Qırxdan çox ölkənin
diplomatları Qazaxın sosial-iqtisadi və
mədəni inkişafı ilə yaxından tanış olub
Aprelin 30-da Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin rəhbərləri və onların xanımları ölkəmizin qərb qapısı sayılan Qazaxa səfər ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər diplomatlara regionlarımızın inkişafı və bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr barədə məlumat vermək, habelə turizmin inkişafı ilə yerində tanış olmaq məqsədi daşıyıb.
Qırxdan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatların rayonla tanışlığı ilk olaraq Daş Salahlı kəndində yerləşən Damcılı mağarasından başlayıb.
Qonaqlara Damcılı mağarası haqqında rus, ingilis və Azərbaycan dillərində məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Daş Salahlı kəndində yerləşən Qazax Sement Zavodu ilə tanışlıq qonaqlarda rayonun iqtisadi inkişafı haqqında yüksək təəssürat yaradıb.
Zavod haqqında ətraflı şəkildə məlumat alan qonaqlar sementin son istehsal prosesi ilə də əyani şəkildə tanış olublar.
Diplomatlar Qazax rayonunda düşmənlə sərhəddə, ən ucqar məsafədə yerləşən Məzəm kəndinə də baş çəkiblər. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bu kənd səkkiz şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi öz kəndinin, ümumilikdə isə Vətənin müdafiəsi uğrunda canından keçib. Dörd nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. Bir nəfər kənd sakini - Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bildirilib ki, Məzəm kəndi 1992-ci ildə düşmən tərəfindən işğal olunmasına baxmayaraq, qüdrətli ordumuzun gücü sayəsində yenidən geri qaytarılıb.
Sonra nümayəndə heyəti Fəxri qazaxlılar parkında olublar. Burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında ətraflı məlumat verilib.
Səfər çərçivəsində qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər. Qeyd olunub ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra şəhidlərin xatirəsinə salınıb. Bu gün Qazax rayonunun 283 şəhidi, 7 Milli Qəhrəmanı var.
Sonra qonaqlar ötən il 100 yaşı tamam olan Qazax Müəllimlər Seminariyasına gəliblər.
Qonaqlar Qazax Cümə Məscidi ilə də tanış olublar.
Ziyarət etdikləri növbəti ünvan Ədəbiyyat muzeyi olub.
Diplomatların sonuncu tanış olduqları ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Bu muzeylə də tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxla tanışlıqdan xoş təəssüratlarla ayrılıblar.
Diplomatları Xarici İşlər Nazirliyinin
Dövlət Protokolu İdarəsinin rəisi,
səfir Pərvin Mirzəzadə müşayiət edib.
Azərbaycan.-
2019.- 2 may.- S.5.