Beynəlxalq
təşkilatların yüksək səviyyəli görüşü
Mayın 2-də Bakıda
keçirilən V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu açılış mərasimindən sonra
işini “Dayanıqlı inkişaf məqsədləri
üçün tərəfdaşlığın
qurulması” mövzusunda beynəlxalq təşkilatların
yüksək səviyyəli görüşü ilə davam
etdirib.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 2016-cı il yanvarın 1-də dünya ölkələrinin liderlərinin bir araya gələrək qəbul etdikləri 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) əsas vəzifəsinin hazırda bəşəriyyətin inkişafının qarşısında duran mühüm problemlərin həll edilməsi olduğunu deyib. 2018-ci ildə dünya ölkələrinin hərbi büdcəsinin ümumilikdə 1,8 trilyon dollar olduğunu vurğulayan Qulam İshaqzai bildirib ki, bunun müqabilində sosial problemlərin həllinə ayrılan vəsaitin məbləği dəfələrlə azdır. DİM-in əsas hədəflərindən biri də heç kimin geridə qalmamasıdır. Bu məqsəd dünyada yoxsulluğun aradan qaldırılmasına hədəflənib. Dünyada yoxsulluq həddində yaşayan insanların sayı üç milyarddan çoxdur. Yoxsulluğun qarşısını almaq üçün insanlar arasında ayrı-seçkiliyi aradan qaldırmaq, təhsil, səhiyyə və digər sahələrdə əlçatanlığı təmin etməkdir.
Bütün bu məsələlərin əhatəli şəkildə müzakirəsinin əhəmiyyətini qeyd edən Q.İshaqzai bildirib ki, mədəniyyətlərarası dialoqun inkişafına həsr olunan belə bir mötəbər Forumda bu mühüm mövzu ilə bağlı fikir mübadiləsinin aparılması xüsusilə əhəmiyyətlidir.
UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif belə mühüm Forumda iştirakından məmnunluğunu ifadə edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
İnklüziv olmayan cəmiyyətlərin daha zəif olduğunu vurğulayan Nada Al-Naşif bildirib ki, cəmiyyətin bütün zümrələrinin hüquqlarının təmin edilmədiyi ölkələrdə zorakılıq, siyasi, iqtisadi bərabərsizliyin miqyası daha geniş olur. BMT-nin bu problemlərin qarşısını almaq üçün “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ni qəbul etdiyini vurğulayan UNESCO baş direktorunun müavini bildirib ki, biz təkcə sosial, iqtisadi və siyasi bərabərsizliyə qarşı mübarizə aparmamalı, insanların təfəkküründə mühüm dəyişiklər yaratmağa çalışmalıyıq. Bəşəriyyətin qarşısında duran problemlərin həlli üçün beynəlxalq təsisatların fəaliyyətinin təkmilləşdirilməsinin önəmini vurğulayan Nada Al-Naşif deyib ki, mövcud çağırışlara və təhdidlərə cavab vermək üçün milli ehtiyacları, sosial ədaləti və davamlı inkişafı təmin edə biləcək sistemli fəaliyyətin həyata keçirilməsi vacibdir. BMT bu istiqamətdə öz fəaliyyətini dialoq və əməkdaşlıq vasitəsilə reallaşdırmağa çalışır. UNESCO-nun fəaliyyətində gənclərin ideya və təşəbbüslərinin dəstəklənməsinin, onların təhsil, səhiyyə və s. imkanlara əlçatanlığının təmin olunmasının xüsusi yer tutduğunu vurğulayan qonaq təmsil etdiyi qurumun bu sahədə, eləcə də dünyada elmin və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən danışıb.
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə qoşulan ilk ölkələrdən olan Azərbaycan DİM-in hazırlanması işində fəal iştirak edib. DİM-in qəbulundan sonra Azərbaycan hökuməti həmin məqsədlərin implementasiyası istiqamətində mühüm addımlar atır. Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinin səmərəli icrasında, o cümlədən yoxsulluğun və aclığın aradan qaldırılması sahəsində nailiyyətlərinə görə BMT-nin “Cənub-Cənub” mükafatına layiq görülüb. Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azaldılıb. Bu, bəzi inkişaf etmiş ölkələrlə müqayisədə daha azdır.
Sevinc Həsənova vurğulayıb ki, hazırda Azərbaycan DİM-in milliləşdirilməsi prosesindədir. Azərbaycan DİM-in implementasiyası prosesini təsisatlandırıb və ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycanın DİM-in təmin olunması istiqamətində beynəlxalq və regional əməkdaşlığa böyük önəm verdiyini vurğulayan nazir müavini bildirib ki, ötən ilin oktyabrında BMT-nin rezident əlaqələndiricisinin ofisi ilə regional dayanıqlı inkişaf məqsədləri forumu keçirilib. Həmin tədbirin yekun bəyannaməsində DİM-in regional müstəvidə icrası qaydaları müəyyənləşdirilib. Azərbaycanın təcrübəsi göstərir ki, DİM-in uğurla həyata keçirilməsi üçün bu proses təsisatlanmış şəkildə həyata keçirilməlidir. Ölkəmizdə DİM-in reallaşdırılması üzrə dörd işçi qrup yaradılıb. Bu işçi qruplar vasitəsilə üç sahə - iqtisadi, sosial və ətraf mühit sahələri əlaqələndirilib. Dördüncü qrup isə görülən işlərin monitorinq və qiymətləndirilməsini aparır.
Nazir müavini vurğulayıb ki, Azərbaycan BMT-yə öz milli hesabatını könüllü qaydada təqdim edən azsaylı ölkələrdən biridir. İlk hesabatını 2017-ci ildə təqdim edən Azərbaycan hökuməti yeni hesabatı bu il təqdim etməyi nəzərdə tutur. Şuranın hər il hesabatı dövlətimizin başçısına təqdim etməsi Azərbaycanın DİM-in həyata keçirilməsinə böyük önəm verməsinin göstəricisidir. Hazırda Azərbaycanda 2030-cu ilədək inkişafla bağlı yeni strategiya üzərində iş aparılır. Gələn il isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası başa çatacaq. Azərbaycanın milli inkişaf strategiyası, bir sıra proqram və konsepsiyalar DİM-in 62 faizini əhatə edir. Qalan 38 faiz isə 2030-cu ilədək nəzərdə tutulan strategiya və planlarda əksini tapacaq.
UNICEF-in uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə baş regional məsləhətçisi Aaron Qrinberq çıxışında uşaqların erkən yaş dövründə düzgün tərbiyələndirilməsinin və bu sahəyə sərmayə qoyulmasının önəmindən danışıb. Uşaqların erkən yaşlarında qoyulan sərmayələrin cəmiyyətin gələcək sürətli inkişafında mühüm rol oynadığını vurğulayan Aaron Qrinberq bildirib ki, hazırda 70-dən çox ölkədə bu sahədə ciddi işlər görülür. Bu sərmayələrin iqtisadi əsaslandırılması göstərir ki, yatırılan hər bir 1 dollar 17 dəfə artıq fayda verir. Bu sərmayələr sayəsində uşaqlar və gənclərin ehtiyac duyduqları şəraitə, o cümlədən təhsil, səhiyyə, fərdi inkişaf, simulyasiya və s. imkanlara əlçatanlığı təmin olunur. Bu sərmayələr uzunmüddətli olsa da, cəmiyyətin inkişafı, sosial ədalət, bərabərliyin təmin olunması ilə yanaşı, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasına da mühüm töhfə verir.
Aaron Qrinberq vurğulayıb ki, bir sıra ölkələrdə aparılan tədqiqatların nəticələri uşaqların 50-60 faizinin müxtəlif zorakılıq halları ilə üzləşdiyini göstərir. Uşaqların 25 faizi isə xüsusilə dəhşətli zorakılıq hallarına məruz qalırlar. Ona görə də UNICEF dünyada uşaqlara qaşı zorakılığın qarşısının alınması, onların hüquqlarının təmin olunması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir.
BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin dayanıqlı inkişaf komandasının rəhbəri Corc Bouma çıxışında inklüziv cəmiyyətlərin inkişafını ləngidən əsas problemlərdən birinin gəlir bərabərsizliyi olduğunu vurğulayıb. Dünyada gəlir bərabərsizliyinin get-gedə daha da artdığını qeyd edən C.Bouma bildirib ki, yoxsulluğun aradan qaldırılması üçün insanlara bərabər imkanlar yaradılmalıdır. Çünki bərabərsizlik daha çox iqtisadi artıma mənfi təsir edir.
Dünyada 1,6 milyard insanın maliyyə mənbələrinə çıxış imkanlarından məhrum olduqlarını vurğulayan Corc Bouma deyib ki, inklüziv cəmiyyətlərin inkişafında özəl sektorun sərbəst fəaliyyətinin və inkişafının təmin olunması vacibdir. Bununla yanaşı, cəmiyyətin bütün təbəqələrinin biznes mühitindən yararlanması üçün müvafiq şərait yaradılmalıdır. Bu məsələdə dövlət dəstəyi mühüm rol oynayır. Çünki cəmiyyətdə siyasi və iqtisadi təcrid olunma, maliyyə mənbələrinə çıxış imkanlarının məhdudlaşdırılması özəl sektorun inkişafını ləngidən ən əsas səbəblərdir.
BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter ölkəmizdə ilk dəfə olduğunu vurğulayaraq, ecazkar Bakı şəhərində keçirilən mühüm Forumda iştirakından məmnunluğunu bildirib, Azərbaycanın DİM-in təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Manuel Butler Halter turizmin mədəniyyətlərarası dialoqun inkişafına, inklüziv cəmiyyətlərin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Turizmin mədəniyyətlərarası dialoqda katalizator rolunu oynadığını, sülhün carçısı olduğunu deyən Manuel Butler Halter bildirib ki, turizm insanların dünyagörüşünü artırır, onların fərqli düşünmələrinə mühüm töhfə verir, yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
Ötən il dünyada 1,8 milyard insanın turist kimi müxtəlif ölkələrə səfərlər etdiklərini vurğulayan icraçı direktor bildirib ki, bu baxımdan turizmin inkişafı mötəbər beynəlxalq forum və konfransların gündəliyinə salınmalıdır. Turizmin inkişafı DİM-in təmin olunmasına mühüm töhfə verir. Çünki dünyada ümumi daxili məhsulun 10 faizi və hər on iş yerindən biri məhz turizm sahəsi ilə bağlıdır. Bu göstərici inkişaf etməkdə olan ölkələrdə daha çoxdur. Ona görə də turizmin inkişafı cəmiyyətin tərəqqisində böyük rol oynayır. Turizmin gender bərabərliyinin təmin olunmasına da mühüm töhfə verdiyini qeyd edən Manuel Butler Halter deyib ki, aparılan tədqiqatlar turizm sahəsində çalışan insanlar arasında qadınların sayının daha çox olduğunu göstərir.
Çıxışlardan
sonra mövzu ətrafında
fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Azərbaycan.-
2019.-3 may.- S.7.