Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 2-də Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış ediblər.

Tədbirdə aparıcılar bildiriblər ki, yarandığı ilk gündən başlayaraq xeyirxahlığın, mərhəmətin, humanistliyin, milli-mənəvi dəyərlərə sadiqliyin, yenilikçiliyinmaarifçiliyin ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyətinin 15 illiyi qeyd olunur. Azərbaycanın hər bölgəsində ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli Liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, həm də Ulu Öndəri yaşadan möhtəşəm məbəd kimi qəbul edir. Fond tərəfindən həyata keçirilən xeyirxah işlər Heydər Əliyev ideyalarına sədaqətin, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür. Bu, həm də Heydər Əliyev Fondunun cəmiyyətdə və ölkəmizin hüdudlarından kənarda artan nüfuzunun göstəricisidir.

Konsert proqramı cəbhə bölgəsinin sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəranda və Naxçıvanda konsertlər təşkil olunacaq. Konsertlərdə muğam, folklor, aşıq, estradapop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.

 

Azərbaycan.- 2019.-3 may.- S.10.