Əbədi
ömür
İsmayıl
Şıxlı - 100
İsmayıl Şıxlı Azərbaycan
ədəbiyyatı tarixinə böyük həcmli əsərləri
ilə bərabər, həm də hekayələri, publisist və
tənqidi, ədəbi prosesləri əks etdirən məqalə
və çıxışları, dərslik və tərcümələri
ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır.
O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici
oxucuların diqqətini cəlb edən, əsərləri
müxtəlif xalqların dilinə tərcümə olunan
yazıçılardandır.
Ədibin həyat yolu çətin,
mənalı və unudulmazdır. Bu yol çoxlarına
örnək ola biləcək qədər qiymətli və
şərəflidir. Pedaqoji İnstitutun filologiya fakültəsini
bitirib kənd məktəbində müəllim işləyən
İsmayıl Şıxlı çox keçmir ki, İkinci
Dünya müharibəsinin dəhşətləri ilə
üz-üzə gəlir. Şimali Qafqazda, Krımda, III
Belarusiya cəbhəsində, Şərqi Prussiya istiqamətində
gedən döyüşlərdə iştirak edir, müharibənin
ağırlığını bütün varlığı
ilə yaşayır, insanlığa, bəşəriyyətə
qənim kəsilən alman vəhşilikləri onun həyatında
silinməz izlər qoyur. Sözsüz ki, müharibənin dəhşətləri
sonralar bu gənc oğlanın bir vətəndaş,
yazıçı kimi formalaşmasına, həyata daha
açıq gözlə baxmasına, dövrün, zamanın
reallıqlarını qiymətləndirməsinə
böyük təsir göstərmiş, onu mətinləşdirmiş,
yeni mübarizələrə hazırlamışdır.
Millilik, mübarizlik, qətiyyət,
humanizm, vətənpərvərlik İsmayıl
Şıxlı şəxsiyyətini və
yaradıcılığını səciyyələndirən
və yazıçını milyonlarla oxucuya sevdirən
başlıca cəhətdir. O, həyatının
bütün dövrlərində - cəbhədə, ali məktəb
müəllimi olduğu, deputat kimi fəaliyyət göstərdiyi,
Yazıçılar İttifaqının katibi, redaktor kimi
çalışdığı illərdə, harada
olursa-olsun öz xalqının mövqeyindən
çıxış etmiş, azərbaycanlı adını
uca tutmuş, hər an vicdanının səsinə səs
vermişdir.
İsmayıl Şıxlı
öz həyatı, fəaliyyəti,
yaradıcılığı ilə Azərbaycan
xalqının qəlbində silinməz izlər
buraxmış, elə bir örnək olmuşdur ki, bu
nümunələrdən minlərlə insan bəhrələnmiş,
düzgün, mənalı həyata istiqamətlənmişdir.
Ümummilli lider Heydər Əliyev yazıçının fəaliyyətinə
yüksək qiymət verərək demişdir: "Azərbaycan
xalqının böyük bir nəslinin layiqli övlad, əsl
vətəndaş və hərtərəfli şəxsiyyət
kimi yetişməsində sizin əməyiniz
böyükdür. Siz istedadlı yazıçı,
müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın
qəlbində əbədi məskən salmısınız.
Belə bir sevgiyə layiq görülmək ən
böyük səadətdir”.
Ulu öndərin qeyd etdiyi kimi,
İsmayıl Şıxlı əsl vətəndaş, milli
köklərə söykənən, milli-mənəvi dəyərlərimizi
qiymətləndirən, onları ömrü boyu təbliğ
edən bir insan, yazıçı idi. Onun şəxsiyyəti
ilə yaradıcılığı vəhdət təşkil
edir, bir-birini tamamlayır.
Müasir Azərbaycan ədəbiyyatının
elə nümayəndələri var ki, onların
yaradıcılıqları ilə şəxsiyyəti
arasındakı əlaqənin tipologiyasını ya
ümumiyyətlə müəyyənləşdirmək
çətindir, ya da belə bir əlaqə absurd xarakter
daşıyır. Belə ədiblərin əsərləri
oxunsa da, təhlil edilsə də, mətn heç bir halda
şəxsiyyətə gətirib çıxarmır.
Onların əsəri bir, şəxsiyyəti isə bir
başqa fikir oyadır. Bütövlük görünmür, əməllə
söz uyğun gəlmir.
İsmayıl Şıxlıya
münasibətdə isə məsələ tamamilə fərqlidir.
Onun zəngin nəsr yaradıcılığı ilə
bağlı milli ədəbi-nəzəri fikrimizdə
mövcud olan araşdırmalar etnik-milli məsələləri
əhatə etməklə, həm də
yazıçının şəxsiyyətinə doğru
yönəlir, bu böyük insanın mənəvi
dünyasına səyahət edir. Çünki İsmayıl
Şıxlı əsərlərində özünün,
malik olduğu xalqın ruhunu, duyğularını,
baxışlarını, əxlaqını, mədəniyyətini
əks etdirir, çox zaman qəhrəmanlarının
timsalında öz şəklini çəkir, öz
obrazını işıqlandırır, qəlbindən keçənləri
qələmi ilə ifadə edir. Professor, görkəmli alim
Nizami Cəfərovun təbirincə desək: "Azərbaycan
ədəbi-mədəni, ictimai-estetik təfəkküründə
İsmayıl Şıxlı obrazı
yazıçının yaratdığı obrazlardan, əgər
belə demək mümkünsə, daha mükəmməl,
daha məşhur, daha bədiidir... O, həyatı, fəaliyyəti,
yaradıcılığı ilə təkrarsız bir obraz -
İsmayıl Şıxlı obrazı, qeyri-adi bir metafora -
İsmayıl Şıxlı metaforası yaratdı”.
İsmayıl Şıxlı
bütün hallarda - pedaqoq, ictimai-siyasi xadim,
yazıçı, vətəndaş kimi öz
obrazını yaratmağı bacardı. Tələbələri
uzun illər keçməsinə baxmayaraq onu mehriban,
müdrik, tələbkar bir müəllim kimi
xatırlayırlar. Nəinki xatırlayırlar, öz əməlləri,
fəaliyyətləri ilə hörmətli müəllimlərinin
borcunu qaytarmağa, gənc nəsli milli-mənəvi dəyərlərə,
Vətənə, xalqa sədaqət ruhunda tərbiyə etməyə
çalışırlar. Onlar harada olduqlarından, hansı vəzifədə
işlədiklərindən asılı olmayaraq bir həqiqətə-haqqa,
ədalətə, insanlığa, elmə inanır, bu keyfiyyətlərin
İsmayıl Şıxlı kimi
daşıyıcılarına, yaradıcılarına hörmətlərini
ifadə edirlər.
Zaman bəzən insanları dəyişdirir,
onlar üçün məqbul olmayan müəyyən
xüsusiyyətləri diktəsi ilə edib qəbul etdirir, təmiz
ada kölgə salır, ədalətsizliyə yol
açır. İsmayıl Şıxlı isə zamanın
bütün keşməkeşlərindən, əzab-əziyyətlərindən
mətanətlə çıxan, dünyanın
malına-dövlətinə uymayan, vəzifə havasında
xumarlanmayan, taleyin qismətinə qane olub haqqı
başının üstündə görən və ləyaqətini,
adını hər şeydən uca tutan bir insan idi.
İsmayıl Şıxlı bir
ictimai-siyasi xadim kimi yaddaşlara əbədi həkk olunan vətəndaşdır.
O, xalqının sevinci ilə sevinən, kədərini ürəyində
yaşadan, haqq söyləyən bir ziyalı kimi həmişə
insanlar arasında olardı. 1990-cı ilin 20 Yanvar hadisələri
zamanı bu hislər özünü daha qabarıq göstərdi.
O, həmin dövrdə Azərbaycan Kommunist Partiyasının
plenumunda Sovet İttifaqı rəhbərlərinin birinin
qarşısında Qorbaçov komandasının "ermənilərin
əlində oyuncaq” olduğunu söyləmiş, çəkinmədən
onları "milli və siyasi xəyanətkarlar”
adlandırmışdır. Kommunist Partiyası rəhbərlərinə
etiraz və nifrət əlaməti olaraq 45 il sıralarında
olduğu partiyadan çıxdığını
bildirmişdir.
Görkəmli yazıçı
dövrün reallıqlarını görür və dəqiq
qiymətləndirirdi. Məhz buna görə də keçən
əsrin 80-ci illərində xalqımızın tarixi,
keçmişi ilə bağlı məsələlərdə
ziyalı mövqeyindən çıxış edir,
insanları tarixin dərslərindən ibrət götürməyə
səsləyir, erməni təcavüzkarlarının əməlləri,
tarixi hadisələr, faktlar barədə tutarlı fikirlər
söyləyirdi. Bir deputat, vətəndaş kimi səmərəli
fəaliyyət göstərirdi.
O, Azərbaycan xalqının iradəsinə,
mətinliyinə inanırdı. "Xalqı qırmaqla onun
iradəsini qırmaq olmaz” fikrində olan yazıçı
öz çıxışları, bəyanatları,
ağıllı kəlamları ilə xalqı
azadlığa, düşmənə qarşı kəskin
mübarizəyə həvəsləndirirdi.
O, bəzən dili ilə deyə
bilmədiklərini qələmi ilə deyir, milli taleyimizlə,
keçmişimizlə, adət-ənənələrimizlə
bağlı fikirlərini yeni-yeni məqalələrə, mətnlərə,
əsərlərə çevirirdi.
İsmayıl Şıxlı
öz əsərlərində millətin ruhuna can verən, bu
ruha ölməzlik gətirən, əbədilik qazandıran
bir yazıçıdır. Əlbəttə, bu ruh xalqın
səsidir, düşüncəsidir,
dünyagörüşüdür, taleyidir və
yazıçı Azərbaycan xalqının
böyüklüyünü, mərdliyini,
xeyirxahlığını, dostluğunu, vətənpərvərliyini
öz əsərləri ilə hər bir oxucuya
çatdırmaq, dünyaya bəyan etmək istəyirdi.
Milli ruh, milli məfkurə, milli adət-ənənələr
və xalqın varlığına, keçmişinə sədaqət,
ehtiram, hörmət hissi İsmayıl Şıxlı
yaradıcılığının mayası, təməl
daşıdır.
İsmayıl Şıxlı ədəbiyyata
şeirlə gəlsə də, ancaq özünü nəsrdə
tapıb və müasir ədəbiyyatımızda nəsrin ən
görkəmli nümayəndəsi kimi şöhrətlənib.
Yazıçının "Kerç sularında”,
"Dağlar səslənir”, "Daşkəsən”,
"Ayrılan yollar”, "Dəli Kür”, "Ölən
dünyam” və sair əsərləri ədibə ümumxalq
məhəbbəti qazandırmışdır.
"Dəli Kür” romanı nəsrimizin
şah əsərlərindən sayılır və
yazıçı istedadının nələrə qadir
olduğunu, səviyyəsini ortaya qoyur. Romandakı epoxal
qarşıdurma, keçmiş və gələcəyin
toqquşması zəminində ənənəçilik və
yenilikçiliyin üz-üzə durması əslində,
epos təfəkkürünə məxsusdur. Yadımıza
salaq ki, epos mifoloji düşüncə ilə tarixi
düşüncənin lövhələrini yaradan, hər iki
düşüncənin detallarını özündə əks
etdirən janr kimi ziddiyyətlərin, qarşıdurma və
toqquşmaların təzahürüdür. Romanın əsas
qəhrəmanı kimi Cahandar ağa özündə epos təfəkkürünə
məxsus obrazların əlamət və
davranışlarını yaşadır. Onun şəxsində
bir sıra qarşıdurma detalları cəmlənmişdir.
O, bir tərəfdən mühafizəkardırsa,
keçmişin ifadəçisidirsə, digər tərəfdən
mütərəqqi qərar və addımları ilə
yeniliyə meyillidir. Cahandar ağa hər şeydən əvvəl,
müəyyən dəyərlərin
daşıyıcısıdır. Onun
davranışını bu dəyərlər şərtləndirir.
Dünyanın harmoniyası ilə bağlı onun təsəvvüründə
bütöv bir konseptual yanaşma mövcuddur. O, ailə,
namus, şərəf, kişilik, qeyrət və sair barədə
görüşlərini fərdi olaraq özü
üçün müəyyənləşdirməmişdir.
Bu dəyərləri xalq yaddaşından hazır şəkildə
qəbul etmişdir. Daha doğrusu, o, bu dəyərləri
özündə əks etdirən canlı xalq
yaddaşının daşıyıcısıdır.
Romandakı hadisələrin ilk
növbədə Cahandar ağa obrazının xalqın
ruhundan, milli təfəkküründən qaynaqlanması, əsərdəki
hadisələrin, detalların, baxışların milli ruha
köklənməsi "Dəli Kür”ü fərqləndirən,
sevdirən başlıca cəhətdir. Oxucunu cəlb edən,
cazibə dairəsinə salan, zaman-zaman düşündürən
də məhz bu ruhun böyüklüyü,
varlığı, daşıyıcılarıdır. Əlbəttə
ki, İsmayıl Şıxlı özü xalq
yaddaşının daşıyıcılarının, təbliğatçılarının
öncüllərindən biri olmasaydı, ailə, namus,
kişilik, ləyaqət kimi dəyərli keyfiyyətləri
özündə birləşdirməsəydi, xalqın ruhunun
aynası olan "Dəli Kür” kimi bir əsəri yarada bilməzdi.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Dəli Kür” romanı
haqqında söylədiyi fikirlər əsəri səciyyələndirmək,
İsmayıl Şıxlı
yaradıcılığını qiymətləndirmək
baxımından çox xarakterikdir: "İsmayıl
Şıxlı koloritli xarakterlər və yüksək-mənəvi
əxlaqi keyfiyyətlərə malik surətlərlə, zəngin
yaradıcılığı ilə Azərbaycan
xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifələr
yazmış söz ustalarındandır. Ədibin məşhur
"Dəli Kür” romanı ictimai şüurda
dönüşə və özünüdərkə yol
açan mühüm ədəbi-mədəni hadisə kimi
qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini
davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə
meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi
öz dolğun ifadəsini tapmışdır”.
Azərbaycan nəsrinin qiymətli
nümunələrindən olan "Dəli Kür” romanı
ayrı-ayrı tarixi dövrləri, ictimai ziddiyyətləri,
zamanın keşməkeşlərini, əlbəttə ki,
milli psixologiyamızı, insani dəyərlərimizi, torpaq, vətən,
xalq təəssübkeşliyimizi bədii dildə, real şəkildə
əks etdirmək baxımından dəyərlidir və
heç zaman öz qiymətini itirməyəcəkdir.
Çünki roman elmi tədqiqata ən çox cəlb
olunan, haqqında saysız-hesabsız məqalələr
yazılan, mülahizələr gözlənilən əsərlərdəndir.
İsmayıl
Şıxlının ədəbi, elmi, pedaqoji fəaliyyəti
çoxsahəli və zəngindir. O, pedaqoq kimi bir çox dərsliklərin
müəllifidir. Onun yazdığı "XVIII əsr xarici ədəbiyyat
tarixi”, "XIX əsr xarici ədəbiyyat tarixi” kitabları
xarici ölkə klassiklərinin yaradıcılığını
öyrənmək, təhlil etmək sahəsində hər
bir oxucuya, tələbəyə yeni imkanlar yaradır.
Böyük yazıçı həyatda
olduğu kimi, sənətdə də çox tələbkar,
prinsipial idi. Ədəbiyyatda müasirlik problemlərinə, ədəbi
tənqidə həsr olunmuş məqalələrində bu
xüsusiyyətlər özünü aydın büruzə
verir. Ədəbi tənqid onu daim
düşündürmüş və bu sahədə vəziyyəti
yaxşılaşdırmaq, yeni tənqidçi nəslin
yetişməsi üçün o, əlindən gələni
əsirgəməmiş, obyektiv mövqeyindən
çıxış etmiş, yazıçıya
keçmiş xidmətlərinə görə yox,
yazdığı əsərin bədii keyfiyyətinə əsaslanıb
qiymət verməyi tövsiyə etmişdir. Onun tənqidi məqalələri
bu gün də aktuallığını itirməmişdir.
İsmayıl Şıxlı qeybətdən
uzaq, sözü insanın üzünə deyən, daim
haqqın tərəfində olan bir insan idi. O,
şana-şöhrətə meyil etməz, təvazökarlığı
ilə seçilərdi. Şəxsiyyətini daim uca tutar,
sanbalını saxlayar, sözünün, hərəkətlərinin
qiymətini bilərdi.
İsmayıl
Şıxlının əsərləri bir çox
xalqların dilinə tərcümə olunmuş və oxucular
tərəfindən rəğbətlə
qarşılanmışdır.
Sağlığında dövlət
və xalq tərəfindən yazıçının xidmətləri
yüksək qiymətləndirilmiş, o, bir çox orden və
medallarla təltif edilmiş, fəxri adlara layiq
görülmüş, mötəbər beynəlxalq tədbirlərdə
Azərbaycanı təmsil etmişdir.
Ölümündən sonra da
İsmayıl Şıxlının xatirəsi əziz tutulur.
Adı əbədiləşdirilir, əsərləri
çap olunur.
Azərbaycan Prezidenti İlham
Əliyevin "İsmayıl Şıxlının 100 illik
yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2019-cu ildə
imzaladığı sərəncam unudulmaz
yazıçıya olan hörmət və ehtiramın əyani
ifadəsidir və bu, böyük şəxsiyyətin öz
xalqının qəlbində əbədi
yaşadığını sübut edir.
Bu günlərdə Azərbaycan
Milli Kitabxanasının çap etdirdiyi "İsmayıl
Şıxlı” biblioqrafik vəsaiti yazıçının
xatirəsinə həsr olunmuş sanballı vəsaitdir.
Kitabda ədibin həyat yolu, fəaliyyəti,
yaradıcılığı, onun haqqında görkəmli
şəxslərin fikirləri, yazılan dissertasiyalar və
avtoreferatlar, xarici nəşrlər barədə geniş məlumatlar
toplanmışdır.
Respublikamızın müxtəlif
guşələrində, şəhər və rayonlarında
keçirilən çoxsaylı tədbirlər
yazıçıya olan ümumxalq məhəbbətindən
xəbər verir. Əbədi ömür İsmayıl
Şıxlıya həqiqətən də çox
yaraşır.
Tahir RZAYEV,
Milli Məclisin
deputatı,
filologiya
üzrə fəlsəfə doktoru
Azərbaycan.
- 2019.- 1 may.- S.7.