Əlillik qüsur deyil

 

Sənətin peşəkarı olmaq həvəsi

 

Sağlam düşüncə fiziki qüsur tanımaz. Əqli kamillik fiziki məhdudiyyəti daim üstələyib. Uşaq və gənclərin də arasında fiziki qüsurlular az deyil. Lakin onlar həyata baxışları, sağlam düşüncələri ilə daim sevilib, seçiliblər. Maraqlıdır ki, hətta fiziki qüsurluların arasından elə istedadlıları çıxır ki, yaratdıqları tətbiqi-sənətə aid əl işləri nəinki dünyanın ən məşhur muzeylərinin ekspozisiyasını bəzəyir, ayrı-ayrı şəxsi kolleksiyalarında da diqqəti cəlb edir.

Belələrindən biri də 1992-ci ildə Bakı şəhərində anadan olan, istedadı ilə bu gün çoxlarını heyran qoyan Cavid Həsənlidir. Onun rəssamlığa meyli get-gedə həyat amalına çevrilir. Cavid ürəyindəki arzularını kətana köçürməyə başlayır. Hərəkət məhdudiyyəti olsa da, 2015-ci ildə Peşə Reabilitasiya Mərkəzində rəssamlıq peşəsini öyrənir və bu müddətdə bir sıra sərgilərdə iştirak edir. Sevdiyi sənətin peşəkarı olmaq həvəsilə 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Cavid "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı müsabiqədə II yerin mükafatçısıdır. 2017-ci ilin sentyabr ayında Moskvada keçirilən VII "Məhdudiyyətsiz həyat” festivalında iştirak edib, rəsm yaradıcılığı sənət nümunəsi üzrə diploma layiq görülüb.

O, Ankarada Avropa könüllüsü kimi gənclərin beynəlxalq mübadilə proqramlarında yaxından iştirak edərək digər ölkələrdən gələn əlilliyi olan gənclərə öz peşəsini öyrədir.

 

"Qonşu evin işıqları”nda görünən istedad

 

Fiziki məhdudiyyətli Cəmilə Məmmədli 1993-cü ildə Göyçay rayonunda dünyaya gəlib. O, 2014-cü ildə Peşə Reabilitasiya Mərkəzinə toxuculuq peşəsini öyrənmək üçün müraciət edib. Burada əlavə olaraq, tikişdizayn peşələrinə də yiyələnib. Hərəkət məhdudiyyəti olmasına baxmayaraq, incəsənətə böyük marağı olan Cəmilə mərkəzdə kanon çalmağı, rəqs etməyi öyrənib. Avropa könüllülük proqramı vasitəsilə Dövlət Sosial Müdafiə Fondu ilə "Sağlam Düşüncə” Gənclər Təşkilatının azərbaycanlı və türkiyəli sağlamlıq imkanları məhdud olan gənclərin mübadilə proqramına əsasən, 2017-ci ildə Türkiyənin Ankara şəhərində gənclərin beynəlxalq mübadilə proqramlarında yaxından iştirak edib. O, "Qonşu evin işıqları” adlı kitabın müəllifidir. Dəfələrlə yaradıcılıq sərgi-müsabiqələrinin iştirakçısı olub. "Şərq nağılı” festivalında, eləcə də bir sıra müsabiqə və tədbirlərdə "Naz eləmə” rəqsini ifa etməklə iştirakçıları heyran qoyub.

Bütün bunlar hələ harasıdır, Cəmilənin həyata vurğunluğu, ondakı sağlam düşüncə, çalışqanlıq, mübarizlik, əzmkarlıq sadəcə nümunə deyil, həm də dərsdir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-5 may.- S.11.