Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə
bağlı seminar keçirilib
Mayın 6-da “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsi qitə ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və təşkilat komitəsinin üzvləri iştirak ediblər. Seminara Avropanın 40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un “Bakı 2019” üçün xüsusi olaraq yaratdığı Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıblar.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayaraq deyib: “Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramı olacaq. Avropa Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda görməyimə şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən dövrdə bizim Avropa ölkələrinin Milli Olimpiya komitələri ilə sıx işbirliyimiz olub və onlara hər bir dəstək göstərilib”.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki seminarın Festivala hazırlıq prosesində əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirərək deyib: “Biz Avropa Gənclərinin Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa Milli Olimpiya komitələrinin nümayəndələri ilə birgə gözəl Bakıya bir daha gəlməyimizdən böyük məmnunluq duyuruq. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.
Bu tədbir Avropanı ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə yanaşı, onların “Bakı 2019” haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm məsələlər barədə müzakirələr aparıblar. Festivalın Əməliyyat Komitəsi seminarda Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunacaq medalları da nümayiş etdirib.
Tədbir çərçivəsində Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərində, eləcə də Atletlər kəndində olacaqlar.
Xatırladaq ki, Avropa Gənclərinin
XV Yay Olimpiya
Festivalı iyulun 21-27-də Bakıda
keçiriləcək. Yarışlarda iştirak
etmək üçün Azərbaycana
3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək.
Atletlər idmanın on növü
- gimnastika, atletika, basketbol, velosiped idmanı,
həndbol, cüdo, üzgüçülük,
tennis, voleybol və
güləş yarışlarında qüvvələrini
sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox
könüllü fəaliyyət göstərəcək.
Azərbaycan.-
2019.-7 may.- S.9.