“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, "Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin Sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, deputatlar, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, təhsilin inkişafı hər zaman ulu öndərin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub. Ümummilli lider tərəfindən əsası qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir bu sahədə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Ceyhun Bayramov qarşıda mühüm hədəflərin dayandığını da əlavə edib. Bildirib ki, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Ceyhun Bayramov qeyd edib ki, dövlət başçısı tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub.

Təhsilin məzmununun gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından yenilənməsinin mühüm prioritetlərdən olduğunu deyən nazirin sözlərinə görə, ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, növbəti tədris ilində 20 məktəbdə peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilib. Ceyhun Bayramov ümumi təhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdən olduğunu deyib.

Təhsil naziri bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli ömür yolunun və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri olduğunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir.

"Ən yaxşı təqdimat” müsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, bu müsabiqə ulu öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini bildirib. O, müsabiqə iştirakçılarının komitə tərəfindən mükafatlandırılacağını deyib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmətlə yanaşmasında xüsusi rol oynadığını qeyd edib. Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub. Videoçarx Təhsil televiziyası tərəfindən hazırlanıb.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

"Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər birinci, 11 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub.

Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

 

Azərbaycan.- 2019.- 8 may.- S.5.