V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun plenar sessiyasında gənclərin ekstremizmə
qarşı mübarizədə rolu məsələsi
müzakirə olunub
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva plenar sessiyada iştirak edib
Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak edib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi.
Xanım Leyla Əliyevanın çıxışı
-Əziz dostlar.
Həmkarlar.
Xanımlar və cənablar.
İlk növbədə, mən sizin hamınızı gözəl Bakı şəhərində keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda salamlamaqdan məmnun olduğumu bildirirəm. Bu platforma sülh şəraitində yaşamanı daim təbliğ etmişdir. Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır.
Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq.
Əziz dostlar, təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşma və bütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur. Eyni zamanda, gənclərə doğru-düzgün təhsil vermək onların tam potensialının reallaşması üçün çox vacib bir amildir. Çünki gənclərin tez öyrənmək, eləcə də prosesləri izləmək, çoxsaylı məlumatları əldə etmək kimi bacarıqları var. Həmçinin onlar ətraf mühitin mühafizə olunması və təbiətin bizə bəxş etdiyi nemətlər barədə çox məlumatlıdırlar.
Bununla
belə gənclərə həddindən artıq təzyiq
göstərilməməlidir. Bəzən ən intellektli gənclər belə tam
xoşbəxt olmurlar. Ona
görə də biz gənclərə dəstək
göstərərək bundan da yaxşı bir dünya yaratmağa nail olmalıyıq ki, onlar gözəl planetdə və harmoniya içərisində yaşamaqdan
daha çox zövq alsınlar. Yüksək
texnologiyanın inkişafı sayəsində biz
fikirlərimizi daha sürətlə ifadə
edirik. Bizim fikirlərimiz
ən güclü enerjilərdəndir, hətta
işıq sürətindən də sürətlidir. Dünya bu potensiala
investisiya yatırmalı və əmin
olmalıdır ki, gənc nəslin inkişaf üçün
bütün zəruri imkanları var. Bu gün
dünyada gənclərin sayı daha çoxdur. İdeyalar və yüksəlişlər bütün planetin gələcəyini
dəyişə bilər. Amma əfsuslar olsun ki, 617 milyona
yaxın gənc hələ də riyazi və
ədəbi biliklərdən məhrumdur. Bu, o deməkdir
ki, biz çox dəyərli bir potensialı itiririk. Məhz gənclər
tərəqqinin təcəssümüdür.
Hər bir yeni nəsil
əvvəlkindən daha
mütərəqqi, humanist, həssas, tolerant və açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür.
Gəlin
gənclərə öz
enerjilərini qlobal problemlərin həllinə
yönəltməkdə kömək
edək, gəlin hamılıqla onlara dəstək olaq. Vaxt həyatımızın ən
mühüm resursudur.
Gəlin
onu israf etməyək. Sözlər daim əməllə müşayiət olunmalıdır.
Hər bir bəşər övladına verilmiş müqəddəs hədiyyə
olan intuisiyamızı
unutmamalıyıq. Xalqların sülhsevər
və dayanıqlı
cəmiyyət formalaşdırmasında
hər bir kəs fərqlilik yarada bilər. Beləliklə də onlar özlərini dəyişməklə
bəşəriyyətə olan baxışlarını
müsbət mənada
dəyişə bilərlər.
Əziz dostlar, İsa peyğəmbərin dediyi
kimi, gəlin uşaqlardan öyrənək. Uşaqlar
sözü birbaşa
deməyə və yaxşı işlər görməyə can atırlar.
Maddiyyat heç də uğur, müvəffəqiyyət
demək deyil. Həyatda ən vacib olan
sevgidir, sağlamlıqdır,
xoşbəxtlikdir, birlikdir,
anlaşmaqdır və
bir-birini təmənnasız
şəkildə dəstəkləməkdir.
Bütün bunları hamımıza
diləyirəm. Çox
sağ olun.
***
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi
Migel Anxel Moratinos dedi ki, bu plenar
sessiyada müzakirəyə
çıxarılan məsələlərə
yeni baxışla yanaşılacaq. Sessiyanı mənfi
düşüncələri dəyişmək üçün
gözəl fürsət
adlandıran BMT təmsilçisi
gəncləri ekstremizm,
nifrət kimi amillərdən qorumağın
vacibliyini vurğuladı.
Sessiyadakı müzakirələr cəmiyyətdə
gənclərin rolu, təhsil, sülh quruculuğu və dinlərarası dialoq mövzularını əhatə
etdi. Somali Stabilləşmə
Təşəbbüsünün biliyin idarə olunması və strateji kommunikasiyalar üzrə rəsmisi Nacma Əhməd-Hüseyn
ölkəsində müxtəlif
etnik qrupların bir araya gəlməsi
üçün həyata
keçirilən layihələrdən
danışdı. Sənədli filmlər rejissoru Roda Siad reallaşdırdığı
layihələr vasitəsilə
miqrasiya böhranı,
qaçqınların və
digər ölkələrdə
sığınacaq axtaranların
taleyi, onların qarşılaşdığı çətinlikləri barədə
cəmiyyətə məlumatların
verilməsinin əhəmiyyətinə
toxundu. Erbildə "Malteser İnternational”un
ictimai əlaqələr
üzrə məsləhətçisi
Sara Markieviç İraqdakı
icmalar arasında qeyri-sabit vəziyyət barədə məlumat verərək bu istiqamətdə dinlərarası
dialoqun roluna nəzər saldı.
Zorakı ekstremizmin qarşısının
alınması üzrə
mütəxəssis Selim
Çerkau terrorizmə
görə məhkum edilmiş məhbuslar arasında maarifləndirmə
işlərinin aparılması,
onların cəmiyyətə
adaptasiyası və baxışlarının dəyişməsi
istiqamətlərində həyata
keçirilən layihələrdən
bəhs etdi.
Pakistan Gənclər Alyansının
"Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi zorakı
ekstremizmə qarşı
layihə və onun nəticələri ilə bağlı fikirlərini çatdırdı,
bu layihənin 15 min insanı əhatə etdiyini söylədi. "Efemerides”in təsisçisi
Fatoumata Kebe gənclərə imkanlar yaradılması, problemlərin
həllində onlara səlahiyyət verilməsi
istiqamətində həyata
keçirilən layihəsindən
danışdı. Qeyd etdi
ki, Malidə yalnız 30 faiz qızların məktəbə
getmək imkanı var və onun
rəhbərlik etdiyi təşkilat belə ölkələrdə müxtəlif
fənlər üzrə
dərslər təşkil
edir. Mərkəzi
Avropa Universitetinin beynəlxalq münasibətlər
üzrə magistr namizədi Corc Antonio Şavez Mazuelos, "Sri
Lanka Unites” Gənclər Hərəkatının
milli direktoru Liyanaaraççig Neluni
Tillekeratne, "Emkan Education”nın məktəb
və məzmun üzrə direktoru və həmtəsisçisi
Sara Zaini, BMT-nin Gənclər Siyasəti üzrə mütəxəssisi
Ansa Qliqa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı
direktoru İmam
Muhammad Nurayn Aşafa,
Dinlərarası Mediasiya
Mərkəzinin həmicraçı
direktoru Pastor Ceyms Movel Vuye, "Burson, Cohn and Wolf”un idman hesabları üzrə baş icraçısı Nevena Vukasinovic, Lvov şəhərinin
merinin dini məsələlər üzrə
müşaviri Taras Dzyubanski gənclərin fəallığı üçün
proqramların əhəmiyyətini,
zorakılığa, terrorizmə
məruz qalan gənclərin təhsil almasında təqaüd proqramlarının faydasını
qeyd etdilər.
Sonda sessiya iştirakçılarının
sualları cavablandırıldı.
Azərbaycan.- 2019.-4 may.- S.6.