Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolu məsələsi müzakirə edilib

 

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyalardan biri də “Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolumövzusunda olub.

AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Forumda müxtəlif ölkələrdən alimlərin, mədəniyyət və elm xadimlərinin, siyasətçilərin səmərəli müzakirələr apardıqlarını bildirib.

Sessiyanın önəmli bir mövzuya həsr edildiyini bildirən G.Əfəndiyeva qeyd edib ki, əsrlərboyu böyük İpək Yolu sadəcə dəyərli əşyalar gətirən karvanlar üçün bir yol deyil, həm də mədəniyyət, fikir mübadiləsi üçün bir vasitə olub. Bu mövzu elə indiöz aktuallığını qoruyub saxlayır. Çünki tarixboyu ticarət və mədəniyyət, eləcə də ünsiyyətin artımı üçün xidmət edən İpək Yolu yenidən canlanır. Uzaq Çindən Orta Asiya ölkələrinədək, Anadolu və Aralıq dənizi üzərindən Avropaya uzanan, Şərqlə Qərbi birləşdirən bu möhtəşəm yol həm də xalqları birləşdirir. Böyük İpək Yolu həmişə türkdilli xalqları bir araya gətirən mədəni, tarixi əlaqələrdən biri olub. Buna səbəb onun iqtisadi əhəmiyyəti ilə yanaşı, mədəni-ticari prosesləri idi. Tacirlər bu böyük materiklər üzərində hərəkət edərkən sadəcə əşya, geyim, nadir incəsənət nümunələri daşımayıblar. Onlar, həmçinin mədəniyyəti, dili, dini ayinləri, adət-ənənələri, fərqli mətbəxləri və daha bir çox atributları daşıyıblar. Bir sözlə, qədim İpək Yolu tolerantlığın, humanizmin, mərhəmətin əsas vasitəçilərindəndir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verən G.Əfəndiyeva qeyd edib ki, Fondun mühüm layihələrindən biri olan “Azərbaycan İpək Yolu üzərində” adlı kitab artıq hazırlanıb və yaxın vaxtlarda çap olunacaq. O, Fondun türk dünyasının birgə tarixi-mədəni irsinin təbliğinə yönəldilmiş digər fəaliyyətlərə də dəstək olduğunu söyləyib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında İpək Yolu üstündə yerləşən ölkələr içərisində tarixboyu Asiya ilə Avropanın iqtisadi, mədəni cəhətdən əlaqələndirilməsi sahəsində mühüm rol oynayan Azərbaycanın bu gün də həmin missiyanı dostluq, sülh, işgüzar vasitələrlə həyata keçirdiyini vurğulayıb. İpək yolu müəyyən bir dövrdə rəmzə çevrilib, Avropa ilə Asiyanı, həmçinin bu yol üzərində yaşayan müxtəlif xalqları birləşdirən körpü rolunu oynayıb. Körpünün qurulmasında, mədəniyyətlərin mübadiləsində hansı xalqların əsas yer tutmasından danışsaq, görərik ki, böyük İpək Yolu üzərində yerləşən türk mədəniyyəti mühüm yer tutur.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev diqqətə çatdırıb ki, türk xalqlarının mədəniyyətinin ortaq cəhətlərindən biri onların tarixən böyük İpək Yolu gerçəkliyi ilə sıx şəkildə bağlı olmasıdır.Bizim etnomədəni dəyərlərimizin, dilimizin geniş coğrafi məkanda yayılması və inkişafında İpək Yolunun müstəsna yerirolu var. Bu baxımdan, İpək Yolu hamımızın ortaq mədəni mirasımızdır. Bu mirasın öyrənilməsi, yeni nəsillərə çatdırılması müştərək işimiz və vəzifəmizdir”, - deyə o vurğulayıb.

Tədbirdə Türk Şurasının baş katibinin müavini Qismət Gözəlov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren, Macarıstan adına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının səfiri, türkoloq Janos Hovari, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz, Moldova Milli Komissiyasının UNESCO üzrə baş katibinin müavini Luminita Drumea, Avrasiya Yazarları Birliyinin sədri Yakub Ömeroğlu, yazıçı Kemal Salli, macar türkoloq Cecilia Hazai, Murad Adci” saytının baş redaktoru Marina Kuriachaia-Adci və başqaları türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığından və böyük İpək Yolunun xalqlar arasında dialoqun qurulmasında və qarşılıqlı əlaqələrin gücləndirilməsində rolundan bəhs ediblər.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən bir qrup şəxs mükafatlandırılıb.

 

Azərbaycan.- 2019.-4 may.- S.9.