Bakıda “eTwinning
Plus” layihəsi çərçivəsində
beynəlxalq seminar keçirilir
Mayın 1-də Bakıda "eTwinning Plus”
layihəsi çərçivəsində
"Rəqəmsal təhsil”
mövzusunda üçgünlük
seminar işə başlayıb.
AZƏRTAC xəbər
verir ki, seminar Təhsil Nazirliyi və Türkiyənin
"eTwinning” Mərkəzi
ilə birgə təşkil olunub. Tədbirə Azərbaycanın müxtəlif
bölgələrindən 24 və Türkiyədən
20 müəllim qatılıb.
Seminarın açılış mərasimində
çıxış edən
təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dövlətimizin innovativ inkişaf istiqamətlərindən biri
bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Həmçinin gənclərə məktəb
yaşlarından etibarən
tolerantlıq, başqa
millətlərə, dinlərə
və mədəniyyətlərə
hörmət kimi dəyərlərin aşılanması
çox mühümdür.
Gələcək nəslin hərtərəfli
inkişafı isə
bu günün təhsilindən asılıdır.
Bu baxımdan müəllim və şagirdlərin XXI əsr
bilik və bacarıqlarının artırılması
istiqamətində "eTwinning
Plus” layihəsinin rolu
əhəmiyyətlidir.
Nazir müavini layihə çərçivəsində
Azərbaycan şagirdlərinin
Avropadan olan həmyaşıdları ilə
təcrübə və
fikir mübadiləsi aparmasını, onların
adət-ənənələri, mədəniyyətləri ilə
tanış olmaq imkanı qazanmasını müsbət
dəyərləndirib. Həmçinin bildirib ki, bu,
öz növbəsində,
şagirdlərdə müasir
və dünyəvi keyfiyyətlərin formalaşdırılmasına
mühüm təsir göstərir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin rəisi
Vüsal Xanlarov çıxışında "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sisteminin informasiyalaşdırılması
istiqamətində reallaşdırılan
tədbirlərdən danışıb. Bildirilib ki,
"eTwinning Plus” layihəsi
Avropa İttifaqının
fasiləsiz təhsil proqramının tərkib
hissəsidir. 2013-cü
ildən ölkəmizin
də iştirak etdiyi layihənin əsas məqsədi pedaqoji işçilər
arasında əməkdaşlıq
imkanlarını genişləndirmək,
35 Avropa ölkəsindən
olan həmkarlar ilə birgə təhsilin inkişafı istiqamətində müxtəlif
layihələr icra etmək üçün şərait yaratmaqdır.
Seminar çərçivəsində
yerli və türkiyəli mütəxəssislərin
rəhbərliyi ilə
İKT-nin təhsilə
tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin
XXI əsr bacarıqlarını
inkişaf etdirəcək
müxtəlif təlim
və müzakirələr
təşkil olunacaq.
Qeyd edək ki, "eTwinning Plus” layihəsi çərçivəsində
Azərbaycanda bu günədək 494 məktəbdən
1750 müəllimin iştirakı
ilə 1417 təhsil layihəsi həyata keçirilib. Layihə çərçivəsində
müəllimlərin bilik və
bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa
ölkələrində müxtəlif seminar
və konfranslar təşkil edilir.
Azərbaycan.-
2019.-2 may.- S.6.