İlham Əliyev Pekindən
açıqladı: “Azərbaycan qitələri birləşdirən
ən etibarlı tranzit mərkəzidir”
37 dövlət və hökumət başçısı, bir çox beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Pekində keçirilən "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumu başa çatdı. 150 ölkə tərəfindən dəstəklənən layihənin reallaşması istiqamətində ciddi səy göstərən siyasi liderlər bu dəfə "Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusuna həsr olunan forumda bir araya gəldilər.
İkinci forum 6 il öncə, 2013-cü ildə Çinin dövlət başçısı Si Cinpin elan etdiyi yeni iqtisadi inkişaf strategiyasının qısa zaman kəsiyində Avrasiyada, yəni qədim İpək yolu üzərində yerləşən dövlətlər üçün qlobal əhəmiyyətli layihə olduğunu bir daha təsdiqləmiş oldu.
Prezident İlham Əliyevin də qatıldığı forum ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdı. Layihəni dəstəkləyənlər Birgə Kommünike də imzaladılar.
Çinin dövlət başçısı Si Cinpinin elan etdiyi bu strategiya dövlətlər arasında qarşılıqlı əlaqələrin və ticari-iqtisadi əməkdaşlığın inkişafını, malların güzəştli şərtlərlə Şərqdən Qərbə göndərilməsi üçün ticarət dəhlizlərinin yaradılmasını şərtləndirir. Azərbaycanın bu strategiyaya 2015-ci ildən rəsmən dəstək verdiyini bəyan edən Prezident İlham Əliyevin həmin il Çinə səfəri zamanı imzalanan Anlaşma Memorandumu ilə təsdiqlənib.
Bu gün isə göründüyü kimi, dünyanın inkişafında yeni mərhələ kimi dəyərləndirilən bu təşəbbüsün tərəfdarları getdikcə artır. Açılış mərasimində Si Cinpinin söylədiyi kimi, dünya iqtisadiyyatındakı mövcud problemlərin həllində və dinamik inkişafında böyük rol oynayan layihə həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə edir. İqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüs qədim İpək yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək olur. Bu layihə, həmçinin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verir.
Forumun "Daha parlaq birgə gələcəyin qurulması” mövzusuna həsr olunan hissəsində çıxış edən Prezident İlham Əliyev həm layihənin əhəmiyyətini dəyərləndirdi, həm də Azərbaycanın mövqeyini bir daha bəyan etdi.
Dövlət başçısı hesab edir ki, Çinin "Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə həm də mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir.
Layihə yalnız nəqliyyat bağlılığını təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir. Həmçinin beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
Ümumiyyətlə, beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol” təşəbbüsü isə nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.
Bu gün regionda müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Prezidentin söylədiyi kimi, Azərbaycan öz coğrafi mövqeyindən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırıb. Məhz bunun sayəsində açıq dənizə çıxışı olmayan bir ölkə beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Qonşu ölkələri birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsinin yaradılması da bunu bir daha təsdiqləyir.
Azərbaycanın Cənubi Qafqaz regionunda reallaşdırdığı və iştirakçısı olduğu layihələrin əhəmiyyətindən söz açarkən İlham Əliyev dedi ki, bu layihələr Azərbaycanı təkcə nəqliyyat mərkəzinə çevirməyib, həm də müxtəlif ölkələrin əməkdaşlığı üçün real zəmin yaradıb. Yəni Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verib.
Dövlət başçısı ötən il Bakıda açılış mərasimi keçirilən, dəyəri 40 milyard dollarlıq "Cənub qaz dəhlizi” layihəsi barədə də ətraflı məlumat verdi. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına Azərbaycanın yatırdığı investisiyalar yalnız iqtisadi potensialın artırılmasına və dost, tərəfdaş ölkələrə, qonşulara xidmət göstərməyə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkanlar yaradır və xalqları, dövlətləri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh, sabitlik amalına xidmət edir. Bu da Azərbaycanın müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəsinə çevrildiyini təsdiqləyən daha bir reallıqdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarını da dəyərləndirən İlham Əliyev vurğuladı ki, ötən il istifadəyə verilən Lapis-Lazuli marşrutu "dəmir ipək yolu” xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu "Şərq-Qərb nəqliyyat dəhlizi”nin mühüm hissəsidir.
Bunun səbəbidir ki, bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Ötən il 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının istifadəyə verilməsi də bu prosesin tərkib hissəsidir.
Prezident hər zaman olduğu kimi, Azərbaycanın son 15 ildə qazandığı nailiyyətləri və bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bu dəfə Pekindən dünyaya bəyan etdi.
Müharibə şəraitində yaşayan bir ölkə həqiqətən də bu illər ərzində böyük uğurlar qazanıb. Bunu iqtisadiyyata yatırılan sərmayə də təsdiqləyir. İqtisadiyyata yatırılan 260 milyard dollar həcmində sərmayə Azərbaycana böyük layihələrin gerçəkləşdirməsinə real imkanlar yaradıb. Bu uğurlar Azərbaycanın xarici borclarını da azaldıb. Bu rəqəm hazırda ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir.
Nəzərə alsaq ki, ölkənin 46 milyard dollarlıq valyuta ehtiyatları var, onda aydın olur ki, ehtiyat xarici borcdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri iqtisadiyyatda artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərdən biridir.
Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar
çəkilib. Bugünədək 6 beynəlxalq hava
limanı tikilərək
istifadəyə verilib.
Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan yolların keyfiyyəti baxımından dünyada
34-cü yerdədir.
İnfrastrukturun inkişafına, həmçinin
çox əlverişli
biznes mühitinin yaradılması ilə dəstək verilir. Bu gün Azərbaycandakı
biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən
biridir. İndi Azərbaycan dünyada
ən çox islahat aparan on ölkə sırasındadır.
Prezident hər zamankı kimi Azərbaycan həqiqətlərini diqqətə
çatdırdı və
dünyaya bəyan etdi ki, regionda
sabitliyin təminatı
üçün Dağlıq
Qarabağ münaqişəsinin
həlli mütləqdir. Bütün hallarda
isə Azərbaycan insanlar və xalqlar arasında körpülərin qurulmasında
öz rolunu oynamağa davam edəcək. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində
olan Azərbaycan qitələri ölkələri
birləşdirərək, daha uğurlu gələcəyə doğru
inamla addımlayır.
Prezident İlham Əliyev forumun "Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması” mövzusuna həsr olunan ikinci və "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi” mövzusuna həsr olunan üçüncü sessiyasında da iştirak etdi. İkinci sessiyada çıxış edən Prezident Azərbaycan və Çinin tərəfdaş ölkələr olduğunu bir daha bəyan etdi. Prezident İlham Əliyev bu sessiyada da Azərbaycanın son illərdə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələrdən, enerji ixracatçısı kimi imkanlarının hər keçən gün genişlənməsindən söz açaraq dedi ki, ölkəmizdə həm də möhkəm infrastruktur bazası yaradılıb. Bu isə Azərbaycanın tərəfdaşlarının maraqlarına xidmət edir: "Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir”.
Azərbaycanın Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkə olduğunu xatırladan dövlət başçısı ölkəmizin nəqliyyat sahəsində potensialının getdikcə daha da artdığını və bunun da beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını söylədi.
Prezident "Bir kəmər, bir yol” layihəsini təkcə nəqliyyat layihəsi deyil, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən təşəbbüs adlandırdı.
Bir sözlə, Pekin səfəri çərçivəsində Prezident İlham Əliyevin forumda iştirakı, eləcə də dövlət və hökumət başçıları, tanınmış şirkət rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycana siyasi-iqtisadi dividendlərin gətirəcəyini deməyə əsas verir. İlham Əliyev foruma qatılması ilə həm də Azərbaycanın bu təşəbbüsə böyük önəm verdiyini və regionda istənilən layihəni dəstəkləməyə hazır olduğunu bəyan etdi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.-1 may.- S.1; 6.