Cəlilabadda Azərbaycanın Milli Qəhrəmanı sərhədçi gizir Faiq Cəfərovun anım mərasimi keçirilib

 

Mayın 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində Azərbaycanın Milli Qəhrəmanı sərhədçi gizir Faiq Əliqulu oğlu Cəfərovun məzarı önündə anım mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə mərhumun atası, əmisi, Dövlət Sərhəd Xidmətinin zabitləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 1995-ci il martın 17-də dövlət çevrilişinə edilən cəhdin qarşısının alınması zamanı şəxsi şücaət və igidlik göstərdiyinə görə gizir Faiq Cəfərov ulu öndər Heydər Əliyevin 1995-ci il 27 dekabr tarixli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Adını ölkəmizin sərhəd mühafizəsi tarixinə yazdıran Milli Qəhrəman Faiq Cəfərovun qəhrəmanlığı daim təbliğ olunur, gənclərə nümunə göstərilir.

Tədbirdə vətənimizin və dövlətçiliyimizin təhlükəsizliyinin təmin olunması kimi şərəfli bir vəzifəni yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlmiş Faiq Cəfərov minnətdarlıq hissi ilə yad edilib, xalqımızın qəhrəman oğlunun əziz xatirəsinin daim uca tutulacağı vurğulanıb, Milli Qəhrəman haqqında xatirələr söylənilib.

 

Azərbaycan.- 2019.-3 may.- S.12.