Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc rəssamların sərgisi açılıb

 

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc rəssamların sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək ulu öndərin mədəniyyətimizə və incəsənətimizə olan dövlət qayğısından söhbət açıb. Bildirib ki, Heydər Əliyev həmişə mədəniyyətə, sənətə önəm verib. Bu, ümummilli liderin xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinin bir qolunu təşkil edir.

"Bu gün burada əsərləri nümayiş olunan gənc rəssamlar xalq rəssamı Sakit Məmmədovun tələbələridir. YAP-ın binasında belə sərginin keçirilməsini yüksək qiymətləndirirəm və inanıram ki, bu sərgi gənc rəssamların yaradıcılığının təbliğinə imkan verəcək. Həmçinin bu tədbir partiyamızla gənc rəssamların, mədəniyyət işçilərinin əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Gənc rəssamlar bir daha Heydər Əliyevi doğum günündə ehtiramla yada salır, hörmətlə anırlar. Biz gənc rəssamların fəaliyyətinin genişlənməsi üçün onlara imkan daxilində dəstək olmağa hazırıq. Bu sərginin keçirilməsi də gənc rəssamların tanıdılmasına, təbliğinə xidmət edir. Burada əsərləri təqdim olunun müəlliflərin böyük gələcəyi var. Yəqin ki, onların yaradıcılığını bundan sonra da izləyəcəyik və gələcəkdə Azərbaycanın möhtəşəm əsərlər yarada bilən rəssamlarının içərisində onların adlarına da rast gələ biləcəyik. Hesab edirəm ki, bu sərgi onların ölkəmizdə daha da tanınmasında köməklik göstərəcək”.

Bildirilib ki, sərgidə 40-a yaxın gənc rəssamın əsəri nümayiş edilir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

Azərbaycan.- 2019.- 8 may.- S.5.