Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində kollegiya
iclası keçirilib
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti qurumlarla birgə kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı birgə işlər aparılacaq və kəndlərlə bağlı yeni inkişaf konsepsiyası hazırlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu nazir Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Nazir diqqətə çatdırıb ki, hələ ötən ildən dövlət başçısının göstərişləri əsasında reallaşdırılan yeni islahatlar kursu 2019-cu ilin ilk rübündə artıq bütün sahələrdə, o cümlədən sosial sahə üçün uğurlu nəticələrini verib.
Cari ilin ilk aylarından dövlət başçısının imzaladığı fərman və sərəncamlarla əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn mühüm addımlar atılıb. Minimum əməkhaqqının və minimum pensiya məbləğinin təxminən 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırılması, həmçinin tələbələrin təqaüdlərində əhəmiyyətli artımın edilməsi, fiziki şəxslərin problemli kreditlərinin həllinə yönələn mühüm addım və s. kimi tədbirlər 3 milyondan çox insanın rifahına ciddi dəstək olub.
S.Babayev diqqətə
çatdırıb ki, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü
olan və ölkəmizin yeni
brendinə çevriləcək DOST (Dayanıqlı və Operativ Sosial Təminat)
layihəsi yaxın günlərdə DOST Agentliyinin
və ilk "DOST” mərkəzinin
açılışı ilə reallaşacaq.
Bu, 2019-cu ilin sosial sahədə ən önəmli hadisələrindən
biri olmaqla, dövlət
sosial xidmətləri sahəsində
keyfiyyətcə yeni inkişaf
mərhələsinin başlanmasını təmin edəcək.
Nəticədə bu xidmətlərin vahid platforma və bir pəncərədən, şəffaf və
vətəndaş məmnunluğu şəraitində
göstərilməsi təmin ediləcək.
Azərbaycan.-
2019.- 5 may.- S.2.