketin” tərkib hissəsidir. Bu proqram 500 mindən çox adamı əhatə edəcək.
Həyat səviyyəsinin mühüm göstəricilərindən biri əhalinin pul gəlirlərinin artmasıdır. 2018-ci ildə əhalinin pul gəlirləri 53 mlrd. 688,6 mln. manat olmuşdur ki, bu 2010-cu ilə nisbətən 2 dəfədən də çoxdur. I və II devalvasiyadan sonra banklarda olan əmanətlərinin həcmi 21,4 faiz azalmışdı. Lakin son vaxtlar iqtisadi, sosial inkişafda əldə edilən nailiyyətlər əhalinin banklarda olan əmanətlərinin dinamikasındakı müsbət meyilləri gücləndirmişdir. Bu çox vacib meylin davamlı olması üçün əmanətlərin sığortalanması xüsusi əhəmiyyət kəsb edir.
2016-cı ildə cənab Prezident tərəfindən 3 il müddətinə "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdi. Bu il qərarın qüvvədə olma müddəti bitdiyi üçün Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması 2020-ci il mart ayının 4-nə qədər uzadılır.
Dövlət başçısının bilavasitə rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatların nəticəsində əhalinin banklardakı depozitləri 2018-ci il ərzində 9,6 faizdən çox artaraq 7 milyard 542,5 milyon manatdan 8 milyard 269,7 milyon manata yüksəlmişdir. Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Təsadüfi deyil ki, müddətli depozitlər üzrə 5,6 faizi (291 mln. AZN), tələbli depozitlər üzrə isə 18,5 faizi (436 mln. AZN) artım müşahidə edilib. Milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 2,1 dəfə artmış və ölkə iqtisadiyyatının dollarlaşması prosesi zəifləmişdir.
Bütövlükdə, əmanətlərin tam sığortalanması mexanizmi 8 minə yaxın insanı əhatə edir. Hazırda dövlətin sığortaladığı əmanət həcmi 3 dəfəyədək artaraq əmanət portfelinin 77 faizini (6.4 mlrd. manat) təşkil etmişdir. Bu isə əmanətlərin tam sığortalanması mexanizminin nə qədər effektiv olduğunu bir daha sübut edir.
Azərbaycanda əmanətlərin tam sığortalanması dünyada rast gəlinən nadir hallardandır. Məsələn, dünyanın bir çox ölkələrində (o cümlədən qonşu ölkələrdə) əmanətlər müəyyən limit həddində sığortalanır. Müqayisə göstərir ki, Azərbaycan dövləti əmanətlərin tam sığortalanmasını həyata keçirməklə bu sahədə əhalinin maraqlarını ən yüksək səviyyədə qorumuş olur.
Problemli kreditlər məsələsi son dörd il ən çox müzakirə edilən, gündəmin ən vacib məsələlərindən biri idi. Hər kəs bununla bağlı öz narahatlığını bildirir, problemin həll olunacağı günü gözləyirdi. Çünki 2015-ci ildə ölkənin bank-maliyyə sektorunda yaşananlar, "Beynəlxaq Bank” ətrafında baş verənlər, 21 fevral və 21 dekabr devalvasiyaları əhalinin banklara olan kredit borclarının ödənilməsində çox ciddi problemlər və sıxıntılar yaratdı.
Xüsusilə dollarla götürülən kreditlərin ödənilməsində banklarla müştərilər arasında ciddi narazılıqlar özünü büruzə verməyə başladı. Təəssüf ki, bu illər ərzində problemin qarşılıqlı anlaşma şəraitində həlli istiqamətində də banklarla əhali arasında dil tapmaq mümkün olmadı. Banklar özləri də bu yöndə hansısa addım atmadı və beləliklə, problem şişə-şişə bugünkü duruma gəlib çıxdı. Bu məsələ parlamentdə də, bizim komitədə də dəfələrlə müzakirə mövzusu oldu, problemin həlli istiqamətində deputatlar, komitə üzvləri tərəfindən ən müxtəlif təkliflər səsləndirildi, hətta bu yöndə ayrıca qanun layihəsinin hazırlanıb müzakirələrə çıxarılması və qəbul olunması təklifləri irəli sürüldü.
Banklar real iqtisadiyyata vəsait qoymaqla, kredit ayırmaqla həm özlərinə, həm də ümumilikdə iqtisadiyyatımızın inkişafına, insanlarımızın rifah halının yaxşılaşdırılmasına daha çox töhfə verə bilərlər. Ancaq çox təəssüf ki, ötən müddət ərzində təkliflər təklif olaraq qaldı, onların gerçəkləşdirilməsi istiqamətində addımlar atılmadı. Hətta bankların sağlamlaşdırılması üçün dövlət tərəfindən addımlar atılsa da, banklar tərəfindən bu istiqamətdə heç bir hərəkətlilik yox idi. Ancaq çox sevindirici və təqdirəlayiq haldır ki, artıq bir çox məsələlər kimi, bu məsələdə də dövlət başçısı İlham Əliyev öz mövqeyini açıq şəkildə ifadə etdi, problemin həllinə əl qoydu.
Fevralın 25-də ölkə Prezidentinin yanında keçirilən müşavirədə bir çox məsələlərin yaxın gələcəkdə həllinin anonsu verildi, o cümlədən, əhalini, dövlətin özünü narahat edən problemli kreditlər məsələsinin həlli yönündə addımların atılmasının nəzərdə tutulduğu bildirildi. Dövlət başçısı bu məsələnin ciddi bir problemə çevrildiyini bildirərək, onun həlli ilə bağlı tapşırıqlar verildiyini, aidiyyəti qurumların son iki ay ərzində bununla ciddi məşğul olduğunu söylədi və əlavə etdi ki, məsələnin həllinə çox vaxt qalmayıb. Elə bu yerdə qeyd edim ki, problemli kreditlər məsələsi Birinci vitse-prezident Mehriban Əliyevanın da daim diqqətdə saxladığı məsələlərdən biri olub. Hətta, problemli kreditlərin həlli ilə bağlı müvafiq İşçi Qrupunun iclaslarında da iştirak edərək öz məsləhət və tövsiyələrini vermişdi. Və bütün bunların nəticəsi olaraq (eləcə də, dövlət başçısının yanında keçirilən müşavirədən üç gün sonra) fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı tarixi fərman imzalandı. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələlərin həlli deməkdir. Ölkə prezidentinin yaradıcı insanlarla, mədəniyyət və incəsənət xadimləri ilə görüşündə də qeyd etdiyi kimi, bu fərmanın dünyada analoqu yoxdur.
Bütövlükdə götürdükdə bu fərmanla 2015-ci il devalvasiyalarından yaranan xarici valyutada olan kreditlərin dəyər artımına görə veriləcək kompensasiya vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Burada ən vacib məqamlardan biri də odur ki, problemli kreditlərlə bağlı məhkəmə işləri dayandırılacaq, məhkəmələrin qərar və qətnamələri qüvvədən düşəcək. Bu da haradasa 311 mindən artıq məhkəmə işini əhatə edir.
Banklarla vətəndaşlar arasında gedən məhkəmə işləri həddindən artıq çox idi. İnsanlar neçə illərdir məhkəmə çəkişmələrindən əziyyət çəkirdilər, burada böyük haqsızlıqlar da vardı. Sirr deyil ki, bəzi banklar lazım olmayan hərəkət edirlər, insanları məhkəmə yolu ilə çıxılmaz vəziyyətə salırdılar, yəni bu illər ərzində evlərini, mülklərini, maşınlarını itirənlər də az deyildi. Bununla bağlı böyük narazılıqlar yaranırdı, insanlar bu haqsızlıqlarla əlaqədar bizə də müraciət edirdi.
Təsəvvür edin, milyona yaxın insanı, yüz minlərlə ailəni əhatə edən 311 mindən artıq məhkəmə işi indi geri çəkiləcək. Bununla yanaşı, kim ki ötən müddətdə banklara artıq pul ödəyib, dəymiş zərər ona qaytarılacaq. Eyni zamanda, bütün bu məsələlərin həlli nəticəsində insanların inkişaf göstəriciləri yaxşılaşacaq. İnsanlara dəymiş ziyanın ödənilməsi, 311 min məhkəmə işinin geri çəkilməsi həm də böyük addımdır, humanizm nümunəsidir.
Dünyanın heç bir ölkəsi belə bir addım atmayıb. Azərbaycan dövləti isə bunu etməyi bacardı. Problemli kreditlər təxminən 1,6 milyard manatdır, son bir ayda pensiyalarla, müavinətlərlə, əməkhaqqı artımları ilə bir yerdə bu, 2,2 milyard manat vəsait deməkdir. Deməli, Azərbaycan dövlətinin siyasətinin ana xətti əhalidir, insanlardır, onların rahatlığının təmin edilməsidir.
Bu, həm də onu göstərir ki, iqtisadiyyatımız güclü, dinamik inkişaf edir və yaranan sabitlik, artan gəlirlər problemli kreditlərin həll olunmasının da maddi əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirir.
Bütün bu irimiqyaslı sosial layihələrin həyata keçirilməsi ilk növbədə Azərbaycanda aparılan iqtisadi siyasətlə sıx bağlıdır. Ölkənin artan iqtisadi qüdrəti, yaradılan potensial sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində möhkəm özül formalaşdırır. Ölkə iqtisadiyyatının davamlı inkişafını şərtləndirən sahələrdən biri də inşaat kompleksidir. Zəngin maddi-texniki bazaya malik tikinti kompleksində əsasən yerli mütəxəssislər çalışırlar.
Nəticədə ölkəmizdə müasir emal müəssisələri tikilib, yollar çəkilib, körpülər salınıb. Bir sözlə, infrastruktur yenidən qurulub. İnşaat kompleksində mühüm yerlərdən birini də mənzil tikintisi tutur. Həyat səviyyəsinin yüksəldilməsi göstəricilərindən biri də əhalinin mənzillərlə təmin edilməsidir. Bu sahədə işlərin sürətləndirilməsi məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Lakin uzun illərdir əhalini narahat edən məsələlərdən biri də yeni mənzillərin sənədləşdirilməsi problemi idi.
Cənab İlham Əliyev indiyə kimi tikilmiş, amma dövlət sənədi verilməmiş çoxmərtəbəli binalarda bu problemi də həll edib. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən 300-400 min arasıdır. Görün ölkə rəhbərinin bu qərarı neçə Azərbaycan vətəndaşının sevincinə səbəb olacaqdır.
Regionlarda, rayonlarda keçirdiyim görüşlər zamanı insanlar görülən tədbirlərdən çox razılıq edirlər. Onlar dövlətin həmişə öz vətəndaşının yanında olduğunu vurğulayırlar. Bütün bunlar eyni zamanda iqtisadi fəallığın artacağını da deməyə əsas verir. Düşünürəm ki, imzalanmış fərman və sərəncamlar vətəndaşlarla yanaşı, banklara da müsbət təsir göstərərək, onların da fəaliyyətini aktivləşdirəcəkdir. Davam edən islahatlar 2019-cu ilin bütövlükdə Azərbaycan üçün uğurlu il olacağını deməyə möhkəm əminlik yaradır.
Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, müstəqil siyasətini aparır, maraqlarını tam şəkildə qoruyur.
Heç kim kənar, zərərli təsirlərə məruz qalmamalıdır, əksinə, bu təsirlərə qarşı daha da səfərbər olmalıdır. Bu gün ölkəmizin müstəqilliyini, inkişafını, sabitliyini gözügötürməyən qüvvələr hələ də mövcuddur. Onlar hər an fürsət gözləyirlər. Ona görə də həmin qüvvələrə heç zaman fürsət verilməməlidir. Bu dövlət hamımızındır, onun üçün hər birimiz məsuliyyət daşıyırıq, daşımalıyıq, bir sözlə, burada ikinci bir mövqe ola bilməz.
Azərbaycan dövlətinin siyasətinin ana xəttini xalqın layiqli həyat səviyyəsi ilə yüksək təminatı təşkil edir. Dövlət başçısının mövqeyi ondan ibarətdir ki, əhalinin həyat səviyyəsini xarakterizə edən bütün göstəricilərin bundan sonra da yaxşılaşdırılması davam etdiriləcəkdir. İmzalanmış son fərman və sərəncamlar da məhz bu qəbildən olan tədbirlərdəndir.
Ağalar VƏLİYEV,
Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədr müavini
Azərbaycan.-
2019.-29 mart.- S.3.