Sülhün təbliğində, zorakılığa və terrorizmə qarşı mübarizədə gənclərin birgə səyləri səmərəli nəticələr verə bilər

 

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Gənclərdən nə öyrənə bilərik: sülhü təşviq etmək və müxtəlifliyi əhatə etmək məqsədilə inklüziv yanaşmaların müzakirəsi” mövzusunda növbəti sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun təşkilatçılığı, "FUEL” layihəsinin təsisçisi və bədii rəhbəri Dipak Ramolanın moderatorluğu ilə keçirilən sessiyada müasir dövrdə sülhün və əmin-amanlığın təbliği, zorakılığa və terrorizmə qarşı mübarizə yolları, bu sahədə gənclərin rolu və digər məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev sessiyanın mövzusunun müasir dövr üçün aktuallığını qeyd edib və gənclərə həsr olunan bölmənin əhəmiyyətini vurğulayıb. O, zorakılığa qarşı mübarizə yollarından, ekstremizmin qarşısının alınmasında görülən işlərdən, bu istiqamətdə dini liderlərin fəaliyyətindən söz açıb. Fərhad Hacıyev deyib ki, zorakılıq, ekstremizmterrorizm zəminində qeyri-tolerantlıq yaranır, irqi, etnikdini münaqişələr meydana gəlir. Bu münaqişələr dünyanı bürüyür, terrorizmdözümsüzlük sərhəd tanımır. Bu da istənilən cəmiyyət, xüsusilə də gənclər üçün təhlükələr yaradır. Beynəlxalq təşkilatlar indiyədək zorakılıq, ekstremizm və terrorizmə qarşı heç bir səmərəli mübarizə mexanizmi aşkar etməyiblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün dünyaya məlumdur. Torpaqlarımızın iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Nazir müavini inandığını bildirib ki, müxtəlif qitələrdən olan insanları bir araya gətirən mədəniyyətlərarası dialoq mədəni fərqləri, xüsusiyyətləri, savadsızlığı aradan qaldıracaq və buna öz töhfəsini verəcək. Fərqliliyi aradan qaldırmaq üçün bir olmalı, bunun üçün təhsil, idman, incəsənət, mədəniyyət və digər sahələrdən istifadə etməli və birləşdirici mövqe tutmalıyıq. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədlərə çatmaq və təcrübəni bölüşmək üçün ən səmərəli, əvəzsiz platformadır. Dünya gəncləri öz həmkarları ilə qeyd olunan sahələr vasitəsilə əlaqə saxlayıb zorakılığa, terrorizmə qarşı birgə mübarizə apara bilərlər. Bunun üçün gənclər sosial təcrübəyə cəlb olunmalıdırlar.

Fərhad Hacıyev Azərbaycanın multikultural ölkə olduğunu, ölkəmizdə bütün etnik qrupların və dini icmaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını söyləyib. O, Azərbaycanın bütün sahələrdə inkişaf etdiyiniregional inkişafa töhfələr verdiyini qeyd edib.

UNESCO-nun nümayəndəsi Paula İsturiz Cavero UNESCO tərəfindən fərqli məkanlarda zorakılığa və ekstremizmə qarşı həyata keçirilən layihələrdən, görülən işlərdən söz açıb. O deyib: "Bizim məqsədimiz dünya gənclərini birləşdirmək, sülh və əmin-amanlığı təbliğ etməkdir. Məlumdur ki, gənclər mədəniyyət sahəsində həyata keçirilən layihələrdə, sülhün bərqərar olmasında fəal iştirak edirlər. Hazırda dünyada hər dörd gəncdən biri zorakılığa məruz qalır. Beynəlxalq təşkilatlar çalışır ki, gənclər də müvafiq qurumlarda fəaliyyət göstərərək bu proseslərə öz töhfələrini versinlər. Bununla bağlı 2015-ci ildən müəyyən təşəbbüslər həyata keçirilir. BMT-nin müvafiq strategiyasında gənclər sülh və müqavimət səfirləri sayılır. UNESCO gənclərin inkişafı istiqamətində çox uğurlu layihələr həyata keçirir”.

İclasda çıxış edən moderator Dipak Ramola, Kanadanın UNESCO üzrə Komissiyasının İcraçı Komitəsinin üzvü və Gənclik Məşvərət Qrupunun sədri Büşra Ebadi, "Guyana Golden Lives Organization” təşkilatının təsisçisi Marva Langevin, "Al Qantara” layihə koordinatoru Hanin Tabet, "WhitakerSülhİnkişaf Təşəbbüsünün təlimçisi Kollins Monday Okello, "Shughel Shabab”ın həmtəsisçisi Hezha Mohammedxan gənclər arasında sülhün təbliğ olunmasından, fərqliliyin aradan qaldırılması yollarından, nifrət hisslərinin mənfi təsirlərindən söz açıblar. Bildirilib ki, gənclər heç bir zaman nifrətə nifrətlə cavab verməməli, bu hisslərin qurbanı olmamalı, qarşılaşdıqları mənfi hallara öz mövqelərini düzgün şəkildə bildirməli, sosial şəbəkələrdə və sosial mediada bir araya gələrək hər zaman sülhü təbliğ etməlidirlər.

Məruzəçilər dünyada nifrət çıxışlarına qarşı mübarizə yollarından danışıb, bu sahədə həyata keçirdikləri layihələr barədə məlumat veriblər. Vurğulanıb ki, gənclər bütün sahələrdə sülhün bərqərar edilməsində öndə olmalıdırlar.

Çıxış edənlər gənclərə sülh və əmin-amanlıq mədəniyyətinin formalaşmasında tövsiyələrini verib, öz həyat təcrübələrini bölüşüb, dünyada nifrət hisslərinin aradan qaldırılmasında onların fəal iştirakının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, təhsil, idman, incəsənət, mədəniyyət dünyada gəncləri bir araya gətirən əsas vasitələrdəndir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və müxtəlif mövzularda təşkil olunan sessiyalar böyük əhəmiyyət daşıyır.

Qonaqlar Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.

İclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2019.-4 may.- S.6.