Liderlik xarizması

 

Azərbaycanın özü qədər əbədi

 

Tarixin hər bir dövrü öz liderinə möhtacdır. Liderlər həmişə öz zamanlarının yetirmələri, sanki onun çağırışı ilə dünyaya gələn şəxsiyyətlər olublar.

Onlar peygəmbər də ola bilər, sərkərdə də, siyasətçi də, dövlət başçısı da, alim də, filosof da... Dünyanın siyasi xəritəsində olan bir çox dövlətlər kimi, Azərbaycanda da müxtəlif dövrlərdə bir çox dahi şəxsiyyətlər dünyaya gəlmiş, istedadları, siyasətləri, qəhrəmanlıqları ilə parlamış və tariximizə adlarını yazıb, əbədiyyət qazanıb bu dünyadan köç etmişlər.

Babək Xürrəmi, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şah Əfşar və nəhayət, Heydər Əliyev. Bu və bir çox digər azərbaycanlı şəxsiyyətlər zamanın çağırışına səs verib meydana çıxmış və üzərlərinə düşən missiyaları şərəflə yerinə yetirmişlər. Onların hər biri millətinin, xalqının həqiqi lideri səviyyəsinə yüksələ bilmiş, onu arxasınca apararaq tarxin bir çox dolanbaclarından bu günümüzə gətirib çıxarmışlar.

İstər keçmiş, istər müasir tarix sübut edir ki, liderlik iddiasına düşənlər çox olur. Lakin tarix o adamı seçir ki, o, zamanın çağırışlarına cavab verə bilir. Belə liderlər başqalarından xarakterlərinə, imkanlarına, təşəbbüskarlıqlarına və bacarıqlarına görə son dərəcə fərqlənir və müstəsna liderlik xarizmasına - fitri istedada, dərin zəkaya, cəsarətə, mərdliyə, sədaqətə, qətiyyətə sahib olur, ekstremal vəziyyətlərdə vaxtında çevik və düzgün qərarlar qəbul etməyi bacarırlar.

Tədqiqatçı alimlər qeyd edirlər ki, liderlik xarizması daha çox hər hansı bir ölkənin, xalqın kəskin tarixi dönüş mərhələsində, böhranın dərinləşdiyi məqamlarda özünü göstərir. Alman filosofu Hegel "şəxsiyyət” və "zaman” anlayışlarının izahını verdiyi əsərlərin birində yazır: "Sürətlə siyasi iflasa yaxınlaşan xalqın taleyi yalnız dahi tərəfindən xilas edilə bilər”. Bu mənada Heydər Əliyev hakimiyyətinin hər iki mərhələsinin tədqiqi göstərir ki, O, hər iki dövrdə Azərbaycanın tarixi dönüş mərhələlərində xalqının, ölkəsinin köməyinə çatmış və həqiqi liderə çevrilərək öz misilsiz xidmətləri ilə bəşəri dəyər daşıyan bu qanunauyğunluğu təsdiq etmişdir.

Şübhəsiz, həyatda heç kim lider doğulmur. Ancaq liderlik keyfiyyətləri, liderlik xarizması insan övladında zaman-zaman formalaşır, ona nüfuz, hörmət və ehtiram gətirir. Heydər Əliyevdə siyasi lider üçün zəruri olan bütün keyfiyyətlər birləşirdi - dərin zəka, ağıl, siyasi intuisiya, güclü iradə, qətiyyət və soyuq məntiq var idi. O, siyasətə təsadüfən gəlməmişdi. Onun həyatını öyrənərkən bir daha şahidi olursan ki, Tanrı bu böyük insanı sanki bütün fəaliyyəti boyu Azərbaycanın xilasına, ölkəsinin müstəqilliyinin quruculuq missiyasına hazırlamışdır.

Heydər Əliyevi daha dərindən öyrənmək üçün onun ilk gənclik illərini varaqlayaq.

...Öz müəlliminin yüz yaşı tamam olanda, yəni 2003-cü ildə Heydər Əliyev ölkənin ən qocaman pedaqoqu, tanınmış ədəbiyyatşünas alim Lətif müəllimə səmimi təbrik məktubu göndərmiş və müəllimlərdən birinci olaraq onu "İstiqlal” ordeni ilə mükafatlandırmışdı.

- Heydərin o vaxt on üç yaşı vardı, pedtexnikuma isə on dörd yaşdan qəbul edirdilər. Onu atası gətirmişdi. Dedi, oğlum müəllim olmağı arzulayır. Mən o zaman tədris hissəsinin müdiri işləyirdim. "Yaxşı, gəl bir söhbətləşək” deyə uşağa üz tutdum.

Heydər inamla bütün suallara cavab verir və "zavuç” onu texnikumun direktoru Kazım Talıblının yanına aparır. "Bu oğlan Azərbaycan ədəbiyyatını, tarixi yaxşı bilir, mütaliəni sevir, nitq qabiliyyəti var. Zənnimcə, ondan yaxşı müəllim olacaq” deyir. Direktor riyaziyyatdan da mükalimə aparmağı təklif edir. Riyaziyyat müəllimi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Tofiq Bəktaşi də (Naxçıvandan sonra Bakıda nəzəri mexanikadan dərs deyib) Heydər Əliyevdən razı qalır.

- Heydər elə ilk günlərdən ən yaxşı tələbələrimizdən oldu, - Lətif müəllim sözünə davam edir. - Hətta yuxarı kursların ötkəm tələbələri də ona böyük hörmət bəsləyir, üzünə də, arxada da, gələcəyini bilirmiş kimi, ona "general” deyirdilər.

Dərslərarası fasilələrdə tələbələr texnikumun həyətinə axışırdılar. Qızlar kənara çəkilib sakitcə pıçıldaşır, oğlanlar isə dərhal dəstələrə bölünüb oynayırdılar. "Mən kiminləyəm, mən kiminləyəm” səsləri eşidilirdi.

- Yalnız Heydər soruşurdu: "Kim mənimlədir?” - bunu qocaman müəllimə Zərqələm Əliyeva xatırlayır. Maraqlı müşahidədir. Özü də o, bu detalı hafizəsində qoruyub saxlayıb. Bir çox məzunlar xatırlayır ki, o zaman texnikumda yaxşı kabinetlər, laboratoriyalar, hərbi-idman kompleksi, kino qurğusu vardı. Tələbələr bütün asudə vaxtlarını idmana sərf edirdilər - tullanma, qaçış, turnik, voleybol, tir. Uşaqlar sıra qarşısında "Voroşilov atıcısı” nişanı alanda əməlli-başlı qürurlanır, sevinirdilər.

Heydər Əliyev ömründə ilk mükafatı hələ o zaman almışdı. O, hərbi təlimlə də, idmanla da, Şamil Qazıyevin dərnəyində rəssamlıqla da məşğul olmağa vaxt tapırdı. Gənc rəssamların əsərləri şəhər sərgilərində göstərilirdi.

Ordu ən geniş yayılmış mövzulardan biri idi. "Biz hamımız o zaman böyük vətənimiz SSRİ-ni müdafiə etməyə hazırlaşırdıq, - deyə Dövlət Məmmədov xatırlayır. - Bizim rəsmlərimizdə qırmızı ulduzlu təyyarələr şığıyır, sovet tankları hücuma keçirdi... I937-ci ildə isə bütün ölkə böyük ruh yüksəkliyi ilə Aleksandr Puşkini yad edirdi. Onun faciəvi ölümündən yüz il keçirdi. Biz onun şeirlərini əzbərləyirdik və fəxr edirdik ki, Naxçıvanda hələ XIX əsrin sonlarında, Rusiyanın bir çox şəhərlərindən əvvəl Puşkin küçəsi salınmışdı. Texnikumda Puşkinin əsərlərinə çəkilən illüstrasiyaların müsabiqəsi keçirilirdi. Biz Heydər və onun böyük qardaşı Həsənlə Puşkinin "Yevgeni Onegin”, "Ruslan və Lyudmila”, "Kapitan qızı” əsərlərinə illüstrasiyalar çəkmişdik. Təəssüflər olsun ki, o şəkillər itib-batıb, indiyəcən qalmayıb. Yaxşı yadımdadır, həmin müsabiqədə birinci yer Heydər Əliyevə, ikinci və üçüncü yerlər isə mənimlə Həsənə verildi”.

Öz tələbə yoldaşlarının arasında Heydər Əliyev Lev Tolstoyun "Hərb və sülh” romanını orijinaldan oxuyan ilk olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət görmüşdü. Sonra Heydər bu böyük yazıçının portretini də çəkmişdi. Dövlət bu kitabın Azərbaycan dilində tərcüməsini oxuyurdu. Amma bir bazar günü kitabı yarımçıq qoyub Heydərlə birgə şəhərətrafı kəndlərindəki qohumlarına baş çəkməyə hazırlaşırdı. Yolda hər hansı bir minik vasitəsinə rast gəlməyə ümid etməyən yeniyetmələr piyada getməyi qərarlaşdırmışdılar, onun üçün də səhər tezdən yola çıxmışdılar.

...Yol boyu söhbət edirdilər, daha nələrdən danışmırdılar. Təzəcə oxuduqları kitablardakı və baxdıqları filmlərdəki qəhrəmanlardan, ilk sevgilərindən, kimin kimin daha çox xoşuna gəldiyindən.

Dağ kəndində böyüyən Zərqələm gələcəkdə müəllimə olub uşaqlara dərs demək arzusunda idi. Amma bununçün gərək əvvəlcə valideynlərini yola gətirəydi. Çünki onların fikrincə, qız uşağına, ümumiyyətlə, təhsil gərək deyildi. Nənələrinin bildiklərini öyrənsələr, kifayət edər. Lakin Nurs kəndində camaatın dünyagörüşü artıq yavaş-yavaş dəyişməkdəydi və qızcığaz valideynlərini razı sala bildi. O, texnikuma Dövlət və Heydərlə eyni vaxtda daxil oldu. Elə həmin vaxtlarda da onun Naxçıvanda yaşayan əmisi onların evində qalan Zərqələmi Həsən Əliyevlə tanış etmişdi. Əliyevlər bu kənd sakinlərinə o qədər xoş təsir bağışlamışdılar ki, Zərqələmin əmisi Heydərdən qıza öz bacısı kimi nəzarət etməyi xahiş etmişdi.

Heydər bu xahişi tam ciddiyyətlə yerinə yetirirdi. Kənd qızları hər vasitə ilə özlərini şəhər qızlarına bənzətməyə çalışırdılar. Şəhər qızlarının arasında isə həmin ərəfələrdə qısa saç kəsdirmək dəb idi. Heydərin qrup yoldaşları bir-bir hörüklərini kəsdirib yataqxanaya qayıdırdılar. Heydər Zərqələmdən xahiş etmişdi ki, çox da dəb dalınca qaçmasın. Zərqələm isə Heydəri sınamaq qərarına gəlmişdi:

- Bilirsən, Heydər, - ciddi görkəmlə ona belə demişdi, - mən başqalarından seçilmək istəmirəm. Kimdən əskiyəm ki?! Mən də saçımı qısa kəsdirəcəm.

Heydər zarafatı qəbul etməmişdi:

- Məndən xahiş ediblər ki, sənə nəzarət edim. Deməli, mənim icazəm olmadan sən bunu edə bilməzsən.

Bu sözlərdən sonra Zərqələm zarafat etdiyini etiraf etmişdi və zarafatının yersiz olduğunu da başa düşmüşdü.

Uşaqlar yolda bu epizodu da xatırladılar. Şəhərin son həyətləri artıq arxada qalmışdı. Yol yavaş-yavaş dağa qalxmağa başladı. İrəlidə qayaların arasında qədimdən bəri müqəddəs yer sayılan "Əshabi-kəhf” ucalırdı. Orada əsrlərdən bəri şəfalı suyu olan bulaq qaynayır. Yüzilliklər boyu insanlar buraya gəlib öz diləklərinin yerinə yetirilməsi üçün Allaha dua etmiş, qurbanlar kəsmişlər.

Heydərlə Dövlət dincəlmək üçün bulağın başında əyləşdilər. Onlar üçün dünyada soyuq bulaq suyu ilə İzzət xanımın bişirdiyi fətirlərdən dadlı sanki heç nə yox idi. Dövlət uşaqlıqda anasını itirdiyindən İzzət xanım onun da qayğısına qalmağı özünə borc bilirdi.

Bu qədim qayaların dibi yayda da sərin olurdu. Çox həssas və güclü təəssüratlı yeniyetmə olan Heydər bir gün əvvəl oxuyub tamamladığı romandan - uzaq keçmişdə baş vermiş müharibədən, 1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda gördüyü Kremldən həvəslə dostuna danışırdı...

O vaxt kimin ağlına gələrdi ki, bu yeniyetmələrin birinin yolu məhz Kremlə gedib çıxacaq. Deyəsən, təkcə uzaqgörən Lətif müəllim bu gənci həmkarlarından əvvəl qiymətləndirə bilmişdi:

- Bu cavan oğlan böyük adam olacaq, - o, pedaqoq həmkarlarına bu sözü çox demişdi.

 

***

 

Heydər Əliyevi öz zəmanəsində bütün zamanların parlaq şəxsiyyətinə çevirən onun son dərəcə erudisiyalı olması, yüksək mənəvi keyfiyyətləri - alicənablığı və təmizliyi ilə tanınması, işində və sözündə dəqiqliyi, obyektivliyi və ədalətli olması idi. Onun populyarlğı, insanların ona böyük inamı da elə bundan irəli gəlirdi.

Bəs xarizma nədir?

"Xarizma yunan sözü olub (ensiklopediyadan oxuyaraq) mənası "Allah tərəfindən verilmiş, bağışlanmış” mənasını verir. Xarizma ətrafdakı insanlara yüksək təsir göstərmək bacarığına sahib olan, insanların diqqətini asanlıqla özünə çəkə bilən, onların beyinlərində özü haqqında xoş təəssürat yaradan və digərlərini özünə tabe etmək qabiliyyətinə sahib olan liderə xas davranışdır. Xarizmatik insanlar həmişə digərləri üçün nümunə kimi görünür. Onların sözləri hamı tərəfindən dinlənilir və sanki insanlar onlara oxşamağa can atırlar. Eyni söz xarizmatik və sadə insan tərəfindən deyildikdə, onların sözü daha çox təsiretmə qabiliyyətinə malik olur.

Bəli, Heydər Əliyev keçdiyi həyat yolunun hər addımında öz liderlik xarizmasının ayrı-ayrı cizgilərini daha parlaq şəkildə nümayiş etdirmişdir. Xüsusi xidmət orqanlarındakı fəaliyyəti onun çox bacarıqlı bir çekist olduğunu üzə çıxarmışdısa, sonradan tez və düzgün qərar qəbul etmək, ümumi qaydalar çərçivəsində operativ hərəkət etmək bacarığı onu daha böyük zirvələrə aparmışdı.

O, respublikaya rəhbərlik etdiyi ilk mərhələdə də siyasi liderə xas olan bütün keyfiyyətləri parlaq şəkildə nümayiş etdirmişdir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməmişdən əvvəl aydın görürdü ki, ölkədə dərin ətalət hökm sürür, iqtisadiyyat digər respublikalardan çox geri qalır, bu səbəbdən də xalqın sosial rifahı ürəkaçan deyil.

 

***

 

"Biz siyasi büroda bir də müzakirə etdik və səndən başqa namizəd görmürük. Sabah səni baş katib Brejnev qəbul edəcək. O sənə təklif edəcək və sən ona razılıq verməlisən”. Heydər Əliyevi son dərəcə yaxşı tanıyan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropovun bu sözlərinə artıq etiraz etmək mümkün deyildi. Çox keçmədi ki, şəxsi vərəqəsində "zəhmətkeş, iradəli və prinsipial rəhbər işçidir, xidməti problemlərin həll olunmasında yoldaş Əliyev prinsipiallıq və qətiyyət nümayiş etdirir” qeydləri olan xüsusi xidmət orqanının 46 yaşlı generalı Heydər Əliyevin səlahiyyət və xidmət dairəsi daha da genişlənir və o, 1969-cu il iyilun 14-də Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilir. Bununla da postsovet məkanında sosial-iqtisadi inkişaf tempinə görə "qardaş sovet respublikalarının” arxa cərgəsində yer alan Azərbaycan özünün yeni inkişaf mərhələsinə, sözün həqiqi mənasında dirçəlişinə qədəm qoyur. Az bir vaxtda respublikada sanki möcüzə baş verir. Ölkənin bütün regionları, ətalət basmış sənaye və kənd təsərrüfatı strukturları hərəkətə gəlir.

Müsahibələrində həmin dövrü xatırlayan Heydər Əliyev deyirdi: "İlk aylar çox narahatlıq keçirirdim. Bununla belə, mən Azərbaycandakı çatışmazlıqların səbəblərini bilirdim, bilirdim ki, insanlar öz vəzifə mövqelərindən sui-istifadə edirlər, rüşvətxorluq baş alıb gedir, iqtisadiyyatımız digər sovet respublikaları ilə müqayisədə çox geridə qalır, əsas sənaye sahələrindən olan neft sənayesi gündən-günə geriləyir və s. Bütün bu məsələlərlə bağlı topladığım məlumatları özümdən əvvəlki respublika rəhbərliyinə məruzə edirdim və bunları yaxşı bildiyimə görə də dərhal hərəkətə keçdim”.

Hakimiyyətə gələn gündən tam əminliklə bilirdi ki, onun əsas vəzifəsi dövlət idarəçiliyindəki passivliyi kənarlaşdırıb fəallığı gücləndirmək, bütün strukturlarla yanaşı, cəmiyyəti də respublikanın problemlərinin həllinə səfərbər etməkdən ibarətdir. Bu, liderlik istedadının ən parlaq göstəricisi idi.

Nəticələr özünü çox gözlətmədi. Ölkədə qısa müddətdə həyata keçirilən kadr islahatları, işə fəal münasibət və xalqla canlı təmas respublikada böyük uğurlara start verdi. Xalq arasında Heydər Əliyev haqqında əfsanələr dolaşmağa başladı. 1970-ci ildə bilavasitə Heydər Əliyevin təyinatı ilə "Xəzərdənizneft” İstehsalat Birliyinə baş geoloq təyin edilən, bu gün isə ölkənin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan Xoşbəxt Yusifzadə xatırlayır: "Heydər Əliyevin təşəbbüskarlığı və iradəsi, keçmiş ittifaqın neft və qaz sənayesinin rəhbərləri ilə danışıqları, SSRİ rəhbərləri ilə görüşləri, Azərbaycanda neft və qaz sənayesinin perspektivliyinin elmi dəlillərlə sübutu ona gətirib çıxardı ki, SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin böyük dərinliklərində görüləcək işlər üçün vəsait və texnika ayırdı. Məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə səkkiz yeni neft-qaz yatağı kəşf edildi, ümumi neft və qaz hasilatının həcmi 1975-ci ildə 27,1 milyon tona çatdı və 1941-ci ildəki ən yüksək neft-qaz hasilatının səviyyəsini ötüb keçdi”.

Diqqətindən qaçmayan əsas məsələlərdən biri ölkənin yüksəkixtisaslı ali təhsilli mütəxəssislərə böyük ehtiyacı idi. Ona görə də Heydər Əliyev çox böyük uzaqgörənliklə bilikli, istedadlı Azərbaycan gənclərini ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərməyə nail oldu. Məhz onun təşəbbüsü və səyləri ilə 1970-80-ci illərdə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox qabaqcıl ali məktəbində ölkəmizin iqtisadiyyatının, təhsilinin və mədəniyyətinin bütün əsas sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı ali təhsilli mütəxəssis hazırlandı. Heydər Əliyev haqlı olaraq artıq müstəqillik illərində bu kontingenti "Azərbaycan xalqının milli sərvəti” adlandırırdı. Əslində, bunun özü siyasi lider kimi Heydər Əliyevin uzaqgörənlik keyfiyyətinin parlaq nümunələrindən biridir.

 

***

 

Yadımdadır, YAP Xətai rayon təşkilatında ulu öndərə həsr olunmuş tədbirlərin birində Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə xanım Seyidzadə ulu öndərlə bağlı xatirələrini toplantı iştirakçıları ilə bölüşdü:

- Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrlər idi. Onunla birlikdə rayonlara səfərimiz zamanı yol kənarında böyük izdiham ulu öndəri alqışlayırdı. Əllərində Əliyevin portreti, bayraqlar, gül-çiçəklər. Hər kəsin gözündə sevinc, üzündə fərəh. Heydər Əliyev hər kəsi salamlayır, görüşürdü. Ayaqyalın, nimdaş geyimdə bir uşaqsa bir neçə km yolu maşın karvanının arxasınca qaçırdı. Sonra kimsə onu dayandırdı.

Bu hadisədən 3 aya yaxın bir vaxt keçmişdi. Gecə saat 12 radələrində Heydər Əliyev mənə zəng vurub həmin səfər zamanı maşının arxasınca qaçan o çəlimsiz oğlanı tapmağı tapşırdı. Baş üstə deyib dəstəyi asdım. O dəqiqə həmin rayonların birinci katibləri ilə əlaqə saxladım. Məlum oldu ki, uşağın valideynləri yoxdur. Hazırda Bakının Nizami rayonunda yerləşən Vərəm dispanserində müalicə olunur. Mən xəstəxananın baş həkimi ilə əlaqə saxladım və məlumat təsdiqləndi.

Səhər Heydər Əliyev işə gələn kimi tapşırığın nə yerdə olduğunu soruşdu. Mən olduğu kimi məlumat verdim. Tapşırdı ki, uşağı nəzarətə götürün. Uşaq tam müalicə olunduqdan sonra uşaq evinə yerləşdirildi. Ali təhsil aldı. Və işlə təmin olundu.

 

***

 

Deyirlər ki, fenomenlərin sirləri olmur. Onlar heç möcüzə də yaratmırlar. Lakin onlar öz güclü yaddaşları, dərin zəkaları, zəngin təcrübələri ilə müasirlərinin həyata keçirə bilmədiklərini edirlər.

Həmin dövrü tədqiq edən politoloqlar və bir çox tarixçilər qeyd edirlər ki, Heydər Əliyevin məhz bu illərdə ölkədə gördüyü işlərin miqyası, əhəmiyyəti bütün bunların Azərbaycanın gələcək müstəqilliyinə ünvanlandığını aydın göstərirdi. Artıq müstəqillik illərində Heydər Əliyev özü də bunu təsdiq edərək deyirdi: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır. Mən onlara demirdim nə üçün bu lazımdır... Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.

Heydər Əliyevin xarizması və liderlik keyfiyyətləri haqqında düşünərkən bunların təkcə Tanrının verdiyi vergi olduğunu düşünmək, əslində, bu şəxsiyyətin özünün öz iradəsi, gücü və səyləri ilə qazandığı uğurları qiymətləndirməmək olardı. Çünki hələ 2001-ci ildə Rusiya televiziyasının "Hakimiyyət formulu” kanalına verdiyi müsahibəsində 1969-cu ildəki Əliyevlə 2001-ci ildəki Əliyev arasında fərqin nədən ibarət olduğu sualına cavab verərkən ulu öndər deyirdi: "Əlbəttə, çox fərqlər var. Axı 32 il keçmişdir. Bu müddətdə mən həyatda, siyasətdə, iqtisadiyyatda, beynəlxalq siyasətdə böyük təcrübə toplamışam. Xarakterimsə dəyişəməmişdir. Mən çox tələbkaram, hər şeydən əvvəl özümə qarşı. Sərtəm, ancaq amansız deyiləm. Bu mənim prinsipimdir: əgər insan özünə qarşı tələbkar deyilsə, onun başqasına qarşı tələbkar olmağa mənəvi haqqı ola bilməz. Bu, rəhbər vəzifə tutmuş adamlar üçün xüsusilə vacibdir”.

Heydər Əliyev çalışdığı bütün vəzifələrdə bu prinsiplərinə sadiq qalmışdır. SSRİ kimi nəhəng bir dövlətin Nazırlər Soveti sədrinin birinci müavini postunda çalışanda buna artıq bütün postsovet məkanında şahid oldular. Elə buna görə də onu əsl xarizmalı lider kimi sevdilər və adını həmişə ehtiramla çəkdilər. Çünki o, Azərbaycan adına çalışırdı, sevdiyi, heç zaman ayrılmadığı və həmişə sədaqətlə xidmət etdiyi vətənin adını uca tutmaq, xalqının adına olan bütün mənfi fikirləri öz siyasətçi istedadı, insanlıq keyfiyyətləri, ziyalılığı, alicənablığı, yüksək idarəçilik qabiliyyəti ilə alt-üst etmək, Azərbaycana və azərbaycanlılara şərəf gətirmək naminə heç nəyi əsirgəmirdi. Elə bu istəklə də hakimiyyətinin Moskva zirvəsinə qalxdı...

 

***

 

...O vaxtlar bu, bir həqiqət idi. Heydər Əliyev Azərbaycanı atıb getmək istəmirdi. Andropov ona Moskvaya köçməyi təklif edəndə o, tərəddüd etmişdi. Hətta Yuri Andropov bir qədər incik də düşmüşdü: "Sən nə danışırsan, mənə kömək etmək istəmirsən?!” Andropovun sədaqətli adamlara ehtiyacı vardı. Bu, həqiqət idi, çünki Heydər Əliyev özü də o dövrü xatırlayarkən deyirdi: "Mən əvvəlcə ona dedim: Yuri Vladimiroviç, şəxsən mənim Moskvaya gəlmək marağım yoxdur, mən Bakıda, Azərbaycanda qalmağı üstün tutardım. Mənim burada böyük planlarım, çoxlu işlərim var və istəyirəm hələ burada qalıb işləyim. Onda o, məndən incidi”.

XX əsrin tikintisi hesab edilən Baykal Amur Magistralı onun adı ilə bağlıdır. Sovet ali hakimiyyət nümayəndələrindən bu tikintiyə yollanaraq sadə insanlarla təmasda olan ilk yüksək çinli məmur şəxs də Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, Heydər Əliyevin xarizmasından irəli gələn yüksək siyasi mədəniyyəti, natiqlik məharəti və insanlarla asanlıqla ünsiyyət qurmaq bacarığı, incə yumor hissi onu təkcə mənsub olduğu Azərbaycan xalqının deyil, keçmiş postsovet xalqlarının da sevimlisinə çevirmişdi. Bu şəxsiyyət tutduğu vəzifə ilə yox, öz xarizması ilə insanlarda böyük inam hissi oyadırdı...

Tikilən yolun bütün sahələrinə baxmağa, işlərin gerçək vəziyyəti barədə tam obyektiv məruzə hazırlamağa ona cəmi 10 gün bəs etmişdi. Səfərdə Heydər Əliyevi müşayiət və müşahidə edənlər sonralar onun bu səfərindən heyrətlə danışırdılar. Sadə fəhlə adamlar ilk dəfə idi ki, hakimiyyəti təmsil edən insanın nə qədər sadə, sadə olduğu qədər də əzəmətli olduğunu görürdülər. Amma bu, Heydər Əliyev üçün ənənəvi bir iş üslubu idi, o, həmişə bütün məsuliyyəti öz üzərinə götürürdü. BAM istisna olmadı.

Ona görə də tarixçi alimlər, analitiklər belə bir fikirdə həmrəydirlər. "Sovet İttifaqı Heydər Əliyev kimi rəhbərlə Çinin keçdiyi tədrici kommunist transformasiyası yolu ilə inkişaf edə bilərdi, ancaq təəssüflər olsun ki, bu fürsətdən istifadə edilmədi”. Və nə yaxşı ki, istifadə edilmədi. Çünki bu, Azərbaycanın və ittifaqa daxil olan digər 13 respublikanın müstəqilliyi üçün tarixi bir şansa çevrildi. Amma fakt tarixi təsdiqini tapır ki, Heydər Əliyev beş illik fəaliyyətində də öz missiyasını, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdir. Elə buna görə də Rusiyanın məşhur dövlət xadimlərindən biri, ulu öndərin müasiri, böyük diplomat Yevgeni Primakov sonralar yazırdı: "Elə insanlar var ki, tərəddüd etmədən demək olar ki, onlar tarix yaradırlar. Heydər Əliyev belə insanlardan idi”.

Heydər Əliyevin xarizmasını sovet siyasi elitasının ən yüksək vəzifəli nümayəndələrindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun qürurlu, dəyanətli olması, ən çətin məqamlarda belə şəxsiyyətini, ləyaqətini cəsarətlə qoruya bilməsi, mərdliyi və əzəməti idi. Sovet İttifaqına rəhbər təyin olunan gündən Qorbaçovun vəzifədən namərdcəsinə uzaqlaşdırdığı ana qədər Heydər Əliyev öz mərdliyi, cəsarəti və polad iradəsi ilə bütün səviyyələrdə sevilən siyasi lider zirvəsinə qalxmışdı.

Vəzifədən uzaqlaşdırılandan sonra zorən təqaüdə göndərilən Heydər Əliyev bununla heç cür barışa bilmirdi. Bütün siyasi fəaliyyəti boyu onun paxıllığını çəkən və məqam düşən kimi ən ciddi rəqibi hesab etdiyi bu şəxsiyyətə son zərbəni belə vurmaqdan çəkinməyən Qorbaçov Sov.İKP MK-nın plenumlarından birində 100-dən çox yaşlı MK üzvü ilə bərabər Heydər Əliyevi də Mərkəzi Komitənin tərkibindən çıxartdı. Həmin plenumda Heydər Əliyev çıxış etmək istəyirdi, amma Qorbaçov "Mən Sizi görürəm, yoldaş Əliyev” desə də, ona söz vermirdi. Heydər Əliyev bu qərəzli münasibətin davam etdiyini görüb Qorbaçovdan icazə istəmədən tribunaya çıxmış və çıxışı zamanı üzünü Qorbaçova tutaraq demişdi: "Bizi çox tez hesabdan silirsiz!” Şübhəsiz, buna cəsarət lazım idi və bunu ancaq Heydər Əliyev xarakteri, xarizması nümayiş etdirə bilərdi.

Liderlik xarizmasının bütün koloritini özündə tam dolğun şəkildə təcəssüm etdirən Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtmamışdan əvvəl də xalqın nəzərində hər şeyi hamıdan yaxşı bilən xilaskar lider zirvəsində idi. Çünki onun siyasi nüfuzu, şəxsiyyətinin miqyası cəmiyyətə, dövlətə, ölkədəki siyasi və ziyalı elitasına çox böyük təsir göstərirdi. Yəni güclü xarizmaya malik böyük şəxsiyyət, dövlət xadimi kimi Heydər Əliyevə cəmiyyətə təsir göstərmək üçün hakimiyyətin zirvəsində olmaq elə də vacib olmayıb. O, hakimiyyətdən kənarda qalanda da, müxalifətdə olarkən də ölkəsi üçün çox şeylər etməyə qadir olub və edib də.

Bir anlıq 1990-cı il 20 Yanvar faciəsinin baş verdiyi günləri xatırlayaq. Xüsusi xidmət orqanlarının təqibi altında olan Heydər Əliyev faciənin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək dünya mətbuatının nümayəndələri qarşısında Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi təcavüzü və buna əmr vermiş SSRİ prezidenti Qorbaçovu sərt ittiham edir. Bir qədər sonra etiraz əlaməti olaraq partiya biletini təhvil verərək Kommunist Partiyasının sıralarını tərk edir. Onun bu cəsarətli addımları Azərbaycan xalqının mübarizə əzmini daha da gücləndirmiş, vətəndaşlarımızı azadlıq mücadiləsinə səfərbər etmişdi...

Sovet dövrünün bir çox yüksək vəzifəli məmurlarının xatirələrində qeyd edildiyi kimi, Heydər Əliyev SSRİ-nin islahatının qarantı ola bilərdi. Çünki Yuri Andropovun hakimiyyətinin uzun sürəcəyi təqdirdə Heydər Əliyev Sovet İttifaqının modernləşdirilməsinin və qorunmasının həyata keçirilə biləcək bir çox ssenarilərinin subyekti idi.

 

***

 

Onun missiyası müstəqil Azərbaycan dövlətini qurmaq, onu gələcək nəsillərə ən müqəddəs varlıq kimi əmanət etmək idi. Azərbaycan isə onun 1982-ci ildə qoyub getdiyi Azərbaycana əsla bənzəmirdi...

...Heydər Əliyevin 1993-cü ildə nümayiş etdirdiyi liderlik xarizması onun həmin mərhələdə Azərbaycan dövləti və xalqı qarşısında öz missiyasını dərindən dərk etməsindən irəli gəlmişdi. Heydər Əliyev bütün varlığı ilə bu missiyanın vaxtının yetişdiyini dərk edir və inanırdı ki, o, Azərbaycanı iflasdan, parçalanmaqdan, xaosdan və vətəndaş müharibəsindən xilas edə bilər, o buna məsuldur, borcludur və bütün enerjisini, siyasi təcrübəsini, daxili imkanlarını səfərbər edib bunu etməlidir. O illərdə Heydər Əliyev hakimiyyətdə olmasa da, artıq xalq arasında lider statusunda idi, liderlik özü ona doğru gəlirdi, çünki milyonlarla insan onun liderlik xarizmasının cazibəsində idi.

"İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağla gətirmək olmaz. Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir... Axı keçmiş SSRİ-nin heç bir respublikasında belə vəziyyət yoxdur”. Heydər Əliyevin 1993-cü ilin yayında mətbuat konfranslarının birində dediyi bu fikirlər dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının qəbul edilməsindən cəmi iki il sonra Azərbaycanın gerçək vəziyyətini bütün təfərrüatı ilə əks etdirirdi. Bəli, onun cəmi 11 il əvvəl qoyub getdiyi, ittifaqın 15 respublikası arasında ən yüksək templə inkişaf edən Azərbaycan indi bu vəziyyətdə idi. Ölkə miskin, düşmən qarşısında az qala diz çökməyə hazır olan, xaos və anarxiyanın baş alıb getdiyi, vətəndaş müharibəsi həddinə çatmış, müstəqilliyi itirmək təhlükəsi qarşısında qalmışdı.

Heydər Əliyev Azərbaycanda hamıdan daha yaxşı bilirdi ki, dövləti idarə etmək tarixən həmişə ciddi və mürəkkəb məsələdir. Kimlərsə öz məqsədlərinə nail olmaq üçün ölkələrini qan çanağına döndəriblər, kimlərsə ağıllı və müdrik siyasət yeritməklə, islahatlar aparmaqla qarşıya qoyulan məqsədlərə nail olublar. Elə ona görə də tarixin verdiyi fürsətdən istifadə edib öz ölkəsinin xilası üçün bütün imkanlarını səfərbər etməli idi. Onun başqa yolu qalmırdı. Xalq öz lideri kimi onun iradəsinə, qətiyyətinə, təcrübəsinə ümid bəsləyirdi. İndi bu böyük siyasi xadimin fəaliyyəti yenidən Azərbaycanın taleyi, milyonlarla insanın həyatı ilə bağlı idi. O, ölkəsinin, xalqının taleyini, simasını dəyişməyə məsul idi. Məhz indi o, ləngimədən özünün əsl missiyasının icrasına başlamalı idi.

Heydər Əliyev bilirdi ki, onun siyasi fəaliyyəti heç də təkcə daxildəki rəqiblər və düşmənlərlə mübarizə ilə məhdudlaşmayacaq, həm də xarici düşmənlərin təziyq, təxribat və təcavüzlərinə qarşı mübarizə aparmaq və bu mübarizədən qalib çıxmaq lazım gələcək.

Heydər Əliyev kreativ və çevik siyasətçi idi və qəbul etdiyi qərarların heç biri standart xarakter daşımırdı. Amma bununla belə, insanlar elə ilk dəqiqədə onun qəbul etdiyi qərarların uğur gətirəcəyinə inanırdılar. Çünki insanlar illərlə onun qərarlarının hər birinin uğurlu nəticələrinə şahid olmuşdular.

Heydər Əliyev son dərəcə böyük intellektual potensiala malik idi. Qarşılaşdığı elə bir sahə yox idi ki, onun haqqında informasiyası və məlumatı olmasın. Məhz bu keyfiyyət ona imkan verirdi ki, bir çox kritik məqamlarda böyük həcmdə informasiyalar toplayıb onları təhlil etsin, şəraitə düzgün qiymət versin və öz hərəkətinin hansı nəticələrə səbəb olacağını qabaqcadan görsün.

 

***

 

Filosoflar deyirlər ki, "həqiqi dövlət xadimlərinin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən fayda götürməyi bacarsın, hətta şəraitin ən qorxunc axarını belə dövlətin xeyrinə dəyişə bilsin”. 1994-cü ilin mayında Azərbaycanın torpaqlarını işğal etmiş bir təcavüzkar dövlətlə atəşkəs haqqında sazişi imzalamağa qərar vermək həmin dövrdə Heydər Əliyevin nüfuzuna zərbə vurmaq üçün onu istəməyənlərin əlində son dərəcə güclü bir arqumentə çevrilə bilərdi. Lakin Heydər Əliyev bundan çəkinmədi, çünki bu, həmin məqamlarda ən doğru qərar idi. Zaman göstərdi ki, Heydər Əliyevin böyük uzaqgörənliklə qəbul etdiyi bu qərar sazişin imzalandığı gündən bu ana qədər müstəqil Azərbaycanın daxili siyasi sabitliyinin təmin edilməsinə, dövlətçilik prinsiplərinin bərqərar olmasına, ölkənin iqtisadi cəhətdən sürətlə inkişaf etməsinə, Milli Ordunun formalaşmasına və bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer almasına, ölkəmizin beynəlxalq və regional siyasi nüfuzunun möhkəmlənməsinə, xalqının rifah halının durmadan yaxşılaşmasına xidmət etmişdir.

Heydər Əliyev siyasətinin uğur qazanmasının əsas səbəblərindən biri onun təcrübəsi, zəngin siyasi biliyi idi və bu təcrübə ona xalqı tərəfindən böyük etimad qazandırmışdı. Heydər Əliyev sərt sovet rejiminin ən xırda siyasi səhvi belə güzəştə getmədiyi illərdə cəsarətlə xalqının milli maraqlarına xidmət etmiş və hakimiyyət sınağından uğurla çıxmış bir dövlət xadimi idi.

Fəaliyyətinin bütün dövrlərində, hər addımında, hər jestində Heydər Əliyev xarizmasının sirayətedici gücü insanları heyran edirdi, aydın görünürdü ki, onun böyük enerji potensialı var. Əslində, bunsuz liderin siyasətdə, həyatda nəyəsə nail olması əsla mümkün deyil. Çünki xarizmalı lider öz məqsədinə nail olmaq üçün çoxlu vaxt və enerji sərf etməlidir. Onun liderlik xarizmasına yüksək iş qabiliyyəti və stresə davamlılıq, təşəbbüskarlıq və enerjilik, cəsarət və tədbirli olmaq, mərdlik və qətiyyətlilik, etibarlılıq və məsuliyyətlilik, müstəqillik və azadlıq kimi ali keyfiyyətlər xas idi. Əlbəttə, Heydər Əliyevin bu keyfiyyətlərlə yanaşı, güclü temperamantə malik olması onu öz çevrəsindəki digər siyasətçilərdən kəskin fərqləndirirdi.

Heydər Əliyevin həyat və fəaliyyətini böyük bir sevgi ilə müşahidə edən dünya şöhrətli yazıçı Çingiz Aytmatov təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük oğlunu belə dəyərləndirir: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimlərin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir... Bütün bu həqiqətlər qloballaşan bazar iqtisadiyyatı şəraitində, dünyanın gözü qarşısında cərəyan edir. Müstəqillik dövründə qarşılaşdığı çox böyük çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan həm bölgədə, həm də dünyada layiqli, demokratik yerini tutmuşdur. Bu məsələdə isə həlledici rol, tarixi missiya Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin öhdəsinə düşür. Çünki o, müasir dövrün siyasi liderləri arasında böyük ehtiyac duyulan bir şəxsiyyətdir. Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.

Zərrə qədər də şübhə etmirəm ki, gələcək nəsillər Heydər Əliyevi sivilizasiya tarixinin ən tanınmış siyasətçilərindən biri kimi öyrənəcək, onun həyatını, siyasi irsini, dövlətçilik fəlsəfəsini daim araşdıracaq, müdrik kəlamlarını zərbi-məsəl kimi dilə gətirəcəklər.

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

YAP Xətai rayon təşkilatının sədri

 

Azərbaycan.- 2019.- 7 may.- S.1; 5.