Sülh demokratiyanın, insan hüquqlarının, qanunun aliliyinin təminində əsas hərəkətverici qüvvələrdən biridir

 

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada "İnsan hüquqları, demokratiyahüququn aliliyinin universallığı və mədəniyyətlərarası səciyyəsi" mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, sessiya Avropa Şurasının Şimal-Cənub Mərkəzinin İcraiyyə Komitəsinin sədri, İspaniyanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Manuel Montobbionun sədrliyi ilə keçib. O, qloballaşma əsri olduğunu, multikulturalizmin qlobal səviyyədə idarə edilməsinin, universallığa nail olmağın vacibliyini qeyd edib. M.Montobbio demokratiyanın insan hüquqlarının təmin edilməsində və çoxluğun idarə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Şərqi Timor Demokratik Respublikasının keçmiş Prezidenti, Şimal-Cənub Mükafatının laureatı (2002) Şanana Qusmao ayrı-seçkiliyin, bərabərsizliyin qarşısını almaq üçün insanların düşüncələrini dəyişməli olduğunu deyib. O, sülhün demokratiyanın, insan hüquqlarının, qanunun aliliyinin universallığının təmin edilməsində əsas hərəkətverici qüvvələrdən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanda ilk dəfə olduğunu deyən Ş.Qusmao ölkəmizdə sülhün, sabitliyin, multikultural dəyərlərin bərqərar edilməsinin digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb.

"METAdrasi - Miqrasiyaİnkişaf Fəaliyyəti”nin təsisçisi, Şimal-Cənub mükafatı laureatı Laura Papa bir sıra ölkələrdə münaqişələrin baş verdiyini, milyonlarla insanın öz vətənindən didərgin düşdüyünü deyib. O bildirib ki, 2015-ci ildən etibarən Yunanıstan 1 milyona yaxın qaçqın qəbul edib. "Dünyada insanlıq mədəniyyətinin olması vacibdir. Çox təəssüf ki, hələ də irqi, gender ayrı-seçkilikləri mövcuddur. Dünyada sivil cəmiyyətin qurulmasına cəhd göstərməli, maneələri aradan qaldırmalıyıq. Demokratiya dövləti güclü edir. Hüquqların aliliyi demokratiya ilə sıx bağlıdır. İnsanlar öz hüquqlarından yararlana bilməli, azad yaşamalıdırlar", - deyə o bildirib.

Qlobal təhsilin təbliğatı və pedaqoji dəstək üzrə ekspert Karmen Fişer deyib: "İnsanlar nədənsə özlərindən fərqli olanlardan qorxurlar. Bu isə mədəniyyətlərarası dialoqların qurulmasına mane olur. Nəticədə ayrı-seçkilik, bərabərsizlik, böhranlar baş verir. İnsanların demokratiyaya inamını geri qaytarmaq üçün qanunun, hüququn aliliyi bərpa edilməlidir".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov multikulturalizmin demokratiyanın əsaslarından biri olduğunu vurğulayıb: "Hər bir xalqa, milli azlıqlara öz adət-ənənələrini, mədəni xüsusiyyətlərini, həyat tərzlərini qoruyub saxlamağa imkan vermək lazımdır. Müxtəlifliyi qəbul etmək vacibdir. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikası Konstitusiyasında, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir".

Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında əsas məqsədin ölkəmizin multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsi olduğunu diqqətə çatdırıb.

"Cultural Infusion”nın Baş icraçı rəhbəri və təsisçisi Peter Mousaferiadis ayrı-seçkiliyin aradan qaldırılmasında, insanların öz hüquqlarını bilməsində təhsilin önəmli olduğunu bildirib. O, Forumun bərabərsizlik, zorakılıq, insan hüquqlarının pozulması kimi mənfi hallara qarşı mübarizəyə töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Peter Mousaferiadis dəvətə görə minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2019.-4 may.- S.8.