Ölkəmiz Cənubi Qafqazda Çinin əsas sərmayə tərəfdaşıdır

 

Azərbaycan dünyada nəhəng investor ölkə kimi tanınan ÇXR-ə 1,7 milyard sərmayə qoyub

 

Azərbaycan dünyada münbit investisiya mühitinin formalaşdığı azsaylı ölkələrdəndir. Bu sahədə mükəmməl qanunvericilik bazasının olması, həmin baza əsasında sərmayələrin etibarlı qorunması, eləcə də daxili ictimai-siyasi sabitlik Azərbaycanı investorlar üçün cəlbedici ölkəyə çevirib. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə 260 milyard dollara yaxın sərmayənin yatırılması da bununla bağlıdır.

Prezident İlham Əliyevin iştirakı ilə Çində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Forumu həm də xarici investorların ölkəmizə maraq göstərməsi ilə yadda qaldı. Təkcə bir fakt: səfər ərəfəsində Çinin böyük şirkətləri ilə 821 milyon dollar həcmində 10 sənəd imzalanmışdır. Onu da qeyd edək ki, investisiya məsələsində biz də Çinə borclu qalmırıq. Azərbaycanın Çin iqtisadiyyatına bugünədək yatırdığı sərmayənin həcmi 1 milyard 700 milyon dollara çatıb.

Çin tərəfi Azərbaycanla sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar və digər sahələr üzrə əlaqələri genişləndirmək niyyətindədir. Bununla yanaşı, Azərbaycandan kənd təsərrüfatı, kimyəvi və sənaye istehsalı məhsullarının idxalını daha da artırmaq, internet İpək yolunu yaratmaq, İpək yolu elektron ticarətinin inkişafı məsələsində ölkəmizlə əməkdaşlığı genişləndirmək də nəzərdə tutulur.

Ümumiyyətlə, Çinlə iqtisadi əlaqələrimizin həcmi və coğrafiyası ildən-ilə genişlənir. Dünyanın iqtisadi nəhənglərindən olan bu ölkə ilə Sumqayıt Kimya Parkı ərazisində Şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, XaçmazGöyçayda aqro-logistik sənaye parklarının, "Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumunun imzalanması böyük əhəmiyyət kəsb edir. Bu faktlar bir daha göstərir ki, ölkəmizdə münbit investisiya mühiti mövcuddurxarici investorlar Azərbaycana sərmayə qoyarkən risk etmədiklərini bilirlər.

İqtisadiyyatımıza təkcə xarici investisiya qoyulmur. Azərbaycan dövləti və yerli sahibkarlar da iqtisadiyyatımıza sərmayə qoyuluşunda fəallıq göstərirlər. Təkcə cari ilin yanvar-mart aylarında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 699,7 milyon manat vəsait yönəldilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 67,3 faizini təşkil etmişdir. Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6, büdcə vəsaitləri 21,8, əhalinin şəxsi vəsaitləri 6,5, bank kreditləri 5, büdcədənkənar fondların vəsaitləri 0,8, digər vəsaitlər 0,3 faiz olmuşdur.

İlin ilk rübündə sərf edilmiş vəsaitin 70,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Həmin dövrdə neft sektoruna yönəldilən sərmayə azalsa da, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi 6 faiz artmışdır. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı, 26,4 faizi xidmət obyektlərinin, 9,3 faizi ümumi sahəsi 420 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir.

Hesabat dövründə Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıtda "SOCAR karbamid” və Polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolları, Naxçıvan Muxtar Respublikasında 1170 şagirdlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 2 ambulatoriya-poliklinika, Şəmkir rayonunda 260 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.-4 may.- S.1; 11.