50 illik şanlı salnamə
İnkişaf, quruculuq, müstəqillik, milli dövlətçilik
dövrü və ən nəhayət, tarixin ən qüdrətli
Azərbaycanı
Seçim anı hər bir xalq üçün əlverişli tarixi imkan və şansdır. Geri dönüşü olmayan bu fürsətdən düzgün bəhrələnməyi bacaran xalqlar gələcək tale yollarını düzgün müəyyənləşdirə bilirlər. Hər bir millətin taleyinə sahib çıxmaq hüququnun təməlində də məhz vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı dayanır. Müstəqil dövlət olaraq ötən 26 il ərzində qazandığımız inqilabi nailiyyətlər də, əslində, məhz müdrik seçimin nəticəsidir.
Uzağa getməyək, cəmi bir il əvvəl - 2018-ci ilin 11 aprelində keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının siyasi uzaqgörənliyinin növbəti əyani nümunəsi kimi tariximizə yazıldı. Düşünürəm ki, bu seçkilər, sadəcə, Azərbaycanın siyasi taleyini müəyyənləşdirən Heydər Əliyev siyasi xəttinin növbəti zəfəri olmadı. Bu proses həm də qədirbilən xalqımızın gələcəyinə qətiyyən biganə olmadığını, hərtərəfli inkişaf və tərəqqi kursunu dəstəklədiyini göstərdi.
İnsanlar işıqlı gələcək - sabitlik, firavanlıq, təhlükəsizlik və rifah naminə milli iradə və təəssübkeşlik nümayiş etdirdilər. Bir daha təsdiqləndi ki, sivil toplum olaraq ağı qaradan, yaxşını pisdən ayıra bilirik: Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin 11 aprel seçkilərində birmənalı, halal qələbəsi, əslində, sülh və sabitlik strategiyasının növbəti təntənəsi idi.
Bu seçkilər ölkənin demokratik inkişafına və dinamik tərəqqisinə xidmət edən islahatların sürət dinamikasına yeni təkan oldu. Siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratdı. Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynadı.
Zaman anlayışı nisbi səciyyə daşıyır. Bu mənada son bir ili, əslində, onilliklərə bərabər zaman kəsiyi kimi də dəyərləndirə bilərik. Ötən 16 ildə Heydər Əliyev siyasi kursunu əzmlə davam etdirən İlham Əliyev 2018-ci ilin 11 aprel seçkilərindən sonra cəmiyyətin sosial sifarişinə əsaslanan inqilabi, daha genişmiqyaslı islahatların reallaşmasını təmin etdi. Ötən dövrdə uğurla davam etdirilən islahatlar insan amilinin dövlətimizin rəhbərinin siyasətində hər şeydən üstün olduğunu göstərdi. Dövlətin xalqa layiqli xidmət missiyası tam mahiyyəti ilə gerçəkləşmiş oldu. Vətəndaşların dövlətinə, ən əsası onun rəhbərinə inam və etimadı, rəğbəti gücləndi. İctimai rəyə həssas münasibət əsasında bütövlükdə toplumun maraqlarını ifadə edən sosial tədbirlər real həyata vəsiqə aldı. Bəli, son prezident seçkilərindən ötən qısa zamanda cəmiyyət fundamental islahatların daha sürətli davamına şahidlik etdi. Xalqdan növbəti dəfə mandat alan İlham Əliyev bu islahatlara şəxsən müəlliflik edərək xalqın istisnasız etimad ünvanı olduğunu nümayiş etdirdi. Şəhid anasına, sadə vətəndaşa doğru, vicdanlı, məsuliyyətli xidmət örnəyi oldu.
Azərbaycanın son illərdəki böyük uğurları fonunda biz bəzən hər bir yeniliyi, uğuru adi həyat reallığı kimi dəyərləndiririk. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin qısa zamanda reallaşması bizdə artıq heyrət doğurmur. Lakin ötən illərə boylandıqca bu həqiqəti də birmənalı etiraf etməli oluruq: müstəqil Azərbaycan son 26 ildə məhz Heydər Əliyev fenomeninin - dahi rəhbərin mükəmməl siyasi ideyaları əsasında müəyyənləşdirdiyi yolla inamla irəliləyib, böyük uğurlara imza atıb.
Xoş qismətdən böyük bir siyasi epoxaya şahidlik taleyimə yazılıb: hələ ötən əsrin 60-70-ci illərindən böyük strateq Heydər Əliyevin komandasında çalışmışam. Son bir ildə dövlət rəhbəri İlham Əliyevin reallaşdırdığı islahatları nəzərdən keçirdikcə unudulmaz xatirələr xəyalən məni uzaq olmayan keçmişə - həmin illərə aparır. Yaxşı xatirimdədir, böyük öndər 1969-cu ilin 14 iyulunda respublikaya rəhbər seçiləndən sonra məhz islahatçı ruhla, dəmir əzm və qətiyyətlə islahatlara başlamışdı. Əminliklə deyə bilərik ki, müstəqillik illərində qazandığımız böyük nailiyyətlərin əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulub.
Bu həmin dövr idi ki, Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ respublikalarından geridə qalır, sahibsiz ölkə təəssüratı yaradırdı. İqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan respublikada mənəvi-psixoloji durum da son dərəcə pisləşmişdi. Vəziyyətdən çıxış yolu kimi vətənpərvər və enerjili kadrın - ümummilli liderin Azərbaycanda hakimiyyətə irəli çəkilməsi ümumən xalqımızın taleyində yeni səhifəyə çevrildi.
Xalqına bağlı olan lider çevik təşkilatçı, zamanın nəbzini tuta bilən rəhbər kimi sübut etdi ki, milli təəssübkeşlik hissi yaranan zaman qısa müddətdə çox uğurlara nail olmaq mümkündür. Və elə bu daxili əminliklə də ulu öndər problemlər məngənəsində çapalayan cəmiyyətin özünəinamını bərpa etdi. İlk növbədə milli ruhu məhv olmaq təhlükəsindən qorudu, xalqı tarixi keçmişinə qovuşdurdu. İmperiya dövründə millətə vicdanlı, sədaqətli, ləyaqətli xidmətin parlaq nümunələrini yaratdı. 70 illik Sovetlər birliyi dövründə bu imperiya hüdudlarında öz xalqına Heydər Əliyev qədər sədaqətlə, əzmlə xidmət edən ikinci bir rəhbər olmayıb!
Ümummilli lider tez-tez xalq arasına çıxır, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənirdi. Xüsusən hələ çox tanınmadığı ilk aylarda o, sərbəst qiyafədə dükan-mağazalarda, istehsal müəssisələrində olur, vəziyyətlə yerindəcə maraqlanırdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının rayon partiya komitələrinə, müxtəlif nazirliklərə rəhbərlik etmiş bir şəxs kimi xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin 70-80-ci illərdə məmurlar qarşısında müəyyənləşdirdiyi ən ciddi tələb xalqa layiqli xidmət göstərmək, insanların inamını doğrultmaq idi. Məhz bu keyfiyyəti ilə Heydər Əliyev hələ o illərdə cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdu.
Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət onun şəxsiyyətinin əsas cizgiləri idi. Bunu biz məmurlardan da israrla tələb edirdi. Ümummilli lider hər zaman deyirdi ki, qabaqcıl kadrları olmayan xalqın qabaqcıl dövləti ola bilməz. İqtisadiyyatda yaratdığı yeni sənaye sahələri üçün o, keçmiş Sovetlər birliyinin bütün qabaqcıl ali məktəblərində kadrlar yetişdirir, minlərlə gənci respublikadan kənara təhsilə göndərirdi. Həmin kadrlar bu gün də dövlət quruculuğu prosesinə layiqli töhfələrini verirlər.
Ümummilli lider ruhən də
milli insan idi.
Azərbaycanın milli-mənəvi dəyərlərinə
hədsiz vurğunluğunu elə bu amildə axtarmaq lazım
gəlir. "Milli” sözünün
ehtiyatla işlədildiyi sovet dövründə də,
Naxçıvanda yaşayanda da, müstəqillik
dövründə də o, ən böyük azərbaycanlı
olduğunu parlaq təcəssüm etdirən mənən zəngin
bir sima idi. Dahi öndəri milli dəyərlərimiz,
milli varlığımız və tarixi taleyimizlə
bağlayan çoxlu möhkəm qırılmaz tellər
göstərmək olar. Lakin ulu öndərin
ana dilimizdə parlaq və sərrast nitqi onu əbədi olaraq
millilik rəmzi kimi anmağımız üçün kifayətdir.
Onun natiqlik məharəti,
nitqinin xəlqiliyi azərbaycançılığın ən
parlaq təcəssümü idi. Bu gün təsəvvür
belə etmək çətindir ki, sərbəst işlənən
doğma ana dilimiz bir vaxtlar öz varlığını
yaşatmaq üçün mücadilələr
aparırdı. Bu prosesin önündə
isə hər zaman Heydər Əliyev addımlayır, ana
dilimizin azadlığı uğrunda iki cəbhədə
çalışırdı. Birinci cəbhə
onun özünün ana dilində danışması idi.
İkinci cəbhə isə qanunverici və rəsmi
yollarla dilimizin statusunun artırılması xətti idi.
O zamanlar bu mübarizəyə qoşulmaq böyük cəsarət,
qətiyyət və ən əsası, vətənə, millətə,
onun milli sərvətinə sonsuz məhəbbətin ifadəsi
idi.
Ulu öndərin 1969-cu ildə
hakimiyyətə gəlişi ilə başlanan milliləşmə
prosesi, mən deyərdim ki, məhz bu nitqlərin təsiri ilə
başladı.
Həm də mühümü odur ki, əyalətdə,
xalq kütləsinin içində başladı. İnsanlar ulu öndərin ana dilində etdiyi
gözəl, ifadəli çıxışlarında, onun
dövlətçilik məntiqində, vətənimizi
sürətlə qurub qüdrətli dövlətə
çevirmək çağırışlarında doğma
və müstəqil dövlətimizin ilk sədalarını
eşitdilər. Sonralar ulu öndər
Bakıdakı məclislərdə də ana dilində
danışmaq üçün fürsətlər tapdı.
Yaradıcılıq ittifaqlarının,
xüsusilə Yazıçılar İttifaqının məclislərində
Azərbaycan dilində parlaq çıxışlar etməyə
başladı.
Onun rəsmi partiya tədbirlərindəki
çıxışları ana dilimizin heç vaxt işlənməmiş
siyasi üslubunu yaratdı. Yad dildə danışan dövlət
milli ola bilməz. Ona görə
ulu öndərin nitqləri onun rəhbərlik etdiyi hakimiyyətə
qarşı da doğmalıq hisləri yaradırdı. Dövlət məmurları anlayırdılar ki, rəhbərimizin
yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı
xalqımızındır və onun dövləti
üçündür.
Yazıçı və sənət
adamları ilə görüşəndə ulu öndər
elmi-ədəbi üslubda danışırdı. Ümummilli
liderin gözəl nitqi yazıçıları, alimləri,
ziyalıları heyran qoyurdu. Bəs bu
parlaq nitq qabiliyyəti haradan idi? Əlbəttə
ki, genetik yaddaşından gəlirdi. O bu dilin parlaq təcəssümü
olan bir mühitdə, sadə azərbaycanlı ailəsində
formalaşmışdı. Ümummilli liderin
canlı ana dilini öz nitqi ilə zinətləndirməsi
onun bu sahədəki xidmətlərinin bir tərəfi idi.
Bu irsin ikinci tərəfi onun rəsmi yolla ana
dilimizin statusunu qaldırmaq üçün misilsiz xidmətləri
idi. Onlardan ancaq birini xatırlatmaq istərdim.
1978-ci ildə Konstitusiya qəbul olunanda Azərbaycan
dilinin dövlət dili kimi göstərilməsi böyük
fədakarlıq idi.
O zaman təhlükəli bir nəzəriyyə
ortaya atılmışdı: iddia olunurdu ki, guya sovet dövlətində
yaşayan bütün insanlar vahid bir millətə - sovet
xalqına çevriliblər. Bu, yanlış və
milli dillərə, mədəniyyətlərə
qarşı yönəlmiş kosmopolit nəzəriyyə
idi. Belə vaxtda Heydər Əliyev Elmlər
Akademiyasında görkəmli alimlərin iştirakı ilə
Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi.
Onun verdiyi qeyri-rəsmi istiqamət nəticəsində
yığıncaqda Azərbaycan dilinin Konstitusiyada dövlət
dili kimi qəbul edilməsi barədə təklif verildi.
Milli ziyalı təbəqəsinin bu təklifini
Moskva qulaqardına vura bilmədi. Bu qeyddən
sonra ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii
yaradıcılığı genişləndirmək,
televiziya, mətbuat, kino, teatr quruculuğunda milli dilin tətbiqini
gücləndirmək daha asan oldu.
Məhz ulu öndərin
birinci hakimiyyəti dövründə xalqımızın
tarixi qəhrəmanlıq keçmişini əks etdirən
filmlər kino sənətinin əsas mövzusu oldu. "Nəsimi”, "Babək”,
"Dəli Kür” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində
və sonralar kütləvi surətdə müstəqillik hərəkatına
qoşulmasında böyük rol oynadı. "İstintaq”,
"Qanun naminə”, "Uşaqlığın son gecəsi”
kimi filmlər sovet cəmiyyətinin naqis cəhətlərinin
ifşası baxımından əhəmiyyətli idi.
İnamla demək olar ki,
1969-cu ildən etibarən ədəbiyyat və incəsənətimizdə
milli cərəyanın yüksəlişi vüsət
aldı. Ulu
öndər Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd
Araz, İsa Hüseynov, Anar kimi milli zəminə bağlı
və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın
milli varlığımız, milli dəyərlərimizlə
bağlı mövzularını uğurla işləyib
inkişaf etdirirdilər.
Ulu öndərin irsinin
ayrılmaz bir qanadı onun milli tariximizə qayğısı
ilə bağlıdır. Milli
keçmişimizi dərindən mənimsəmiş ulu
öndər milli dövlət üçün milli tarixin və
tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi.
Ona görə Nizami Gəncəvi və Nəsiminin
yubileylərinin dünya miqyasında qeyd olunması
üçün partiya qərarları verildi. O zaman bu qərarlar
inqilabi bir yenilik, cəsarət nümunəsi idi.
Heydər Əliyev Sovet Azərbaycanı
tarixində Nəriman Nərimanovla başlanan, Səməd
Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Ziya Bünyadov, Bəxtiyar
Vahabzadə, İlyas Əfəndiyev, İsa Hüseynov kimi
sırf milli ruhlu və milli ovqatlı şair,
yazıçı və alimlərin fəaliyyətini
qırılmaz milli xətt sayırdı. Təsadüfi
deyil ki, hakimiyyətə gəldiyi vaxtdan ilk böyük
yubiley 1970-ci ildə N.Nərimanova və sonradan Səməd
Vurğuna həsr edildi. Onların fəaliyyəti
və irsi ulu öndər üçün misilsiz dərəcədə
qiymətli idi. Ulu öndər Səməd
Vurğun yaradıcılığını bilir, əzbərdən
ifa etməyi sevirdi. Onun "El bilir ki, sən
mənimsən, yurdum, yuvam, məskənimsən” deyəndə
gözlərinin yaşardığı, qəhərləndiyi
videokadrları izlədikcə bunun bir daha şahidi oluruq.
N.Nərimanov şəxsiyyəti
ulu öndər üçün həm də erməni fitnəkarlığına
qarşı mübarizə rəmzi idi. Müstəqillik
ərəfəsində qanlı-qadalı problem yenidən
qarşımıza çıxdı. Ərazilər
işğal olundu. Heydər Əliyev
bioqrafiyasının əsas xətlərindən birini yenə
də erməni fitnəkarlığına qarşı
mübarizə təşkil edirdi. Respublikanın
heç bir rəhbəri Azərbaycanda erməni fitnəsinə
qarşı ulu öndər qədər ardıcıl və sərt
mübarizə aparmayıb. O, erməni məkrini əməli
işdən tanıyırdı. Vəzifə
pillələrində yüksəldikcə Bakıdakı erməni
mafiyasının şiddətli müqaviməti ilə
rastlaşırdı. 1980-ci illərin sonlarına
doğru bu proses daha miqyaslı xarakter almışdı.
Azərbaycana rəhbərlik
etdiyi qərinədən artıq müddətdə o,
xalqımızın milli-mənəvi dəyərlərini
öz varlığında yaşadan, toxunulmaz bir xəzinə
kimi qoruyan unikal şəxsiyyət olaraq tarixə əbədi
həkk etdi. Fırtınalardan, qasırğalardan keçən
həyatında bu torpağa rifah gətirən ulu öndər
mütərəqqi insanların məhəbbəti,
ehtiramı, amma cılız, paxıl, riyakar, xalq, vətən
təəssübkeşliyindən uzaq olanların təqibi,
şəri, böhtanı ilə üzləşdi. Fəqət sarsılmadı. "Ən
böyük şəxsiyyətlər özlərindən
çox mənsub olduqları cəmiyyəti düşünən,
onun varlığının və xoşbəxtliyinin
qorunması yolunda həyatını həsr edən
insanlardır” dedi.
Ümummilli liderin
baxışlar sistemində din yalnız ruhi, mənəvi
dünyanın pəncərəsindən boylanır. O, dinin siyasi alətə
çevrilməsinə, insanların müqəddəs
inanclarının siyasi proseslərin təsiri ilə adiləşib
dəyərini itirməsinə heç vaxt imkan vermədi. Bu inancları bütün siyasi proseslərin
fövqündə saxladı və qorudu. Ulu öndər
ölkədə mütərəqqi islam dəyərlərinin
inkişafına xüsusi diqqət yetirməklə
yanaşı, başqa dinlərin inkişafına da tolerant
mühitin yaradılmasını təmin etdi. Dini
konfessiyalar arasında qarşılıqlı hörmətə
söykənən münasibətlərin formalaşmasına
çalışdı. Milli-dini mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşa bu torpaq
üçün milli yiyəlik hissi aşıladı.
Dini tolerantlığın polietnik mövcudluğunun
qarantı kimi azərbaycançılıq
ideologiyasını irəli sürərək onun praktik nəzəriyyəyə
çevrilməsinə nail oldu.
Müstəqilliyin ilk illərində
vətəndaş tərbiyəsi ideoloji və tarixi əhəmiyyət
daşıyan problem idi. Bu vacib vəzifənin həyata
keçirilməsi üçün Azərbaycan vətəndaşının
ideya-siyasi düşüncəsini formalaşdırmaq
lazım gəlirdi. Bu istiqamətdə xeyli iş
görmüş dövlət rəhbəri "Mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz. Bu
gün mənəvi tərbiyə keçmiş illərdən
daha çox lazımdır” deyirdi. Ulu
öndərin tükənməz enerjisinə, dərin zəkasına,
müdrik ağlına, dünya şöhrətinə,
sarsılmaz nüfuzuna qısqanclıqla yanaşanlara,
haqsız hücumlara, böhtançılara, paxıllara
öz möhtəşəm ağlı ilə cavab verirdi.
Ümummilli lider xalqın
milli-mənəvi dəyərlər sistemində ailənin
rolunu da daim müstəsna dəyərləndirirdi. Böyük strateq ailəni
eyni zamanda ülvi və müqəddəs dəyərlərin
tərənnümçüsü kimi qiymətləndirirdi:
xalqın mənəvi kamillik səviyyəsinin təmin
olunmasında, genofondunun saflığının qorunmasında
əhəmiyyətini daim önə çəkirdi.
Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda
minlərlə yeni qurulan ailənin müqəddəs örnək
kimi istinad edəcəyi qürur və fəxarət
ünvanı var. Ulu öndər Heydər Əliyevin möhkəm
mənəvi təməl və niyyətlər, ülvi arzular
üzərində yaratdığı ailə modeli hər bir
azərbaycanlıda böyük rəğbət hissi
doğurur. Bu ailənin ən böyük
xoşbəxtliyi isə onun hər bir üzvünün cəmiyyət
üçün gərəkli, faydalı şəxsiyyət
olmasındadır.
Biz 26 ildir işıqlı
bir yolla inamla irəliləyirik. Güvəndiyimiz,
taleyimizi etibar etdiyimiz siyasi hakimiyyəti hələ 1993-cü
ilin oktyabr ayında - demokratik, azad və şəffaf
seçkilər vasitəsilə qurmuşuq. Ümummilli liderin həmin seçkilərdə
dövlətimizin rəhbəri seçilməsi ilə
müstəqil Azərbaycanın taleyində tənəzzül,
anarxiya və xaos mərhələsindən inkişaf, sabitlik
və tərəqqiyə doğru möhkəm körpu
salındı. Ulu öndərin hakimiyyətə
gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil
dövlətçilik ideyalarının praktik şəkildə
bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən,
hərc-mərclikdən, dövlətçiliyini itirmək təhlükəsindən
qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart
hadisələrində Heydər Əliyev özünün qətiyyəti
və xarizması ilə Azərbaycan dövlətçiliyini
ağır faciələrdən xilas etdi. O, siyasi
sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət
modeli konsepsiyasını da uğurla həyata keçirməyə
başladı.
Ümummilli lider xalqın təkidli
istəyi ilə hakimiyyətə qayıtdıqdan dərhal
sonra dövlət qulluğu üçün milli kadrların
hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə
davam etdirdi. Müdrik rəhbərin idarəçilik metodu,
dövlət qulluğunda üstünlük verdiyi meyarlar
komandadakı müsbət əhvali-ruhiyyəni daha da gücləndirirdi.
Ulu öndərin yüksək vətənpərvərliyi,
ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar
qəbul etmək bacarığı, tükənməz
enerjisi, işgüzarlığı, intuisiyası onun rəhbərlik
etdiyi komandanın çevikliyinə və işləkliyinə
təkan verdi. Məmurlarda məsuliyyəti,
dövlət strukturlarında şəffaflıq və
hesabatlılığı gücləndirdi.
Onun Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində
ilk mühüm addımlarından biri cəmiyyətin
vahidliyinin, bütövlüyünün təmin edilməsi,
milli ideologiyanın sistem halında təqdimatı oldu. Ulu öndər
cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif
istiqamətlər - sosial bərabərsizlik, regional, dini və
milli mənsubiyyət amili baxımından parçalanmasına
imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin
yaşaması, inkişaf etməsi baxımından son dərəcə
vacib amil idi. 2001-ci ilin noyabrında -
Dünya Azərbaycanlılarının I Qurultayında "Hər
bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm və
bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam”
deyən ulu öndər dünya azərbaycanlılarını
azərbaycançılıq ideyası ətrafında səfərbər
etdi.
Ulu öndərin müdrik rəhbər
olmasını təsdiq edən çoxsaylı faktlardan biri də
aparılan iqtisadi islahatlar idi. O, Azərbaycanın çoxminillik
tarixində torpağı kəndliyə təmənnasız
olaraq bağışlayan yeganə rəhbər oldu. Hələ 1992-ci ildə Naxçıvan Ali Məclisinə
rəhbərlik edərkən Heydər Əliyevin kənd təsərrüfatında
kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi
ilə bağlı qəbul etdiyi qərar nəinki Azərbaycanda,
ümumilikdə ittifaq miqyasında kənd təsərrüfatında
ümumi mülkiyyətçiliyin ləğvinə dair ilk təşəbbüs
idi. 4-5 il sonra isə ümummilli lider
bu düzgün təşəbbüsünü artıq
bütün Azərbaycana şamil etdi.
Onun şəxsiyyət kimi
böyüklüyü həm də əsasını
qoyduğu siyasəti yeni dövrün tələblərinə
uyğun davam etdirə biləcək qüdrətli lider və
etibarlı davamçını yetişdirməsindədir. Möhtərəm
Prezident İlham Əliyevin müəllifliyi ilə son 16 ildə
Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin
yeni parlaq səhifələri yazılır. Bəli, müasir Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu
gün də uğurla davam etdirilir. Cəmiyyət
dinamik inkişaf edir, dünyada gedən proseslərə
uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında,
qanunlarında, insanların həyat tərzində, idarəçilikdə
müvafiq dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə
tərzi hazırkı dövrün
çağırışlarına uyğun olaraq yeniləşir,
müasirləşir. Eyni zamanda milli
özünəməxsusluq və adət-ənənələr
də qorunub saxlanılır.
"Biz xalqın xidmətçisiyik”
deyən Azərbaycan Prezidenti ötən 16 ildə, demək
olar ki, cəmiyyətin bütün gözləntilərini
gerçəkləşdirməyə nail olub. Hər bir fərdin
marağına cavab verən çevik və qətiyyətli qərarlar
qəbul edib. Bu gün Azərbaycan cəmiyyətinə
xas nikbin ictimai ovqat, əhvali-ruhiyyə xalqın öz
Prezidentinə - cənab İlham Əliyevə dərin və
sarsılmaz inamından qaynaqlanır. Bu inam tarixi
sınaqlardan keçməklə, dövlət
başçısının son 16 ildə
yürütdüyü, son 1 ildə daha geniş miqyasda davam
etdirdiyi alternativsiz siyasətə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz
daha bir mühüm amildən - Prezidentlə xalqın
sarsılmaz mənəvi bağlılığından
qaynaqlanır.
Azərbaycanın qısa
müddətdə keçdiyi yolu sözün qüdrəti
ilə canlandırmaq çətindir. Biz başqa dövlətlərin
onilliklər boyu can atdığı, bəzən heç əldə
edə bilmədiyi, həsədlə baxdığı
böyük uğurlara cəmi 15-16 ildə sahib olduq. Layiqli liderlə uzun yolu qısa müddətdə
adladıq, xalq və dövlət olaraq dünya miqyasında
layiqli yerimizi təmin etdik. Böyük Məhəmməd
Hadi demişkən, imzalar içində imzamız
göründü!
Siyasi liderin gücü onun
sözünə bütövlüyü, vədinə
sadiqliyi, öhdəliklərinə məsuliyyətli
yanaşması ilə ölçülür. Prezident
İlham Əliyev hələ 2003-cü ilin 15 oktyabr
seçkiləri ərəfəsində "Əsl siyasət
konkret, real iş görməkdən ibarətdir” tezisini irəli
sürməklə cəmiyyətə əsl məramının
xalqa layiqli xidmət olacağı mesajını vermişdi.
Dövlət rəhbəri ötən 16 ildə
elmi əsaslara söykənən inkişaf proqramları əsasında
Azərbaycanı regionun aparıcı dövlətinə
çevirdi.
İlham Əliyev hələ
səlahiyyətlərinin icrasına başlayarkən "Neft
bizim üçün məqsəd deyil, iqtisadiyyatı
inkişaf etdirmək üçün vasitədir” demişdi. Ötən 15
ildə iqtisadiyyatımızın neft amilindən
asılılığı əhəmiyyətli dərəcədə
azalıb. Ölkəmizdə ümumi
daxili məhsulun 70 faizinin məhz qeyri-neft sektorunun hesabına
formalaşması da dinamik inkişafın əyani göstəricilərindəndir.
Hələ 2003-cü ilin
prezident seçkiləri ərəfəsində "Azərbaycanda
bir nəfər də olsun yoxsul insan olmamalıdır” deyən
cənab İlham Əliyev ötən 15 ildə sosial dövlət
konsepsiyasını uğurla həyata keçirdi. 2003-cü ilin statistik
göstəricilərinə əsasən, həmin il Azərbaycanda
yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil
edirdi. Ötən illərdə həyata keçirilən tədbirlərin
nəticəsi olaraq hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi
44,4 faizdən 5 faizə enib. Orta
ömür uzunluğu 72,4 ildən 75,4 ilə
yüksəlib.
Hökumətin fəaliyyətində
ən uğurlu göstərici xalqın sosial rifah səviyyəsi
ilə ölçülür. Bu fikri tam əminliklə
deyirəm ki, Azərbaycan vətəndaşı heç vaxt,
hətta Sovetlər birliyinin ən çiçəklənən
vaxtında da indiki kimi yaxşı yaşamayıb.
Statistik rəqəmlər göstərir ki, cənab İlham
Əliyevin prezidentliyi dövründə Azərbaycanda əhalinin
adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı
6,8 dəfə, banklardakı əmanətləri 30 dəfə
artıb. Azərbaycanda 2018-ci ilin sonunda muzdla
çalışan işçilərin orta aylıq nominal əməkhaqqı
540 manat təşkil edib.
Cənab İlham Əliyev
ölkə vətəndaşı üçün fantastik
görünən layihələrin müəllifidir. Azərbaycan
ötən illərdə kifayət qədər iddialı
görünən sosial layihələri reallaşdırmaqla
qüdrətli dövlət olduğunu isbatlayıb.
Əgər 15 il əvvəl kiməsə
respublikamızın kosmik peykinin olacağını desəydin,
bunu bəlkə də xəyal kimi qarşılayardı. Fəqət
respublikamız ötən ilin sentyabrında orbitə artıq
sayca üçüncü peykini buraxmağa nail olub.
Bir zamanlar Azərbaycanı
kiçik, gücsüz sayıb onunla hesablaşmayanlar indi rəsmi
Bakının iştirakı olmadan region əhəmiyyətli
hansısa layihəni həyata keçirməyin
mümkünsüz olduğunu etiraf edirlər. Ötən
illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
TANAP, TAP kimi neft-qaz kəmərləri layihələri
uğurla reallaşdırılıb. Bakı-Tbilisi-Qars
dəmiryol xətti vasitəsilə biz yaxın perspektivdə
nəinki qardaş Türkiyəyə, hətta Avropanın
ölkələrinə qatarla səyahət edə biləcəyik.
"Əsrin müqaviləsi”nin müddətinin
2050-ci ilədək uzadılması da son 15 ilin ən
mühüm uğurları sırasındadır.
2003-cü ilin prezident
seçkiləri ərəfəsində "Azərbaycanda
bir çadır şəhərciyi də qalmayacaq” deyən
dövlət başçısı bu vədini də inamla
doğrultdu. Bununla da Ermənistanın
işğalçılıq siyasətindən zərər
çəkmiş vətəndaşlarımızın ən
böyük himayədarı olduğunu nümayiş etdirdi.
Ötən illərdə məcburi köçkünlərin
sosial problemlərinin həllinə və onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait
xərclənib. Nəticədə 7 çadır düşərgəsi,
16 fin tipli və dəmir yolu üzərindəki yük
vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub.
2016-cı ili aprel ayında Azərbaycanın
2000 hektardan çox ərazisinin təcavüzkar erməni
ordusundan təmizlənməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinin Qarabağa böyük qayıdışın rəmzi
kimi yenidən qurulması, Naxçıvanda Günnüt kəndinin
azad edilməsi də İlham Əliyevin
komandanlığında Azərbaycan Ordusunun hər an
torpaqlarımızı işğaldan azad etməyə
hazır və qadir olduğunu göstərir.
Ötən 15 ildə sosial-mədəni,
elmi və humanitar sahələrdə aparılan islahatlar
ictimai şüurda inqilabi dəyişiklikləri də təmin
edib. Təkcə onu demək kifayətdir ki, son illərdə
aparılan struktur islahatları Prezident İlham Əliyevin
müasir və sivil idarəçilik fəlsəfəsini tam
mahiyyəti ilə açır, xalqın dövlətə
inamını daha da artırır. İnsanların
işini asanlaşdırır, həyat səviyyəsini
yüksəldir.
Son prezident seçkilərindən
sonra ölkəmizdə aparılan islahatlar daha da sürətlənib. Xüsusən
də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın islahatların reallaşmasında xüsusi fəallığı
idarəçiliyə yeni müsbət çalarlar gətirib.
Təkcə son 3 ayda dövlət
başçısı cənab İlham Əliyevin həyata
keçirdiyi tədbirlər Azərbaycanın sosial dövlət
olduğunu bir daha təsdiqləyir. Ərazi
bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman
insanların ailələrinə 11 min manat məbləğində
birdəfəlik ödənişin edilməsi, zəlzələdən
ciddi zərər çəkmiş vətəndaşlar
üçün yeni evlərin tikintisi, minimum əməkhaqqının
40 faizədək artırılaraq 180 manat müəyyən
edilməsi, banklara borclu vətəndaşlara, Bakının
Nizami rayonunda "Diqlas” ticarət mərkəzinin yanması
ilə əlaqədar sahibkarlara kompensasiya verilməsi bunun əyani
göstəricisidir.
Əgər Heydər Əliyev Azərbaycanı
xaos və tənəzzüldən inkişaf yoluna
çıxarmışdısa, onun layiqli
davamçısı - Prezident İlham Əliyev qısa
müddətdə onu bütün sahələrdə sürətlə
müasirləşən, yeniləşən, dünya
miqyasında sayılıb-seçilən dövlətə
çevirməyə nail oldu. Bəli, bu gün
Azərbaycan bütövlükdə dünya məkanında
öz sözünü deyir, mənafelərini lazımınca
müdafiə edir.
Respublikamız dəqiq
müəyyənləşdirilmiş iqtisadi strategiya nəticəsində
inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoyur. Davamlı yüksəliş və tərəqqi
prosesində dövlət rəhbərinə ən
böyük dəstək isə məhz ölkə vətəndaşlarından
gəlir.
Bunlar həm də Heydər
Əliyevin gerçəyə çevrilən
arzularıdır!
Tariximizin son 50 illik şanlı salnaməsi
- inkişaf, quruculuq, müstəqillik, milli dövlətçilik
dövrü və ən nəhayət, tarixin ən qüdrətli
Azərbaycanı məhz Heydər Əliyev siyasi kursunun,
Prezident İlham Əliyevin müdrik fəaliyyətinin real nəticələridir!
Fəttah
HEYDƏROV,
Milli Məclisin
komissiya sədri,
respublika Ağsaqqallar
Şurasının sədri
Azərbaycan.- 2019.- 8 may.- S.1; 6.