Migel Silva: “Foruma çoxsaylı peşəkar mütəxəssislərin və ekspertlərin dəvət olunması təqdirəlayiqdir”

 

Forumun çox zəngin proqramı var. İki gün ərzində bizim müzakirə edəcəyimiz məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmlidir. Forum müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin, siyasiictimai xadimlərin bir yerə toplaşaraq mövcud çətinlikləri, problemləri və onların həlli yollarını müzakirə etməsinə imkan yaradır.

Bu fikri AZƏRTAC-a müsahibəsində forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi "Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması” aralıq sessiyasının panelçisi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Proqramının meneceri Migel Silva deyib.

O bildirib ki, dünyada şiddətə, zorakılığa qarşı mübarizə aparmaq istəyən, sülh, qarşılıqlı anlaşma uğrunda çalışan insanların sayı durmadan artır. Bakıda təşkil edilən forumun iştirakçılarının sayı da bunu deməyə əsas verir. Azərbaycan hökuməti tərəfindən builki foruma dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində çoxsaylı peşəkar mütəxəssislərin və ekspertlərin dəvət olunması təqdirəlayiqdir. Bu forum dünyanı narahat edən çağırışların həlli yollarını tapmaqla bağlı səmərəli müzakirələrin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Azərbaycan.- 2019.-3 may.- S.4.