XİN: “Azərbaycan NATO
ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair siyasi dialoqa
böyük önəm verir”
Xarici İşlər Nazirliyi Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 25 illiyinə dair məlumat yayıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Azərbaycanın 1994-cü il mayın 4-də NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 25 illiyinə dair məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda 25 il bundan əvvəl bu gün Azərbaycan Respublikasının Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulduğu bildirilir. Qeyd edilir ki, 1994-cü il mayın 4-də ümummilli lider Heydər Əliyev NATO-nun mənzil-qərargahını ziyarət edib və Sülh naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalayıb. Həmin vaxtdan etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.
NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avratlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür. SNT Proqramı, şübhəsiz ki, Alyansın ən uğurlu proqramlarından biridir və Azərbaycan Avratlantik təhlükəsizliyin möhkəmləndirilməsində onun rolunu müsbət qiymətləndirir.
NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus, dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib.
Azərbaycan NATO müttəfiq ölkələri tərəfindən tərəfdaşlığımızın başlanğıcından bəri Zirvə bəyannamələrində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə davamlı dəstək nümayiş olunmasını alqışlayır. Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir.
Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xətlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təliminə mühüm maliyyə dəstəyini təmin edir.
Azərbaycan
Avratlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin
qorunması məqsədilə Sülh
naminə Tərəfdaşlıq çərçivəsində
əldə etdiyi nailiyyətlərə əsaslanaraq
və onun prinsiplərinə, məqsədlərinə
uyğun olaraq, NATO ilə
işləməyə davam etməkdə
qətiyyətlidir.
Azərbaycan.-
2019.-5 may.- S.2.