“Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitab
ingilis dilində nəşr edilib
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini
məsələlər şöbəsinin aparıcı məsləhətçisi
Anar Əlizadənin "Azərbaycanda
xristianlıq: keçmişdən bu
günə” adlı kitabı ingilis dilində
işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki,
kitabın ön sözünün müəllifləri Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri, professor Etibar Nəcəfov və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunan kitabda xristianlığın və əsas xristian qollarının tarixi, inanc əsasları, ibadət şəkilləri barədə məlumat verilir. Bununla yanaşı, Azərbaycanda mövcud olan xristian konfessiyaların, dini cərəyan və icmaların etiqadı prinsipləri, onların ölkəmizdəki tarixi, sayı, etnik və yaş tərkibi, humanitar fəaliyyəti və mətbu orqanları haqqında ətraflı məlumat oxucuların diqqətinə çatdırılır. Müəllif ölkəmizdəki xristianlığın rəngarəng və çoxçalarlı tablosunu təsvir etməklə Azərbaycandakı multikultural mənzərəni canlandırır.
Kitabın mühüm əhəmiyyət kəsb edən fəsillərindən biri Alban Apostol Avtokefal Kilsəsi ilə bağlı olan hissədir. Bu fəsildə ermənilərin Qafqaz Albaniyası ilə bağlı əsassız iddialarına tutarlı cavab verilərək erməni yalanları ifşa olunur. Sözügedən tədqiqat əsərində ölkəmizin maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi, habelə Alban Həvari Kilsəsinin qədim dini ənənələrinin dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm tədbirlər barədə geniş məlumat verilməklə yanaşı, tarixi mənbələr əsasında xristian Alban məbədlərinin Azərbaycan xalqına məxsus olduğu sübuta yetirilir.
Kitab
xristianlığın tədqiqatı ilə məşğul
olan tarixçilər, dinşünaslar,
bu mövzuya maraq göstərən KİV nümayəndələri,
eləcə də geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Azərbaycan.-
2019.-2 may.- S.6.