Hüquqi, demokratik dövlət quruculuğunun müəllifi
Azərbaycanın
özü qədər əbədi
Hər il may
ayının 10-u xalqımız öz tarixinin ən önəmli
hadisələrindən birini - dövlət müstəqilliyimizi
böyük hədələrdən qorumuş, onun itirilməsinə
imkan verməmiş, müstəqilliyimizi möhkəmlətmiş,
dövlət institutlarını, dövlətçilik ənənələrini
yaradaraq inkişaf etdirmiş dahi bir şəxsiyyətin, ulu
öndər Heydər Əliyevin anadan olma gününü
qeyd edir. Danılmaz faktdır ki, bu gün
müstəqil Azərbaycan dövləti mövcuddursa, bu
dövlət mətanətlə öz ayaqları üzərində
durmağı bacarırsa, onu dünyada tanıyırlarsa, bu,
müstəsna dərəcədə ümummilli lider Heydər
Əliyevin sayəsində baş vermişdir. Bu səbəbdən ulu öndər Heydər Əliyev
müasir Azərbaycan dövlətinin banisi hesab olunur.
Bu il ümummilli
liderin 96 illiyi qeyd olunur. Biz bir daha bu dahi şəxsiyyəti
böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə
yad edirik.
Ulu öndər Heydər Əliyevin
fəaliyyəti o qədər şaxəli, onun Azərbaycan
xalqı və dövlətinin həyatında rolu o qədər
böyükdür ki, bunların miqyasını tam şəkildə
yalnız gələcək nəsillər qiymətləndirə
bilər.
1991-ci ildə öz dövlət
müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca
ağır bir vəziyyətlə üzləşmişdi. Bu, hər bir
yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi
problemlərlə dolu vəziyyət deyildi. Azərbaycan qonşu Ermənistanın təcavüzünə
məruz qalmışdı, torpaqları işğal
olunmuşdu. Ölkə müharibə vəziyyətində
olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan
Silahlı Qüvvələrinin yaradılması haqqında qərar
qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində
qalmışdı. Digər tərəfdən,
ölkədə vətəndaş müharibəsi təhlükəsi,
milli zəmində separatçılıq meyilləri
mövcud idi. Cinayətkarlıq dövlətin
əsasları üçün təhlükə yarada biləcək
səviyyəyə çatmışdı. Nəhayət, ölkədə çox səriştəsiz
bir rəhbərlik var idi. Heç bir idarəçilik
təcrübəsi olmayan, öz siyasətini yalnız populizm
üzərində quran, təsadüfi insanlardan ibarət olan
AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da
ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi.
Belə bir vəziyyətdə yalnız müstəsna
bir hadisə Azərbaycan dövlətini məhv olmaqdan xilas edə
bilərdi. Xoşbəxtlikdən, belə bir hadisə
baş verdi. 1993-cü ildə
Azərbaycan xalqı çox müdrik qərar qəbul edərək,
mövcud durumda ölkəni xilas edə biləcək yeganə
şəxsiyyəti, ulu öndər Heydər Əliyevi
ölkə rəhbərliyinə gətirdi.
Azərbaycanı sovet
keçmişinə bağlayan telləri qıran, müstəqillik
simvollarını xalqa qaytaran da məhz ümummilli lider oldu. Hələ 1990-cı il noyabrın 17-də xalqımızın
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə keçirilmiş Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli
bayrağımız Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız
sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində
ucaldıldı. Bu, çox cəsarətli
və fədakar addım idi. Çünki
o zaman Azərbaycan hələ də Sovet İttifaqının
tərkib hissəsi idi. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə
gedən yolumuz məhz həmin gündən
başlamışdır.
Biz xalq olaraq azərbaycançılıq
ideologiyasının formalaşdırılmasına görə
də dahi Heydər Əliyevə borcluyuq. Ümumiyyətlə,
ümummilli lider 1970-ci illərin əvvəllərindən
başlamaqla əsrin sonlarına doğru milli-mənəvi dəyərlərin,
milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq
ideologiyasının sistem halına salınması istiqamətində
çox mühüm işlər görmüşdür.
Əgər ulu öndərin hələ respublikamıza birinci
rəhbərliyi dövründə Azərbaycanın
sosial-iqtisadi, mədəni yüksəlişi
üçün həyata keçirilən tədbirlər,
milli şüurun oyanışı istiqamətində gördüyü
işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil
xəttə malik suveren dövlət kimi mövcudluğundan
danışmaq çətin olardı. Bütün
ruhu, qanı, canı ilə özünü azərbaycanlı
sayan ümummilli lider cəmiyyətin bütövləşməsi,
azərbaycançılıq ideologiyasının milli həmrəyliyin
aparıcı amilinə çevrilməsi istiqamətində
mühüm işlər görərək, ümumxalq
birliyinin dərin siyasi və nəzəri əsaslarını
irəli sürdü. Böyük strateq azərbaycançılığın
tarixən formalaşmış ayrı-ayrı komponentlərini
vahid sistem və konsepsiya halına gətirərək, onu
dövlət idarəçiliyinin elmi-nəzəri əsasına
çevirdi. Məhz Heydər Əliyev
dühasının səyi ilə azərbaycançılıq
mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə
imkanları qazandı.
Ulu öndər daim
vurğulayırdı ki, azərbaycançılıq
ideologiyası real müstəqilliyə nail olmaq, vahid,
bölünməz Azərbaycanı qoruyub saxlamaq və
möhkəmləndirmək üçün vasitədir. Ümummilli
liderin fəlsəfi baxışlarına görə azərbaycançılıq
ideologiyası ölkədə vətəndaş birliyinin
uğurlu təməli idi.
Ümummilli liderin Azərbaycana
rəhbərlik etməyə başlaması ilə ölkənin
bütün sahələrində durğunluq aradan
qaldırıldı, iqtisadiyyatda, xarici siyasətdə, sosial
sahədə, dövlət orqanlarının fəaliyyətində
əsaslı dönüş və inkişaf başladı.
Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə ordu quruculuğu
istiqamətində də yeni bir mərhələnin təməli
qoyuldu.
Xüsusilə 1994-cü il mayın 12-də
cəbhə xəttində atəşkəsə nail olunduqdan
sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı
islahatlara başlandı. Qısa müddətdə
hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin
formalaşdırılması tam başa
çatdırıldı, orduya çağırışla
bağlı bütün problemlər öz həllini
tapdı. Silahlı qüvvələrə
dövlətçiliyi və hərbi andı hər şeydən
uca tutan, mənəvi baxımdan sağlam zabitlər cəlb
olundu. Bu zabitlər içərisində ümummilli
lider Heydər Əliyevin hələ 20-ci əsrin 70-ci illərində
Azərbaycanın gələcəyini düşünərək
yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları
xüsusi rol oynayırdı. Eyni zamanda, ordumuzun
maddi-texniki təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşdı.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ordunu daha da inkişaf etdirərək,
onu dünyanın ən güclü silahlı qüvvələri
sırasına çıxarmağı bacardı. Respublikamızın
hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri
ilə əməkdaşlığı nəticəsində
ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava
hücumundan müdafiə sistemləri, hərbi təyyarələr,
gəmilər və digər texnika ilə təchiz
edilmişdir. Bununla yanaşı, ölkəmizdə
güclü müdafiə sənayesi yaradılmış, 20-dən
çox hərbi zavod inşa edilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul
istehsal olunur.
Bu gün Azərbaycan
Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. 2016-cı ilin aprel
döyüşləri, həmçinin 2018-ci ilin may
ayında Naxçıvan istiqamətində
aparılmış əməliyyatlar Azərbaycan hərbçilərinin
qəhrəmanlığını, Azərbaycan Ordusunun
yüksək döyüş qabiliyyətini bir daha
nümayiş etdirmişdir.
Ulu öndərin rəhbərliyi
ilə bütün sahələri əhatə etmiş
inkişaf Azərbaycanın hüquq sistemindən də yan
keçməmişdir.
Ümummilli lider gözəl
bilirdi ki, mövcud sovet hüquq sistemi müasir dövrün tələbləri
ilə ayaqlaşmır, şəxsiyyətin hüquq və
maraqlarını tam səviyyədə nəzərə
almır. Belə hüquq sistemi Azərbaycanda azad cəmiyyətin
formalaşmasına, bazar iqtisadiyyatının, özəl
sahibkarlığın və fərdi təşəbbüskarlığın
inkişaf etdirilməsinə, son nəticədə ölkənin
hər bir vətəndaşının rifahının və
potensialının gerçəkləşməsinin təmin
olunmasına kömək edə bilməzdi.
Məhz bu səbəbdən
ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə ölkədə geniş məhkəmə-hüquq
islahatlarına başlandı. Ümummilli liderin
müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi
ilə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası bu islahatlar üçün möhkəm
hüquqi baza yaratdı.
Məhkəmə sistemində
həyata keçirilən islahatlar istər məhkəmələrin
strukturunu, istərsə də məhkəmə
icraatını əhatə etdi. İslahatların
mühüm tərkib hissəsi kimi mütərəqqi
prosessual qanunvericilik aktları qəbul edildi və tərəflərin
bərabərliyi, çəkişmə, təqsirsizlik
prezumpsiyası, məhkəmə baxışının
aşkarlığı, eləcə də digər demokratik
prinsiplər bu qanunvericilik aktlarının əsasını təşkil
etdi. Eyni zamanda, istintaq orqanlarının hərəkətləri
üzərində prokurorluğun prosessual rəhbərliyi və
məhkəmə nəzarəti institutu da həmin
qanunvericilikdə əks edilmiş mühüm yeniliklərdən
oldu.
Məhkəmə-hüquq
islahatları çərçivəsində konstitusiya nəzarəti
funksiyalarını həyata keçirən Konstitusiya Məhkəməsi
və hüquqların məhkəmədən kənar
müdafiə mexanizmi olan İnsan hüquqları üzrə
müvəkkil təsisatı yaradıldı.
Ümummilli liderin təşəbbüsü
ilə həyata keçirilmiş məhkəmə-hüquq
islahatları sonrakı dövrlərdə daha da genişləndirildi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə aparılmış hüquqi islahatlar məhkəmələrin
müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində
şəffaflığın təmin edilməsi, hakimlərin
seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən
edilməsi, məhkəmə hakimiyyətinin
özünüidarə funksiyalarını həyata
keçirən Məhkəmə-Hüquq Şurasının
təşkil edilməsi kimi sahələri əhatə
etmişdir.
Bu islahatlar bu gün də
davam etdirilir.
2019-cu il 3 aprel tarixində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında” fərman imzalanmışdır. Bu fərman
son illər ölkədə siyasi, iqtisadi, sosial sahədə
həyata keçirilən böyük islahatların məntiqi
davamıdır. Əsas məqsədi məhkəmə
hakimiyyətinin nüfuzunun və məhkəməyə
inamın artırılması olan fərmanda məhkəməyə
müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin
fəaliyyətində şəffaflığın
artırılması, məhkəmə icraatının effektivliyinin
yüksəldilməsi, məhkəmə qərarlarının
tam və vaxtında icrasının təmin olunması,
süründürməçiliyin və digər neqativ
halların aradan qaldırılması, hakim və məhkəmə
aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli
dərəcədə yaxşılaşdırılması
üçün qanunvericilik, institusional və praktiki tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur. Əminik ki, bu islahatlar həyata keçirildikdən
sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə
sistemindəki müsbət dəyişikliklərin şahidi
olacaqdır.
Ümummilli lider Heydər Əliyevin
hüquq sahəsindəki islahatları məhkəmələrlə
yanaşı, hüquq mühafizə orqanlarını da əhatə
etmişdir. Bu da təbii idi. Uzun müddət
tamamilə fərqli hüquqi sistemdə, fərqli məqsədlərə
xidmət edən hüquq mühafizə orqanları demokratik və
hüquqi dövlətin tələblərinə cavab verməli
idi. Hüquqi islahatlar çərçivəsində
ədliyyə, prokurorluq, daxili işlər, dövlət təhlükəsizlik
və digər hüquq mühafizə orqanlarının fəaliyyəti
hüquqi dövlət konsepsiyasına uyğun təkmilləşdirilmiş,
həmin fəaliyyəti tənzimləyən yeni qanunvericilik
aktları qəbul edilərək, bu orqanlara demokratik cəmiyyətdə
xas olmayan funksiyalar ləğv edilmişdir.
Bu gün tam əminliklə
deyə bilərik ki, vaxtilə ulu öndər tərəfindən
hüquq mühafizə orqanlarında başladılmış
islahatlar, prokurorluq, daxili işlər və dövlət təhlükəsizlik
orqanlarının strukturunda və kadr siyasətində
edilmiş dəyişikliklər nəticəsində
onların fəaliyyətinin müasir tələblərə
uyğunlaşdırılması ölkədə cinayətkarlığa
qarşı mübarizənin effektivliyinin artmasına gətirib
çıxardı. Ümummilli liderin 1994-cü il
avqustun 9-da imzaladığı "Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında” fərmanla ölkədə
mütəşəkkil cinayətkarlığa qarşı
mübarizənin uğurlu başlanğıcı qoyuldu. AXCP-Müsavat iqtidarı dövründən
insanların qanunsuz olaraq saxladığı on minlərlə
odlu silah və sursat qısa müddət ərzində
yığıldı, yüzlərlə cinayətkar dəstə
zərərsizləşdirildi, bir çox təhlükəli
və xüsusilə ağır cinayətlərin, o cümlədən
dövlət çevrilişi cəhdlərinin
qarşısı alındı. Təsəvvür
edin ki, hətta Xalq Cəbhəsi partiyasının yerləşdiyi
binada belə xeyli sayda silah və sursat aşkar edilmişdi.
Ulu öndərin rəhbərliyi
ilə cinayətkarlıqla mübarizə sahəsində həyata
keçirilmiş fəaliyyətin nəticələri bu
gün hamımızın gözü önündədir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sözləri ilə desək, Azərbaycan dünyanın ən
təhlükəsiz ölkələrindən, Bakı isə ən
təhlükəsiz şəhərlərindən birinə
çevrilmişdir. Ölkəmizdə
inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq
mövcuddur. Kriminogen vəziyyət tam nəzarət
altındadır.
Hələ 1993-cü ildə
ümummilli lider Heydər Əliyev ölüm
hökmünün icrasına moratorium qoyulması təşəbbüsü
ilə çıxış etmişdi. Ulu öndər
hesab edirdi ki, məhkəmə hökmü ilə insanın həyatdan
məhrum edilməsi qeyri-insani tədbirdir. 1998-ci ildə isə Azərbaycanda ölüm
hökmü tamamilə ləğv olundu. Bu,
çox tarixi bir qərar idi. Yaxşı
xatirimdədir, bu qərardan qısa müddət sonra ölkəmizə
səfərə gəlmiş avropalı nümayəndələrə
ümummilli lider bu barədə məlumat verəndə onlar
eşitdiklərinə hətta inanmadılar.
Bu dövrdə ölkədə
əfv və amnistiya institutları bərpa edildi və on minlərlə
insan azadlığa qovuşdu. Bununla Azərbaycan
dövləti insanpərvərlik və ədalət prinsiplərinə
sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu da çox vacib idi. Əvvəlki
AXCP-Müsavat iqtidarı dövründə əfv və
amnistiya kimi institutlardan imtina edilmişdi. Ölüm
cəzası icra edilirdi. Bu gün hələ
də müxalifətin siyasi səhnəsində olan həmin
insanlar Avropa dəyərlərindən danışırlar.
Lakin hakimiyyətdə olan zaman onlar nəinki
Avropa dəyərləri, ümumiyyətlə, ümumbəşəri
dəyərlərlə bir araya sığmayan siyasət həyata
keçirirdilər.
Cəza siyasətinin humanistləşdirilməsi
sahəsində ulu öndər tərəfindən qoyulan ənənələr
bu gün də möhtərəm Prezident İlham Əliyev tərəfindən
davam etdirilir.
2017-ci il 10 fevral tarixində cənab
Prezident "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən
təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və
prosessual məcburiyyət tədbirlərinin tətbiqinin
genişləndirilməsi barədə” sərəncam
imzalamışdır. Sərəncamda cəzanın və qətimkan
tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən
təcrid etmədən nail olmaq üçün alternativ cəza
və prosessual məcburiyyət tədbirlərinin tətbiqini
genişləndirmək, cəza siyasətinin humanistləşdirilməsi,
xüsusilə iqtisadi sahədə cinayətlərin
dekriminallaşdırılması, cinayətlərin
sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların
əlavə olunması və mövcud alternativ cəzaların
tətbiqi əsaslarının təkmilləşdirilməsi
məqsədilə bir sıra qanun layihələri
hazırlamaq barədə tapşırıq və tövsiyələr
verilmişdir. Qeyd edilməlidir ki, 2019-cu il
3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən imzalanmış "Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi
haqqında” fərmanda da cəza siyasətinin humanistləşdirilməsi
və cinayətlərin dekriminallaşdırılması
üzrə tədbirlərin davam etdirilməsi barədə
tapşırıq verilmişdir.
Korrupsiya ilə mübarizə
ümummilli liderin fəaliyyətində ən çox önəm
verdiyi sahələrdən idi. Ulu öndər hələ
sovet dövründə korrupsiyaya qarşı qətiyyətli
mövqeyini ortaya qoymuşdu. Həmin
dövr üçün bu, Sovet İttifaqı miqyasında
yeni bir dalğa olmaqla yanaşı, həm də riskli idi.
Çünki Sovet rəhbərliyi heç də
bu məsələdə ümummilli lider qədər qətiyyət
nümayiş etdirmək fikrində deyildi. Lakin ulu öndər öz mövqeyində dönməzlik
nümayiş etdirdi və nəticədə Azərbaycanda
dövlət qurumlarının fəaliyyətində səmərəlilik
artdı, neqativ hallar aradan qalxdı, əhalinin həyat səviyyəsi
yaxşılaşdı.
Müstəqil Azərbaycan
dövlətinin prezidenti kimi ulu öndər ölkənin
müasirləşməsinin əsas istiqamətlərini azad
bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın,
açıq vətəndaş cəmiyyətinin və
demokratik dövlət institutlarının gücləndirilməsində
görürdü. Bu isə, təbii olaraq, Azərbaycanda
korrupsiya və neqativ hallara qarşı mübarizənin yeni səviyyədə
qurulmasını tələb edirdi. 1990-cı
illərin ikinci yarısında ümummilli liderin təşəbbüsü
ilə korrupsiya ilə mübarizəyə dair bir sıra
normativ aktlar qəbul edildi. Bu sənədlərdə
korrupsiyaya qarşı mübarizənin strateji kursu müəyyən
edildi və antikorrupsiya tədbirləri prioritet sahə kimi
qiymətləndirildi.
Ümummilli lider dövlət
orqanlarında süründürməçiliyə,
bürokratik əngəllərə yol verməməyi, şəffaflığı
təmin etməyi dövlət qulluqçularının
qarşısında əsas vəzifə kimi qoymuş və
dövlət qulluğunun müasir konsepsiyasını
formalaşdırmışdı.
Bütün digər sahələrdə
olduğu kimi, korrupsiya ilə mübarizə sahəsində də
ümummilli lider tərəfindən əsası qoyulmuş
strategiya bu gün də davam etdirilməkdə, bu sahədə
də ardıcıllıq təmin edilməkdədir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
möhkəm siyasi iradəsi və ciddi nəzarəti
altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə
sahəsində institusional və qanunvericilik islahatları həyata
keçirilmişdir.
İnstitusional islahatlar
çərçivəsində Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya və Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi
yaradılmışdır. Bu qurumların fəaliyyəti
nəticəsində korrupsiya ilə mübarizənin səmərəliliyi
kifayət qədər artmışdır.
Hazırda ölkəmiz
korrupsiyaya qarşı mübarizə sahəsində olan
bütün beynəlxalq təşəbbüslərin aktiv
iştirakçısıdır, bu sahədə olan beynəlxalq
konvensiyaları ratifikasiya və icrasını uğurla təmin
etmişdir. Avropa Şurasının Korrupsiyaya qarşı
Dövlətlər Qrupu (QREKO) ölkəmiz tərəfindən
həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Azərbaycan 2011-ci ildə
beynəlxalq səviyyədə başlanan Açıq
Hökumət Tərəfdaşlığına qoşulan ilk
dövlətlərdən biri idi.
Son 15 il ərzində
korrupsiyaya qarşı mübarizə sahəsində 5 dövlət
proqramı qəbul olunmuş, icrası uğurla təmin
edilmişdir.
2007-ci il Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya hazırlanmışdır. Strategiyada bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
dövlət və yerli özünüidarə
orqanlarının, korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış qurumların, hüquq mühafizə
orqanlarının və məhkəmələrin fəaliyyətinin
təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin
tətbiqi və maarifləndirmə, sosial-iqtisadi xarakterli
islahatların aparılması kimi tədbirlər nəzərdə
tutulmuşdur.
Azərbaycanda artıq
dövlət orqanları ilə vətəndaşlar
arasında münasibətlər tamamilə yeni müstəvidə
həyata keçirilir. Dövlət qulluqçuları ilə vətəndaşlar
arasında birbaşa təmaslar minimuma endirilir, nağdsız
ödənişlərin həcmi artırılır, əhaliyə
göstərilən elektron xidmətlərin dairəsi və
dövlət idarəçiliyində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi genişləndirilir. Bu tədbirlər dövlət orqanlarının
işində şəffaflığın təmin edilməsi
və dövlət orqanlarında korrupsiyanın
qarşısının alınması sahəsində müsbət
mənada çox böyük dəyişikliklərə səbəb
olmuşdur. Lakin Azərbaycan
Respublikasının Prezidenti görülmüş bu tədbirlərlə
heç də kifayətlənmir və dövlət
orqanları qarşısında bu istiqamətdə yeni tələblər
qoyur.
Dövlət orqanları ilə
vətəndaşlar arasında münasibətin yeni
formatından, dövlət orqanlarında şəffaflıqdan
danışdıqda ilk yada düşən, əlbəttə
ki, "ASAN xidmət” mərkəzləri olur. Əminliklə demək olar
ki, Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 iyul
tarixli fərmanı ilə yaradılmış "ASAN xidmət”
mərkəzləri dövlət orqanları-vətəndaş
münasibətlərində inqilabi dəyişikliyə nail
oldu.
Möhtərəm Prezident İlham Əliyevin
ideya müəllifi olduğu "ASAN xidmət” mərkəzlərinin
yaradılmasında məqsəd dövlət
orqanlarının xidmətlərinin göstərilməsində
vətəndaş məmnunluğunun, şəffaflığın
təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi,
müasir texnologiyaların tətbiq edilməsi, dövlət
qulluqçusu-vətəndaş münasibətlərində
yeni düşüncə tərzinin
formalaşdırılması olmuşdur.
Hazırda ölkə üzrə
15 "ASAN xidmət” və 2 "ASAN Kommunal” mərkəzi fəaliyyət
göstərir. Ölkə Prezidentinin tapşırığına əsasən
yaxın zamanlarda Bakı şəhərində daha 2 "ASAN
xidmət” və 1 "ASAN Kommunal” mərkəzinin, həmçinin
rayonlarda 5 "ASAN xidmət” mərkəzinin istifadəyə
verilməsi nəzərdə tutulub. Eyni zamanda,
"ASAN xidmət” mərkəzlərinin olmadığı
şəhər və rayonlarda 10 səyyar ASAN xidmət
avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara
səyyar formada xidmət göstərilir.
"ASAN xidmət” mərkəzlərində
dövlət orqanları, özəl şirkət və
müəssisələr tərəfindən ümumilikdə
320-dən çox müxtəlif xidmət göstərilir. Əhaliyə mərkəzin
fəaliyyəti barədə mütəmadi məlumat vermək,
təklif və şikayətləri dinləmək
üçün "ASAN radio” və 108
"Çağrı” mərkəzi fəaliyyət göstərir.
Bu günə kimi "ASAN
xidmət” mərkəzlərinə daxil olan müraciətlərin
sayı 28 milyondan çoxdur. Keçirilən rəy
sorğularına əsasən vətəndaşların xidmətlərdən
məmnunluq əmsalı 99,6 faiz təşkil
edir.
Dövlət qulluğu
sisteminə gətirilmiş başqa bir yenilik dövlət
orqanlarının fəaliyyətinə gənc
könüllülərin cəlb edilməsidir. Gənclərə
xüsusi diqqət, dövlət idarəçiliyində
onların potensialından geniş istifadə olunması Heydər
Əliyev siyasətinin mühüm tərkib hissəsi idi.
Azərbaycanda Gənclər Gününün təsis
edilməsi də məhz ümummilli liderin adı ilə
bağlıdır. Bu gün qürur hissi
ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin
gənclər siyasəti dövlət idarəçiliyində
uğurla həyata keçirilir.
Göründüyü kimi,
Azərbaycan müstəqillik qazanmasından keçən 28
ilə yaxın müddət ərzində çox mürəkkəb,
enişli-yoxuşlu, çağırışlar və təhlükələrlə
dolu yol qət etmişdir. Bizi sevindirən odur
ki, xalqımız bu yolu mətanətlə keçərək
öz ayaqları üzərində durmağı
bacarmış, dövlətimiz güclənmiş, ölkədə
tam sabitlik, asayiş təmin edilmiş, iqtisadiyyatımız
yüksəlmiş, sosial sahədə ciddi islahatlar
aparılmışdır. Olduqca çətin
bir regionda yerləşən Azərbaycan müstəqil xarici
siyasət həyata keçirir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə
bildirdiyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və
bu birlik bizim uğurlarımızın əsas şərtidir.
Bu gəlişigözəl sözlər deyil,
reallıqdır. Düzdür, bu
reallığı qəbul etməyən, onu hər fürsətdə
inkar edən qüvvələr də var. Zənnimcə, bunun
başlıca səbəbi 90-ci illərin əvvəlinin xaos
dövründən bugünkü inkişaf etmiş Azərbaycana
miras qalmış bu qaragüruhçu müxalifətin
reallıq hissini itirməsidir. Bu insanlar
real həyatda özlərini belə görə bilmirlər,
buna görə də yalnız virtual aləmdə müəyyən
sığınacaq tapıblar. Təbii
olaraq, belə insanlardan mövcud vəziyyətə
düzgün qiymət verməyi tələb etməyin də
mənası yoxdur. Lakin sadə bir təhlil
deməyə əsas verir ki, ölkəmizin əldə etdiyi
tarixi uğurlar bu gün olmaya da bilərdi. Azərbaycan öz dövlət müstəqilliyini
itirə də bilərdi, iqtisadi cəhətdən başqa
dövlətlərdən tam asılı, borc içərisində
boğulan dövlətə də çevrilə bilərdi.
Bu gün iflas etmiş deyil, uğurlu bir dövlətə
sahib olduğumuz üçün məhz dahi şəxsiyyət,
xalqımızın ümummilli lideri Heydər Əliyevə
borcluyuq. Bunu hər birimiz, ilk növbədə,
gənc nəsil dərk etməlidir.
Bizim vəzifəmiz isə
dövlətimizi daha da inkişaf etdirmək, siyasi, sosial,
iqtisadi və digər sahələrdə daha böyük
uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyimizi daha
da möhkəmlətməkdir. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
ölkəmizi məhz bu yolla aparır. Hər
birimiz bu yolda dövlət başçısının
yanında dayanmalı və ona dəstək olmalıyıq.
Fuad ƏLƏSGƏROV,
Azərbaycan Respublikasının Prezidentinin
Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri,
YAP Siyasi
Şurasının üzvü
Azərbaycan.-
2019.- 4 may.- S.1; 3.