Fərqli mədəniyyətlərdən ortaq dəyərlərə
Müasir dövrdə bəşəriyyətin üzləşdiyi ən böyük problem dəyərlərlə bağlıdır. Bu gün dünya onların itirilməsindən əziyyət çəkir. Hazırda hansı məkanda oluruqsa-olaq, hətta bircə insanın həyatına son qoyan terror aktları, silahlı münaqişələr belə hər birimizin ümumi faciəsinə çevrilir. Yaşadığımız dünyada qanlı əməllərin, insan taleyinə qarşı yönələn toqquşmaların bir də heç zaman təkrarlanmamasından ötrü dərhal nələrsə etməyə can atırıq, narahatlıqlarımızı ətrafımızdakılarla bölüşürük. Hər birimiz razılaşırıq ki, dünyada sülhün, mədəniyyətlər arasında dialoqun, insanı qorumağın və onun rifahı üçün yaşamağın alternativi yoxdur. Beləliklə də, Yer üzündə sağlam düşüncənin əhatəsi genişlənir. Xoş niyyətlər ətrafında birləşən insanların sayı artır.
Sağlam düşüncənin dəyişdiyi dünya
İlk baxışdan bəlkə fərqində olmasaq belə bu düşüncə son onilliklərdə dünyamızda əksər meyilləri, amilləri dəyişib. Tarixin elə bir məqamına yetişmişik ki, baş verən hadisələri çox zaman əvvəlcədən proqnozlaşdırmaqda və qiymətləndirməkdə çətinlik çəkirik. Ən mühümü isə get-gedə müharibə anlayışı insanların böyük bir qisminə yadlaşır. İndi hökumətlər, şirkətlər, ayrı-ayrı fərdlər yaxın gələcəklərini planlaşdırarkən dünyada sülhün, əmin-amanlığın qorunmasını müharibə ehtimalından qiymətləndirərək öz həyat və fəaliyyətlərini buna uyğun qururlar.
Belə bir vəziyyətdə ən vacib və aktual məsələlərin həlli məqsədilə qlobal əməkdaşlığa marağın getdikcə artması təbiidir. Artıq hər kəs fərqindədir ki, bütün bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli, fərqli mədəniyyətlər mühitində birgəyaşayış normalarının qorunması, bu mühitdə qazanılmış mənəvi nailiyyətlərin daha da inkişafı, cəmiyyətlərin gələcək tərəqqisi üçün geniş imkanların yaradılması təkcə bir ölkənin yerinə yetirə biləcəyi iş deyil. Bundan ötrü dövlətlərin, cəmiyyətlərin bir araya gəlməsinə, tanınmış dövlət xadimləri, alimlər, dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına ehtiyac var.
Mədəniyyətlərarası dialoq:
həmrəyliyin gücü
Qürur duyduğumuz digər reallıq isə ondan ibarətdir ki, bu gün dünyada sülhün qorunması, bütün təxribatlara, təhdidlərə, təzyiqlərə, çətinliklərə rəğmən mədəniyyətlər arasında dialoqun təmin edilməsi, insanın rifahı naminə əldə edilmiş nailiyyətlər həm də bizim ölkəmizin, ölkə rəhbərliyimizin fədakar əməyinin nəticəsidir.
Azərbaycan indi bütün dünya üçün həm də mədəniyyətlər arasında dialoqun uğurlu bir modelidir. Bu model tarixi ənənələrə söykənir. Həm coğrafi, həm də siyasi baxımdan həmişə Şərq və Qərbin maraqlarının təmas və kəsişmə məkanı olan yurdumuzda müxtəlif etnoslar, millətlər və dini icmalar əsrlər boyu dinc tolerantlıq şəraitində və qarşılıqlı ünsiyyətdə yaşamışlar. Bu nümunəvi həyat tərzi bir tərəfdən onların özünəməxsus mədəniyyətinin inkişafına müsbət təsir göstərmiş, digər tərəfdən isə xalqlar arasında milli-mədəni dəyərlərin, mənəvi incilərin uğurlu mübadiləsinin təmin edilməsinə, sadə dildə desək, xalqların, yerli mədəniyyətlərin bir-birindən görüb-götürməsinə şərait yaratmışdır.
Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını genişləndirir və bu, daha intensiv formalar kəsb edir, Azərbaycanın dünya ölkələri birliyinə inteqrasiya olunması prosesini sürətləndirir. Həmin prosesdə xalqımızın milli mədəniyyətinin özünəməxsusluğu və unikallığı qorunmaqla beynəlxalq qlobal əlaqələrə və ümumi mədəniyyət məkanına cəlb olunması güclənir. Azərbaycan öz inkişafının tarixi spesifikliyi üzərində qədimlik və müasirliyi, ənənə ilə novatorluğu üzvi surətdə əlaqələndirir. Azərbaycanın dünya ölkələri ilə mədəni dialoqu və əməkdaşlığı yeni, daha mükəmməl formalar alır.
Müstəqil Azərbaycan dövləti bu gün mədəniyyətlər arasında dialoq ideyası üzrə müxtəlif qlobal təşəbbüslərin həyata keçirilməsi missiyasını öz üzərinə götürmüşdür. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, Azərbaycanın tolerantlıq modeli kimi dünya üçün cəlbediciliyi, ölkənin getdikcə artan sosial-iqtisadi imkanları, müsbət beynəlxalq imici bu təşəbbüslərin uğurla reallaşdırılmasını təmin edir.
Bu baxımdan bəşəriyyət üçün həmin nailiyyətləri yaradan faktlardan biri də çoxumuzun əsl mahiyyətini bəlkə də heç dərindən fərq etmədiyimiz, sadəcə ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız qlobal forumlardır. Bu forumlarda aparılan müzakirələrdir. Dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir. Əldə edilən razılaşmalardır. Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır.
Ayrı-seçkiliyə, bərabərsizliyə,
münaqişələrə son
Yeni minilliyin əvvəllərindən dünyamız üçün son dərəcə faydalı təşəbbüslərin yerinə yetirilməsi missiyasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, humanitar forumlara, sivilizasiyalararası dialoq platformalarına uğurla evsahibliyi edən Azərbaycan bütün dünyada mədəniyyətlərin təması məkanı kimi tanınıb.
2-3 may 2019-cu ildə Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu tarixi missiyanın davamıdır. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə təşkil edilir.
"Ayrı-seçkilik, bərabərsizlik və zorakı münaqişəyə qarşı dialoq quraq” devizi altında baş tutacaq forum çərçivəsində müxtəlifliyin çoxşaxəli və çoxsəviyyəli şəkildə idarə olunması, miqrasiya, yerdəyişmə, insan təhlükəsizliyi, gənclərin mədəniyyətlərarası dialoqda liderliyi kimi mövzular ətrafında müzakirələr aparılacaq. Tədbirin gedişində foruma qatılmış beynəlxalq təşkilatların rəhbərlərinin II toplantısının və nazirlərin görüşünün təşkili də planlaşdırılır.
Ümumdünya mədəniyyətlərarası dialoq forumları Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2011-ci ilin aprelindən keçirilir. Bu silsilədən ilk forumun təşkili isə prosesin başlanğıcı deyildi. 2008-ci ildən start götürən və tarixə "Bakı Prosesi” kimi düşmüş böyük bir qlobal təşəbbüsün reallaşdırılmasına çəkilən əziyyətin, bu istiqamətdə aparılan müzakirələrin ilk böyük nəticəsi idi.
Şərq dəyərlərinə bağlılıq,
Avropa sivilizasiyasına sadiqlik
"Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüşdü. Məhz Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında isə ölkəmizdə tarixən fərqli dini mənsubiyyətə malik icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması ənənəsi dayanır. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi və ötən illər ərzində bu istiqamətdə əldə etdiyi uğurlar ölkəmizin yüzillərlə formalaşdırdığı mədəni müxtəliflik, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ənənələrindən qaynaqlanır.
Avropa Şurasına üzv dövlətlərin 2008-ci ilin 2-3 dekabrında təşkil olunan mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi.
"Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. "Bakı Prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabrda Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi.
Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi. 2010-cu ildən isə "Bakı Prosesi” qlobal hərəkata çevrilməyə başladı. 2010-cu il sentyabrın 23-də BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Beləliklə, paytaxtımızda bu qəbildən ilk forum 2011-ci ilin 7-9 aprelində böyük uğurla keçirilərək tarixdə möhtəşəm iz qoydu.
Bakıda "pöhrələnən” "Sülh ağacı”
I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mövzuları sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik, mədəniyyətlərarası dialoqu mənalı edən mədəniyyət, incəsənət, irs kimi amillər, qadınların mədəniyyətlərarası dialoqda iştirakı, texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri, dünya dinləri arasında mədəniyyətlərarası dialoq və s. bu kimi məsələlər idi.
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da 2013-cü ilin mayında keçirildi. Forum "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” mövzusuna həsr olunmuşdu. 2015-ci ilin mayında təşkil olunan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” çağırışına həsr edilmişdi. Bu forumun özəlliyi həm də onda idi ki, forum çərçivəsində doğma Bakıda Yeni Bulvar ərazisində "Sülh ağacı” abidəsinin açılışı oldu. UNESCO-nun "Sülh naminə incəsənət xadimi” Hedva Serin müəllifliyi ilə hazırlanmış "Sülh ağacı” bu gün xalqlar arasında anlaşma rəmzi kimi ucalır və münaqişələrin həllini, dünyada sülhün yayılmasını təbliğ edir. "Sülh ağacı” UNESCO-nun tolerantlıq, sülh simvolu hesab olunur.
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 4-6 may 2017-ci ildə təşkil edildi. Bu forumun əsas mövzusu "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” adlanırdı. Sonuncu forumda təqribən 800-dən çox xarici nümayəndə iştirak edirdi. Bura yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxil olmuşdu. Ölkəmizdə ilk dəfə idi ki, dünyanın 25-dən çox ən nüfuzlu beynəlxalq təşkilatları eyni tədbirdə rəhbər səviyyəsində iştirak edirdi. Bu da, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün verdiyi müsbət nəticələrdən, bu platformanın qlobal nüfuzunun getdikcə artmasından irəli gəlirdi.
Təsadüfi deyil ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun məhz Bakıda keçirilməsi də bu uğurlu prosesin və fəaliyyətin nəticəsi idi.
Həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı Prosesi”ni xüsusi vurğulaması qədim dövrlərdən bəri sivilizasiyalar arasında körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa müasir dövrdə verdiyi dəyərli töhfələrin beynəlxalq miqyasda etirafı kimi səslənirdi.
Dünya ümumi evimizdir
Azərbaycanın gördüyü bütün bu işlərin, çəkdiyi zəhmətin isə ölkə Prezidentinin öz çıxışlarında da qeyd etdiyi kimi bir məqsədi var: "Sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın”.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq ölkəmizdə 5-ci dəfə keçirilməsi onu göstərir ki, Azərbaycan bu gün də bütün dünyada beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün son dərəcə əhəmiyyətli ölkədir. Mövzulardan da göründüyü kimi, indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilib. Aparılan diskussiyalara, əldə edilən nəticələrə əsaslanaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr aktuallaşdırılıb və icraya yönəlib.
Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. Bəşər mədəniyyətinin inkişafına ənənəvi yanaşmaları dəyişərək daha səmərəli edir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın evsahibliyi etdiyi yeganə dialoq platforması deyil. Ölkəmiz ardıcıl şəkildə keçirilən Beynəlxalq Humanitar Forumların, həmçinin digər qlobal tədbirlərin də təşkilatçısı olub. Dünyanın fərqli qütblərini mədəniyyət müstəvisində bir araya gətirib. Bu tədbirlərdə əldə olunan razılaşmalar, verilən qərarlar, reallaşdırılan ideyalar ötən il 10 illiyi tamamlanmış "Bakı Prosesi”nin tarixi uğurlarıdır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü və böyük uğurla reallaşdırılan layihələr bu istiqamətdə qarşıya qoyulmuş hədəflərin əldə olunmasında xüsusilə böyük rol oynayır. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamı əsasında ötən il "Bakı Prosesi”nin 10-cu ildönümü qeyd edildi.
Gələcək vəd edən həqiqətlər
Azərbaycan bu gün təşəbbüskarı olduğu "Tarixi İpək Yolu”nun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi” kimi qlobal enerji-kommunikasiya layihələri ilə də mədəniyyətlərarası dialoqa mühüm töhfələr verir. Çünki tarixən sosial-iqtisadi əlaqələr mədəniyyətlərin təmasında, qarşılıqlı vəhdətində mühüm rol oynayır. Şərq mədəniyyəti ilə Avropa dəyərlərini özündə qovuşduran müasir Azərbaycan cəmiyyəti bu gün təşəbbüskarı olduğu qlobal iqtisadi layihələrlə də Şərqlə Qərbi dialoq müstəvisinə dəvət edir. Fərqli cəmiyyətləri ortaq mədəni dəyərlərdə birləşdirməyə çalışır. Bunun tarixi nümunələrini yaradır.
2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı olan Bakıda 3 il sonra - 2012-ci ildə "Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Oyunlarının yüksək səviyyədə təşkili bunun ifadəsidir. Bu, Azərbaycan dövlətinin tutduğu inkişaf yoludur, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı yalnız humanitar və mədəniyyət məsələlərinin deyil, həmçinin regional siyasətin müəyyənləşdiyi, dünyanın gələcək mənzərəsinin cızıldığı qlobal mərkəzə çevirir.
Bu cür qlobal forumlar Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ifşası, informasiya müharibəsindəki üstünlüyümüz baxımından da çox mühümdür. Eyni zamanda, bu cür forumlar füsunkar təbiətə, zəngin turizm potensialına, təkrarsız fərqli mədəniyyət ənənələrinə malik Vətənimizin özünü də bütün dünyaya tanıdır. Ölkəmizdəki sabitlik və inkişaf mühitini, sosial-iqtisadi yüksəlişi, abadlıq-quruculuq işlərini, mədəni dəyərlərimizi sərgiləyir, eyni inkişaf yoluna can atan başqa ölkələr üçün parlaq nümunə yaradır. Eyni zamanda, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, cəmiyyətin, insanlarımızın sosiallaşmasına böyük töhfələr verir. İndiyə qədər keçirilmiş ümumdünya mədəniyyətlərarası dialoq forumlarının nailiyyətləri göz önündədir.
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri də həm cəmiyyətimiz, həm də ümumən bəşəriyyət üçün faydalı olacaq və bizi daha gözəl bir dünyanın qurulması arzusunun reallaşmasına bir addım da yaxınlaşdıracaq.
İradə ƏLİYEVA
Azərbaycan.-
2019.- 2 may.- S.1; 7.