Bakıda
“Beynəlxalq Əmək Təşkilatının 100 illik
yubileyi” mövzusunda konfrans keçirilib
Mayın 6-da Bakıda Beynəlxalq
Əmək Təşkilatının (BƏT) dəstəyi ilə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən
BƏT-in 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev
çıxış edərək konfrans
iştirakçılarını bütün dünyada əməkçilərin
haqlarının davamlı qorunmasında böyük xidmətləri
olan Beynəlxalq Əmək Təşkilatının 100 illik
yubileyi münasibətilə təbrik edib.
S.Möhbalıyev bildirib ki,
dünyanın aparıcı təşkilatlarından biri olan
BƏT-lə sıx əməkdaşlıq etmək Azərbaycana
sosial-əmək mübahisələrinin tənzimlənməsində
beynəlxalq təcrübəni öyrənmək və tətbiq
etmək, sosial tərəfdaşlığı (hökumət,
həmkarlar ittifaqları, işəgötürənlər)
inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi
və tənzimlənməsindən bəhrələnmək
imkanı yaradır. Bu, həmçinin beynəlxalq təcrübəyə
əsaslanan əmək qanunvericiliyi normalarının işlənib
hazırlanmasına kömək edir, sahibkarlığın,
eyni zamanda, kiçik biznesin inkişafına, məşğulluq
problemlərinin həllinə təsir göstərir.
AHİK sədri qeyd edib ki, Azərbaycanın
BƏT-lə qarşılıqlı fəaliyyəti mütəmadi
imzalanan əməkdaşlıq proqramları ilə həyata
keçirilir. Bu proqramlarda məşğulluğun
imkanlarının genişləndirilməsi və ölkəmizdə
yeni iş yerlərinin yaradılması, əməyin təhlükəsizliyinin
yüksəldilməsi və sosial müdafiənin gücləndirilməsi,
eləcə də beynəlxalq əmək standartlarına riayət
edilməsi və sosial dialoqun inkişafı məsələlərinə
dair müxtəlif qarşılıqlı fəaliyyət
formaları nəzərdə tutulur. BƏT Azərbaycana
sosial-əmək qanunvericiliyinin ekspertizasının
aparılmasına, sosial tərəfdaşlıq
konsepsiyasının, istehsalatda işçi kadrlarının
hazırlanmasının modul sisteminin təcrübədə tətbiq
olunmasına, məşğulluq, sosial müdafiə və
pensiya təminatı xidmətlərinin təkmilləşdirilməsinə,
əmək sahəsində statistikanın inkişafına,
peşələrin təsnifatının aparılmasına,
mütəxəssislərin hazırlanmasına məsləhətçi
yardımı göstərir.
S.Möhbalıyev daha sonra qeyd edib
ki, ötən 27 il ərzində AHİK-lə BƏT
arasında əmək, əmək münasibətləri, məşğulluq,
əməyin təhlükəsizliyi və mühafizəsi, əmək
qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində fəal
əlaqələr yaradılıb, son 12 il ərzində 88
seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim
kursları, forumlar, təqdimatlar və tədbirlər
keçirilib.
Diqqətə
çatdırılıb ki, Beynəlxalq Əmək Təşkilatının
maliyyə dəstəyi ilə həyata keçirilmiş Azərbaycanda
fəaliyyət göstərən transmilli şirkətlərdə
həmkarlar ittifaqı təşkilatlarının yaranması
və orada sosial dialoqun təşkili layihəsi xüsusi maraq
doğurub. Layihə çərçivəsində
“Respublikada fəaliyyət göstərən transmilli şirkətlərdə
həmkarlar ittifaqlarının yaradılması təcrübəsi,
perspektivləri və çətinlikləri” mövzusunda dəyirmi
masa, “Həmkarlar ittifaqları və transmilli şirkətlər”
mövzusunda seminar və konfrans keçirilib. Bu tədbirlərdə
müvafiq mövzular müzakirə edilib və müzakirələrin
nəticəsi olaraq müxtəlif sənədlər
hazırlanıb.
AHİK sədri deyib ki, ötən
müddətdə Azərbaycan BƏT-in 58 konvensiyasını
ratifikasiya edib. AHİK də BƏT-in konvensiyalarının
ölkəmizdə tətbiqi ilə əlaqədar geniş tədbirlər
həyata keçirilir. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının və sahə həmkarlar
ittifaqının nümayəndələri Beynəlxalq Əmək
Təşkilatının hər il keçirilən
sessiyalarında Azərbaycan Respublikasının hökumət
nümayəndələri ilə birlikdə iştirak edir,
müzakirə olunan məsələlərlə bağlı
öz prinsipial mövqelərini ortaya qoyurlar. Respublikamız
Avropa Şurasının Dəyişdirilmiş Avropa Sosial
Xartiyasına qoşulduqdan sonra Avropa Şurası
qarşısında götürdüyü öhdəlikləri
yerinə yetirmək üçün bütün imkanlardan
maksimum istifadə edir.
Səttar Möhbalıyev
vurğulayıb ki, BƏT-in Əməyin gələcək
sferası üzrə Qlobal Komissiyasının hesabatında
insan həyatına istiqamətlənmiş ictimai müqavilənin
yerinə yetirilməsi əsas yerlərdən birini tutur.
Vurğulanıb ki, “Azərbaycan
Respublikasının 2016-2020-ci illər üçün Layiqli
Əmək üzrə Ölkə Proqramı” Beynəlxalq
Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın
iştirakı ilə işlənib hazırlanıb və
2016-cı ilin sentyabrında qəbul edilib. Bundan dərhal sonra
AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan
Respublikasının 2016-2020-ci illər üçün Layiqli
Əmək üzrə Ölkə Proqramı”nın həyata
keçirilməsinə dair Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının Konsepsiyası”nı təsdiq
edib. Konsepsiyada həmkarlar ittifaqının həyata
keçirəcəyi tədbirlər və görəcəyi
işlər 8 istiqamət üzrə müəyyənləşdirilib.
Qeyd edilib ki, AHİK öz
imkanlarını BƏT-in “Ədalətli qloballaşma naminə
sosial ədalət” haqqında Bəyannaməsində
qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi
üçün səfərbər edib.
Sədr
iştirakçıların nəzərinə
çatdırıb ki, 2019-cu il Azərbaycan üçün
mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin
reallaşdığı il kimi tarixə düşə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci
ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi
islahatlar ili kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə
inqilabi islahatların reallığa çevrildiyi tarix kimi
yaddaşlara yazılacaq. Təkcə fevral ayında bunu şərtləndirən
amillərə nəzər yetirsək görərik ki,
İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam,
4 fərman ölkə əhalisinin sosial rifah halının
yaxşılaşdırılmasına, aztəminatlı ailələrin,
qaçqın və məcburi köçkünlərin,
müharibə veteranlarının, şəhid ailələrinin,
tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə
xidmət edib. Bütün bunlar isə Prezidentin böyük
sosial islahatlar paketinin tərkib hissəsidir. Dövlət daim
öz vətəndaşına qayğı ilə
yanaşır, onun rifahının yüksəldilməsini,
sosial problemlərinin həllini prioritet vəzifə kimi
görür və bu istiqamətdə məqsədyönlü
siyasət həyata keçirir. Ölkə
başçısının böyük sosial paketinin tərkib
hissəsi olan sənədlərə bir daha nəzər
saldıqda aydın şəkildə dövlətin vətəndaşına
qayğısının bir daha şahidi oluruq. Bu mühüm
sosial əhəmiyyətli tədbirlər, eyni zamanda, əmək
münasibətlərinin leqallaşdırılması istiqamətində
sağlamlaşdırıcı təsir göstərəcək,
qeyri-rəsmi məşğulluğun aradan
qaldırılmasına da öz töhfəsini verəcək.
“Dünya təcrübəsi
göstərir ki, sosial tərəfdaşlığın səmərəli
olması üçün güclü həmkarlar ittifaqı
və güclü işəgötürənlər təşkilatı
lazımdır. Dünyada ilk kollektiv müqavilə 150, Azərbaycanda
isə 115 ilə yaxındır ki, imzalanıb. Yüz illiyini
qeyd edən BƏT-in fəaliyyəti üçtərəfli
əməkdaşlığın və sosial tərəfdaşlığın
inkişafına böyük təkan verib. Üçtərəfli
sosial tərəfdaşlıq artıq həmkarlar
ittifaqının müdafiə funksiyasının həyata
keçirilməsində sosial dialoqun inkişafının əsas
mərhələsinə çevrilib.
AHİK sədri əminliyini ifadə
edərək deyib ki, Beynəlxalq Əmək Təşkilatı
yaranmasının ikinci yüzilliyinə yüksək səviyyədə
hazırlanmış müasir proqram sənədlərlə
daxil olacaq. Bu istiqamətdə o, BƏT-in üzvü olan
dövlətlərin qarşısında çox mühüm
vəzifələrin dayandığını bildirib. 2015-ci
ildən hazırlanan sənədlərə əsasən, əmək
sahəsinin gələcəyi məsələsi dövlətlərarası
dialoqun başlanmasına səbəb olub və bu,
yüzilliyin əsas dialoqlarının mövzusuna
çevrilib.
Əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini Mətin Kərimli
çıxış edərək tədbirin əhəmiyyətindən
danışıb. O bildirib ki, dövlət məşğulluq
siyasətinin formalaşdırılması, yoxsulluqla
mübarizə, əmək miqrasiyası, əmək
qanunvericiliyinin, eləcə də sosial və pensiya təminatı
sisteminin modernləşdirilməsi, kadrların fasiləsiz
hazırlığının və yenidən
hazırlığının təşkili məsələlərində
BƏT-in imkan və təcrübəsindən yararlanmaq bizim
maraqlarımıza cavab verir.
Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə
9 mindən çox sahibkarın qeydiyyatdan keçdiyini və
bunun 4 mininin hüquqi şəxs olduğunu bildirib. BƏT-in
dəstəyi ilə birgə mühüm layihələrin həyata
keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən
danışan M.Musayev Azərbaycan dövlətinin müəyyən
etdiyi yüksək iqtisadi inkişafa və yüksək təminatlı
məşğulluğa nail olacağına əminliyini ifadə
edib.
Daha sonra BƏT-in Mərkəzi
Asiya və Avropa üzrə işçilərin fəaliyyəti
bürosunun rəisi Serqius Qlovaskas çıxış edib və
konfrans iştirakçılarını əlamətdar
gün münasibətilə təbrik edib. Bildirib ki, BƏT-də
çox böyük əməyi olan Azərbaycan təşkilatın
idarəetmə şurasında iştirak edir. O, BƏT-in
baş direktoru Qay Rayderin Azərbaycana ilk səfərindən
danışıb, texniki əməkdaşlıqla
bağlı üçtərəfli komissiyanın
yaradılması və proqramların imzalanmasının əhəmiyyətini
diqqətə çatdırıb.
Serqius Qlovaskas BƏT-in 100 illik
yubileyi münasibətilə AHİK-in sədri Səttar
Möhbalıyevə, sədrin birinci müavini İlyas
Əliyevə, AHİK-in aparat rəhbəri Həsən Cəfərova,
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya,
Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Hikmət Osmanova BƏT-in fəxri fərmanlarını
təqdim edib.
Konfrans daha sonra öz işini 3
panel üzrə - “Əməyin gələcək sferası.
Qlobal komissiyanın hesabatı”, “Dayanıqlı
inkişafın məqsədi (8-ci məqsəd-layiqli əmək)”,
“Sosial dialoq və sosial partnyorluq” məsələləri ətrafında
qruplarda davam etdirilib, çıxışlar dinlənilib və
iştirakçılar arasında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2019.-7 may.- S.9.