Müdafiə
naziri Zakir Həsənov: “Azərbaycan ilə NATO arasında 25
illik dayanıqlı tərəfdaşlıq mövcuddur”
NATO ilə tərəfdaşlığımızın
25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda
qazandığımız nailiyyətlərimizin təcəssümüdür.
Bu uğur Azərbaycanın 25 il əvvəl çətin
dövrdə qərar verdiyi istiqamətlər üzrə həyata
keçirdiyi kompleks fəaliyyətlərin nəticəsidir.
Bunu Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
deyib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, Z.Həsənov
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq”
(SNT) çərçivə sənədini imzalaması ilə
Azərbaycan SNT proqramına qoşulduğunu vurğulayıb.
Qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən
uğurla davam etdirilən bu proqram NATO ilə Azərbaycan
Respublikasının Silahlı Qüvvələri arasında səmərəli
hərbi əməkdaşlığın və
uyarlılığın təmin olunmasında ən uğurlu
mexanizmlərdən biri kimi özünü doğruldub.
NATO ilə qarşılıqlı
maraqlar çərçivəsində tərəfdaşlıq
münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan
Ordusunun hərbi əməkdaşlığının
prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə
NATO arasında qurulmuş tərəfdaşlıq və
müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət
ölkəmizin Avratlantik məkanda təhlükəsizliyi və
sabitliyi təmin etmək üçün göstərdiyi səylərin
və xoşməramlı niyyətimizin bariz nümunəsidir.
Qeyd olunub ki, Azərbaycan üzləşdiyi
çağırışlara baxmayaraq, ilk günlərdən
etibarən Kosovoda və Əfqanıstanda NATO-nun
başçılığı altında həyata
keçirilən əməliyyatlara qatılaraq beynəlxalq
sabitliyə nail olmaq üçün töhfəsini verib.
Əfqanıstan İslam
Respublikasında həyata keçirilən “Qətiyyətli Dəstək”
missiyasının bu ölkənin təhlükəsizliyi və
davamlı inkişafı, o cümlədən regional və
qlobal təhlükəsizlik üçün əhəmiyyətini
bilərək biz 2018-ci ildən etibarən
Əfqanıstandakı hərbi kontingentimizin sayını 30
faiz artırmışıq. Göstərilən hərbi dəstəyə
əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi
siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin
müxtəlif treninqlər, minadan təmizləmə və
maliyyə dəstəyi kimi digər qeyri-hərbi
yardımları da ehtiva edir.
Zakir Həsənov deyib: “Çox
yaxşı dərk edirik ki, qloballaşan dünyada hər bir
böhran və ya münaqişə digər ölkələrə
təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan
Avratlantik məkanda sülhə və təhlükəsizliyə
nail olmaq üçün NATO ilə əməkdaşlıq
edir və bundan sonra da edəcək.
Təsadüfi deyil ki, Azərbaycan
“Planlaşdırma və analiz prosesi”nə qoşulan ilk
ölkələrdən biridir. Praktiki əməkdaşlığın
təməlini təşkil edən bu mexanizm müasir ordu
quruculuğunun əsaslarına söykənən müdafiə
islahatlarının həyata keçirilməsinə, zəruri
əməliyyat uyarlılığının təmin edilməsinə
və Silahlı Qüvvələrin transformasiyasına
töhfə verir.
Xüsusilə qeyd etmək istərdim
ki, Azərbaycan Ordusu əməliyyat uyarlılığına
nail olmaq üçün NATO-nun “Əməliyyat imkanları
konsepsiyası qiymətləndirmə və rəy”
proqramından səmərəli istifadə edir. Azərbaycan
Ordusu 2004-cü ildə proqrama bir bölüklə qoşulub.
Bu gün isə bütün qoşun növlərindən olan
bölmələr bu proqrama cəlb edilib. Hərbçilərimiz
qazandıqları təcrübə ilə təkcə
respublika daxilində deyil, həm də digər tərəfdaş
ölkələrlə bölüşərək proqramın
inkişafına töhfə verirlər.
Təbii ki, hərbi sahədə
müvəffəqiyyətə nail olunması əməliyyat
uyarlılığı səviyyəsi ilə düz mütənasibdir.
Lakin dayanıqlı tərəfdaşlığın əldə
edilməsi insan uyarlılığının və həmfikirliyin
əldə olunması ilə bağlı olan danılmaz bir
faktdır. Bu kontekstdə mən NATO-nun “Tərəfdaşlığın
qərargah vəzifəsi” proqramını xüsusi ilə
qeyd etmək istərdim”.
General-polkovnik Z.Həsənov
bildirib ki, 2002-ci ildən bu günədək Azərbaycan
Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində
NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət
edib. Hazırda da NATO qərargahlarında 8 zabitimiz xidmət
edir. Bu müddət ərzində beynəlxalq mühitdə əldə
olunmuş təcrübə zabitlərimizin ölkəyə
qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə
müsbət təsirini göstərir. Çoxmillətli
strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə
inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da
inkişaf etdirilməsinə töhfəsini verir.
Bizim NATO ilə substantiv əməkdaşlığımız
Alyansın təhsil və təlim standartlarının peşəkar
hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə
edir. On ildən artıqdır ki, Azərbaycan NATO-nun
“Müdafiə təhsilinin genişləndirilməsi”
proqramı çərçivəsində yeni
çağırışlara, mürəkkəb və dinamik
strateji mühitdə bütün növ təhdidlərə
cavab verə biləcək liderlərin hazırlanmasını
həyata keçirir.
NATO-nun müxtəlif əməkdaşlıq
proqramları müsbət dəyişikliklər istiqamətində
təsirli vasitə kimi özünü göstərir.
Düşünürük ki, Avratlantik məkanının
ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin
apardıqları daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan
asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq
mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın,
eləcə də bütün regionun müdafiə və təhlükəsizlik
sahəsində islahatlar üçün çərçivənin
müəyyənləşdirilməsində əhəmiyyətli
rol oynayır və regional, o cümlədən Avratlantik məkanın
təhlükəsizliyini möhkəmləndirir.
“Qeyd etmək lazımdır ki,
üzvlərinin ərazi bütövlüyü, suverenliyi və
siyasi müstəqilliyinin qorunması baxımından
Alyansın tarixi müvəffəqiyyətləri, SNT ölkələri
də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin
NATO ilə əməkdaşlığının
başlıca amillərindən biridir. Alyans təkcə bu
prinsipləri dəstəkləməklə kifayətlənmir,
həm də Avratlantik təhlükəsizliyin əsası kimi
onları siyasi cəhətdən müdafiə edir. Bu kontekstdə
Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi
istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti
mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi
bütövlüyünü dəstəklədiyinə
görə NATO-ya minnətdardır.
Avropa ilə Asiya arasında yerləşən
Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji
bazarında mühüm rol oynayır. Cənubi Qafqaz
Avropanın enerji təhlükəsizliyi baxımından
olduqca əhəmiyyətli bir regiondur. Bölgədəki həll
olunmamış münaqişələrin mövcudluğu Avropanın
təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin
sabitliyinə də böyük təhdid təşkil edir. Bu
baxımdan münaqişələrin beynəlxalq hüququn
norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin
tələblərinə uyğun həll edilməsi beynəlxalq
ictimaiyyətin marağındadır.
Ölkəmiz hər zaman sülh
ideyalarına sadiqliyini nümayiş etdirir və müvafiq
siyasəti həyata keçirməklə regional və qlobal
miqyasda sabitliyin saxlanılmasını hər vəchlə dəstəkləyir.
25 illik çoxşaxəli əməkdaşlığımız,
sülhməramlı əməliyyatlar çərçivəsində
beynəlxalq sülhə verdiyimiz töhfə və Avratlantik
məkanda sülhə nail olmaq istiqamətində həyata
keçirdiyimiz uğurlu layihələr müvəffəqiyyətli
tərəfdaşlığımızın təzahürüdür.
İnanıram ki, bugünədək əməkdaşlıqda
qazanılmış nailiyyətlər gələcək
uğurlarımızın carçısıdır. Əminəm
ki, biz bu strateji əhəmiyyətli tərəfdaşlığı
inkişaf etdirməyə və gücləndirməyə
davam edəcəyik”, - deyə Azərbaycan
Respublikasının müdafiə naziri bildirib.
Azərbaycan.-
2019.-4 may.- S.10.