Heydər Əliyev:
İki formasiya - Bir memar
Azərbaycanın
özü qədər əbədi
"Heydər Əliyev Azərbaycana
iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə
Azərbaycanı tənəzzüldən, böhrandan
çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan
asılı olmayaraq, Heydər Əliyev həmişə ən
düzgün siyasət aparmış, Azərbaycan
xalqının maraqlarını müdafiə və təmin
etmişdir”.
İlham
ƏLİYEV
Ümummilli lider Heydər
Əliyev Azərbaycan dövlətinə son 50 ildə iki fərqli
formasiyada uğurla öndərlik edən dahi lider olmuşdur. Azərbaycan
dövlətinin son yarıməsrlik inkişaf tarixi və Heydər
Əliyev şəxsiyyəti arasındakı münasibətlər
"tarix şəxsiyyəti yaradır, yoxsa şəxsiyyət
tarixi” dilemmasına verilən ən dolğun cavabdır.
Heydər
Əliyev - tarixin memarı
Heydər Əliyev Azərbaycan
tarixinin parlaq şəxsiyyətidir və müstəqil Azərbaycan
Respublikası onun şah əsəridir. Heydər
Əliyev gəncliyində Azərbaycan Sənaye İnstitutunun
memarlıq fakültəsinə daxil olmuşdu, memar olmaq istəyirdi.
İkinci Dünya müharibəsinin başlanması
ona təhsilini başa çatdırmağa imkan verməsə
də, Heydər Əliyev tarixin memarı oldu. Tarix yaradan şəxsiyyət kimi əvvəlcə
sovet dövründə, sonradan isə müstəqillik illərində
Azərbaycan dövlətinin memarı oldu.
Memarlıq - inşaat incəsənətidir. Heydər Əliyevin
qurduğu Azərbaycan dövləti, dizayn verdiyi iqtisadi model və
yön verdiyi mədəni inkişaf monumental memarlıq
nümunəsidir.
Məşhur britaniyalı memar Zaha
Hadidin Bakıda layihələndirdiyi Heydər Əliyev Mərkəzinin
Britaniyada "Design Of The Year” müsabiqəsində
əsas mükafata layiq görülməsi həm də tarixin
bir dərsi idi. Heydər Əliyevin adını
əbədiləşdirən bu monumental layihə həm də
onun tarixi memar rolunu təcəssüm etdirən sənət əsəridir.
Heydər
Əliyev və sovet dövrü
Ötən əsrin 60-cı
illərində sənaye və kənd təsərrüfatının
ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə
və əmək məhsuldarlığının artım
sürətinə, habelə əhalinin yaşayış səviyyəsinə
görə Azərbaycan ittifaq səviyyəsindən geridə
qalırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövrü məhz belə bir çətin vəziyyətdə
başlamışdır. Respublikaya yeni nəfəs,
modernləşmə və konseptual yanaşma tələb
olunurdu. Heydər Əliyevin
apardığı quruculuq işləri və onun şəxsiyyətinə
ittifaq səviyyəsində olan hörmətin nəticəsində
Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə
çevrildi. Bu illərdə elm tutumlu sənayenin,
o cümlədən elektrik energetikasının,
maşınqayırmanın, kimya və neft-kimyanın, həmçinin
kənd təsərrüfatının sürətli
inkişafı təmin olundu, Azərbaycan əksər iqtisadi
göstəricilərinə görə orta ittifaq səviyyəsini
ötdü. Azərbaycan istehsalı olan
kondisioner, soyuducu və digər sənaye brendləri, nəinki
ittifaq bazarlarında satılırdı, hətta xarici ölkələrə
ixrac olunmağa başlamışdı.
1969-cu ilə nisbətən 1982-ci ildə
faktiki qiymətlərlə respublikada ümumi ictimai məhsul
749,1 milyon manatdan 2292,7 milyon manata, milli gəlir 329,2 milyon
manatdan 1045,8 milyon manata, sənaye məhsulunun ümumi həcmi
407 milyon manatdan 1207,7 milyon manata və kənd təsərrüfatının
ümumi məhsulu 97,5 milyon manatdan 383,5 milyon manata
çatmışdır. Heydər Əliyev iqtisadiyyatın əsas
probleminin həllinə - məhsuldarlığın
artırılmasına nail olmuşdur: 1969-1982-ci illərdə
Azərbaycanda ictimai əmək məhsuldarlığı 1,8 dəfə və əhalinin hər nəfərinə
düşən pul gəlirləri 2 dəfə artmışdır.
Heydər Əliyev 1976-cı ilin
oktyabr ayında məruzəsində demişdi: "Mahiyyət
etibarı ilə biz Azərbaycanın inkişafının
sosial, iqtisadi, elmi-texniki dəyişikliklər səciyyəsinə
görə həqiqətən tarixi əhəmiyyətə
malik keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm
basırıq”.
Heydər Əliyevin rəhbərliyi
ilə 13 il ərzində Azərbaycan ən
geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə
qədər yol keçmişdir və Sovet İttifaqında
Rusiya və Azərbaycan özünü təmin edən və
donor respublika idi.
Heydər Əliyevin Azərbaycan
miqyasına sığmayan istedadı və təcrübəsi
onun sovet rəhbərliyinə yüksəlməsi ilə nəticələndi. 1982-ci ilin
dekabrında Siyasi Büronun üzvü seçilən Heydər
Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edildi. Bu vəzifədə işləyərkən
Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni
həyatının ən mühüm sahələrinə rəhbərlik
edib. Moskvada olmasına baxmayaraq Azərbaycanda
mövcud vəziyyət, Azərbaycanın problemləri onu
daim maraqlandırırdı və o
çalışırdı ki, yeni imkanlardan istifadə edərək
Azərbaycana kömək etsin. O vaxt Azərbaycanın
sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar
qəbul edilmişdir.
1987-ci ildə Heydər
Əliyevin Sovet rəhbərliyindən istefasından sonra Azərbaycanın
problemləri başladı. İki həftə
keçmədən erməni separatçıları məsələ
qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın
tərkibindən çıxarılıb Ermənistanın tərkibinə
verilməlidir. Beləliklə,
Dağlıq Qarabağ probleminin əsası qoyuldu və
respublikada ictimai-siyasi və sosial-iqtisadi böhran getdikcə dərinləşməyə
başladı.
Azərbaycanın
iqtisadi inkişaf modelinin banisi
1993-cü ildə xalqın təkidi
ilə hakimiyyətə qayıdan Heydər Əliyev Ermənistanın
işğalının qarşısını almaqla bərabər,
həm də dövləti içəridən sarsıdan vətəndaş
qarşıdurmasını, siyasi böhranı, kənardan
ruhlandırılan separatizmi və hərbi müxalifəti
aradan qaldırdı. Beləliklə, vətəndaş müharibəsindən
vətəndaş sülhünə, xaosdan sabitliyə,
separatizmdən milli həmrəyliyə, ideoloji boşluqdan azərbaycançılıq
ideologiyasına, siyasi böhrandan dövlətçiliyə,
iqtisadi tənəzzüldən tərəqqiyə, səriştəsizlikdən
dərin təcrübəyə və xarici siyasətdə
milli maraqlara söykənən çoxvektorluluğa
keçidi təmin etdi.
Ulu öndər milli dövlətçiliyin
qurulmasında alqoritmi belə müəyyənləşdirmişdi:
işğalın dayandırılması və Horadiz əməliyyatı
ilə düşmənin geri oturdulması, ictimai-siyasi
sabitliyin təmin olunması, neft müqavilələrinin
imzalanması və sosial-iqtisadi islahatlara
başlanılması. Bütün bunlar
üçün ulu öndərin "böyük
dayağı” Azərbaycan xalqı və millətin Heydər
Əliyevə olan inamı idi.
Heydər Əliyev azərbaycançılıq
ideologiyasını təqdim etdi və bu gün də azərbaycançılıq
fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. 1995-ci ildə
müstəqil Azərbaycanın Konstitusiyası qəbul
edilmişdir. 1994-cü ildə
"Əsrin müqaviləsi” imzalanmışdır. Bu gün də "Əsrin müqaviləsi”nın əhəmiyyətini
hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında
görür. Abadlaşan şəhərlər,
gözəlləşən ölkəmiz, yaradılan
infrastruktur və inkişafda olan Vətənimiz - bütün
bunların əsas səbəbi o vaxt Azərbaycana
böyük həcmdə xarici sərmayənin gətirilməsi
idi.
Heydər Əliyevin
apardığı siyasət nəticəsində 1993-1995-ci
illərdə iqtisadi geriləmənin qarşısı
alındı, ümumi daxili məhsul 1996-2002-ci illər ərzində
71 faiz artaraq 2002-ci ildə 6,1 milyard manata
çatdı.
Siyasi sabitlik
makroiqtisadi sabitlik üçün əsas oldu
1993-cü ildə Heydər Əliyev
hakimiyyətə gələndə Azərbaycan iqtisadiyyatı
dərin böhran içindəydi: iqtisadi geriləmə,
büdcə və tədiyyə balansının kəsiri,
işsizlik və yoxsulluğun yüksək həddi,
hiperinflyasiya. Ən əsası köhnə iqtisadi
sistem iflic vəziyyətdə olduğu halda, yenisi
yaradılmamışdı. Lakin Heydər
Əliyev ictimai-siyasi sabitliyi təmin edəndən və
"Əsrin müqaviləsi” imzalanandan sonra yeni iqtisadi modelin
əsası qoyuldu. 2002-ci ildə dövlət büdcəsinin
bütün mənbələrdən daxil olan gəlirləri
1993-cü ilə nisbətən 85,1 dəfə
artaraq 910,2 milyon manat, xərcləri isə 71,7 dəfə
artaraq 931,8 milyon manat olmuşdur. Büdcə kəsirinin
ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki
7,3 faizdən 2002-ci ildə 0,4 faizə
enmişdir.
1994-cü ildən başlayaraq Azərbaycana
xarici sərmayələrin axını ildən-ilə artaraq,
2002-ci ildə 2,2 milyard ABŞ dollarına
çatmışdır. Bu illər ərzində fəaliyyət
göstərən müştərək və tam xarici
investisiyalı müəssisələr tərəfindən Azərbaycanın
iqtisadiyyatına 1,6 milyard ABŞ dolları
məbləğində vəsait qoyulmuşdur. 2002-ci
ildə ölkədə sahibkarlığın inkişafı
istiqamətində aparılmış məqsədyönlü
iqtisadi siyasət nəticəsində hüquqi şəxs
kimi fəaliyyət göstərən müəssisə və
təşkilatların sayı artaraq 59130-a
çatmışdır.
Dövlət əmlakının
özəlləşdirilməsi prosesi nəticəsində
xüsusi mülkiyyət formalı müəssisələrin
sayı xeyli artmışdır. 1996-cı ildə
Statistik Vahidlərin Dövlət reyestrində 29629, 2002-ci ildə
isə 40773 xüsusi mülkiyyət formalı müəssisə
qeydiyyatdan keçmişdir. 1996-cı ildə ölkədə
fəaliyyət göstərən 100 faiz xarici investisiyalı
müəssisələrin, onların filial və nümayəndəliklərinin
sayı 602, 2002-ci ildə isə 3,5 dəfə artaraq 2104
olmuşdur. Bu dövr ərzində xarici
şirkət və ya fiziki şəxslərin iştirakı
ilə yaradılmış birgə müəssisələrin
sayı 2 dəfə artaraq 957-yə çatmışdır.
1996-cı ildən
başlayaraq iqtisadi artım tempi bərpa edilmiş,
hiperinflyasiya cilovlanmışdır.
Heydər
Əliyev iqtisadi islahatları aqrar sahədən başladı
Heydər Əliyevin müstəqilliyimizin
ilk illərində apardığı aqrar islahatlar bir neçə
cəhətdən diqqəti çəkir. Birincisi,
1994-cü ilin sentyabr ayında keçirilən müşavirədə
ulu öndər Heydər Əliyev aqrar islahatların əsas
mahiyyətini müəyyənləşdirdi və bildirdi ki,
kənd təsərrüfatı sahəsində gələcək
inkişafımız yalnız və yalnız iqtisadi
islahatların həyata keçirilməsi ilə
bağlıdır. Heydər Əliyev
iqtisadi islahatları məhz aqrar sahədən başladı.
İkincisi, o dövrdə kifayət
qədər inqilabi sayılacaq torpaq islahatı aparıldı:
kəndli torpağın sahibinə çevrildi. Vahid torpaq
fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20
faizi bələdiyyə mülkiyyətinə və 23 faizi, əsasən
də münbit torpaqlar xüsusi mülkiyyətə verildi.
Torpağın özəlləşdirilməsi sayəsində
857,6 min ailə öz payına sahib
olmuşdur. Orta hesabla bir ailəyə 1,6
hektar, cəmi isə 1375,5 min hektar torpaq sahəsi əvəzsiz
verilmişdir.
Üçüncüsü,
kolxoz-sovxozların islahatı aqrar sahədə təşkilati,
hüquqi və institutsional formanı dəyişdi -
çoxukladlılığa keçid təmin edildi. Aqrar sahədə
bazar prinsipləri tam bərqərar oldu.
Beləliklə, Heydər
Əliyevin apardığı aqrar islahatlar nəticəsində
iqtisadi təhlükəsizliyin əsas komponenti olan ərzaq təhlükəsizliyinin
həlli və aqrar inkişafın trayektoriyası müəyyənləşdi. Bunun nəticəsində
1996-2002-ci illərdə kənd təsərrüfatında əlavə
dəyər 40,3 faiz artdı. 2002-ci ildə
2,2 milyon ton taxıl, 694,9 min ton kartof, 974,6 min ton tərəvəz
və 330,3 min ton bostan məhsulları istehsal edilməklə
1993-cü ilə nisbətən onların istehsal həcmi
müvafiq olaraq 1,9; 4,6; 2 və 7 dəfə
artmışdır.
Heydər
Əliyevin neft strategiyası regionun gələcəyini müəyyənləşdirdi
Ulu öndər Azərbaycanın
neft strategiyasının əsasını qoymaqla Xəzər
hövzəsi, Qara dəniz hövzəsi, Yaxın Şərq
və Avropanın enerji xəritəsini və qüvvələr
balansını yenidən şəkilləndirdi. Avrasiyanın mərkəzində
kiçik bir ölkə olaraq Azərbaycan neft-qaz layihələrində
liderliyi ələ aldı və özündən miqyasca dəfələrlə
böyük coğrafiyanın enerji təhlükəsizliyinə
önəmli töhfələr verdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr
tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə
görə ən mühüm müqavilələrdən biri
- Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
"Azəri”, "Çıraq” yataqlarının və
"Günəşli” yatağının dərinlikdə
yerləşən hissəsinin birgə işlənməsi və
hasilatın pay bölgüsü haqqında Saziş
imzalanıb. Bu, neft strategiyasının əsasını təşkil
edən, ölkənin gələcəyi üçün yeni
perspektivlər açan və sonrakı illərin təcrübəsində
öz layiqli tarixi qiymətini alan
"Əsrin müqaviləsi”dir.
Dünyanın 7 ölkəsini (Azərbaycan,
ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və
Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq
neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil,
Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) qapalı
hövzə olan Xəzərə Azərbaycanın liderliyilə
gəldilər. Heydər Əliyevin öndərliyilə
1997-ci il noyabrın 7-də
"Çıraq” platformasından ilk neft hasil edildi, 1997-ci
ildə neft Bakı-Novorossiysk və 1999-cu ildə Bakı-Supsa
kəməri ilə Qara dənizə
çıxarıldı, 2002-ci ildə isə əfsanəvi
Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. 1997-2002-ci illərdə
sənaye məhsulu istehsalı 23,6 faiz və
ya orta hesabla hər il 3,6 faiz artmışdır. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft emal sənayesi
də inkişaf etmişdir. 1999-2002-ci illər ərzində
emal sənayesi sahələrində məhsul istehsalı 13,6 faiz artmışdır.
Heydər
Əliyev Azərbaycanda sosial bazar modelinin müəllifidir
Azərbaycan dövlətçiliyinin
təməlində dayanan humanizm prinsipinə uyğun olaraq
Heydər Əliyev Azərbaycanda sosial bazar modelinin əsasını
qoymuşdur. Sosial ədalət və milli həmrəylik bu
modelin təməlində dayanır. Ulu
öndər böyük ustalıqla iqtisadi azadlıq və sosial
cavabdehliyi bir-birilə uzlaşdırmaqla ictimai harmoniyanı təmin
etmişdir. Yenicə müstəqillik
qazanmış ölkədə hərbi təcavüz, siyasi,
iqtisadi və sosial kataklizmlərdən sonra cəmiyyəti
tarazlıq halına gətirmək, yoxsulluqla mübarizə və
sosial rifahı yaxşılaşdırmaq çətin bir vəzifə
idi. Buna baxmayaraq Heydər Əliyevin apardığı
islahatlar nəticəsində 1996-2002-ci illərdə əhalinin
real gəlirləri 2,6 dəfə
artmışdır. 1995-2002-ci illər ərzində orta
aylıq əməkhaqqı 5 dəfədən çox artaraq
63,1 manat təşkil etmişdir. Dövlət büdcəsinin xərclərində
sosial müdafiə və sosial təminat xərclərinin
payı ildən-ilə artmışdır. 1993-cü ildə
bu məqsədlərə 1,1 milyon manat xərclənmişdirsə,
2002-ci ildə bu xərclər 190,3 milyon manata
çatmışdır.
1993-cü ildə 15 və yuxarı
yaşlı əhalinin hər 1000 nəfərindən 703 nəfərinin
ali və tam orta təhsili olduğu halda,
2002-ci ildə bu göstərici 753-ə
çatmışdır. 2002-2003-cü dərs ilinin əvvəlinə
4533 dövlət və 9 qeyri-dövlət ümumtəhsil məktəblərində
1692 min nəfər və ya 1993-1994-cü dərs ilindəkindən
19 faiz çox şagird təhsil almışdır.
2002-2003-cü dərs ilinin əvvəlinə Azərbaycanın
təhsil sistemində 41 ali və 58 orta ixtisas təhsil müəssisəsi
fəaliyyət göstərmiş, onlarda müvafiq olaraq 120
min tələbə ali ixtisas və 51 min tələbə orta
ixtisas təhsili almışdır. 1993-94-cü dərs ili ilə müqayisədə ali təhsil
müəssisələrinin kontingenti 27 faiz, orta ixtisas təhsil
müəssisələrinin kontingenti isə 52 faiz
artmışdır. Ulu öndər Heydər
Əliyev dövlətin məhdud maliyyə imkanlarına rəğmən
gənclərin xaricdə təhsilini dəstəkləmişdir.
2002-2003-cü dərs ilinin əvvəlinə 885 nəfər
Azərbaycan vətəndaşı dövlət xətti ilə
bir sıra dünya ölkələrinin məşhur ali təhsil müəssisələrində təhsillərini
davam etdirmişdir.
2002-ci ildə respublikada əhalinin
sağlamlığının keşiyində 29,5 min həkimi
və 59 min orta tibb işçisi duran 738 xəstəxana və
1603 ambulator-poliklinika müəssisələri fəaliyyət
göstərmişdir. 1993-cü illə
müqayisədə 2002-ci ildə həkimlərin sayı 2
faiz artmışdır.
1993-2002-ci illərdə ölkə əhalisinin
sayı 719,6 min nəfər artaraq 8269,2 min
nəfərə çatmışdır.
Heydər Əliyev Azərbaycana
sabitlik gətirdi. Bu gün Azərbaycan dünya
miqyasında ən sabit ölkələrdən biridir. Bu
münasibətlə Prezident İlham Əliyev belə
demişdir: "Sabitliyin mənbəyi Azərbaycan
xalqının iradəsidir”.
Heydər
Əliyevin əmanəti
Ulu öndər Heydər Əliyev Azərbaycan
xalqına iki əmanəti saxladı: Birincisi, Azərbaycan
Respublikası onun şah əsəridir. İkincisi,
Heydər Əliyev məktəbinin parlaq məzunu İlham
Əliyevdir. Bu gün Prezident İlham
Əliyev ulu öndərin yaratdığı strategiyanın əsasında,
məhz ulu öndərin zəngin irsinə əsaslanaraq Azərbaycan
Respublikasını uğurla inkişaf etdirir.
Prezident İlham Əliyev ulu öndər
haqqında belə demişdir: "Ulu öndər həmişə
olduğu kimi, xalqa son müraciətində də
düzgün proqnoz verdi. O, inanırdı
və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi
işləri görəcəklər, belə də oldu. Biz -
onun davamçıları bununla fəxr edirik. Fəxr
edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk
və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.
Natiq
ƏMİROV,
Azərbaycan
Respublikasının Prezidentinin
İqtisadi siyasət
və sənaye məsələləri üzrə köməkçisi-şöbə
müdiri
Azərbaycan.- 2019.- 3 may.- S.5.