Rodriqo Maya: Braziliya Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir

 

Mayın 4-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Rodriqo Mayanı təkrarən Braziliya Milli Konqresi Deputatlar Palatasının sədri seçilməsi münasibətilə təbrik edib. Rodriqo Mayanın Azərbaycana ikinci dəfə rəsmi səfər etdiyini xatırladan Milli Məclisin sədri qeyd edib ki, bu, parlamentlərarası münasibətlərimizin nə qədər yüksək səviyyədə olduğunu sübut edir. Azərbaycan Braziliya ilə əlaqələrin hərtərəfli inkişafında çox maraqlıdır. Azərbaycan və Braziliya arasında ticarət dövriyyəsi 171 milyon dollardır. Bu rəqəm iki ölkənin iqtisadi potensialına uyğun deyil. Biz iqtisadi əlaqələrimizi daha da inkişaf elətdirə bilərik.

Görüşdə Milli Məclisin sədri Braziliyada neft yataqlarının aşkarlanmasında Azərbaycan neftçisi Eyyub Tağıyevin xidmətlərini qeyd edib, ölkələrimiz arasında həmişə dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Oqtay Əsədov mədəni-humanitar sahədə əlaqələrimizin dərinləşməsi istiqamətində atılan addımları təqdir edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr Braziliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün tutduğu mövqeyə görə minnətdarlığını bildirib.

Rodriqo Maya ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi digər sahələrə də öz müsbət təsirini göstərir. Braziliya energetika və kənd təsərrüfatı sahəsində ölkəmizlə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunması, birgə layihələrin həyata keçirilməsi ümumi məqsədlərə xidmət edərdi.

Qonaq Braziliyanın Azərbaycana böyük maraq göstərdiyini və gələcəkdə əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu söyləyib. Bildirilib ki, təkcə siyasi, iqtisadi deyil, mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar var.

Rodriqo Maya qeyd edib ki, Braziliya sülh ölkəsidir və dünyada sülhü təmsil edir. "Bizim BMT-də öz sözümüz varbiz Azərbaycanı hər zaman dəstəkləyirik”, - deyə o əlavə edib.

Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Oqtay Əsədov Rodriqo Mayaya ölkələrimiz arasında parlamentlərarası əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə "Azərbaycan Respublikası Milli Məclisinin "Parlament Medalı”nı təqdim edib.

 

Azərbaycan.- 2019.- 5 may.- S. 2.