Azərbaycanı qlobal nəqliyyat-tranzit mərkəzinə
çevirən strategiyanın yaradıcısı
Azərbaycanın
özü qədər əbədi
Ümummilli lider Heydər Əliyev dərin zəkasını, şüurlu həyatını və böyük enerjisini xalqımızın xoşbəxtliyinə həsr etmişdir. Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdiyi ilk illərdə həm siyasi vəziyyət gərginləşmişdi, həm də əhalinin sosial durumu ağırlaşmışdı. Elə bu zaman ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq, xalqımızın səsinə səs vermək, ölkədə baş vermiş sosial-iqtisadi və siyasi tənəzzülü aradan qaldırmaq üçün Heydər Əliyev şəxsiyyətinə, onun bilik və bacarığına ehtiyac duyuldu. Birmənalı olaraq Azərbaycanın 1990-cı illərdən sonrakı inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi 15 iyun 1993-cü ildə Milli Qurtuluş günündən start götürən zəfərlə başladı.
Çoxəsrlik dövlətçilik ənənələrimizi qoruyub saxlamaq, sivil vətəndaş cəmiyyəti yaratmaq, dünyəvi-bəşəri dəyərlər uğrunda mübarizə aparmaq böyük öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Mürəkkəb geosiyasi mühitlə əhatələnmiş Azərbaycan məhz onun sayəsində dövlətlər arasında yüksək mövqe nümayiş etdirərək bayrağımızın dünya dövlətlərinin bayraqları sırasında əbədi olaraq dalğalanmasını təmin etdi. Ulu öndər deyirdi: "Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinə sahib olması, özünün milli-mənəvi dəyərlərinə arxalanması tarixi bir hadisədir. Xalqımız qədim xalqdır, böyük tarixə, yüksək mədəniyyətə malik olan xalqdır. Biz mədəniyyətimizə, milli əxlaqımıza, tariximizə sadiqik”.
Heydər Əliyev bütün sahələrdə xalqımızın milli maraqlarının təmin olunması üçün var-gücü ilə çalışırdı. O, müstəqil dövlətçilik konsepsiyasının uğurlarını təmin edən dövlət xadimi kimi əbədilik qazanmış böyük bir şəxsiyyətdir. Heydər Əliyevin yürütdüyü iqtisadi siyasət həm sosial ədalətə, həm də iqtisadiyyat prinsiplərinə əsaslanırdı, elə buna görə də Azərbaycanda islahatların uğurlu təməlinin qoyulması milli inkişaf modelini təkmilləşdirdi.
Heydər Əliyev fenomeni çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir. O, həm dövlətçilikdə, həm də siyasi idarəetmədə novator idi, müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyası onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikanı parlaq zirvələrə qaldırmışdı. Nəhəng sovet dövlətində ali rəhbər vəzifədə təmsil olunması onun yenilməz iradəsini və işıqlı zəkasını təcəssüm etdirirdi. Heydər Əliyev yaradıcı, gərgin əməyi, strateji mükəmməlliyi, iqtisadi islahatlar və demokratik cəmiyyət uğrunda apardığı mübarizələr nəticəsində müstəqilliyimizin əbədi, dönməz xarakter almasına nail oldu. Böyük öndər deyirdi: "Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır. Ən böyük potensialımız vətənə, torpağa bağlılığımız, vətəni-torpağı sevməyimiz və onu qorumaq hissimizdir”.
Heydər Əliyev Azərbaycanın uğurlarının təminatçısı olaraq inteqrasiya prosesini sürətləndirdi, dünyanın qabaqcıl ölkələri ilə əlaqələrin qurulmasına rəhbərlik etdi. Onun məqsədyönlü siyasəti ilə Azərbaycanın neft sənayesi, xarici dövlətlərlə iqtisadi münasibətləri, nəqliyyat sahəsi də daxil olmaqla, bir sıra başqa sahələri qüdrətləndi, eləcə də ölkəmizin başqa ölkələrlə iqtisadi əlaqələrinin su, hava və dəmir yolları vasitəsilə möhkəmlənməsi üçün Azərbaycan nəqliyyatının bütün sahələri yenidən bərpa olundu, inkişaf etdirildi. Tarixi Böyük İpək yolunun bərpa olunması sahəsində TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramının yaradılmasına təşəbbüs göstərən 8 ölkədən biri Azərbaycan oldu ki, bu da Mərkəzi Asiyadan Qara dənizə və oradan da Avropaya çıxan nəqliyyat marşrutunun yenidən qurulması demək idi.
Bütün bunların Azərbaycan üçün çox mühüm olduğunu bilən böyük liderin təşəbbüsü ilə 1998-ci ilin 7-8 sentyabrında Bakıda 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Həmin konfransda Avropa İttifaqının TRASEKA proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı. Bakı Bəyannaməsi qəbul edildi, saziş imzalandıqdan sonra bir çox sahələrdə canlanma hiss olunmağa başladı. Heydər Əliyev hələ sovetlər dönəmində SSRİ-də işlədiyi zaman Nazirlər Sovetində bir çox mühüm sahələrə, yəni müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı, yol təsərrüfatı sahələrinə, onlarla bağlı məsələlərə nəzarət etdiyindən bu işləri çox gözəl bilirdi. İqtisadiyyatın davamlı və dinamik inkişafı, sosial-iqtisadi konsepsiyalar, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşməsi və Heydər Əliyevin gərgin əməyi ölkəmizi uğurlu nailiyyətlərə aparırdı. Heydər Əliyev hər zaman etibarlı nəqliyyat sisteminin inkişafı, milli yol sisteminin dünya kommunikasiyası məkanına sürətli inteqrasiyası üçün xüsusi diqqət ayırırdı. Məqsədyönlü və sistemli tədbirlər nəqliyyat-kommunikasiya xətlərinin, eləcə də ölkəmizdə beynəlxalq tranzit dəhlizlərin və yolların yenidən qurulmasına, onlardan respublikamızın maraqları naminə istifadə olunmasına xidmət edirdi. Bu modernləşmə həm də dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri idi.
Heydər Əliyevin apardığı uğurlu xarici siyasət, neft müqavilələrinin bağlanması, nəqliyyat dəhlizinin işə salınması dünyanın aparıcı ölkələri ilə qurulmuş əlaqələr dəniz nəqliyyatının fəaliyyətinə çox böyük təsir göstərdi. Heydər Əliyevin neft strategiyasının əsas məqsədi ölkəmizin sosial-iqtisadi, siyasi mədəni və hərbi cəhətdən güclənməsi idi. Ulu öndər bilirdi ki, bu strategiyanın reallaşmasında Xəzər Dəniz Gəmiçiliyinin olduqca mühüm rolu vardır. Xəzər Dəniz Gəmiçilik İdarəsi iri gəmiçilik şirkəti olaraq özündə çoxsahəli müəssisələri birləşdirdi. Xəzər gəmiçiliyi dünyanın bir çox şirkətləri ilə əməkdaşlıq etdi. Heydər Əliyevin həyata keçirdiyi mühüm tədbirlər nəticəsində Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti daha da genişləndi. Nəqliyyat dəhlizində yükdaşıma artdıqca respublikanın iqtisadi potensialı yüksəldi. O, Avropa-Asiya nəqliyyat dəhlizinin yaradılması ilə bağlı şəxsi təşəbbüs göstərdi. 1996-cı il dekabrın 15-də Odessada Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan arasında tranzit daşımalarının tənzimlənməsi haqqında sazişlərin imzalanmasına göstəriş verdi.
Təkcə bir faktı göstərmək yetərlidir ki, bu müqavilələrin bağlanmasının necə mühüm əhəmiyyət daşıması aydın olsun: 1998-1999-cu illərin hər birində Azərbaycan gəmiləri ilə daşınan yüklərin həcmi 5 il əvvəlkindən təxminən 1,5 dəfə çox olmuşdu. Artıq 2001-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda üzən 24 gəmisi dünyanın 135 limanına yük daşıyırdı. Ən ucuz nəqliyyat növü olan dəniz nəqliyyatı ölkəmizin iqtisadi həyatında mühüm rol oynayırdı.
Böyük öndərin uzaqgörən siyasəti öz bəhrəsini verdi. Volqa-Baltik, Volqa-Don su sistemi vasitəsilə Azərbaycan gəmiləri dünya okeanına çıxış əldə etdi. Ölkəmiz çoxtərəfli əməkdaşlıq fəaliyyətini Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla davam etdirir.
Ümumilikdə ulu öndərin məqsədyönlü siyasəti nəticəsində bütün nəqliyyat sistemi - avtomobil yolları şəbəkəsi, mülki aviasiya, Bakı metrosu, boru kəməri nəqliyyatı və digərləri böyük inkişaf yolu keçdi, infrastrukturları dünyanın ən müasir və modern göstəricilərinə uyğunlaşdırıldı. Bu sahədə ümummilli liderin ən böyük qayğısını, himayəsini görən strukturlardan biri də dəmir yolları idi.
1990-cı illərdə ağır iqtisadi durumda və müharibə vəziyyətində olan ölkənin dəmir yollarının vəziyyəti ürəkaçan deyildi. Dəmir yolları vaxtında təmir olunmur, getdikcə bərbad və yararsız hala düşürdü. Dəmir yolu ilə bağlı yaranmış çətinliklər həllini tapmadığından sərnişin və yükdaşıma sahəsində ağır problemlər yaranmışdı. 1996-cı ildə dəmir yollarının yenidən bərpası Heydər Əliyevin gərgin əməyi nəticəsində baş tutdu. Ölkəmizin həm daxili, həm də xarici ticarətində mühüm əhəmiyyəti olan yükdaşıma nəzərdə tutulan bəhrəni verməyə başladı. Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq təşkilatlara müraciət etdi. MDB və Baltikyanı dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının və Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü oldu. Köklü iqtisadi dəyişikliklər beynəlxalq dəstək qazanaraq sabitləşdirmə proqramına uyğun iqtisadiyyatın liberallaşmasına yönəlmiş radikal islahatlara yol açdı. Nəqliyyatın və yol təsərrüfatının fəaliyyətinin canlanma prosesi məhz Heydər Əliyevin bu infrastrukturun yenidən qurulması üçün etdiyi dəyişikliklərdən sonra başladı. Qeyd etmək yerinə düşər ki, dövlətin gücü, iqtisadi potensialı və qüdrəti onun yol infrastrukturunun, kommunikasiya kompleksinin inkişafın hansı mərhələsində olması ilə ölçülür və nailiyyətlərdə, iqtisadi yüksəlişdə yol təsərrüfatının rolu əsas və həlledicidir. Ona görə də Heydər Əliyev bu sahəni xüsusi diqqət altında saxlayır, öz yaratdığı konsepsiya əsasında hərəkət edirdi.
Heydər Əliyev deyirdi: "Dəmir yolunun çox böyük iqtisadi əhəmiyyəti var. Yaxşı iqtisadi nəticələr ölkəmizin müstəqilliyinin əsasını təşkil edir, dəmiryolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Bu işləri biz 10 illərlə böyük zəhmət bahasına yaratmış, onun maddi-texniki bazasını qurmuşuq”.
Çox təəssüf ki, əvvəldə də qeyd etdiyimiz kimi, 1990-cı ildən başlayaraq dəmiryolunda çox şeylər dağıdıldı və itirildi. Bu ağır situasiya böyük öndəri narahat etməyə bilməzdi. O, gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər gördü, həyata keçirdiyi məqsədyönlü islahatlar dəmir yolunda sosial-iqtisadi inkişafın sürətlənməsini reallaşdırdı. Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dönəmdə dəmir yoluna, onun inkişafına daim diqqət göstərmişdir. O, öz xatirələrində qeyd edirdi ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm, hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm.
Ulu öndər hələ sovetlər birliyi dövründə milli kadrların hazırlanması üçün yüksək səviyyəli işlər görmüşdür. Onun şəxsi təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin bir sıra ali məktəblərinə oxumağa göndərilmişdir. Bu, ulu öndər tərəfindən gələcəyə hesablanmış uğurlu bir siyasət idi. Həmin gənclərin bir çoxu dəmiryol mühəndisliyi ixtisasına yiyələndilər və nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri bu gün də icra edirlər.
Müstəqillik illərində Heydər Əliyevin apardığı araşdırmalar Azərbaycanın düşdüyü nəqliyyat blokadasını dağıdaraq keçmiş dəmir yolu əlaqələrini bərpa etdi. O, hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən nəqliyyat sahəsinə nəzarət edən məsul şəxs kimi Azərbaycan Dövlət Dəmir Yolu üçün əvəzolunmaz işlər görüb. Bu böyük şəxsiyyətin köməyi ilə indiki sərnişin parkındakı vaqonların 50 faizi Azərbaycana gətirilib.
Heydər Əliyevin apardığı islahatlar və yenidənqurma işləri həm sabit, həm də məhsuldar iş şəraitinin bərqərar olmasına gətirib çıxardı. Əsaslı təmir edilən və ikinci dəfə həyata qaytarılan sərnişin vaqonları qatarlar şəklində tərtib olunaraq Moskva, Kiyev, Sverdlovsk, Sankt-Peterburq və s. istiqamətlərdə reysə buraxıldı.
Azərbaycan dəmir yolunun əsaslı dəyişiklikləri və köklü inkişafı ulu öndərin birbaşa şəxsi fəaliyyəti ilə bağlı olmuşdur. Dəmir yolunun texniki tərəqqisi və hərtərəfli inkişafı Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başladı. 1969-cu ildən başlayaraq davamlı olaraq sonrakı illərdə də əsas fəaliyyət üstün tutulmaqla 14300 texniki yenilənmə metodlarının tətbiqinə başlanılmışdır. Sənaye kompleksinin sürətli inkişafı, başqa sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da əsas rol oynayırdı. Əslində, dəmir yolunun uğurlarının, müvəffəqiyyətlərinin göstəricisi ulu öndərin bu sahəyə verdiyi böyük əhəmiyyət və himayə idi.
Heydər Əliyev şəxsiyyəti polad magistralımız üçün yenilməz qüvvə idi. Bu, məhz Azərbaycan Dəmir Yolunun Zaqafqaziya Dəmir Yollarının tərkibindən ayrılıb müstəqil fəaliyyətə başlayanda özünü aydın şəkildə göstərdi. Bu qurumda stansiyaların tikilişi vüsət götürdü və yeni stansiyalar istismara verildi. Dübəndi, Şirvan, Güzdək kimi nəhəng neftdoldurma stansiyalarının, eləcə də yeni xətlərin istismarı həm respublikamız, həm də Zaqafqaziya regionu üçün əhəmiyyətli dərəcədə əlamətdar hadisəyə çevrildi.
1970-ci ildə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 26 km uzunluğunda Ağdam-Xankəndi dəmiryol xətti tikilib istifadəyə verildi. Bakı şəhərinə güclü sərnişin axını yeni müasir vağzal tikilməsini zəruri etdi. 1978-ci ildə Heydər Əliyevin qayğısı və köməyi ilə Bakı Sərnişin Vağzalı Kompleksi tikilib istifadəyə verildi. 1970-ci ildən başlayan yenilənmə prosesi 1981-ci ilə kimi davam etdi, elektrik qatarları müasir EP2 qatarı ilə əvəz olundu, 75 seksiya və EP2 elektrik qatarı alındı.
1978-ci ildə Biləcəri Lokomotiv deposunda cari təmir üçün elektrovoz sexi inşa olundu. Eləcə də Gəncə Lokomotiv deposunda yeni elektrovoz sexi tikilib istifadəyə verildi, daha sonra Şirvan dövriyyə deposu tikilərək texniki baxışda boşdayanmaların vaxtını xeyli azaltdı. Yük vaqonlarının istismarda texniki cəhətdən saz saxlanmasını və təmir olunmasını səmərəli şəkildə həyata keçirmək üçün Gəncə şəhərində Heydər Əliyevin dəstəyi ilə müasir texnologiyanın tələblərinə cavab verən təmir istismar deposu tikilib istifadəyə verildi.
Bütün bunları yada saldıqca birmənalı olaraq deyə bilərik ki, Heydər Əliyev zamanın və şəraitin verdiyi imkanlardan xalqımızın maraqları və yüksəlişi naminə bacardıqca geniş istifadə etmişdir. O, bütün fəaliyyətini Azərbaycanın gələcək tərəqqisinin təminatı üzərində qururdu. Onun qərar və tapşırıqları bütün sahələrdə cəmiyyətin hər bir təbəqəsinin mənafelərini ifadə edirdi. Onun Azərbaycanın dəmir yolu sahəsində 20-30 il öncə atdığı uzaqgörən addımların dəmir yolunun inkişafına nə qədər hesablandığı Azərbaycan müstəqillik qazanandan sonra dərk olundu. Azərbaycanın zəngin iqtisadı potensialının əsası məhz o illərdə qoyuldu.
Heydər Əliyev sovet idarəçiliyi prinsiplərində iqtisadi sistemdən istifadə edərək Azərbaycanın güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı. O, öz addımlarının uğura hesablandığının fərqində idi və bu uğurun da gerçəkləşməsinə hər zaman inanırdı. Heydər Əliyev 18 sentyabr 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasında demişdir: "Şübhə yoxdur ki, gələcək nəsillər bizim gördüyümüz bu işlərdən bəhrələnərək daha da firavan yaşayaraq ölkəmizdə, Azərbaycanda demokratik, hüquqi dünyəvi dövlət quruculuğu şəraitində, vətəndaş cəmiyyəti şəraitində yaşayaraq bunların bəhrəsini görəcəklər. Bu tarixi biz yazırıq”.
"Əsrin müqaviləsi” 1994-cü il sentyabr ayında imzalandıqdan sonra istehsal olunan neftin daşınmasında dəmiryolçuların üzərinə böyük məsuliyyət düşdü. Dəmiryolçular tez bir zamanda 1998-ci il yanvarın 4-də Dübəndi terminalını və neftdoldurma stansıyasını inşa edərək istifadəyə verdilər. Açılış mərasimində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi iştirak etmiş, görülən işləri, dəmiryolçuların fəaliyyətini müsbət qiymətləndirmişdir: "Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri aradan qaldırır və öz işini, keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan Dəmir Yolunu on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qorumuşuq. Təəssüflər olsun ki, 1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolu da dağılmış və itirilmişdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.
Əvvəllər sərnişin vaqonları respublikamızdan kənarda təmir edilirdi ki, bu da əlavə xərc və vaxt itkisi demək idi. 1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların əsaslı təmirinə başlanıldı. Elektrovozların və elektrik qatarlarının əsaslı təmiri isə ilk dəfə 1998-ci ildə Bakı Lokomotiv deposunda baş tutdu.
Heydər Əliyevin qonşu ölkələrin rəhbərləri ilə apardığı ardıcıl danışıqların nəticəsi olaraq 1997-ci ildə Bakıdan Şimal istiqamətinə sərnişin qatarlarının hərəkəti bərpa edildi, yerli istiqamətlər üzrə isə firma və "Express” tipli qatarlar tətbiq edildi. Qatarların sayının get-gedə artması bilet satışının tezləşdirilməsi zərurətini yaratdı. 1997-ci il sentyabrın 1-də yüksək keyfiyyətli xidmət üçün Bakı vağzalında bilet satışı kompüterləşdirildi.
Artıq Azərbaycanın dəmir yolu bir neçə beynəlxalq nəqliyyat dəhlizində tranzit yol kimi istifadə edilir. Əsas yükdaşıma TRASEKA dəhlizi üzrə həyata keçirilir. Bu sahədə Böyük İpək yolunun Bakıdan-Böyük Kəsik stansiyasına qədər məsafəni və digər dövlətlərə çıxışı əhatə edir.
Ulu öndərin Azərbaycan Dəmir Yoluna və dəmiryolçulara göstərdiyi böyük qayğının, diqqətin təzahürlərindən biri də o idi ki, yüzlərlə ən yaxşı dəmiryolçu əvvəllər Sovetlər İttifaqının orden-medalları ilə, sonralar isə müstəqil Azərbaycan Respublikasının xüsusi təltifləri ilə mükafatlandırıldı. Heydər Əliyev ideyaları sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını hər zaman müdafiə etmiş, mühüm və taleyüklü məsələlərin həllindən uğurla çıxmışdır. Bu böyük insanın adı xalqımızın rəmzinə, əməlləri hünər timsalına çevrilib. Onun həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət meyarı olub.
Bu gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış infrastrukturun inkişaf etdirilməsi və modelləşdirilməsi prosesi onun sadiq davamçısı prezident İlham Əliyev tərəfindən intensiv şəkildə həyata keçirilir.
İqtisadiyyatımızda əhəmiyyətli yer tutan, mühüm rol oynayan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, həm əhalinin, həm də dövlət strukturlarının daşımalara tələbatının ödənilməsi üçün mümkün olan hər şeyi edir. İndi bir Azərbaycan faktoru var və bu faktor tranzit daşımaların mərkəzinə çevrilmişdir ki, bu da ölkəmizin regionda söz sahibi olmasını təsdiqləyir.
Son illər bu qurumun tarixində
yeni era başlayıb. Avropa ilə Asiyanın kəsişməsində
yerləşən Azərbaycanın nəqliyyat qurumları, o
cümlədən dəmir yolu beynəlxalq layihələrin
reallaşması prosesində aktiv iştirak edir. Qeyd edək
ki, 2017-ci il oktyabrın 30-da təkcə
üç xalq, üç ölkə deyil, həmçinin
onlarla xalq və ölkə arasında körpü rolunu
oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti
bağlantısının açılış mərasimi
olub. Artıq bir ildən çoxdur ki,
Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin
daşınmasına başlanılıb.
Ölkəmizin önəm verdiyi beynəlxalq
nəqliyyat layihələrindən biri də "Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi”dir. "Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi”nin yaradılması həqiqətən
də tarixi hadisədir. Bu dəhliz Şimali
Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət
göstərəcəyi təqdirdə "Şimal-Cənub
Beynəlxalq Nəqliyyat Dəhlizi” Avropa ölkələrinin,
Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars
körfəzi və Hindistana çıxışına, Xəzəryanı
ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin
intensivləşdirilməsinə şərait yaradacaq. Bu layihənin icrası çərçivəsində
Azərbaycan tərəfi öz üzərinə düşən
vəzifələri yerinə yetirib. Artıq Astara
stansiyasından İran İslam Respublikası dövlət sərhədinə
qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi,
Astara çayı üzərindəki dəmir yolu
körpüsünün və İran ərazisində (3.1 km)
dəmir yolunun tikintisi yekunlaşıb. İran
İslam Respublikasının Astara stansiyasında tikilmiş
terminalda artıq İran təyinatlı yüklü vaqonlar
boşaldılır və yeni yüklər daşınmaya qəbul
edilir.
Prezident İlham Əliyevin
apardığı uğurlu siyasətin nəticəsində
Azərbaycanla İran Dəmir Yolları arasında "Astara
yükdoldurma və yükboşaltma terminalının tikintisi
və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqavilə
İran ərazisində dəmir yolu xəttinin bir hissəsinin
və həmin ərazidə böyük aşırma qabiliyyətinə
malik olan 4 terminalın tikintisinin "Azərbaycan Dəmir
Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını
özündə ehtiva edir. Müqaviləyə
əsasən "Azərbaycan Dəmir Yolları” QSC 15 illik
müddətə terminalda mövcud olan və tikilməsi nəzərdə
tutulan dəmiryol xətlərini, 25 illik müddətə isə
terminalları icarəyə götürür.
Son illər ərzində
tranzit potensialının artırılması istiqamətində
olduqca uğurlu addımlar atılıb. 2015-ci il
avqustun 3-dən Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu fəaliyyətə başlayıb. Artıq
bu marşrut üzrə bir milyon tondan artıq yük
daşınmışdır.
Son vaxtlar dəmir yolunda ən
müasir standartlara cavab verən texnologiyaların tətbiq
olunması dövrü başlayıb. Enerji təchizatının
sabit cərəyandan dəyişən cərəyana
keçirilməsi, işarəvermə və rabitə
sisteminin yeniləşdirilməsi üzrə
avadanlıqların alınması, yol təsərrüfatının
sağlamlaşdırılması, lokomotiv və vaqon
parklarının yenilənməsi və s. sahələrin
müasir tələblər səviyyəsinə
çatdırılması üzrə bir sıra mühüm
tədbirlər həyata keçirilib.
"Azərbaycan Dəmir
Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas
tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Bu istiqamətdə
dəmir yolunda kompleks işlər görülür. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin
gələcəkdə fəaliyyət göstərməsi Azərbaycan
üzərindən yük axının dəfələrlə
artmasına gətirib çıxaracaq. Bunun
üçün dəmir yolunda irihəcmli işlər
aparılır. Bakı-Böyük Kəsik
istiqamətində 600 km dəmir yolu əsaslı təmir
olunmuşdur. Eləcə də
bütün infrastrukturun yenilənməsi istiqamətində
işlər başladılmışdır. Yeni nəqliyyat dəhlizlərinin işə
düşəcəyi təqdirdə Azərbaycan Dəmir
Yolları bu dəhlizlərin tələbatını
qarşılamağa tam hazır olacaq.
Dövlət
başçısı İlham Əliyevin
tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin
olmadığı regionlarda vətəndaşların dövlət
xidmətləri ilə təmin edilməsi üçün
müasir texniki avadanlıqla təchiz olunmuş səyyar
"ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon
deposunda "ASAN qatar” sisteminin tətbiqi ilə bağlı
xüsusi vaqonlar hazırlanıb. Səyyar
"ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət
zalı, əməkdaşların istirahət kupeləri
olmaqla 4 vaqondan ibarətdir. Səyyar
"ASAN qatar” vasitəsilə 4 dövlət orqanı tərəfindən
9 növ xidmət göstərilir. Eyni
zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər
- foto və tibbi xidmət, o cümlədən "Azərpoçt”
MMC tərəfindən göstərilən bank xidmətləri
təşkil edilib. 28 dekabr 2016-cı ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakıda Biləcəri stansiyasında səyyar "ASAN
qatar”la tanış oldu və görülən işləri
yüksək qiymətləndirdi.
Möhtərəm Prezident İlham
Əliyevin və Birinci vitse-prezident xanım Mehriban
Əliyevanın 2017-ci il fevralın 10-da
Bakı Dəmir Yolu Vağzalında və "Azərbaycan Dəmir
Yolları” QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan
sonra yaradılan şəraitlə tanış olması,
kollektivimizə uğurlar arzulaması dəmiryolçularda
böyük ruh yüksəkliyi yaradıb.
2016-cı il ərzində
Bakı sərnişin stansiyasının ərazisində,
yollarında, bina və qurğularında böyük
miqyaslı yenidənqurma və əsaslı təmir işləri
aparılmışdır. Köhnə vağzal
binasının dam örtüyü yenidən qurulmuş,
binanın fasad hissəsində təmir-restavrasiya işləri
aparılmışdır. Binanın ikinci
mərtəbəsi müasir üslubda təmir edilmiş, ASAN
xidmətin istifadəsinə verilmişdir.
16 noyabr 2018-ci ildə
Sumqayıtda Dəmiryol Vağzalı Kompleksinin
açılışı oldu. 3 mərtəbəli Sumqayıt Dəmiryol
Vağzalının sahəsi 5,5 min kv. metrdir.
Qeyd edək ki, son illərdə
lokomotiv və vaqon parklarının yenilənməsi və digər
sahələrin müasir tələblər səviyyəsinə
çatdırılması istiqamətində İsveçrənin
"Stadler Rail Group” şirkətindən KİSS markalı
ikimərtəbəli elektrik qatarları alınaraq ölkəmizə
gətirilib. Həmin qatarlar 2015-ci ildə Bakı-Sumqayıt
marşrutu ilə hərəkətə buraxılıb.
Saatda 160 kilometr sürətlə hərəkət edən və
4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin
ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin
sayı isə 367-dir.
Dəmiryol sistemində son
dövrlərdə əldə olunmuş mühüm
inkişaf göstəricilərindən biri də ötən
ilin dekabr ayının sonlarından Bakı-Gəncə-Bakı
sürətli sərnişin qatarının işə
düşməsidir. Sərnişinlərin arzu və təklifləri nəzərə
alınaraq hər gün hərəkətdə olan qatar standart, biznes və birinci klass yerli
vaqonlardan ibarətdir. Qatarın tərkibindəki
dörd vaqonda 363 yer var ki, onlardan 293-ü standart, 61-i biznes və
9-u isə birinci klass təsnifatındadır. Qatar bu günədək 30000 nəfərdən
çox sərnişin daşımışdır. Orta hesabla bir reysə (gediş-gəliş)
daşınan sərnişinlərin sayı 400-500 nəfəri
təşkil edir.
Böyük öndərin illərlə yürütdüyü siyasət, quruculuq işləri uğrunda sərf etdiyi əmək bu gün dəmir yolu sahəsində də layiqli töhfələrini verir. Onun müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində əldə edilən uğurların təməlidir. Bu gün "Azərbaycan Dəmir Yolları” QSC-nin yüksək texniki təchizata, müasir texniki vasitələrə, peşəkar kadr potensialına malik olması, dəmir yolunda təhlükəsizlik normalarının qorunmasına nəzarət, bu çətin işdə çalışan adamların əməyinin qiymətləndirilməsi uzun illər aparılan uğurlu siyasətin nəticəsidir. Bu, ömrünü Azərbaycan üçün şam kimi əridən böyük bir dühanın zəngin təcrübəsinin bəhrəsidir.
Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 7 mart 2018-ci ildə "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmiryol xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur.
Qarşıdan xoşbəxt gələcəyimizin təminatçısı olan ulu öndərin 96 illik yubileyi gəlir. Dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan bu nəhəng şəxsiyyətin sayəsində nail olduğumuz siyasi sabitlik və iqtisadi inkişaf biz dəmiryolçuları daha da əzmlə, keyfiyyətlə Prezident İlham Əliyevin rəhbərliyi altında çalışmağa ruhlandırır.
Cavid QURBANOV,
"Azərbaycan Dəmir Yolları” Qapalı
Səhmdar Cəmiyyətinin
sədri, Milli Məclisin deputatı