Elmin böyük təəssübkeşi
Azərbaycanın
özü qədər əbədi
Bu ay Azərbaycan xalqının tarixi taleyində müstəsna xidmətləri olan, XX əsr dünya ictimai-siyasi xadimləri içərisində xüsusi mövqeyi və yeri ilə fərqlənən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi, iyun ayında isə respublikamızda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Hazırda bütün xalqımız müasir Azərbaycanın memarı Heydər Əliyevlə bağlı hər iki əlamətdar tarixin təntənəli şəkildə qeyd edilməsinə hazırlaşır.
Heydər Əliyevlə bağlı bu əlamətdar tarixlərin, həmçinin bu dahi şəxsiyyətlə bağlı digər hadisələrin təntənəli şəkildə qeyd edilməsi hər şeydən əvvəl ona görə ümummilli əhəmiyyət daşıyır ki, xalqımız bu dahi şəxsiyyətin böyük siyasi idarəçilik məktəbi olan həyat və fəaliyyətinə hər dəfə yenidən qayıtmaqla onun daha yeni-yeni səhifələrini aşkarlamış olur, onun idarəçilik fəlsəfəsindən, hətta adi həyati situasiyalardakı davranışlarından, müxtəlif hadisələrə münasibətindən hər dəfə nəyisə yenidən öyrənmiş olur. Bu mənada Heydər Əliyevin anadan olmasının 96 illiyi və Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illik yubileyləri bu müdrik şəxsiyyətin dühası ilə ən sadə vətəndaşdan tutmuş ziyalılara, dövlət xadimlərinə qədər hər bir kəs üçün olduqca böyük mənəvi və siyasi-idraki əhəmiyyətə malikdir.
Heydər Əliyevin XX əsr Azərbaycan xalqının tarixi taleyindəki müstəsna xidmətlərini elmi olaraq düzgün dəyərləndirmək üçün ona bütövlükdə həmin tarixi mərhələnin qlobal sosial-siyasi və mədəni-mənəvi prosesləri kontekstində yanaşmaq lazımdır. Məlumdur ki, XX əsr bütövlükdə bəşəriyyətin sosial tərəqqisində olduqca mürəkkəb, keşməkeşli bir dövr kimi xarakterizə olunur. Elmi-texniki tərəqqinin görünməmiş bir sürətlə inkişaf etməsi, bəşəriyyətin tarixində görünməmiş kəskinlikdə ideoloji qütbləşmənin yaranması, iki cahan savaşı, qloballaşma və s. ilə xarakterizə olunan XX əsr tarixə qlobal ziddiyyətlər, təbəddülatlar dövrü kimi daxil olmuşdur.
Ötən əsrdə Azərbaycan xalqının tarixi taleyi də olduqca keşməkeşli, eyni zamanda şərəfli hadisələrlə zəngin olmuşdur. Hər şeydən əvvəl onu fəxarətlə qeyd etmək lazımdır ki, xalqımız XX əsrin əvvəllərində bütün müsəlman dünyasında ilk müasir tipli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa nail olmuşdur. Bu, olduqca əlamətdar bir hadisə idi. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət idarəetmə mədəniyyətinin, müasir tipli elm və təhsil infrastrukturunun, milli-ideoloji düşüncə standartlarının bərqərar olmasında müstəsna rol oynamışdır. Heydər Əliyev sovet idarəçilik məktəbi sistemində yetişmiş olsa da, onun siyasi təfəkkürü öz genezisini tipoloji olaraq məhz cümhuriyyətçilikdən və azərbaycançılıqdan götürmüşdür. Sonrakı illərdə SSRİ-nin tərkibində, olduqca mürəkkəb bir sosial-siyasi şəraitdə milli dövlətçilik ənənələri Heydər Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ona görə də onun bir siyasi xadim və şəxsiyyət kimi dəyərləndirilməsində XX əsr boyu azərbaycançılıq konteksti, hökmən, əsas götürülməlidir.
İstənilən tarixi mərhələni analitik ümumiləşdirmə qabiliyyətinə malik Heydər Əliyev özü XX əsrdə Azərbaycan xalqının tarixi inkişafını belə dəyərləndirirdi: "Xalqımız XX əsrin əvvəllərindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol ondan ibarətdir ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi potensialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük bir dəyişiklik əmələ gəlmiş, böyük bir ictimai-siyasi proses başlanmışdır. Bunlar hamısı keçdiyimiz dövrün, onun mərhələlərinin bəhrəsi, nəticəsidir”.
Burada Heydər Əliyev Azərbaycan xalqının XX əsrdəki inkişafını sosioloji olaraq modelləşdirməyə nail olmuşdur. Diqqət etsək görərik ki, Heydər Əliyev elmin inkişafı ilə iqtisadi inkişafı eyni kontekstdə qeyd edir. Deməli, o elmin inkişafını hər şeydən əvvəl iqtisadiyyatla və son nəticədə cəmiyyətin sosial-iqtisadi inkişafı ilə bilavasitə əlaqədə təsəvvür edir. Bu yanaşma, bugünkü terminologiya ilə ifadədə "cəmiyyətin innovativ inkişaf modeli” deməkdir. Heydər Əliyevdən nümunə gətirdiyimiz sitatda digər bir məqama da diqqəti cəlb etmək istərdik. Göründüyü kimi, o, cəmiyyətdəki proqressiv ictimai-siyasi prosesləri XX əsr boyu insanların dünyagörüşündə baş verən dəyişikliklərlə əlaqələndirir. Bu isə, bugünkü terminologiya ilə ifadədə "insan kapitalının inkişafı modeli” deməkdir. O, dahiyanə bir uzaqgörənliklə müəyyənləşdirir ki, cəmiyyətin proqressiv inkişafının əsasında məhz xüsusi dünyagörüşə malik, savadlı, təhsilli insan potensialı dayanır. Heydər Əliyev ixtisas sahəsinə görə filosof, sosioloq olmasa da, cəmiyyətin inkişafı üçün innovativ inkişaf tendensiyalarını, insan kapitalının inkişafı modelini böyük uzaqgörənliklə hələ neçə onillər bundan qabaq görmüş və fəaliyyətini də məhz bu istiqamətlərə uyğun olaraq qurmuşdur.
Biz bu məqaləmizdə olduqca çoxspektrli fəaliyyət diapazonuna malik Heydər Əliyevin məhz elmi fəaliyyətlə əlaqələri üzərində xüsusi dayanmaq istərdik. Hesab edirik ki, Heydər Əliyev və elm mövzusuna iki aspektdən yanaşmaq mümkündür:
1. Heydər Əliyevin idarəçilik
strategiyasının intellektual əsasları;
2. Heydər Əliyevin idarəçilik
strategiyasında intellektual inkişaf.
Bu istiqamətlər bilavasitə
bir-biri ilə qarşılıqlı əlaqədədir. Heydər
Əliyev çıxışlarından birində qeyd
etmişdir ki, "böyük dövlət xadimləri, siyasi
idarəçiliklə məşğul olanlar bilavasitə
elmi tədqiqatla məşğul olmurlar. Amma
onların dövlət əhəmiyyətli məsələləri
həll etməsi elmi axtarışdır, elmi
tapıntıdır”. Bu sözlərdə
olduqca böyük bir həqiqət var. Əsl dövlət
xadimlərinin siyasi idarəçiliyi ciddi intellektual əsaslara,
zəngin siyasi, geosiyasi, tarixi biliklərə söykənir.
Yüksək intellektə
malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyətində
və siyasi təcrübəsində hər zaman elmi fikrin ən
yeni nailiyyətlərindən faydalanırdı. O, elm və texnikanın, mədəniyyət
və maarifin, ədəbiyyat və incəsənətin
inkişafı məsələlərinin həlli məqamlarında
yüksək peşəkarlıq göstərir, cəmiyyətin,
xalqın inkişafını elmdə, intellektdə
görürdü. Heydər Əliyev elmə,
alimə həmişə yüksək qiymət verirdi. Bunun ilk səbəbi özünün də elmi təfəkkür
sahibi olması, öz fəaliyyətini həmişə elmi
prinsiplər üzərində qurması, intellektual potensiala
arxalanması idi. Onun Azərbaycan elminə
göstərdiyi qayğı və dəstək elə buradan
qaynaqlanır.
XX əsrin ikinci
yarısının əvvəllərindən XXI əsrin əvvəllərinədək
olan bir müddətdə Heydər Əliyevin Azərbaycan
elminin inkişafında oynadığı müstəsna rolu,
xidmətləri qiymətləndirmək o qədər də
sadə deyildir. İlk baxışdan belə
görünür ki, Heydər Əliyevin respublikaya rəhbərliyinin
həm birinci, həm ikinci mərhələsində onun elmin
inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri
sadalamaqla məsələni bitmiş hesab etmək olar. Lakin bu halda Heydər Əliyevin elm siyasəti
bütöv sosial-fəlsəfi mahiyyəti ilə
açılmamış qalar. Çünki
Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi
gündən ömrünün son anınadək elmin
inkişafı ilə bağlı həyata keçirdiyi siyasəti
məhz dərin bir konseptual əsasa dayanaraq, bəşəriyyətin
sosial tərəqqi tendensiyalarını dərindən dərk
edərək və Azərbaycanın inkişafını ona
uyğunlaşdıraraq həyata keçirirdi. Heydər Əliyevin elm strategiyasının
bütün daxili sosial-siyasi və fəlsəfi mahiyyətini
anlamaq üçün məhz o konteksti nəzərə almaq
lazımdır.
Ötən əsrin 60-cı
illərində bilavasitə Heydər Əliyevin təşəbbüsü
əsasında SSRİ Elmlər Akademiyasının prezidenti,
akademik M.Keldış Azərbaycana gəlir və
respublikanın rəhbərliyi ilə görüşür. Həmin
görüşdən sonra o vaxtlar böyük əhəmiyyət
kəsb edən, o dövr üçün superkompüter səviyyəsində
olan BGSM hesablama maşını Elmlər Akademiyasına
verilir. Bunun da nəticəsində
respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi
riyaziyyat, kibernetika və digər sahələrdə
böyük alimlər, mütəxəssislər ordusu
formalaşmağa başlayır.
Xüsusilə fizika,
riyaziyyat, informatika və texnika elmlərinin perspektivini
planlaşdırdıqda ümummilli lider Heydər Əliyevin məsləhət
bildiyi strategiya, yəni sənayemizin intellektual təminatının
perspektivi əsas götürülmüşdür. Nəticədə
70-ci illərdə Azərbaycanda riyaziyyat elmi sürətlə
inkişaf etmiş və dünyada tanınan elmi məktəb
kimi formalaşmışdır.
Respublikada elektrotexnikanın
intensiv inkişafı, mikroelektronika, optoelektronika,
cihazqayırma və sənayenin digər sahələrinin
yüksəlişi məhz yarımkeçiricilər
fizikası sahəsindəki fundamental tədqiqatlar nəticəsində
mümkün olmuşdur. Bu dövrdə astronomiya, kosmik tədqiqatlar
sahəsində də bir sıra mühüm işlər
görülmüşdür.
Çox az adam
bilir ki, Azərbaycan alimlərinin SSRİ-nin kosmik və hərbi-sənaye
proqramlarında uğurlu iştirakı Heydər Əliyevin bu
sahəyə ayırdığı xüsusi diqqətdən
irəli gəlirdi. O vaxtlar siyasi dairələrdə, eləcə
də Sovet İttifaqında Heydər Əliyev beynəlxalq
miqyasda nüfuzlu dövlət xadimi kimi tanınırdı.
Azərbaycanda biologiya elminin biokimya,
molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika,
bioenergetika kimi müasir sahələrinin fundamental əsası
məhz keçən əsrin 70-ci illərində
qoyulmuşdur. Təbiətə,
yaşıllığa, gözəlliyə insan
sağlamlığının, fiziki və mənəvi
saflığının təminatçısı kimi baxan
ümummilli lider Heydər Əliyev daim onun mühafizəsinin
qeydinə qalmışdır. Həmin illərdə
yaradılmış "Azərbaycanın Qırmızı
Kitabı” məhz möhtərəm Heydər Əliyevin sərəncamı
əsasında işıq üzü görmüşdür.
Azərbacanda kimya, neft
emalı və neft-kimya sənayesinin yüksəlişi məhz
1970-ci illərdə başlamışdır. Görkəmli alim, dünya
kimya elminin korifeylərindən sayılan akademik Yusif Məmmədəliyevin
Azərbaycanın neft-kimya elminin inkişafındakı səmərəli
təcrübəsinin davam etdirilməsini vacib sayan ulu öndər
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə respublika sənayesinin bu mühüm sahələrinə
kapital qoyuluşu artırılmış, ən qabaqcıl
texnologiya, yüksək məhsuldarlığı olan katalitik
krekinq kompleksi - "Azərneftyanacaq” İstehsalat Birliyi
yaradılıb istismara verilmişdir. Ulu öndər
Heydər Əliyevin neft-kimya sahəsinin müasirləşdirilməsində
də aparıcı rolu olmuşdur. Həmin dövrdə
Sumqayıtda sulfanol, xətti alkil-benzol, sulfat turşusu, kaustik
soda istehsalatları, məişət kimyası zavodları,
güclü EP-300 piroliz qurğusu, polietilen istehsal edən
qurğu və s. istismara verilmişdir.
Ötən əsrin 70-80-ci
illərində Heydər Əliyevin fəaliyyətində
milli kadrların yetişdirilməsi mühüm yer tuturdu. Akademik
M.Keldışın Azərbaycana gəlişindən sonra
SSRİ EA-nın müvafiq institutlarında
respublikamızın istedadlı gəncləri
üçün məqsədli aspiranturalara yerlər
ayrılmağa başlandı, elm və təhsil mərkəzlərində
təcrübə keçmək üçün mütəxəssislər
göndərildi, həmin elm sahəsinin mənimsənilməsi,
sonradan ölkəmizə transformasiya olunması istiqamətində
müəyyən işlər görüldü.
Təbii ki, bütün bu
işlər Heydər Əliyevin rəhbərliyi və
bilavasitə qayğısı nəticəsində həyata
keçirilirdi. Heydər Əliyevin həyata
keçirdiyi həmin uzaqgörən siyasət bu gün də
müstəqil Azərbaycan Respublikasının iqtisadi, elmi və
hərbi potensialının əsasını təşkil
edir. Ölkəmizin dövlət idarəetmə
orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində
ulu öndərin yetişdirdiyi kadrlar bu gün də uğurla
fəaliyyət göstərirlər.
Ulu öndər Heydər
Əliyev 70-80-ci illərdə Azərbaycana rəhbərliyi
illərində Azərbaycançılığın ən
mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində
də mühüm tədbirlər həyata
keçirmişdir. Ümummilli liderin fikrincə, ana dili azərbaycançılığın
təməl prinsipidir. Xatırlamaq yerinə
düşər ki, ulu öndər o dövrdə rəsmi
nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər
vəzifəlilərə də tövsiyə edirdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi
qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi
də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə
qəlbən bağlılığının, sevgisinin əyani
təzahürü idi. Bundan başqa, dahi
öndərimizin ötən əsrin 70-ci illərində nəşr
olunmuş 3 cildlik "Müasir Azərbaycan dili” dərsliyinə
dövlət mükafatı verməsi də dediklərimizə
bariz nümunədir.
Ulu öndər Azərbaycanın
elminin, mədəniyyətinin, ədəbiyyatının
inkişafını düşünərkən bu sahədə
fəaliyyət göstərən insanların əməyinə
də böyük qiymət verir, onlara böyük hörmətlə
yanaşırdı. Ulu öndər bütövlükdə sovet
dövrü Azərbaycanının mədəniyyət xadimlərinin
fəaliyyətini yüksək dəyərləndirərək
deyirdi: "O illər (yəni-sovet dövrü) mədəniyyətimizdə,
ədəbiyyatımızda, elmimizdə böyük şəxsiyyətlər
yetişdiribdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev
kimi dahi bəstəkarlarımız yeni əsərlər
yaratmışlar. Cəfər Cabbarlı kimi
dahi yazıçımız Azərbaycan xalqına
böyük ədəbi töhfələr vermişdir. Ədəbiyyatımızda Səməd Vurğun, Rəsul
Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov kimi
böyük şəxsiyyətlər yetişmişdir.
Alimlərimiz - Mirəsədulla Mirqasımov, Mustafa bəy
Topçubaşov, Heydər Hüseynov, Yusif Məmmədəliyev,
Mirzə İbrahimov, bir çox başqa alimlər 1945-ci ildə
ilk dəfə Azərbaycanın böyük elmini bir yerə
yığıb Elmlər Akademiyası yaratmışlar. Bunların hamısı o çətin, ağır
illərin böyük nailiyyətləridir”.
Ötən əsrin 70-80-ci
illərində əldə edilən nailiyyətlərə
baxmayaraq 1990-cı illərin əvvəlləri vəziyyət
tamamilə dəyişdi. Bu dövrdə həm
regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət
yaranmışdı. Böyük bir geosiyasi məkanda həyatın
bütün sahələrini total xaos
bürümüşdü. Həmin illərin mürəkkəb
şəraitində Azərbaycanda sosial-iqtisadi xaosu şərtləndirən
aşağıdakı amilləri fərqləndirmək
mümkündür:
1. Sovet dövrünə məxsus
siyasi-ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi
mühitdən yeni sistemlərə transformasiya problemləri;
2. XX əsrdə sürətlə
gedən qloballaşma prosesinin yaratdığı problemlər;
3. Azərbaycan üçün mərkəz
tərəfindən süni olaraq yaradılmış
Dağlıq Qarabağ problemi və onun doğurduğu
sosial-iqtisadi problemlər.
O dövrdəki mürəkkəb
şərait dövlət quruculuğunu xeyli sayda daxili və
xarici amillərdən asılı etdiyinə görə
strateji məqamları nəzərə alan
siyasi konsepsiyaları olduqca mürəkkəb şərtlər
daxilində formalaşdırmaq tələb olunurdu. Əksər hallarda bu mürəkkəblik həmin
siyasətin daxili və xarici tərəflərinin
harmoniyasını təmin etmək üçün
böyük uzaqgörənlik tələb edirdi. Başqa sözlə ifadə etsək, ötən əsrin
90-cı illərinin əvvəllərində baş verən
proseslər, transformasiyalar müstəqil Azərbaycanın
yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək
zərurətini ortaya qoymuşdur. Müstəqil
Azərbaycanın həm ideoloji, həm siyasi, həm də
iqtisadi sferalarında mövcud problemlərini müəyyənləşdirmək
və həlli yollarını göstərmək isə ilk
növbədə elmin vəzifəsi idi. Təəssüf
ki, həmin illərdə Azərbaycan elminin
düşdüyü ağır vəziyyət bu
funksiyanı yerinə yetirməyə ona imkan vermirdi.
Respublikanın əksər
elmtutumlu istehsal müəssisələrinin tamamilə
dayanması və ya qismən təsərrüfat fəaliyyəti
göstərməsi yerinə yetirilən elmi-tədqiqat
işlərinin nəticələrinin istehsal prosesinə cəlb
edilməsi sahəsində "elm-istehsal-bazar” əlaqələrinin
pozulması ilə nəticələnmişdir. Bir tərəfdən
ümumilikdə ölkədə yaranmış maliyyə
çətinlikləri ilə əlaqədar olaraq dövlətin
elmi-texniki fəaliyyəti maliyyələşdirə bilməməsi,
digər tərəfdən çoxmənbəli maliyyə
mexanizminin formalaşmaması Azərbaycan elmində
yaranmış problemləri daha da dərinləşdirmişdir.
Bundan əlavə, elmi
kadrların hazırlanması və istifadəsi, elmi əməyin
bazar iqtisadiyyatının tələblərinə uyğun
olaraq qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi,
nəşriyyat fəaliyyətinin pozulması elmi
potensialın zəifləməsinə səbəb
olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdim ki, həmin
illərdə elmin maddi-texniki bazasının gücləndirilməsi
üçün bir ədəd də olsun avadanlıq
alınmamışdı.
Belə bir şəraitdə
ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə
ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və
əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin
siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq
etməklə vəziyyəti əsaslı olaraq dəyişməyə
nail oldu. Müstəqillik illərində Azərbaycan Milli
Elmlər Akademiyası da ümummilli liderin növbəti
hakimiyyətə gəlişi ilə tamamilə yeni bir
inkişaf mərhələsinə qədəm qoydu.
Tarix və zaman Heydər
Əliyevi dövlətçiliyin və xalqın xilası
üçün seçdi. Seçdi ki, o, Azərbaycan
dövlətçiliyi tarixində dönüş mərhələlərindən
birinə - milli dirçəliş, müstəqil Azərbaycanın
quruculuğu prosesinə başçılıq etsin.
Ötən əsrin 90-cı
illərinin əvvəllərində bəziləri Azərbaycanın
intellektual beyin mərkəzi, müqəddəs elm məbədi
Akademiyanı bağlamaq istəyirdilər. Məhz
ümummilli lider Heydər Əliyevin sayəsində Akademiya,
eyni zamanda milli intellektual potensial məhv olmaqdan qurtula bildi.
Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışından sonra uzaq düşən,
xaricə üz tutan alimlərimiz tədricən geri
qayıtmağa başladılar. Elmlər
Akademiyasının fəaliyyətində canlanma, yeni istiqamətlər
müəyyənləşdi. Onun Azərbaycana rəhbərliyə
qayıtdıqdan sonra ilk görüşlərindən birini
1993-cü il sentyabrın 21-də Elmlər
Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin görüşdə Heydər Əliyevin
söylədiklərinin bizcə, heç bir şərhə
ehtiyacı yoxdur. "Mənə sədalar
gəlir ki, Elmlər Akademiyasını, institutları
dağıtmaq istəyirlər, elm ocaqlarına biganə
münasibət var. Biz bunların hamısına son
qoyacağıq. Nəyin bahasına
olursa-olsun, elm inkişaf etməlidir”. Həmin
vaxt deyilmiş bu sözlər elm və təhsilin perspektivini
cızdı və Heydər Əliyev doğrudan da vədlərini
yerinə yetirib ən çətin şəraitdə
yaşayan dövlətdə elm və təhsil
islahatlarının başlanğıcını qoydu. O
islahatları reallaşdıranlar da elə Heydər
Əliyevin 1969-1982-ci illərdə elm və kadr
potensialının yüksəldilməsini təmin etmək
üçün həyata keçirdiyi tədbirlər nəticəsində
yetişmiş yüksəkixtisaslı elm və təhsil
nümayəndələri idi.
1997-ci il
yanvarın 31-də Heydər Əliyev Elmlər
Akademiyasının aparıcı alimlər qrupunu qəbul edərək,
elm sahəsində islahatların aparılmasının vacibliyini
bildirib, Azərbaycanda elmin inkişaf strategiyasının əsas
müddəalarını qəti olaraq müəyyənləşdirmişdir.
Bu tarixi görüşdən başlayaraq Milli
Elmlər Akademiyasının Rəyasət Heyəti ulu öndərin
tövsiyələrini rəhbər tutaraq Akademiyada
islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin
dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın
hazırlanması sahələrinə dair qərarlar qəbul
etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda, "Elmin strateji inkişafı və Azərbaycanın
Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası
hazırlandı.
Akademiya alimləri ilə
keçirdiyi həmin görüş zamanı Heydər
Əliyev Azərbaycan elmi qarşısında dayanan əsaslı
problemlərə toxunmuş, onların
aktuallığını əsaslandıraraq alimlərimizə
Azərbaycan dövləti, xalqı üçün daha gərəkli
strateji məsələlərlə məşğul
olmağı tövsiyə etmiş, elmin inkişaf
strategiyasının əsas müddəalarını irəli
sürmüşdür. Humanitar elmlərin
xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan
ulu öndər ədəbiyyat, mədəniyyət tarixinin
yazılması zəruriliyi barədə söhbət
açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən
öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında
şərhinin dövlət üçün mühüm əhəmiyyət
daşıdığını diqqətə
çatdırmışdır.
Ulu öndərin tövsiyələri
Azərbaycan elminin inkişafı məqsədinə
hesablanmış fərman və sərəncamlarla müşayiət
olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı
ilə Elmlər Akademiyasına "Azərbaycan Milli Elmlər
Akademiyası” statusu verilmiş, 30 mart 2001-ci il və 1 iyul
2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və
Akademiyanın bütün işçilərinin əməkhaqları
bir neçə dəfə artırılmış, 2002-ci
ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin
yaradılması haqqında tarixi sərəncam
imzalanmış, böyük öndərin sədrliyi ilə
Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin
yaradılmasına həsr olunmuş geniş müşavirə
keçirilmişdir.
Azərbaycan xalqının
ümummilli liderinin Milli Elmlər Akademiyasının statusu,
Nizamnaməsi və MEA prezidentinin təsdiqi haqqında 4 yanvar
2003-cü il tarixli fərmanı da bu
baxımdan xüsusi əhəmiyyətə malikdir.
Böyük öndərin bu addımı Milli Elmlər
Akademiyası sistemində əsaslı islahatların
aparılmasına, texniki bazanın modernləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırılmasına,
dünya ölkələrinin elm sahəsində əldə
etmiş olduğu ən mütərəqqi təcrübənin
mənimsənilməsinə, elmi-tədqiqat institutlarında,
mərkəzlərdə işin keyfiyyət əmsalının
artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət
həyatı üçün xüsusi aktuallıq kəsb edən
problemlərə yönəlməsinə geniş şərait
yaratmışdır.
Ümummilli liderin 4 yanvar 2003-cü il
tarixli fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında
elmin inkişafını təşkil və təmin edən,
dövlətin elmi və elmi-texniki siyasətini həyata
keçirən, Azərbaycan Respublikasındakı
bütün elmi müəssisələrin və ali məktəblərin
elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və
istiqamətləndirən, Azərbaycan Respublikasını
xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət
sahəsində təmsil edən ali dövlət elmi təşkilati
statusunun verilməsi ilə milli müstəqillik mərhələsində
Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş,
onun səlahiyyətləri artırılmışdır. Azərbaycanda elmi-texniki potensialı qorumaq və
inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti
zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq
baxımından Akademiya qarşısında mühüm vəzifələr
qoyulmuşdur.
Həmin illərdə ümummilli
lider Heydər Əliyev tərəfindən Azərbaycan
Respublikasında bazar münasibətlərinə əsaslanan
iqtisadi-siyasi sistemin inkişafına nail olunması və onun
dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası məqsədilə iqtisadiyyatın bütün
sahələrində köklü islahatlar aparıldı. Bu islahatların əsas ideyası sənayenin texniki
və texnoloji səviyyəsinin, eləcə də innovasiya fəallığının
yüksəldilməsi yolu ilə ölkənin hərtərəfli,
davamlı inkişafının təmin edilməsi idi.
Həm Azərbaycanın inkişafında
oynadığı mühüm rol, həm də elmi
araşdırmalarla əlaqəsi baxımından Heydər
Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın
yeni neft strategiyasını xüsusi olaraq qeyd etmək
lazımdır. "Əsrin müqaviləsi”
adlandırılan neft müqavilələri, həyata
keçirilən enerji layihələri və
Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin
işə düşməsi Azərbaycanın sonrakı
iqtisadi inkişafının əsasında dayanan mühüm
amillərə çevrildi.
Təsadüfi deyil ki, ümummilli
lider Heydər Əliyev "Əsrin müqaviləsi”nin imzalandığı
mərasimdəki tarixi nitqində Azərbaycanın neft sahəsində
çalışan alimlərinin əməyini yüksək
qiymətləndirərək onların neft sahəsindəki
elmi nailiyyətlərini "böyük elmi kəşflər”
kimi dəyərləndirmişdir: "Bu gün bu tarixi
gündə Azərbaycanda neftin sənaye üsulu ilə hasil
və emal edilməsinə başlandığı dövrdən
təxminən 150 il sonra mən Azərbaycan neftçilərinin
bütün nəsillərinə, respublikamızın neft sahəsində
çalışan alimlərinin, mütəxəssislərinin,
mühəndislərinin və fəhlələrinin
hamısına bu dövrdə təbii sərvətlərimizi
çıxarıb xalqımızın rifahının
müəyyən qədər yaxşılaşmasına səy
göstərdiklərinə görə, fədakar əməklərinə
görə, böyük elmi kəşflərinə görə
təşəkkürümü bildirirəm və onları
indiyə qədər qazandığı nailiyyətlərə
görə ürəkdən təbrik edirəm”.
Heydər Əliyevin milli
dövlət quruculuğunda elm siyasətindən
danışarkən bu dövlətin elmi-ideoloji əsasları
üzərində xüsusi dayanmaq istərdim.
Heydər Əliyev bu
ideologiyanı "Azərbaycançılıq” kimi
formalaşdırmışdır. XIX əsrin
ortalarında Azərbaycanın mütəfəkkir şəxsiyyətləri
tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə
cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər
Əliyevin miqyaslı fəaliyyəti nəticəsində nəzəri
müstəvidən real sosial müstəviyə keçdi.
Hələ ötən əsrin ortalarında, Azərbaycanın
SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər
Əliyev həmin ideoloji çərçivələrin imkan
verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri
aşaraq azərbaycançılıq ideyasının təməl
prinsiplərinin əməli tətbiqi və bu ideyaların
kütləviləşərək milli ideyaya çevrilməsi
istiqamətində xeyli işlər görmüşdür. Azərbaycan dilinin dövlət dili elan olunması,
neçə-neçə şair və
yazıçının, ziyalının təntənəli
yubileylərinin keçirilməsi, əsərlərinin
kütləvi nəşri, milli-mənəvi dəyərlərin,
adət-ənənələrin qorunması istiqamətində
atılan mühüm addımlar Heydər Əliyevin adı ilə
bağlıdır.
1990-cı illərdə Heydər
Əliyevin təşəbbüsü ilə azərbaycançılıq
ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası
səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi,
latın əlifbasına əməli olaraq
qayıdış, Füzulinin və "Kitabi-Dədə
Qorqud”un yubileyləri, azərbaycanlıların dünya forumu
ilə bağlı qərar və sərəncamlar, azərbaycançılıq
ideyasını daşıyan elm və sənət xadimlərinin
dövlət qayğısı ilə əhatə olunması
və digər neçə-neçə tədbirlər məhz
bu məqsədə xidmət edən əməli addımlar
idi.
Azərbaycançılıq dahi rəhbərin
aşağıdakı tezisində özünün mükəmməl
elmi ifadəsini tapmışdır: "Azərbaycançılıq
hər şeydən əvvəl öz milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini qoruyub saxlamaq deməkdir!”
2003-cü ildən
başlayaraq Azərbaycan Prezidenti İlham Əliyev digər
sahələrdə olduğu kimi, dövlətin elm siyasəti
sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini
davam etdirir. Hazırda elmi potensialın inkişafı və ondan
milli tərəqqi naminə maksimum dərəcədə səmərəli
istifadə olunması, xüsusən "elm-iqtisadiyyat”
münasibətlərinin müasir dövrün tələbləri
baxımından yenidən qurulması Azərbaycan dövləti
və cəmiyyəti qarşısında duran əsas vəzifələrdən
biridir. Bu baxımdan Azərbaycan
Respublikasının Prezidenti tərəfindən həyata
keçirilən siyasət Azərbaycan dövlətinin
dünyada baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə
adekvat reaksiyası olmaqla yanaşı, həmçinin
güclü və müasir dövlət naminə son dərəcə
uğurlu bir "elm-iqtisadiyyat birliyi” modelidir. Bu siyasət bütün digər sahələrlə
yanaşı, Azərbaycan elmi qarşısında da bir
çox vəzifələr qoyur. Konsepsiyada Azərbaycanın
gələcək inkişafı ənənəvi
iqtisadiyyatdan "bilik iqtisadiyyatı”na keçid, insan
kapitalının adekvat inkişafı, mövcud imkan və
resursları nəzərə almaqla davamlı iqtisadi artım
və yüksək sosial rifah, səmərəli dövlət
idarəetməsi və qanunun aliliyi kimi prinsiplərin
reallaşdırılmasında götürülür ki, bu
prinsiplərin də həyata keçirilməsi ilk növbədə
elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və
istehsalat arasında əlaqələrin
artırılmasını, innovasiya fəallığının
yüksəldilməsini tələb edir. Xüsusən,
bilik və mədəniyyət sahəsinin vəzifələri
ilə informasiya texnologiyalarının inkişafı
arasında əlaqələrin müəyyənləşdirilməsi
elmi yanaşmalar olmadan mümkün deyildir.
Prezident İlham Əliyev Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir. O, elan etmişdir ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Azərbaycan alimləri bu çağırışı özlərinin elmi fəaliyyətlərinin strateji hədəfi kimi qəbul edirlər. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var. İndi Akademiya bu istiqamətdə köklü islahatlar aparmaqdadır. Konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu islahatların strateji məqsədi isə mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir. Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir.
Akif
ƏLİZADƏ,
AMEA-nin prezidenti,
akademik
Azərbaycan.- 2019.- 5 may.- S.1; 3.