Azad Rəhimov: “Bakı 2019” gələcəkdə
olimpiya oyunlarında iştirak
edəcək gənc idmançılar üçün
böyük təcrübə olacaq
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı bizim üçün çox önəmli tədbirdir. Yarışa 14-18 yaşlı idmançılar qatılacaqlar. Belə kompleks idman yarışları zamanı Atletlər kəndində və yarışların keçirildiyi qurğularda unudulmaz ab-hava olur. "Baku 2019” gələcəkdə Olimpiya Oyunlarında iştirak edəcək gənc idmançılar üçün böyük təcrübə olacaq.
AZƏRTAC xəbər verir ki, bunu mayın 6-da Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil etdiyi seminardan sonra keçirilən mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, festivalda əsasən komanda idman növləri üzrə yarışlar olacaq. İstəyirik ki, idmançılarımız komanda növlərində də öz bacarıqlarını nümayiş etdirsinlər. Bakıda təşkil olunan ilk Avropa və IV İslam Həmrəyliyi oyunlarından xeyli sayda avadanlıq saxlamışıq. Könüllülər yarışa tam hazırdır. Müraciət edən 12 mindən çox könüllünün 8 mini müsahibədən keçib və yarış üçün 2500 nəfər seçilib. Bugünədək 2700 idmançı və 1300 nümayəndə iştirakını təsdiqləyib. Hakim və digər qonaqlarla birlikdə 5 min nəfərin Bakıya gələcəyini gözləyirik.
"Bilet satışı üçün "iTicket” şirkəti ilə müqavilə bağlanıb. Açılış və bağlanış mərasimlərinə biletlər 5-10 manata, yarışlara isə pulsuz olacaq. Biletlər iyunun 10-dan satışa çıxarılacaq. Festivala hazırlıq işlərində əsasən yerli mütəxəssislər çalışırlar. Yalnız bir əcnəbi mütəxəssis nəqliyyat planının hazırlanmasında bizimlə əməkdaşlıq edir. Həmin şəxs "Formula-1” yarışlarının da nəqliyyat planını tərtib edib”, - deyə A.Rəhimov bildirib.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki festivala hazırlıq işini yüksək qiymətləndirib. Dörd il əvvəl I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan C.Visaçki bu festivalın da uğurla keçiriləcəyinə əminliyini bildirib. Qeyd edib ki, belə tədbirlər Azərbaycanın dünyada təbliği üçün yeni imkanlar açır. Belə uğurlu layihənin bir parçası olmaq mənim üçün qürurvericidir.
Sonra festivaldan bəhs edən videoçarx nümayiş
olunub.
Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı
iyulun 21-27-də Bakıda
keçiriləcək. Atletlər idmanın
10 növü - gimnastika,
atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo,
üzgüçülük, tennis, voleybol və güləş
yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman
obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Azərbaycan.-
2019.- 7 may.- S.9.