ADA Universitetində “Hacı Zeynalabdin
Tağıyev” mükafatının təqdim edilməsi mərasimi
olub
ADA Universitetində "Hacı Zeynalabdin Tağıyev” mükafatının təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir sosial məsuliyyət sərgisi, xeyriyyə satış sərgisi və bayram konserti formatında ADA Universitetinin tədris mərkəzində açıq havada keçirilib.
Məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının "ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu, universitetin sevilən ənənələrindən biridir. Tələbələr seçdikləri mövzu üzrə tədris ili boyunca qrup halında işləyərək layihə formalaşdırır və nəticələr əldə edilməsinə çalışırlar.
Mükafatlandırma mərasimində Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev xüsusi qonaq qismində iştirak edib. O, AZƏRTAC-a müsahibəsində deyib: "Mən çox sevinirəm ki, gənclərimiz belə layihələr həyata keçirməkdə maraqlıdırlar. Hacı Zeynalabdin Tağıyevin adını yaşatdığına, onu gənclər arasında təbliğ etdiyinə görə ADA Universitetinin rəhbərliyinə ailəmiz adından təşəkkürümü bildirirəm”.
On yeddi tələbə layihəsi arasından
qaliblər mükafatlandırılıb. Birinci yerə iki layihə
- "Çölçü” və "Humanity” layiq görülüb. "Çölçü”
tələbə layihəsinin
məqsədi Azərbaycan
gəncləri arasında
təbiət qoynunda keçirilən qədim çöl idman növlərimizə həvəs
yaratmaqdır. "Humanity”
layihəsi isə tələbələrə davranışlarında
və ətrafdakılara
münasibətdə humanist dəyərləri üstün
tutmağı aşılayır.
Qaliblərin mükafatlarını ADA Universitetinin
rektoru, səfir Hafiz Paşayev və Nazim Abdullayev təqdim ediblər. Hər iki
layihəyə görə
1600 manat məbləğində
pul mükafatı təqdim olunub.
"Çölçü”
layihəsinin komanda rəhbəri Qoşqar Qədimbəyli AZƏRTAC-a
açıqlamasında bildirib:
"Çox sevinirəm
ki, komandamızın layihəsi qaliblər sırasındadır. Komandamız adından
universitet rəhbərliyinə
xüsusi təşəkkürümü
bildirirəm ki, sosial layihələrimizi təqdim etmək üçün bizə şərait yaradır”.
"Biz il
ərzində layihəmizi
həyata keçirdik,
çalışdıq ki,
həm tələbələr,
həm də ətrafdakı insanlar arasında humanistliyi təbliğ edək. Layihəmizin qalib olacağına inanırdım, çox sevinirəm. Bütün qalib
layihələri təbrik
edirəm”. Bu fikirləri isə
"Humanity” layihəsinin yaradıcılarından
biri olan Səkinə Mixaliyeva deyib.
İkinci yeri "Qida bankı platforması” tutub. Məqsədi imkansız
ailələrin ehtiyaclarının
ödənilməsi üçün
ərzaq toplamaq olan bu layihəyə
görə 1500 manat məbləğində mükafatı
ADA Universitetinin icraçı
prorektoru Fariz İsmayılzadə və
tələbə və
məzun məsələləri
üzrə prorektor müavini Gülnur İsmayıl təqdim ediblər.
"Kitabalogiya”
layihəsi isə üçüncü yerə
layiq görülüb. Layihənin məqsədi
ictimai nəqliyyatda kitab oxumaq mədəniyyətinin
artırılmasıdır. ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal və Azərbaycanın Əməkdar
artisti Bəhram Bağırzadə 1000 manat
məbləğində mükafatı
layihəni hazırlayan
komandaya təqdim ediblər.
Bu il
əvvəlki illərdən
fərqli olaraq "Hacı Zeynalabdin Tağıyev” mükafatında
xüsusi 4-cü yer ayrılıb. Bu yerə
tələbələrin "Pay qutusu” layihəsi layiq görülüb. Layihəni hazırlayan
komandanın üzvlərinə Hacı Zeynalabdin
Tağıyevin nəvəsi Nazim Abdullayev xüsusi hədiyyə
təqdim edib.
Azərbaycan.-
2019.- 4 may.- S.5.