Forum çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və
diplomatiyanın gücləndirilməsi” mövzusunda
sessiya təşkil edilib
Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən sessiyanın açılışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Qoşulmama Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə 2018-ci il dekabrın 12-də BMT Baş Assambleyasının "24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” adlı qətnamənin qəbul edildiyini bildirən nazir bəşəriyyətin davamlı sülh məqsədinə nail olunmasında çoxtərəfliliyin əhəmiyyətini vurğulayıb. O, bu qətnamənin həmmüəllifləri sırasında Azərbaycanın da yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir bu təşəbbüsün dünyada çoxtərəflilik səylərinin həll edilməmiş münaqişələr, iqlim dəyişikliyi, artmaqda olan qeyri-bərabərlik, dözümsüzlük və digər təhdidlərin təsiri altında olduğu bir vaxtda irəli sürüldüyünü vurğulayaraq, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanılmasının BMT-nin mühüm pillələri olan sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarının təşviqi baxımından vacib rol oynadığını qeyd edib. Nazir çoxtərəfliliyin suveren dövlətlərin təklikdə həll edə bilmədikləri təhlükəsizlik və inkişafa təhdidləri cavablandırmaq imkanını verdiyini və dialoqun davamlı sülhə nail olmaq üçün ən vacib alət olduğunu vurğulayıb.
Elmar Məmmədyarov sülhün müxtəlif təhdidlərlə, xüsusilə həll edilməmiş münaqişələrlə üzləşdiyi dünyada sülh diplomatiyasının əhəmiyyətindən bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verən nazir Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə toxunaraq bunun bölgəmizdə davamlı sülhə və inkişafa təhlükə törətdiyini vurğulayıb. Elmar Məmmədyarov regionda davamlı sülhə nail olmaq üçün işğala son qoyulmasının, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasının və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini diqqətə çatdırıb.
Həmçinin BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə diqqəti cəlb edən nazir sözügedən sənədlərdə qeyd olunmuş prinsiplərin, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət prinsipinin vacibliyini bildirib.
UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif forumun əhəmiyyətindən danışaraq bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi bizim gələcək fəaliyyətimizin təkmilləşdirilməsi baxımından önəmlidir. O deyib ki, sosial və iqtisadi bərabərsizlik, iqlim dəyişikliyi, zorakılıq - bütün bunlar dünyanın sosial həyatına təhdidlər yaradır. Lakin biz hər zaman dünya ilə bağlı xoş təşəbbüslərlə çıxış edirik. Mövcud problemləri hər hansı dövlət təkbaşına həll edə bilməz. Ona görə də birgə əməkdaşlıq, dialoqdan yaxşı ikinci bir yol yoxdur. "Bakı Prosesi” bu məsələdə istiqamətverici rol oynayır. Davamlı İnkişaf Məqsədlərinin əsas qayəsində də tərəfdaşlıq dayanır.
BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış Sülh Universitetinin rektoru Fransisko Rojas Aravena çıxışında Bakıda təşkil olunan forumda dünyanı narahat edən problemlərin həlli ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb. "Biz Sülh Universiteti olaraq sülhün təbliğini, humanitar problemlərə qarşı tədbirlərin təşviqini aparırıq. Qlobal kontekstdə strateji məsələlərin həlli əsas məsələ olmalıdır. Ancaq əməkdaşlıq olmadan sülhə, insan hüquqlarının təmininə nail olmaq mümkün deyil. Müharibələr, böhranlar yalnız və yalnız yoxsulluğa gətirib çıxarır. Çoxtərəflilik hər zaman beynəlxalq münasibətlərdə əsas rola malik olub. BMT sülhü, insan hüquqlarını qorumaq üçün təsis edilib. BMT qlobal sülhü mümkün etdi, sabitlik müəyyən mənada təmin olundu. Bizi narahat edən əsas məsələlərdən biri də qütbləşmələrin yaranmasıdır. Çoxtərəflilik prinsipi müxtəlif təhdidlərə qarşı ola biləcək ən güclü amil kimi çıxış edə bilər. Dövlətlərin müstəqilliyinə, beynəlxalq hüquqa hörmət və digər normalar bizim qorumalı olduğumuz şərtlərdir. Münaqişələrin həlli ilə bağlı danışıqlar anlaşma ruhunda aparılmalıdır.
Açılış çıxışlarından sonra sessiya işini Cenevrədəki BMT Ofisi və digər beynəlxalq təşkilatlar yanında Sülh Universitetinin daimi müşahidəçisi David Fernandez Puyananın moderatorluğu ilə davam etdirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, çoxtərəflilik deyəndə ilk olaraq hər kəs BMT-ni düşünür, biz Avropa İttifaqını da unutmamalıyıq. Biz Avropa İttifaqı olaraq sülh, insan hüquqları, əməkdaşlıq, birgəyaşayış, demokratiya kimi dəyərləri fəaliyyətimizdə əsas götürürük. Avropa İttifaqı özü fəaliyyətə bir sülh layihəsi kimi başlayıb və uzun müddətdir ki, sülhü təmin edir. Biz müharibələrdən sülh qitəsinə çevrildiyimizə görə 2012-ci ildə Avropa İttifaqına Nobel sülh mükafatı təqdim olundu. Bu uğurun səbəbi nədir? Birmənalı olaraq əsas səbəb odur ki, üzv ölkələrin hər birinin ortaq maraqları var.
Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik idarəsinin rəisi vəzifələrini icra edən Kamil Xasıyev bildirib ki, BMT Baş Assambleyasının "24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” adlı qətnaməsinin qəbulundan sonra Bakıda bu mövzu ətrafında müzakirələrin aparılması olduqca əhəmiyyətlidir. O qeyd edib ki, son illərdə beynəlxalq münasibətlər sistemində çoxtərəflilik prinsipinin önəmi xeyli dərəcədə artıb. Çünki regional sülh və təhlükəsizliyə başqa alternativ yoxdur. Çoxtərəfli diplomatiya konteksti özü də beynəlxalq hüquq tərəfindən tənzimlənir. Lakin biz qəbul etməliyik ki, bu gün beynəlxalq münasibətlər sistemi mükəmməllikdən xeyli uzaqdır. Əgər biz bu sistemin səmərəli olmasını istəyiriksə, BMT-nin üzv ölkələrinin üzərlərinə götürdükləri öhdəliklərə əməl etmələri təmin olunmalıdır.
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin diplomatiya elmləri üzrə Şahzadə Saud Əl Faysal İnstitutunun baş direktoru Abdullah Həməd Əl-Salamah bu mötəbər tədbirin təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Suriyada baş verənlərin, qaçqınlarla bağlı böhranların ciddi iqtisadi problemlər yaratdığını söyləyən baş direktor qeyd edib ki, hər bir ölkədə insanların təhsil almalarına şərait yaradılmalıdır. Bu gün Çin, Cənubi Koreya kimi ölkələrdə müxtəlif sahələrin inkişafının şahidiyik. Bu gün Cənubi Koreya texnologiyaların inkişafına görə dünyada ön sıralardadır. Dünyanın hər yerində bu ölkələrin texnologiyalarından istifadə edilir. Əlbəttə, bu, ilk növbədə, təhsilə verilən önəm sayəsində əldə olunan uğurlardır. Çünki bu cür ölkələrdə gənclik də inkişaf edir. Təhsilli, maariflənmiş insanlar isə müharibələr deyil, əməkdaşlıqlar haqqında düşünürlər. Onlar başa düşürlər ki, əgər əməkdaşlıq olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Afrikanın bir sıra ölkələrinə baxsaq, görərik ki, işsizlik, yoxsulluq hökm sürür. Ona görə də əməkdaşlıq, diplomatiyanın və dialoqun təbliği olduqca vacibdir.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə çıxışında deyib ki, bütün mənfi təzahürlərə, o cümlədən radikalizmə və ekstremizmə qarşı mübarizə aparmaq, qarşılıqlı anlaşmanı təbliğ etmək istəyiriksə, bu istiqamətdə ən yaxşı yol gənclərin təhsilinə sərmayələrin qoyulmasıdır. Həmçinin tələbə mübadilələri proqramı aparmaq mümkündür ki, bu da qarşılıqlı anlaşmanı, mədəni baryerlərin aradan qaldırılmasını təmin etmiş olarıq. Hesab edirəm ki, insan təhsilli olsa onun pis əməllərə meyli azalacaq, yaxşı əməllərə isə artacaq.
Abat Oliba CEU Universitetində UNESCO-nun sülh, həmrəylik və mədəniyyətlərarası dialoq üzrə kafedrasının müdiri Karmen Parra Rodrigez bu cür qlobal əhəmiyyət daşıyan bir mövzu ətrafında müzakirələrin aparılması üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. O, çıxışında müxtəlif sahələrdə qurumların bu istiqamətlərdə fəaliyyətə cəlb olunmasının uğurlu ola biləcəyinə inamını ifadə edib. Bildirib ki, UNESCO hər zaman gənclərlə bağlı proqramları dəstəkləyir, sülh və mədəniyyətlərarası əməkdaşlıq naminə müxtəlif qurumların əməkdaşlığını təbliğ və təşviq edir.
Banaras Hindu Universitetində UNESCO-nun sülh və mədəniyyətlərarası anlaşma üzrə sədri Priyankar Upadhyaya qeyd edib ki, "24 aprel - Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq Günü” planetimizin buna ehtiyacının olduğu dövrdə təsis olundu. Biz lazımi addımlar atmalıyıq, çünki gələcəyimiz üçün ciddi təhlükələr var. Bəzən etimadın olmaması ilə bağlı məsələləri müşahidə edirik. Yəni, hökumətlər insanlarla işləmirlər, onlara ciddi vədlər vermirlər. Bəzən verilən vədlər icra edilmir. Bütün bunlar qlobal maliyyə böhranı ilə başladı və hələ də bu məsələlər həll olunmamış qalır. Həmçinin miqrasiya problemi də qloballaşan dünyanın əsas problemidir. Bu gün dünyada aclığa, səfalətə düçar olan insanların sayı artıb. Hesab edirəm, ölkələr birgə əməkdaşlıqla bu problemlərdən çıxış yolunu tapmalıdırlar. Ən yaxşı yol isə beynəlxalq təşkilatlarla birgə işin genişləndirilməsidir. Çoxtərəflilik prinsipinə sadiqlik olmalıdır. Yanaşma olaraq multikulturalizmdən gözəl nümunə yoxdur. Təhsil, maariflənmə isə insanları pis əməllərdən çəkindirmək üçün çox gözəl seçimdir. Biz bundan da səmərəli istifadə etməliyik. Onlara aşılamalıyıq ki, planet bizim əsas evimizdir.
Sonda sessiya iştirakçılarının
sualları cavablandırılıb.
Azərbaycan.-
2019.-4 may.- S.7.