Ən yüksək
standartlara cavab verən müasir tibb ocağı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də
Qobustan Rayon Mərkəzi
Xəstəxanasının açılışında iştirak
ediblər.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
əvvəlcə xəstəxananın
rəmzi açılışını
bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər
barədə dövlətimizin
başçısına və
birinci xanıma məlumat verdi.
Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının
fəaliyyət göstərdiyi
bina 1965-ci ildə Mərəzə Qəsəbə
Xəstəxanası qismində
istifadəyə verilib
və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası
kimi fəaliyyət göstərib. Rayon Mərkəzi
Xəstəxanası üçün
yeni binanın tikintisinə 2014-cü ildə
başlanılıb. İnşaat işləri 2018-ci ildə
başa çatdırılıb.
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan
şəraitlə tanış oldular.
Məlumat verildi ki, 90 çarpayılıq Qobustan
Rayon Mərkəzi Xəstəxanasının
inşası müasir
səviyyədə və
yüksək keyfiyyətlə
həyata keçirilib. Xəstəxananın
ümumi ərazisi 2,6 hektardan çoxdur.
Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları
inşa olunub. Xəstəxanada əsasən Yaponiya,
Koreya Respublikası, İtaliya və Türkiyədən alınan
müasir tibbi avadanlıq quraşdırılıb.
Bu avadanlığın hər biri istər
müalicə, istərsə
də müayinə işini ən yüksək səviyyədə
və dəqiqliklə
yerinə yetirməyə
hərtərəfli imkan
verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika,
infeksiya xəstəlikləri,
şüa-diaqnostika (radiologiya),
reanimasiya və digər şöbələr
fəaliyyət göstərəcək.
Laboratoriyada müayinələri yüksək dəqiqliklə
və qısa müddətdə aparmaq üçün hərtərəfli
şərait var. Hazırda
xəstəxanada 26 həkim
və 51 orta tibb işçisi çalışır.
Qobustan Rayon Mərkəzi Xəstəxanasında
yaradılan şərait
bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir tibb müəssisələrinin
yaradılması, mövcud
tibb ocaqlarının yüksək səviyyədə
yenidən qurulması
istiqamətində olduqca
vacib layihələr icra edilir. Bütün bu
işlər səhiyyə
sisteminin təkmilləşdirilməsi,
maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində atılan
addımların mühüm
tərkib hissəsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.
Xəstəxananın kollektivini
təbrik edən Prezident İlham
ƏLİYEV dedi:
- Əlamətdar
hadisədir. Sizi bu hadisə
münasibətilə təbrik
edirəm. Şadam ki,
Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir.
Ölkəmizin hər bir yerində
yeni xəstəxanalar
tikilir. Son illər
ərzində 640-dan çox
müasir tibb müəssisəsi yaradılıb.
Bunun əsas məqsədi vətəndaşlara xidmət
etməkdir. Burada quraşdırılan
avadanlıq, yaradılan
şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki
xəstəxanalarda hansı
müasir avadanlıq varsa, burada da
var. Əsas məsələ
ondadır ki, xəstələrə burada
çox gözəl xidmət və qayğı göstərilməlidir.
Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə
verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün
70-dən çox iş
yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu
siyasətimizi göstərir.
Onu göstərir ki, siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır və sosial sahə prioritet sahədir.
Bu il
altı milyona yaxın insan dövlət xətti ilə müayinədən
keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla
icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş
bir təcrübədir.
Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri
tikir, vətəndaşlara
imkan yaradır ki, pulsuz müayinədən
keçsinlər. Həm paytaxtda,
həm böyük şəhərlərdə, həm
də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.
Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır.
Baxın,
rayonun inkişafı,
infrastrukturun yaradılması,
yolların çəkilməsi
ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir
bölgədə bütün
sahələrdə inkişaf,
müasir yanaşma olmalıdır, vətəndaşlara
qayğı, diqqət
göstərilməlidir. Bu gün biz bunun
bariz nümunəsinin
şahidiyik. Bu xəstəxana həm xarici görünüşü,
həm də daxili tərtibatı baxımından göz oxşayır.
Sizi bu gözəl hadisə münasibətilə
təbrik edirəm, sizə uğurlar arzulayıram.
Tibb işçiləri:
Təşəkkür edirik.
Çox sağ
olun.
***
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2019.- 8 may.- S.1-2.