Müasir, güclü dövlətin qurucusu
Azərbaycanın özü qədər
əbədi
Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaratmışdır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Məhz Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır. Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirdi. Etnik, dini, dil, cinsi ayrıseçkilik salmadan Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Günü-gündən iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin həqiqi qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirtdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı: "Hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etmək”.
Dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmə hüquqlarının var olması idi. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmun və məqsədini dəqiqləşdirdi. Onun konkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi. Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyırdı. Ümummilli lider son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi, iki istiqamətdə strateji dividend əldə etdi. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi baxımdan kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafeyini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.
Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Onu da əlavə edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Aparılmış fəal siyasət sayəsində ölkəmizin dünya dövlətləri ilə əlaqələri gündən-günə genişlənməkdədir. Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən artıq diplomatik nümayəndəliyi öz fəaliyyətini uğurla davam etdirir və bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasına əlverişli şərait yaradır. Regionun lider dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə də xüsusi önəm verir. 28 il ərzində müstəqil Azərbaycan özünün prinsiplərinə əsaslanaraq, qonşu dövlətlərlə dostluq münasibətlərini qoruyur. 2018-ci il aprelin 5-də Qoşulmama Hərəkatının nazirlər konfransındakı çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, ölkələr, iştirakçı təşkilatlar, eyni - oxşar çağırışlarla və problemlərlə üzləşərlərsə, o vaxt onların gücü birgə məsuliyyət daşımalarından asılı olacaq. Biz bu hərəkatın üzvü olaraq öz ölkəmizdə sərbəst, müstəqil həyat sürmək istəyirik, kənardan bizə yol göstərənlərlə yaşamaq istəmirik. 2019-2022-ci illərdə Azərbaycan 120 ölkəni öz ətrafında birləşdirən bu təşkilata sədrlik edəcəkdir. Bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Bakı şəhərində Qoşulmama Hərəkatının Zirvə Görüşü keçiriləcəkdir. Bu, Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.
Demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atan Azərbaycan dünya ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında qurmaqla beynəlxalq birliyin etimadını qazanıb. Azərbaycanın dünyadakı nüfuzu, bir çox beynəlxalq layihələrin reallaşması bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir və ölkənin Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda mənafeyini müdafiə etməklə yanaşı, ən önəmli mövqeyə malik olmasına nail olur, eyni zamanda, xarici siyasətə əməl etməklə mövqeyini təsdiqləyir və Azərbaycan xalqının təhlükəsiz və xoşbəxt gələcəyini təmin edir. Məhz bu nailiyyətlərə görə də bəzi ermənipərəst dairələr Azərbaycana qarşı təzyiq alətini işə salmağa çalışır, demokratik, müstəqil siyasətimizi kölgələməyə cəhd edirlər. Prezident İlham Əliyevin diplomatik səyi nəticəsində işğalçı Ermənistan dövləti küncə sıxışdırılmış halda qalmaqda davam edir. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir. Prezidentin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondu ilə ölkəmizin xaricdəki diplomatik missiyalarının birlikdə apardığı fəal iş nəticəsində Xocalı soyqırımı dünyanın 9 ölkəsində tanınmış, o cümlədən ABŞ-ın 13 ştatında soyqırımına hüquqi qiymət verilmişdir. Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində üç əsas amili önə çəkmişdir - dövlətin mövqeyi, xalqın iradəsi və beynəlxalq dəstək. Məhz bu gün bu üç amilin vəhdəti Azərbaycan xalqında münaqişənin tezliklə öz ədalətli həllini tapacağına inamı artırır. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Ulu öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir. Onun yaratdığı idarəçilik məktəbi dövlətimizin davamlı inkişafının və onun gələcək yüksəlişinin qarantıdır.
Bu idarəçilik məktəbinin ən layiqli məzunu və yetirməsi olan möhtərəm Prezident İlham Əliyevin milli maraqlar naminə apardığı uğurlu siyasət hamımızda böyük nikbinlik, gələcəyimizin daha da uğurlu olacağına inam hissi yaratmışdır. Əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyevin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür.
Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin
sədr müavini,
Yeni Azərbaycan
Partiyası Beynəlxalq
əlaqələr şöbəsinin
müdiri
Azərbaycan.- 2019.- 5 may.- S.7.