On bir ayın sultanı gəlir

 

Bu gün orucluğun niyyət axşamıdır

 

Hicri-qəməri təqvimin doqquzuncu ayında - Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacibdir. Bu ay boyunca müsəlmanlar ulu Yaradanın buyruğunu yerinə yetirib günün işıqlı vaxtında oruc tutaraq yemək-içməkdən cinsi əlaqədən uzaq olacaqlar.

Qeyd etmək lazımdır ki, oruc islamla başlamamışdır, insanlar islamdan əvvəl oruc tutmuşlar. Bu, Qurani-şərifdə açıq-aşkar ifadə edilmişdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə vacib edildi” (Bəqərə, 183).

İlin ayları arasında Ramazanın xüsusi yeri var. Bütün müqəddəs kitablar, o cümlədən Qurani-Kərim on bir ayın sultanı sayılan Ramazanda nazil olmuşdur. Allahın sonuncu elçisi Məhəmmədə peyğəmbərlik bu ayda verilmişdir. Müsəlmanlar Məkkəni Ramazanda fəth etmişlər.

Oruc tutmaq Allah-taalanın buyruğu olmaqla bərabər, böyük əxlaqi-mənəvi, sosial əhəmiyyətə malikdir. Hədisi-şərifdə deyilir ki, "oruc sipərdir”, yəni müsəlmanı pis əməllərdən qoruyan gizli silahdır. Oruc tutan insan qeybət qılmaq, söyüş söymək, dava-dalaş salmaq kimi pis əməllərdən çəkinməlidir. Adamlar arasında bir-birinə məhəbbət, hörmət, şəfqət, dostluq, qardaşlıq, həmrəylik kimi duyğular hökm sürməlidir.

Oruc tutanlar düşmənçiliyə, umu-küsüyə son qoymalıdırlar. Hamı bir-birinə münasibətdə mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarmalıdır. Allah-taala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının zəruriliyini xatırladır.

Ramazan müsəlmanın mənəvi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, yemək, içmək, cinsi əlaqə kimi cismani ehtiyaclar insan həyatında güclü amillərdəndir. İlin bir ayında oruc tutmaqla müsəlman cismani ehtiyacların hökmranlığından azad olur mənəvi-ruhi cəhətdən təkmilləşmək imkanı əldə edir. Beləliklə, orucluq insanın mənəvi-ruhi dəyərləri daha dərindən mənimsəməsinə şərait yaradır. Ramazanda hamı eyni vaxtda oruc tutur, birlikdə namaz qılır bununla insanların Allah qarşısında bərabərliyi bir daha təsdiqlənir.

Oruc insana dözüm, iradə təmkin, nəfsə hakim olmaq vərdişləri aşılayır. Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini dərk edir, ona münasibətdə xeyirxah olmağın vacibliyini anlayır. Orucluq insanı yaxşı işlər görməyə sövq etməklə yanaşı, pis əməllərdən çəkindirir. Aparılmış çoxsaylı araşdırmalar göstərir ki, Ramazan ayı boyunca müsəlman ölkələrində cinayətkarlığın səviyyəsi açıq-aşkar aşağı düşür.

Eyni zamanda bir ay oruc tutmaq insanın sağlamlığında mühüm rol oynayır. Axı oruc tutmağı vacib edən Allah-taala bəndəsinə faydalı olmayan heç nəyi əmr etməz!

Orucda böyük ilahi hikmət var. Peyğəmbərimiz Məhəmməd salavatullah buyurmuşdur: "Oruc tutun ki, sağlam olasınız!” Qədim zamanlardan başlamış günümüzədək oruc insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdən keçirilir. Antik dövrdə Sokrat, Platon, Aristotel kimi yunan müdrikləri müəyyən müddət ac qalmağı, başqa sözlə, oruc tutmağı tövsiyə etmişlər. Müasir alimlər yemək-içməkdən imtina etməklə bir çox xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə etmişlər.

Oruc insan psixikasına, əsəb sisteminə müsbət təsir göstərir. Heyrətamiz haldır ki, oruc bir sıra psixiatrik xəstəliklərin, hətta şizofreniyanın müalicəsində təsirli vasitədir. Rus alimi, professor Yuri Nikolayev məhz oruc vasitəsilə 7 min nəfərdən çox psixi xəstəni müalicə etmişdir.

Bir çox dərdin dərmanı elə insanın özünün daxilindədir. Bu gün həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür.

Oruc tutarkən mədə, bağırsaqlar, qaraciyər həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, orucun müsbət təsirinə məruz qalmasın.

Oruc bel, onurğa, boyun ağrılarının sağalmasına kömək edir. Norveçdə aparılmış elmi tədqiqat nəticəsində məlum olmuşdur ki, qida qəbulundan imtina oynaqların iltihabının müalicəsində effektiv vasitədir - bir şərtlə ki, xəstə dörd həftə ac qalsın. Bu isə təxminən Ramazan orucunun müddətinə bərabərdir! Həkimlər mədə-bağırsaq xəstəliklərindən müalicə zamanı da elə bu qədər pəhriz saxlamağı məsləhət görürlər.

Qeyri-müsəlman ölkələrində aparılmış on minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübut etmişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlədən yüksək qan təzyiqinin, qaraciyər, dəri xəstəliklərinin, xüsusilə allergiya xroniki ekzemanın s. müalicəsinə kömək edir. Bundan başqa, oruc bir çox insanların əziyyət çəkdiyi köklükdən onun doğurduğu xəstəliklərdən qurtulmaq üçün təsirli vasitədir. Eyni zamanda oruc pis vərdişləri (siqaretə, narkotik maddələrə bağlılıq s.) tərgitməyə kömək edir.

Orucun faydaları haqqında çox danışmaq olar. Bununla belə, Ramazanda oruc məhz Allahın əmrini yerinə yetirib Onun rizasını qazanmaq üçün tutulur. Bu mübarək ayda Tanrıya edilən dualar daha tez qəbul olunandır. Vətən torpağının düşmən tapdağından qurtulması, didərgin həmvətənlərimizin yurd-yuvalarına qayıtması üçün dua edək! Allah orucunuzu müqəddəs ayda edəcəyiniz duaları qəbul eləsin!

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2019.-5 may.- S.12.