Forumun daha bir
sessiyası gənclərin məşğulluğu və
peşə təhsili mövzusuna həsr edilib
Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən növbəti sessiyada "Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar” mövzusunda geniş müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, BMT-nin Terrorla Mübarizə İdarəsinin aparat rəhbəri Sevil Əlirzayeva təmsil etdiyi qurumun gənclərin peşə təhsili və innovativ yanaşmalara münasibəti istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, BMT-nin Terrorla Mübarizə İdarəsi tərəfdaş dövlətlərlə birgə iş aparır.
Gənclərin
məşğulluğu ilə bağlı reallaşan
bütün proqramlarda
təbliğat üçün
medianın rolundan da
istifadə olunmasının vacibliyini vurğulayan natiq deyib ki, gənclər cəmiyyətin
fəal üzvləri olmaqla yanaşı,
həm də daha çox
xarici təsirlərə məruz qala bilən hissəsidir. Gənclərin
maarifləndirilməsində onların ekstremist
təsirlərdən qorunması üçün
mənimsədikləri elmi biliklər xüsusi əhəmiyyət kəsb edir. Bu, həm onların məşğulluğunun
təmin olunması, həm də terrorla
mübarizə istiqamətində vacib məqamlardan
biridir.
O vurğulayıb ki, BMT-nin Terrorla
Mübarizə İdarəsi gənclərin məşğulluğunun
təmin olunması, eləcə də ayrı-seçkiliyə,
terrora qarşı mübarizə istiqamətində qlobal və
regional layihələr həyata keçirmək
üçün tərəfdaş ölkələrlə
mütəmadi əməkdaşlıq edir.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb. Dünyada ksenofobiya və ayrı-seçkiliyin geniş yayıldığına diqqət çəkən F.Cəfərov ölkəmizdə hər zaman tolerantlığa, multikultural dəyərlərə hörmətlə yanaşıldığını deyib.
"Azərbaycan terroru yaşamış ölkədir. Biz bunun nə olduğunu çox yaxşı bilirik. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə yanaşı, ölkəmizdə bu dövlət tərəfindən bir neçə dəfə terror aktı törədilib. Biz terroru hər vəchlə pisləyirik və ona qarşı mübarizənin bütün üsullarını dəstəkləyirik”, - deyə icraçı direktor bildirib. O əlavə edib ki, rəhbəri olduğu qurum gənclərin maarifləndirilməsi və onlarla bağlı dövlət proqramlarının icrasında yaxından iştirak edir.
Daha sonra UNESCO-nın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad mövzu ilə bağlı fikirlərini bildiriblər. Onlar dünyada gənclərin peşə təhsilinin inkişafı və terrorizmlə mübarizə baxımından belə forumların əhəmiyyətini qeyd ediblər.
Daha sonra sessiya ekspertlər paneli ilə interaktiv dialoq şəklində davam
edib.
Azərbaycan.-
2019.-4 may.- S.7.