Şərqin Cenevrəsi - Bakı

 

Dünyada baş verən siyasi proseslər, münaqişələr tektonik silkələnmələr kimi bəzi dövlətləri çökdürür, gücsüzaciz edərək bütün qlobal proseslərdən təcrid edir. Planetdə baş verən qanlı çaxnaşmalar və müharibələr hətta inkişaf etmiş ölkələri, möhtəşəm şəhərləri tənəzzülə uğradır. İraqda, Suriyada və digər ərəb ölkələrində minlərlə yaşayış məskəni, tarixi minilliklərlə ölçülən şəhərlər yerlə-yeksan edilir, xarabalıqlara çevrilir.

Bu sırada Azərbaycanın da münaqişələrə çəkilərək bitməyən müharibədə çökməsinə cəhd edən qlobal qüvvələrin sərt təhdidləri aydın görünür. Terrorçu və cinayətkar dəstələrlə ittifaqa gedən erməni siyasi elitası bu fikirdədir ki, demokrat qiyafəsində, xristian təəssübkeşliyindən yaşmaq vurub əbədiyyətə qədər faşist ideologiyasından bəhrələnmək mümkündür. Məşhur fransız yazıçısı, Nobel mükafatı laureatı (1915) Romen Rollanın sözləri yada düşür: "Müharibədən sonuncu çıxış yolu kimi yalnız bankrot dövlətlər iki əllə yapışırlar. Müharibə ağlını itirib uduzan oyunçu üçün sonuncu kart kimidir...” Lakin həqiqət ondan ibarətdir ki, erməni faşist ideologiyası Qafqazda özünü qalib kimi aparmaq cəhdlərində erməni diasporu ilə canbir-qəlbdə yallı getsə də, tez-tez büdrəyir və onun gözləmədiyi yerdə məğlubiyyətlərin uçurumlarına yuvarlanmasına çox qalmayıb...

Ölkəmiz isə antiazərbaycançı qüvvələrin birgə həmlələrini qətiyyətlə dəf edir, öz müstəqil və neytral siyasətini uğurla yeridərək sülhə, əmin-amanlığa, tolerantlığa sədaqətini siyasi yaşam, mövcudluq doktrinası kimi ortaya qoyur. Bu baxımdan martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Qlobal Bakı Forumu xüsusi əhəmiyyəti ilə seçilir və diqqəti cəlb edir. Bu tədbir dünyaya Azərbaycanın xarici siyasətinin yeni modelini təqdim edir, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu ortaya qoyur.

Prezident İlham Əliyev tədbirdəki nitqində Qlobal Bakı Forumunu müasir dünya siyasətinin aktual məsələlərini müzakirə edən mühüm beynəlxalq platformalardan biri kimi dəyərləndirdi. 55 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyi tədbirə 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər qatılmışdı. Belə möhtəşəm intellektual potensialın Bakıda bir araya gəlməsi həm forumun əhəmiyyətini, həm də Bakının artan siyasi nüfuzunu əks etdirir. Artıq dünya düzənində aydın görünəni odur ki, Bakı dünya xəritəsində nadir və seçilən siyasi mərkəzlərdən birinə çevrilir, Şərqin Cenevrəsi kimi dünyada baş verən proseslərə müstəqil, qərəzsiz və neytral qiymət vermək gücündədir.

Azərbaycan dəyişməyən, sabit xarici siyasət yeridir. Regionda, dünyada vəziyyət mürəkkəb olsa da, bizim xarici siyasətimiz maraqlarımıza, qarşılıqlı faydalı əməkdaşlığa, təhlükəsizliyə və ölkələrlə yaxın əlaqələrin qurulmasına köklənir, ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir.

Ermənistanın siyasi elitası onun fərqində deyil ki, işğalçı rejim kimi iflasa uğrayaraq itirilməli nələri vardısa, hamısından məhrum oldular.

Azərbaycan isə bu müddət ərzində ərazilərinin işğal olunmasına baxmayaraq, bütün dünyaya tolerant, sülhsevər və sivil dövlət olduğunu sübut edə bildi. Bakıda keçirilən saysız-hesabsız beynəlxalq forumlar, möhtəşəm idman yarışları Azərbaycanın imicini sülhsevər ölkə kimi gücləndirdi. Sivil dünyanın gözündə monoetnik, işğalçı faşist dövləti - Ermənistan faciələrin məngənəsində boğulduqca Azərbaycan məşhurlaşır, islahatlar həyata keçirir, Bakı mədəniyyət mərkəzi kimi şöhrət qazanır. Artıq Bakını ən böyük güc mərkəzləri də bir çox beynəlxalq məsələlərin həllində neytral vasitəçi kimi görürlər. Bakının Türkiyə ilə Rusiya arasındakı gərginliklərin azalmasında rolu bir daha ölkəmizin bölgədə və dünyada sülhə xidmət etdiyini isbatladı. Artıq dünya mətbuatında Azərbaycanın neytral ölkə kimi ən uğurlu məkan, burada ən mürəkkəb danışıqların aparılması üçün ideal mühit olması etiraf edilir.

Hələ bir neçə il əvvəl beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase bildirmişdi ki, NATO və Rusiya silahlı qüvvələrinin təmsilçilərinin Bakıda baş tutan görüşləri Azərbaycanın sülhə və xalqlar arasındakı dialoqa verdiyi töhfələrin davamıdır: "Bakı hazırda son onilliklərdə böyük və çoxtərəfli razılaşmaların müzakirə edildiyi istənilən Avropa şəhəri qədər əhəmiyyət daşıyır”.

Bakı tədricən beynəlxalq siyasətin vacib oyunçusu kimi irəli çıxır, Rusiya kimi nəhəng dövlətlə güclü hərbi alyansı təmsil edən NATO arasında uğurlu danışıqların aparılmasına təminat verən siyasi meydan statusunu qazanır. Bakının ABŞ, Rusiya və NATO arasında görüşlərinin keçirilməsi üçün təkrar-təkrar seçilməsi təsadüfdən daha çox vacib zərurətə çevrilir. Məhz bu görüşlərdə Bakının vasitəçiliyi Azərbaycan paytaxtına beynəlxalq siyasətin mərkəzi kimi vacib danışıqların aparılması üçün balanslaşdırılmış məkan statusunu verdi. Azərbaycanın bir sıra geostrateji ssenarilərdə neytrallığını qorumaq bacarığını Vaşinqton da, Brüssel də, Moskva da etiraf edir. Amerikalı ekspert onu da məxsusi qeyd edir ki, Azərbaycan hər iki tərəfi təmsil edən hərbi liderlər arasında tarixi görüşlərin keçirildiyi məkana çevrilir. Rusiyalı ekspertlər də hesab edirlər ki, Azərbaycan belə görüşlərin təşkil edilməsi üçün yüksək infrastruktura malikdir, gözəl təyyarə limanına, yüksəksəviyyəli mehmanxanalara malikdir. Lakin başlıca meyar Azərbaycanın bu dialoqlarda aydın və şəksiz neytrallığını qorumasıdır.

NATO da, Rusiya da əmindirlər ki, Bakı hər iki tərəfə sakit, düşünülmüş, qarşılıqlı rəğbətə söykənən münasibətlər sərgiləyir, gizlin qulaqasmalara və məlumatların sızmasına yol vermir.

Dünyanın ən məşhur siyasi simaları Bakı ilə ünsiyyətdən zövq alır, bu şəhərin diplomatik müstəvidə Şərqin Cenevrəsinə çevrilməsini etiraf edirlər. Eyni zamanda beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var, ölkəmiz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır, sülhməramlı əməliyyatlarda iştirak edir, koalisiya qüvvələrini nəqliyyat və logistika dəstəyi ilə təmin edir.

Sonuncu forumda Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani yeni dünya quruluşunun yaradılmasının zərurətini bildirdi, müharibə və yoxsulluğun qarşısının alınması istiqamətində səylərin artırılmasının zərurətini vurğuladı. Qlobal Bakı Forumunun dünyanın gələcəyinin konturlarını cızmağa qadir olduğunu qeyd etdi. Albaniya Prezidenti İlir Meta dünyanın çox mühüm dəyişikliklərlə üzləşdiyini qeyd etdi, Azərbaycan ilə qurulan tərəfdaşlığın zəruri töhfələr verdiyini etiraf etdi. BosniyaHerseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılmasında Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı: "Bu forum bir çox ölkədən iştirakçıları bir araya gətirmişdir... Həqiqətən də çox böyük dəyişikliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Qarşımızda bir çox mürəkkəb məsələ vardır...…Heç bir ölkə bu çətinliklərin və problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Ona görə inteqrasiyanın vacibliyi göz qabağındadır və siyasətlər məhz buna görə hazırlanmalıdır”. Böyük Britaniyanın Baş naziri Tereza Mey tədbir iştirakçılarına ünvanladığı müraciətində bu forumun dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqinə yönəldiyini qabardaraq deyir: "Mən bu istiqamətdəki bütün fəaliyyətləri dəstəkləyirəm”.

 

BMT-nin Baş katibi Antoniu Quterreşin foruma müraciətində dünyamızın bir paradoksla qarşılaşdığını - çətinliklər bir-biri ilə əlaqəli olduğu halda onların həllinə yönəlmiş səylərin əlaqəsizliyini etiraf etdi: "Biz insanların qorxu və narahatlıqlarına cavab verən həll yollarını səfərbər etdiyimizi və hamıya yararlı olan ədalətli qloballaşmanı yaratdığımızı göstərməliyik”.

Sonuncu Qlobal Bakı Forumu bir daha Azərbaycanın artan nüfuzunu ortaya qoyur, onun yeni siyasi mərkəz kimi formalaşdığını və dünyaya söz demək gücünə qadir olduğunu təsdiq edir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.-29 mart.- S.6.